Tağı Əhmədov Zaur Hüseynova badalağ vurur
11:27 24-05-2014
İQTİSADİYYAT
Tağı Əhmədov Zaur Hüseynova badalağ vurur
"Bakı Metropoliteni"nin sabiq rəisi xələfinin imicini ləkələmək üçün adamları vasitəsiylə təxribat xarakterli hadisələr yaradır
Məlum olduğu kimi, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.
Birləşdirilən qurumun başına isə Zaur Hüseynovu gətirməklə yeraltı dünyanın kralı Tağı Əhmədov kreslosu ilə vidalaşmalı oldu. Sözsüz ki, Zaur Hüseynovun ilk işi metropoliteni Tağı Əhmədova yaxın şəxslərdən təmizləmək olacağı əvvəlcədən bəlli idi. Keçmiş rəisin qohumları və ona yaxın şəxslər metropolitendə mühüm postlarda çalışırlar. Ona görə də yeni rəisin "təmizləmə əməliyyatı" aparması labüddür.
Qeyd edək ki, Bakı Metropoliteninin rəisi təyin olunduqdan sonra Zaur Hüseynov ilk müsahibəsindəcə islahatların olacağına söz vermişdi. Yeni yaradılan "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin edilən Zaur Hüseynov verdiyi sözə əməl edərək ilkin olaraq metropoliten ərazisindəki mağazaları sökdürdü və bununlada Bakı Metropolitenində gediş-gəlişi normallaşdırdı. Hazırda bu tədbirdən sonra metroda elə də sıxlıq yaşanmır. Ancaq son bir həftə ərzində yaşanan gözlənilməz hadisələr "Bakı Metropoliteni"ndə hansısa oyunların getdiyini düşünməyə rəvac verir. Belə ki, son günlər qatarlarda tez-tez nasazlıqlar müşahidə olunur.
Mayın 16-da səhər saatlarında Bakı metrosunda fövqəladə hadisə baş vermişdi. Həzi Aslanov-Dərnəgül xətti ilə hərəkətdə olan qatarlardan birində yanğın baş verdi. Hadisə "Koroğlu" stansiyasında qeydə alınmışdı. Bu səbəbdən də sərnişinlər təxliyə olunub, hadisə yerinə yanğınsöndürənlər cəlb edilmişdi. "Bakı Metopoliteni"nin mətbuat xidmətindən isə bildirilmişdi ki, səhər saat 08.09-da 38 saylı marşrutla hərəkət edən qatar "Koroğlu" stansiyasında platformada olarkən 4-cü vaqonunda tüstülənmə olub. Sərnişinlər dərhal təxliyə olunub. Xətlər gərginlikdən ayrılıb. Qatara baxış keçirilib, tüstülənmənin qarşısı alınıb. Bu müddət ərzində stansiyaya sərnişinlərin girişinə məhdudiyyət qoyulub, qatarların hərəkəti dayandırılıb. Daha sonra qatar baxış üçün depoya göndərilib. 08.30-da bütün qatarların hərəkəti bərpa olunub. Qatarların hərəkətində yaranmış fasilə 21 dəqiqə davam edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Analoji hadisə yenidən yaşandı. Mayın 22-də Bakı metrosunda daha bir hadisə oldu. Dərnəgül-Həzi Aslanov xətti üzrə hərəkət edən qatarda problem yarandı. Belə ki, sərnişinlər İnşaatçılar stansiyasında təxliyyə olunub. Buna səbəb isə qatarın qapılarının bağlanmaması olub. Sərnişinlərin qatardan boşaldılması isə sıxlığa səbəb olub.
"Unikal"a daxil olan məlumata görə, "Bakı Metropoliteni"ndə baş verən son hadisələr təsadüfi hadisələr deyil. Belə ki, ard-arda bu kimi hadisələrin yaşanması qəsdən törədilməsi istisna deyil: "Bilirsiniz ki, Zaur Hüseynov vəzifəyə təyin olunandan sonra köklü islahatlara başladı. Öncə metrodakı ticarət obyektlərini yığışdıraraq, Tağı Əhmədova və onun yaxın ətrafının maliyyə rıçaqlarını əlindən aldı. Zaur Hüseynov Tağı Əhmədova ilk zərbəni bununla vurmuş oldu. Daha sonra ona yaxın bir neçə yüksək rütbəli metroçuları işdən çıxardı. Bu da Tağı Əhmədovun "Bakı Metropoliteni"ndə qurduğu imperiyanın çöküşünü daha da sürətləndirdi. Sözsüz ki, kinli bir adam olan Tağı Əhmədov bütün bunları cavabsız qoymamağa çalışır. Diqqət elədinizsə, ilk günlər mətbuatda belə informasiyalar dolaşırdı ki, Zaur Hüseynov bu sahənin peşəkarı deyil, Tağı Əhmədov tezliklə "Bakı Metropoliteni"ndə vəzifəyə gətiriləcək. Bu tipli informasiyaları Tağı Əhmədov və onun yaxın ətrafı ictimai rəyə ötürürdü. Hətta o, müsahibələrinin birində də "Bakı Metropoliteni"dən tamamilə getmədiyini, tezliklə yeraltı dünyaya qayıdacağını bildirmişdi. Bu həmlələrinin boşa çıxdığını görən Tağı Əhmədov Zaur Hüseynov barədə səriştəsiz rəis imici yaratmağa çalışır. Məndə olan məlumata görə, son iki hadisə qəsdən yaradılıb və məqsəd yeni rəisin imicini ləkələməkdir".
Bizi bilgiləndirən şəxsin sözlərinə görə, metro strateji obyekt olduğu üçün çox da dərinə gedə bilmirlər. "Əgər imkan olsaydı, Tağı Əhmədov Zaur Hüseynovu gözdən salmaq üçün daha ciddi problemlərin yaranmasına cəhd edərdi. Bu dəqiqə keçmiş rəisə yaxın kifayət qədər adam "Bakı Metropoliteni"ndə çalışır. Onlar hələ də Tağı Əhmədova sədaqətli olduqlarını nümayiş etdirirlər və bu cür nasazlıqların yaranması üçün problemlərin ortaya çıxmasına rəvac verirlər. Amma artıq Tağı Əhmədovun bu sabotajı barədə yeni rəhbərlikdə məlumat var. Baş verən son olaylarla bağlı ciddi araşdırma aparılır. Yəqin ki, qısa müddətdə Tağı Əhmədovun badalağ siyasətinin icraçıları cəzalandırılacaqlar", - deyə müsahibimiz fikrini tamamlayıb.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53