Ukraynada yeni prezident kim olacaq?
14:34 23-05-2014
İQTİSADİYYAT
Ukraynada yeni prezident kim olacaq?
ABŞ seçkiyə müdaxidlə etməməsi üçün Kremlə barmaq silkələdi
Ukraynada prezident seçkilərinə 23 namizəddən beşi seçki səsverməyə bir neçə gün qalmış geri çəkiliblər. Xarici mətbuat xəbər verir ki, seçkiqabağı mübarizədə 23 namizəd iştirak edirdi.
Səsverməyə bir neçə gün qalmış beş iştirakçının namizədliyini geri götürdü. Beləliklə, hazırda Ukraynanın dövlət başçısı postu uğrunda 18 namizəd mübarizə aparır. Namizədlərdən 9-u siyasi partiyalar tərəfindən irəli sürülüb. Yerdə qalanlar, o cümlədən biznesmen Pyotr Paroşenko müstəqil namizəddir.
Ukrayna hökumətinin ölkənin cənub-şərqində "anti-terror əməliyyatları"nın davam etməsinə və mayın 11-də Donetsk və Luqansk vilayətlərində müstəqilliklə bağlı referendum keçirilməsinə baxmayaraq səsvermələrə hazırlıqlar davam edir.
Xatırladaq ki, plebisitin nəticələrinə görə, Deonetsk və Luqansk Xalq Respublikaları özlərini müstəqil elan ediblər. Bu arada,Mayın 19-da Donbas qubernatoru Pavel Qubaryov bəyan edib ki, Ukraynada mayın 25-nə təyin olunmuş prezident seçkiləri qeyri-legitimdir və ölkə konstitusiyasını pozur.
İlkin sorğuların nəticələrinə görə, namizədlər arasında Petro Poroşenkonun daha çox səs almaq ehtimalı var: 36,2 faiz. Vitali Kliçkonun 12,9, Yuliya Timoşenkonun 12, Sergey Tirinkonun isə 10 faiz səs alacağı proqnozlaşdırılır.
ABŞ-dan Rusiyaya
seçki hədəsi
"Rusiya mayın 25-də Ukraynada keçiriləcək prezident seçkisinə əngəl törətməsin". Bunu ABŞ-ın vitse-prezidenti Jo Bayden deyib.
Buxarestdə Rumıniya prezidenti Basescu ilə görüşdə Bayden vurğulayıb ki, əgər seçkilər pozulsa, onda Rusiyaya qarşı daha sərt sanksiyalar qoyulmalıdır.
Bayden NATO-nun nizamnaməsinin 5-ci maddəsinə ABŞ-ın sadiq olduğunu bildirib. Həmin maddəyə görə, NATO-nun bir ölkəsinə hücum bütün NATO-ya hücum hesab olunur.
ABŞ-ın vitse-prezidenti baş nazir Ponta ilə görüşdə isə deyib ki, Avropanın təhlükəsiz, şaxələnmiş enerji bazarına ehtiyacı var ki, Rusiya enerjidən silah kimi istifadə edə bilməsin.
Luqansk vilayətində
keçirilən antiterror
əməliyyatında 8 Ukrayna hərbçisi həlak oldu
Dünən səhər Ukraynanın şərqindəki Luqansk vilayəti ərazisində keçirilən antiterror əməliyyatında Ukrayna tərəfi ciddi itkilər verib. Bu barədə özünün "Facebook" səhifəsində Ukraynanın nüfuzlu hərbi eksperti, istefada olan podpolkovnik, Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Tımçuk yazıb.
D. Tımçuk Luqansk vilayətinin Rubejnoye və Volnovaxa kəndləri yaxınlığında Ukrayna hərbçiləri ilə bir qrup terrorçu arasında toqquşma baş verdiyini yazıb. O, Volnovaxa ətrafında 8 Ukrayna hərbçisinin həlak olduğunu, 18-nin yaralandığını yazıb. Hərbi ekspert bu kəndlərin terrorçuların əsas mərkəzləri olan Slavyansk və Kramatorsk şəhərlərindən xeyli uzaqda yerləşdiyini söyləyərək antiterror əməliyyatına rəhbərlik edən Ukrayna zabitlərini tənqid edib.
BMT: "Ukraynanın
şərqində 127 nəfər zorakılıq qurbanı olub"
Ukraynada zorakılıq nəticəsində 127 adam həyatını itirib. Bunu BMT baş katibinin insan hüquqları üzrə köməkçisi İvan Şimonoviç bəyan edib.
Onun sözlərinə görə, Ukraynanın şərqində insan hüquqları üzrə vəziyyət pisləşib, bu isə qarşıdan gələn prezident seçkilərinə mənfi təsir göstərə bilər. "Silah-sursat və onlardan istifadə halları artıb, bir sıra digər pozuntular müşayiət olunub. Həmçinin jurnalistlər və seçki komissiyalarının üzvləri daxil olmaqla, çoxsaylı qanunsuz saxlanılma halları da qeydə alınıb", deyə Şimonoviç Ukrayna üzrə BMT Təhlükəsizlik Şurasının qapalı iclasında bildirib.
Slavyansk şəhərinin
mərkəzi artilleriya
atəşinə tutulub
Slavyansk şəhərinin mərkəzi Ukrayna hərbçiləri tərəfindən artilleriya atəşinə tutulub. UNN agentliyinin verdiyi məlumata görə, tələfat və dağıntılar barədə məlumat yoxdur.
Mayın 21-də antiterror əməliyyatını təftiş etmək məqsədi ilə Slavyanska gələn Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərinin müvəqqəti icraçısı Aleksandr Turçinov güc strukturları qarşısında regionu tam şəkildə terrorçulardan təmizləmək vəzifəsini qoyub.
Rusiya və Türkiyə
XİN başçılarının
müavinləri Ukraynadakı vəziyyəti müzakirə etdi
Moskvada Rusiya və Türkiyə xarici işlər nazirləri müavinlərinin görüşü keçirilib.
Rusiya XİN-in verdiyi məlumata görə, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə Türkiyə xarici işlər nazirinin I müavini Firuddin Sinirlioğlu Avrasiya regionunda əməkdaşlıq perspektivlərini, habelə Ukraynadakı böhranı, Cənubi Qafqaz və Mərkəzi Asiyadakı vəziyyəti müzakirə ediblər.
Tərəflər həmçinin Rusiya ilə Türkiyənin regional və beynəlxalq məsələlərlə bağlı dialoqunun yüksək dinamikasını qeyd ediblər.
Çinlə Rusiya Ukraynaya qarşı birləşəcəkmi?
Bu arada Moskva və Pekinin Rusiya təbii qazının Çinə çatdırılması ilə bağlı 30 illik müqavilə imzalaması Ukraynada geniş müzakirələrə səbəb olub.
Ukraynanın məşhur gordonua.com saytı Pekin-Moskva əməkdaşlığı barədə ekspertlərin fikirlərini öyrənib və onlara belə bir sual ünvanlayıb: Çinlə Rusiya Ukrayna ilə Qərbə qarşı birləşəcəkmi və qaz razılaşması ruslarla ukraynalılar üçün hansı nəticələr verəcək?
Ukraynalı jurnalist və publicist Vitali Portnikovun sözlərinə görə, Rusiyanın Çinlə antiqərb ittifaqı qurmaq istiqamətində indiyə kimi göstərdiyi bütün cəhdlər uğursuzluğa düçar olub. Ukraynalı publisist hesab edir ki, Çin Rusiyanın zəifləməsində maraqlıdır: "Düşünmürəm ki, Putin Çinə səfər edərək qarşısına Qərbə və Ukraynaya qarşı hər hansı bir koalisiyanın yaradılmasını qoyub. Rusiyanın siyasi rəhbərliyi Çin və Qərbin, Çin və ABŞ-ın qarşılıqlı iqtisadi asılılığını anlamamış deyil. Çin iqtisadiyyatı istehlak mallarının istehsalından asılıdır. Bu məhsulların alıcıları isə Qərbdədir. Müasir dünyada Çin ABŞ və Qərbin kiçik partnyorudur. Çin üçün qarşıdurma sadəcə olaraq əlverişsizdir.
Əlbəttə, Çin elə bir dövlət deyil ki, kiməsə qarşı ərazi iddiaları ilə çıxış etsin. Amma bu dövlət təsir sahəsinin genişləndirilməsində maraqlıdır. Pekinin təsir sahəsi isə yalnız Rusiyanın zəifləməsi halında yaranacaq. Və bu baxımdan Pekin Rusiyanın zəifləməsində ABŞ və Avropa Birliyindən daha çox maraqlıdır".
Ukraynanın Regionlar Partiyasından sabiq deputat Taras Çornovil hesab edir ki, Amerikaya qarşı Çinlə birləşmək sadəcə dəlilikdir: "Çinlilər onillikləri gözləyəcək ki, Rusiya dağılmağa başlasın və bütün Sibiri ələ keçirsin. Putinin Avropadakı partnyorları itirdikdən sonra Çin Rusiyaya yuxarıdan aşağıya baxa və güc mövqeyindən çıxış edə bilər. Putin göstərməyə çalışır ki, Rusiya Avropasız da ayaq üstündə dayanacaq. Amma Çin dünya səhnəsində Rusiyadan daha ciddi və strateji oyunçudur. Çinlilər Rusiyaya qarşı nümayişkaranə şəkildə oynadılar və göstərdilər ki, Asiya yalnız bir dövlət var və bu dövlət Rusiya deyil.
Amerikaya qarşı Rusiyanın Çinlə birləşməsi imkanlarını axtarmaq sadəcə dəlilikdir. Amerika ilə Çin elə qarşılıqlı əlaqələr qurub ki, bu dövlətə qarşı oynamaq mümkün deyil. Çin artıq bu gün ABŞ iqtisadiyyatının faktiki sponsorudur, bu kapital bazarında trilyonlarla Amerika dolları dövr edir".
Avroatlantik Əməkdaşlıq İnstitutunun elmi direktoru Aleksandr Suşkonun sözlərinə görə, keçmişdə Çin həmişə Rusiyanın fikrinə qulaq asmasına baxmayaraq, artıq indi Çin-Rusiya əməkdaşlığının sərhədləri kifayət qədər aydın cızılıb: "Çin özünü beynəlxalq hüququn pozulmasından narahat olan tərəf kimi göstərir. Amma Rusiya dünyanı hadisələrin məhz bu cür inkişafına itələyir. Buna görə də Çin Rusiya ilə həmrəy deyil, amma eyni zamanda ABŞ-la da həmrəy deyil. Bunun nəticəsidir ki, Pekin Ukraynaya birmənalı dəstək vermək istəmir".
Rusiya müxalifətinin Koordinasiya Şurasının üzvü, 1997-1998-ci ilər Rusiya baş nazirinin müavini Boris Nemtsov bildirir ki, Çin Ukraynada Putini dəstəkləməyəcək, həm də həmişəki kimi açıq şəkildə ona qarşı çıxmayacaq: "Çində antiukrayna razılaşması olmadı. Hərçənd Putin Çinin dəstəyini almağa çalışırdı. Putin çinliləri Moskva metrosunun tikintisinə, kömürün yataqlarının işlədilməsinə və Kerç körpüsünün inşasına cəlb etməyə çalışır. Ancaq düşünürəm ki, Çin şirkətləri xüsusilə son təklifə çox ehtiyatlı yanaşacaqlar. Çünki, sanksiyalardan qorxacaqlar. Düşünürəm ki, Putin dəstək almaq istəsə də alınmadı.
Putin Çinlə apardığı danışıqlarda əsas mövzu qaz idi. Bütün digər sözlər qarşılıqlı nəzakət naminə deyilən aforizmlərdir. Ukrayna və Qərb indiki halda heç nə itirmədi".
"Capital Times" investor kampaniyasının partnyoru, iqtisadçı Erik Nayman isə deyib: "Çin Ukraynaya görə ABŞ və Avropa Birliyi ilə qarşı-qarşıya gəlməyəcək. Çünki, Çin məhsullarının satışı bu bazarlardan çox asılıdır. Əksinə, çox ehtimal ki, ABŞ və Avropa Rusiyanın bölüşdürülməsi haqqında Çinlə razılaşacaq", - iqtisadçı deyir.
E.Nayman deyir ki, Putin ümidsiz şəkildə özünə müttəfiqlər axtarır: "BMT-dəki səsvermə zamanı Çinin neytral mövqe nümayiş etdirməsi də göstərdi ki, Çin razılaşma üçün pəncərəni açıq saxlayır. Ancaq Rusiya Çin üçün gələcəkdə yalnız xammal əlavəsi və hansısa bir geosiyasi təsirin yayılması arealı olacaq. Bu cür razılaşmalar Putinə daha lazımdır, nəinki Çinə".
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53