Məmur şirkətlərinin vergilərdən yayınmasının şok gizlinləri
11:25 24-05-2014
İQTİSADİYYAT
Məmur şirkətlərinin vergilərdən yayınmasının şok gizlinləri
Arxivlər açılsa yüz milyonlarla dövriyyəsi olan şirkətlərin dövlətə bir neçə yüz manat vergi ödədiyi məlum olar!
Azərbaycanda yüksək çinli məmurların, komitə sədrlərinin, nazirlərin, deputatların bizneslə məşğul olması, şirkətlər qrupu yaratmaları zaman-zaman müzakirə mövzu olub. Qanunvericiliyin sözügedən fəaliyyəti onları qadağan etməsinə, bununla bağlı Cinayət Məcəlləsində xüsusi maddənin nəzərdə tutulmasına baxmayaraq, indiyə qədər nəinki hər hansı məmur cəzalandırılmayıb, əksinə, onlar biznes fəaliyyətlərini genişləndirərək iqtisadiyyatın ən gəlirli sahələrində inhisarçı mövqe yaradıblar.
Araşdırmalar göstərir ki, hər bir məmurun biznesi hakimiyyətdə tutduğu iyerarxik pilləyə və onun şəxsi nüfuzuna adekvatdır. Yəni oliqarxa çevrilmiş nazirin hökumət daxilində sözü nə qədər keçərlidirsə, onun biznesi bir o qədər çoxşaxəli, qüdrətlidir. Hazırda nazirlər arasında şirkətlər qrupuna sahib olanlar da var, nisbətən orta biznes fəaliyyəti ilə məşğul olanlar da.
Müstəqil iqtisadçı-ekspertlər də təsdiqləyirlər ki, Azərbaycan iqtisadiyyatı yüksək ranqlı bəzi dövlət məmurlarının ailə üzvlərinə və digər yaxınlarına məxsus olan özəl şirkətlərin inhisarındadır. Hətta strateji əhəmiyyətli dövlət layihələri belə bu cür şirkətlərə həvalə edilir. On milyardlarla dövriyyəsi olan həmin şirkətlər dövlət büdcəsinə ödəmələri isə simvolikdir.
Bir müddəti əvvəl KİV-lər vergi xidmətinin rəsmi statistikasına əsasən yazırdılar ki, vergi daxil olmalarında dövlət müəssisələrinin payı 83-85 faiz arasında dəyişir. Qalan 15-17 faiz isə nəhəng dövriyyəyə sahib ailə şirkətləri də daxil olmaqla özəl şirkətlərin payına düşür. İstər-istəməz sual yaranır: necə ola bilər ki, milyardlarla dövriyyəsi olan ailə şirkətləri vergi daxilolmalarının cəmi bir neçə faizini ödəyir? Cavab sadədir - bəzi iri məmurların nəhəng şirkətləri dövlət vəsaitlərinin silinməsi üçün yaradılır və pullar mənimsənilir.
Mətbuatda belə şirkətlər haqqında dəfələrlə yazıldığından, müxtəlif məmurlara aid holdinqlər barədə təfərrüatlara varmağa ehtiyac görmürük. Bu yazının mövzusu məh milyonlarla manat dövriyyəsi olan bəzi məmur şirkətlərinin demək olar ki, qəpik-quruş vergi ödəməsinin pərdəarxası məqamları ilə bağlıdır.
Azərbaycanın tanınmış müstəqil iqtisadçı-eksperti Rövşən Ağayev dünən bəyan etdi ki, "şirkətlərin vergi ödənişləri açıqlansa, bu həm şəffaflığı artırar, həm də sektorda rəqabət yaradar".
Ekspert bildirib ki, Azərbaycanda şirkətlərin dövlətə nə qədər vergi ödədiyi açıqlanmır. Bundan sonra o, ilginc detallara toxunub: "Yalnız bir-iki dövlət şirkəti istisnadır. Qapalılığa səbəb vergi ödənişlərinin kommersiya sirri hesab edilməsidir. Bir gün arxivlər açılsa, yüz milyonlarla dövriyyəsi olan şirkətlərin dövlətə bir neçə yüz, ən yaxşı halda bir neçə min manat vergi ödədiyini görəcəyik. Təhlillər belə deməyə əsas verir. Məsələn, ötən il apardığımız tədqiqatlar ortaya çıxardı ki, Azərbaycanın 18 milyard manatlıq dövlət büdcəsinin ən yaxşı halda 1.3-1.4 milyard manatını, yəni təxminən aya 120-130 milyon manatını yerli sahibkarlıq subyektləri ödəyir. Yerdə qalan vəsaitlər isə neft sektoru, gömrük və qeyri-neft sektorunda çalışan xarici şirkətlərdən gəlir".
Beynəlxalq təcrübədən danışan ekspert Litva nümunəsini göstərib: "Litvada Dövlət Vergi Müfəttişliyi hər rüb və ilin sonunda ən böyük vergi ödəyicisi olan 500 şirkətin adını və onların hər birinin ödədiyi vergilərin miqdarını açıqlayır. Bu reytinq şirkətlər üçün rəqabət müstəvisinə çevrilib. Nüfuzlu şirkətlər həmin siyahıda yer almağı özləri üçün hədəf seçirlər. 2014-cü ilin 1-ci rübünün nəticələrinə görə, "Orlen Lietuva" şirkəti 80 milyon dollar, "Philip Morris Baltic" və "Okseta" şirkətlərinin hər biri təxminən 35 milyon dollar vergi ödəyib. Birinci onluğa düşən şirkətlər ümumilikdə 3 ay ərzində təxminən 300 milyon dollar vergi ödəyiblər".
Mövzu ilə bağlı "Unikal"a danışan adının çəkilməsini istəməyən mənbə isə məmur şirkətlərində vergidən yayınmanın müxtəlif üsulları olduğunu deyib. O, bu sırada əmək müqavilələrinin imzalanmamasını, işçilərə maaş, əməkhaqqı ödənilərkən ikili mühasibatlığın hökm sürməsini və s. göstərib. Bildirib ki, məmur şirkətlərinin arxasındakı güclü himayəçilik onların şəffaf vergi xidmətinə cəlb edilməsini əngəlləyir. Bundan qazanan həmin məmurlar olsa da, dövlət və xalq itirir.
Bəs bu nə vaxtadək davam edəcək? Sualın cavabı hələlik konkret məlum olmasa da, artıq vergidən yayınan məmur şirkətləri ilə bağlı iqtidar və müxalifət olmasından asılı olmayaraq, əksəriyyətin yüksək səslə danışması yaxın zaman üçün müəyyən addımların atılacağına ümid yaradır.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17
2024-11-21 11:20:05
2024-11-21 10:53:23