Deputat oğlu istintaqa çağırıldı
14:31 23-05-2014
İQTİSADİYYAT
Deputat oğlu istintaqa çağırıldı
Aynar Məmmədov jurnalistin döyülməsinə görə DİN-də ifadə verdi, baş redaktorlar od püskürdü
Nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədov mayın 21-də səhər Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinə çağırılıb.
Bu barədə dünən elektron mediada məlumat yayılıb. Verilən ilkin məlumatda bildirilib ki, A.Məmmədovu "Yeni Müsavat" qəzetinin müxbiri Fərahim İlqaroğluna hücum edilməsi məsələsi ilə bağlı dindiriblər.
Millət vəkili Elton Məmmədov oğlu Aynar Məmmədovun Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinə çağırılması ilə bağlı xəbərə aydınlıq gətirib. Deputat açıqlamasında oğlunun nazirlikdə dindirilmədiyini, Aynar Məmmədov haqda yayılan məlumatın yalnış olduğunu bildirib. "Bu tamamilə yalnış məlumatdır", - deyən E.Məmmədov əlavə heç nə demək istəmədiyini qeyd edərək telefonu söndürüb.
"Aynar Məmmədovun Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinə çağırılması barədə heç bir məlumatım yoxdur". Bu sözləri isə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovun dünən Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinə çağırılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirərkən dedi. O.Mansurzadə yayılan xəbərlərdən məlumatsız olduğu üçün bu barədə bir söz deyə bilməyəcəyini bildirdi.
Qeyd edək ki, "Yeni Müsavat"qəzetinin əməkdaşı Fərahim İlqaroğluna hücum edilərək döyülməsindən sonra bütün mətbuat orqanları jurnalistə qarşı sərgilənən zorakılığı pisləyən mövqe tutub. Demək olar ki, bütün media qurumları tezliklə təqsirkarın müəyyənləşərək ədalət qarşısında cavab verməsi istiqamətində təbliğat aparır. Bu mənada məsələdə adı hallanan və jurnalistin döyülməsini sifariş verən, eyni zamanda onu icra edən idmançıların yaxın dostu, hətta rəhbəri Aynar Məmmədovun hüquq-mühafizə orqanları tərəfindən istintaqa cəlb olunması da media tərəfindən təqdir olunur.
Məsələylə bağlı "Unikal"a açıqlama verən "Yeni Müsavat"qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib ki, Fərahim İlqaroğlunun döyülməsi dünya çapında reaksiya doğurmuş hadisədir. Onun sözlərinə görə, ilk dəfədir ki, jurnalistlərə qarşı edilən zorakılığın video-görüntüləri də ortaya çıxıb. "Təsadüfən maşının işlək vəziyyətdə olan video-qeydedicisi cinayət anını qeydə alıb. Bizim üçün, ictimaiyyət üçün, o cümlədən istintaq orqanları üçün də bu cinayət açılmış hesab olunur. Çünki hər şey ortadadır. Sifarişi verən və icra edənlər həbs olunublar. Onlar Aynar Məmmədova məxsus olan kiqboxinq federasiyasının idmançıları və rəsmi işçiləridirlər. Tural Bayramov Elon Məmmədovun hər iki oğlunun, Elnur və Aynar Məmmədovların yaxın dostudur. Eyni zamanda, onların bəzi zorbalıqlarla bağlı sifarişlərini həyata keçirən dəstənin rəhbəridir. Bu faktları biz əldə edib ictimailəşdirmişik. Artıq gözləyirik ki, məsələ öz hüquqi nəticəsini alsın. Yəni, sifarişçi və icraçı ilə bərabər Aynar Məmmədov da həbs olunsun. Təbii ki, bu, bizim mövqeyimizdir. Amma hüquq və qanunçuluq ardıcıllıq tələb edir. Gərək proseslər mərhələ-mərhələ həyata keçirilə, tərəflər istintaqa cəlb oluna. Məndəki məlumata görə, Aynar Məmmədov istintaqa cəlb olunub. Düzdür, hələlik bu barədə rəsmi mövqe bildirilmir. Sadəcə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, onlarda belə bir məlumat yoxdur. Bu da təbiidir, çünki istintaq məxfi aparılır, bu barədə ictimaiyyətə açıqlama yalnız xüsusi hallarda verilir".
Baş redaktor onu da qeyd edib ki, məsələ Daxili işlər naziri Ramil Usubovun nəzarətindədir və cinayətin tezliklə açılacağına inanır: "Mənim də daxili işlər naziri hörmətli Ramil Usubovla görüşüm oldu. Görüşdə bir sıra məsələlər müzakirə edildi, istintaqın gedişatı ilə bağlı bir sıra məlumatlar da əldə etdim. İnanıram ki, bu dəfə jurnalistə qarşı həyata keçirilən zorakılıq aksiyası öz həllini tapacaq. Bu, siyasi hadisə deyil, terror hərəkətidir, jurnalistə qarşı sui-qəsd hadisəsidir. Bunu da nazir statusunda olan bir şəxsin qardaşı oğlu, deputatın övladı sifariş verib. Mən inanıram ki, bu olaydan həmin nazirin və deputatın xəbəri yoxdur. Çünki, bu, özbaşına hərəkətdir. Heç bir ağıllı adam belə bir risqə getməzdi. Amma istənilən halda cinayət baş verib, ona görə də onun cəzası olmalıdır".
R.Arifoğlu Fərahim İlqaroğlunun döyülməsi ilə bağlı olan bu məsələdə prinsipial mövqelərini davam etdirəcəklərini vurğulayıb. "Biz cinayətkarların hamısının həbs olunub cəzalandırılana qədər bu işin arxasındayıq və mübarizəmizi davam etdirəcəyik", -deyə fikrini tamamlayıb.
Mövzu ilə bağlı fikirlərini "Unikal"la bölüşən "Reytinq"qəzetinin baş redaktoru Afiq Mirzəbəyli də jurnalist Fərahim İlqaroğlunun döyülməsini qətiyyətlə pislədiklərini bildirib. Onun sözlərinə görə, jurnalistin fəaliyyətinə görə döyülməsi yolverilməzdir: "Biz hər zaman söz azadlığının, mətbuatın müstəqilliyinin tərəfdarı olmuşuq. Əsas prinsiplərimiz hər şeyə ədalətlə yanaşmaq olub. Sözsüz ki, mətbuata təzyiqləri pisləyirik. Jurnalistin döyülməsi olduqca pis tendensiyadır. Əgər "Yeni Müsavat"qəzetinin əməkdaşı kimlərsə tərəfindən döyülübsə, bu faktın üzərinə getmək lazımdır. Mətbuatda yazılanlara görə, bu hadisənin arxasında Elton Məmmədovun oğlu dayanır.Əgər belə bir şey varsa, ciddi şəkildə araşdırılmalıdır. Jurnalistin döyülməsi sıradan bir hadisə deyil. Ona görə də buna xüsusi diqqət yetirmək lazımdır. Hesab edirəm ki, jurnalistin döyülməsi ədalətlə araşdırılmalı, cinayətin ört-basdır edilməsinə imkan verilməməlidir".
A.Mirzəbəyli bu məsələdə media nümayəndələrinin həmrəy olmasını və baş verən olayın ədalətli şəkildə araşdırılması istiqamətində səylərin birləşdirilməsinin vacibliyini də vurğulayıb.
"Unikal"qəzetinin baş redaktoru Asəf Rzayev də həmkarlarının fikirlərini bölüşüb. O bildirib ki, "Yeni Müsavat"qəzetinin əmkdaşının nazir Ziya Məmmədovun qardaşı deputat Elton Məmmədovun oğlunun sifarişi ilə döyülməsi məsələnin ciddiliyindən xəbər verir. Onun sözlərinə görə, ortada böyük bir cinayət var və bu işin açılması vacibdir: "Əslində, nazirin qardaşı oğlu Aynar Məmmədovun jurnalisti döydürməsi bu adamların harınlığının həddi aşdığını göstərir. Biz hər zaman jurnalistlərə qarşı təzyiqlərin əleyhinə olmuşuq və buna etirazımızı sərt şəkildə bildirmişik. Juranlistə təzyiq edən, döydürən nazir, yaxud deputat oğlu olmasından aslı olmayaraq, bunun hesabını verməlidir. Biz müstəqil media nümayəndələri olaraq, ölkədəki problemləri işıqlandırırıq. İndi belə çıxır ki, hansısa bir harınlamış məmurdan yazandan sonra jurnalistlərə təzyiqlər ediləcək, döyüləcək. Buna görə də biz "Unikal"qəzeti olaraq, jurnalistin döyülməsini qətiyyətlə pisləyirik və bu hadisədə təqsiri olan hər kəsin cəzalandırılmasını istəyirik".
Asəf Rzayev məsələnin araşdırılması zamanı müəyyən boşluqların olması ilə bağlı da fikirlərini bildirib. Baş redaktorun sözlərinə görə, məsələdə adı hallanan Elton Məmmədovun oğlu Aynar Məmmədova və onun əlaltılarına güzəşt olmamalıdır: "Təəssüf ki, hüquq-mühafizə orqanları digər hadisələrdə göstərdikləri reaksiyanı Aynar Məmmədova qarşı göstərmirlər. Hadisə baş verən gündən bəri sifarişin kim tərəfindən verildiyi, kim tərəfindən icra edildiyi məlumdur. Amma hüquq-mühafizə orqanları çox zəif hərəkət edirlər. Dünən məlumat verildi ki, Aynar Məmmədov istintaqa çağırılıb. Biz kimliyindən asılı olmayaraq, mətbuata qarşı təzyiq edən, zorakılıq göstərən hər kəsin cəzalandırılmasının tərəfdarıyıq. İnanırıq ki, qısa müddətdə təqsirkarlar layiqli cəzalarını alacaqlar".
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53