Tarix zibilliyində eşələnib gələcəyini məhv edənlər
Tarix zibilliyində eşələnib gələcəyini məhv edənlər

Ermənistanda nələr baş verir?

Bu ölkədəki proseslərin təkanverici qüvvəsi Rusiyadır, yoxsa ABŞ ilə Avropa Birliyi? Və ya sualı bir qədər fərqli səsləndirsək - Rusiya Ermənistandan nə istəyir və amerikalıların da Ermənistanda itkiləri nələrdir?

Bu suallar Ermənistan dövlət müstəqilliyini qazandıqdan sonrakı ilk illərdə gündəmə gəlmişdi və o vaxtdan bəri qonşu ölkədəki daxili siyasi mübahisələrlə qarşıdurmalarda sürəkli səslənir. Hadisələr müəyyən standartlardan kənara çıxanda və ya çərçivələri dağıdıb çöldə qalanda ermənilər kimə qulluq etdiklərini, daha doğrusu, ağalarının kim olduğunu müəyyənləşdirməyə çalışırdılar.
Onlar həm də onu anlamaq istəyirdilər ki, əcəba, dişlərinə sıxdıqları canlarının cəfasını kim verir, əzabların səfasını da kim görür.
İllər ötdükcə də cavabsız suallar ictimai şüur və düşüncə hüdudlarından kənara çıxaraq ritorikaya çevrilməyə başladı.
Sonucda ermənilər müstəqillik, suverenlik və azadlıqlarına, öz dövlətlərinin müqəddəratını həll və təyin etmək imkanlarının var olduğuna şübhə etməyə, böyük geosiyasi oyunlarda marionetkaya çevrildiklərinə inanmağa başladılar.
Ermənilər anladılar ki, onlar əslində Rusiyanın buyruq qulu olan hakimiyyətin idarə etdiyi kütlədir. O hakimiyyət isə bütün siyasi örtüklərinə və sonsuz vədlərinə, gözəl səslənən şüarlarına və guya demokratiya uğrunda çalışması görüntüsünün yaratmasına rəğmən qanun pozuntularını gündəlik fəaliyyətə çevirmiş insanlar toplusudur.
Yerevandakı iqtidarı düşündürən məsələlər ölkənin inkişafı, iqtisadi dirçəlişı, vətəndaşların rifahı yox - hansı dövlətin himayəsində və köləliyinə daha etibarlı, təhlükəsiz yaşamın olduğunu müəyyənləşdirmək idi.
Bunu da ermənilər dərk etdilər.
Ermənistandakı hakim elitaların iqtidarı istənilən vasitə ilə qorumaq üçün növbə ilə tətbiq etdikləri özünümüdafiə taktikası cəmiyyətdə natamamlıq kompleksi yaradıb.
Müstəqilliyinin ömrü çox olmayan istənilən dövlət üçün ən fəlakətli tənəzzül, ən təhlükəli deqradasiya məhz kütləvi şüurun bu forması idi ki, o da Ermənistanda yaşandı.
Səbəblər barədə çox danışılıb və fikirimizcə, təfərrüatları bir daha təkrarlamağa lüzum yoxdur.
İndiki bəlalar üçün erməni cəmiyyəti məsuliyyət daşıyırmı? Təbii ki.
Cəmiyyət normal və adekvat olsaydı, hakimiyyətə gəlmiş dəstələrin ölkəni istədikləri kimi idarə etmələrinə, dövləti çapıb-talamalarına, öz maraqlarının təminatı üçün milli resursları yağmalamağa imkan verməzdi.
Zahirən belədir.
Reallıq isə daha incə və ağırdır.
Nədən ki, cəmiyyət ümumiləşmiş, çoxlaylı, çoxqütblü nəsnədir. Burada düşüncələr, niyyətlər, fikirlər və maraqlar çox fərqli və ziddiyyətlidir. Eyni zamanda unutmayaq ki, kütləni idarə edən, topluma yolunu azmasına imkan verməyən və irəliləyiş üçün istiqamət göstərən elitar qruplar yoxdursa, cəmiyyət öz-özlüyündə bir puç, heç nədir.
Qonşu, amma bizə düşmən ölkədə bəhs etdiyimiz qrupların formalaşmaması və ya "elita" sözünə iddialı olan dəstələrin bravur bəyanatlar verərək özlərini etmədikləri əməllərin sahibləri kimi göstərmələrinin suçlularını aramaq da asan iş deyil.
Səbəbləri müəyyənləşdirmə mənasızdır, çünki onların ən ciddi və təfərrüatlı təhlili də indiki ağır vəziyyətdən qurtulmaq üçün gərəkli həllər sistemini formalaşdırmağa imkan vermir.
İş ondadır ki, durum dəyişib, vəziyyət fərqli hal alıb. Dövlət müstəqilliyini yeni qazanmış Ermənistanla indiki ölkə eyni deyil. İnsanların şüurları fərqli, iqtidardakı dəstələr başqa və təbii ki, yol verilmiş səhvlərlə kobud, hətta idiotik yanlışların təhlili yalnız nisgilin siyasi təzahürünü bir qədər səngidə bilər. Fəqət, bütün bunlar heç bir halda indiki xaosun, yiyəsizliyin, başıpozuqluğun aradan qaldırılması üçün praktiki, metodoloji proses sayıla bilməz. Söz yox, yaşananların xatırlanması, tarixə müraciət, didaktik sonucların əhəmiyyəti var. Lakin sırf iqtisadi və ya maliyyə baxımından.
Gerçəkdə belə cəhdlərin mənası ilə effektivliyi sıfıra bərabərdir.
Ermənilər aramsızlıqla tarixə müraciət edir, real hadisələri uydurma və olmayan işlər kimi qələmə verməyə çalışır, uydurmaları və qondarma iddiaları isə tarixi gerçəklik kimi sırımağa çalışırlar. Onlar hər dəfə tarixə dalanda gecikir, zamanla ayaqlaşa bilmir və ayılanda görürlər ki, baho, indiki artıq keçmişə dönüb, elə gələcək də öləziyərək ötənlərə qovuşmaqdadır.
Məhz buna görə ermənilər ilişib qaldıqları uydurma tarix bataqlığında döyükür, onları ya Amerika, ya Avropa, ya da Rusiyanın çıxararaq yardımlı-dəstəkli həyata qovuşduracağını düşünürlər.
Ümid edirlər, qübarlanırlar, gözləyirlər.
Əsrlərdir, qərinələrdir, onillərdir həmin tarix təkrarlanır, həmin indi yaşanır, həmin gələcək doğulmamış parçalanır, didilir və məhv olunur.
Ermənilər nə etsinlər? Tarixlərinin gerçək hissələrini və uydurmalarının tarix bölümlərini unutsunlar? Bunu hər erməni özü düşünməli, tək qərar verməlidir. İllah da ki, tarixi, ümumiyyətlə, unutmaq, qardaşlar, mümkün deyil.
Ermənistanı indi idarə edən Serj Sarkisyan hakimiyyətindən qurtulmağın yolu da, ağrılı olmasına rəğmən, ermənilərin öz tarixindədir. Günahlar, prototiplər, ziddiyyətlər, oxşarlar, presedentlər - mütləq şəkildə hamısı orada tapılacaq.
Əks təqdirdə Ermənistanda intellektual inkişaf yerində saymağa davam edəcək, düşüncə tərzi dəyişməyəcək, milli psixologiya olduğu kimi qalacaq, ictimai və milli şüur ətalətdə tor atmağa davam edəcək, üstəlik tarixi və etik dalanda vurnuxmalar səngiməyəcək.
Ermənistanın indiki yaşamının problemlərini çözmək və gələcəyi qurmaq istəyən cəmiyyət tarix saydığı illüziyalardan, millətçilikdən, qondarma iddialardan bilmərrə qurtulmalı, bu zibil yığınını bir kənara atmalıdır.
Dünyanın ən gənc etnoslarından biri amerikalıların inkişafını, barı, ermənilər görsünlər və görk etsinlər.
Ermənistan əhalisi düşünməli, millət, xalq, kütlə və ya sadəcə, istehlakçılar cəmiyyəti olduğuna qərar verməlidir.
Tarixin uydurma yükünün ağırlığından irəliyə gedə bilməyən ermənilər ilk əvvəl "1915-ci il soyqırımı" adlı idefiksin puç iddialar, yalanlar olduğunu qəbul etməli, sonra da Azərbaycan ərazilərinin işğalının müvəqqəti əməl, fani "qələbə" olması həqiqəti ilə barışmalıdırlar. Ərazi iddiaları kimi mərəzdən qurtulmağı da unutmayaq.
Erməni cəmiyyəti aktual problemlərini, onu inkişafdan saxlayan dərdləri anlamaq üçün müdriklik və uzaqgörənliyi əxz etməyincə nə yaşananlar, nə də yaşam təcrübəsi onlara əsla yardım etməyəcək.
Əksinə, mane olacaq, ayaqlardan sallanan daşlara, çiyinlərdəki yükə çevriləcək.
Yəqin ki, ermənilər məhz bu hissləri yaşayırlar.
Və çox yəqin ki, daim arxaya boylanaraq tarixini eşələyən xalq gələcəyi ilə bağlı ciddi məsələləri bundan sonra da normal çözə bilməyəcək.
Çünki...
Ermənistandakı toplum hansı gələcəyi istədiyini anlamaq üçün istəklərini formalaşdırmaq əvəzinə daim olanlarla yaşayaraq necə gələcək istəmədiyini dərk etməyə çalışır.
Heyhat...
Elçin Alıoğlu