Ukraynanın qibtə olunmayacaq taleyi
11:30 24-05-2014
İQTİSADİYYAT
Ukraynanın qibtə olunmayacaq taleyi
Prezident seçkisi parçalanmış ölkənin gələcəyinə necə təsir göstərəcək?
Moskva və Ukraynadakı Rusiyapərəst qüvvələr Kiyevin yeni hakimiyyətini növbəti prezident seçkisi ərəfəsində son dərəcə çətin vəziyyətdə qoyublar. Mayın 11-də Krımın Rusiyaya birləşdirilməsinin ardından Donetsk və Luqansk vilayətlərində regionların müstəqilliyinin elan olunmasına dair referendumlar keçirilib.
Donetsk və Luqanskda elan edilmiş "xalq respublikaları"nın (DXR və LXR) "Mərkəzi Seçki Komissiyası"nın məlumatına görə, hər iki vilayətdə səsverməyə qatılmış insanların əksəriyyəti müstəqillik ideyasını dəstəkləyiblər: Donetskdə seçici fəallığı 89%, Luqanskda isə 75% təşkil edib və onların müvafiq olaraq 74 və 96%-i müstəqilliyə səs veriblər. Referendumun nəticələrinin elan olunmasından sonra DXR hökumətinin həmsədri Denis Puşilin "Rossiya 24" telekanalının efirindən verdiyi açıqlamada LXR rəhbərliyilə birləşməyə dair danışıqlara başlamağı düşündüklərini söyləyib: "Biz hesab edirik ki, gələcəyə doğru birlikdə addımlaya bilərik. İlkin danışıqlar artıq baş tutub. Hazırda məsələnin texniki tərəfləri müəyyənləşdirilməlidir". Bundan başqa, mayın 12-də D. Puşilin Rusiyaya müraciət edərək, DXR-in bu ölkənin tərkibinə daxil olunmasını istəyib: "Donetsk Xalq Respublikası xalqının iradəsinə əsaslanaraq, eyni zamanda tarixi ədalətin bərpası məqsədilə Rusiyadan Donetsk Xalq Respublikasının Rusiya Federasiyasının tərkibinə daxil edilməsi məsələsinə baxmasını istəyirik".
Rusiya prezidenti Vladimir Putin sözügedən referendumların nəticəsilə bağlı fikirlərini açıqlamasa da (bu məqalə dərc olunanadək Putinin məsələyə münasibət bildirəcəyi istisna deyil), onun mətbuat xidməti, eyni zamanda Rusiya XİN-i və Dövlət Duması həm referendumun keçirilməsi faktını, həm də ortaya qoyulan mövqeyi təqdir edib. Bu, Moskvanın rəsmi mövqeyi sayıla bilər. Donetsk vilayətinin Rusiyanın tərkibinə daxil olunması məsələsində də qeyri-müəyyənlik qalmaqdadır. Əksər ekspertlər hesab edirlər ki, Kremlin bu təxribatçı, son dərəcə qeyri-populyar addımı atması ehtimalı çox azdır. Amma Moskva istənilən halda Ukraynanın hazırkı rəhbərliyi və onun xarici himayədarları ilə dialoqda kifayət qədər güclü "kozır" əldə edəcək. Yeri gəlmişkən, həmin qüvvələr əvvəldən elan edildiyi kimi, nə keçirilmiş referendumları, nə də onların nəticələrini tanıyıblar. Buna cavab olaraq, Donetsk və Luqansk rəhbərliyi Ukraynada mayın 25-nə təyin olunmuş prezident seçkisinin bu vilayətlərdə keçirilməyəcəyini bəyan ediblər. Onlar Kiyevin elan etdiyi seçkini qeyri-legitim hökumətin oyunbazlığı adlandırırlar. Maraqlıdır ki, Ukraynanın xarici işlər naziri Arsen Avakov ölkənin ayrı-ayrı şəhərlərində seçkinin pozulmasının onun ləğvi üçün əsas olmadığını bildirib. Nazirin sözlərinə görə, seçici fəallığının səviyyəsindən asılı olmayaraq, seçki baş tutmuş sayılacaq. Üstəlik, Ukraynadakı daxili siyasi proseslərə fəal şəkildə cəlb olunmuş və yerli hökuməti dəstəkləyən Vaşinqton dövlət katibinin köməkçisi Viktoriya Nulandın dililə Ukraynada keçiriləcək prezident seçkisini ABŞ-ın milli təhlükəsizlik məsələsi adlandırıb. Ukraynada prezident seçkisinin keçirilməsinin vacibliyi məsələsində bütün Qərb dövlətləri Vaşinqtonla həmrəydirlər. Onlar Moskvanı Ukraynada prezident seçkisini pozmaq niyyətində olmaqda günahlandırırlar. Amma əsas problem Kiyevin seçkidən sonra onun nəticələrinin tanınması məsələsində ciddi çətinliklərlə üzləşəcəyidir. Kiyevin prezident seçkisinin nəticəsinin federallaşma tərəfdarları və Rusiya tərəfindən tanınmasına nail olması asan başa gəlməyəcək.
Bütün bunların fonunda Ukrayna hökuməti sabiq baş nazir Yuliya Timoşenkonun simasında Donetsk və Luqanskın prezident seçkisini tanımamasından daha ciddi problemlə qarşı-qarşıya qalıb. Amma Timoşenkonun uzun illərdir Ukrayna prezidenti postu uğrunda apardığı mübarizənin fonunda səsləndirdiyi son fikirlər nə onun tərəfdarları, nə Maydandan olan müttəfiq-opponentləri üçün gözlənilməz sayıla bilər. Söhbət onun Nikolayevlə bağlı fikirlərindən gedir. Eks-baş nazir ölkədə növbəti inqilab dalğasının baş qaldıra biləcəyinə dair hədə səsləndirib: "Mən daha inqilabın iflasa uğramasına görə məsuliyyət daşımaq istəmirəm. Amma ölkə başqa prezident seçərsə, mənimsə bu gün yalnız bir rəqibim var, fikrimcə, üçüncü dəfə inqilab yaşamalı olacağıq. Çünki mən orada hər hansı dəyişiklik üçün şans görmürəm. Mən, sadəcə, o insanların hamısını tanıyıram".
Nəzərə alsaq ki, Y.Timoşenkonun əsas seçki şüarı Ukraynada hakimiyyətin növbəti dəfə oliqarxlar tərəfindən ələ keçirilməsinə imkan verilməməsidir, aydın olur ki, onun sərt bəyanatları "şokolad kralı", oliqarx Pyotr Poroşenkoya yönəlib. Amma Timoşenko konkret ad çəkməyib.
Daha bir diqqətçəkən məqamsa Timoşenkonun aprelin sonlarında Poroşenkonun Moskvadan asılı olduğuna dair səsləndirdiyi bəyanatıdır. Sabiq baş nazir bu fikrini Poroşenkonun Rusiya ilə Ukrayna arasında qarşıdurmanın ən qızğın vaxtında belə, biznes sahəsində Moskvadan sifarişlər alması ilə əsaslandırıb. Amma güman ki, 1996-1997-ci illərdə Ukraynanın ən varlı biznes adamlarından sayılmış sabiq baş nazirin bu bəyanatları oliqarxiya ilə mübarizə istəyindən deyil, prezident seçkisində məğlubiyyət ehtimalının real olmasından irəli gəlir. Hər halda, ölkə ictimaiyyəti arasında aparılan sorğular Timoşenkonun prezident seçkisindən qalib ayrılmaq şansının o qədər də yüksək olmadığını göstərir. Timoşenkonun əsas rəqibi olan P. Poroşenkonun reytinqi getdikcə artırsa, onun özünün reytinqilə bağlı vəziyyət fərqlidir. Ukrayna Mərkəzi Seçki Komissiyası prezidentliyə namizəd kimi, 23 nəfəri qeydiyyata alıb. Sonradan Rusiyapərəst siyasətçi, Ali Radanın Regionlar Partiyasından olan deputatı Oleq Saryev, sabiq sosial siyasət naziri, "İrəli, Ukrayna" partiyasının lideri Natalya Korolevskaya və "Yeni Kiyev" vətəndaş birliyinin rəhbəri Zoryan Şkiryak müxtəlif əsaslarla namizədliklərini geri götürüblər.
Amma nəzərə alsaq ki, adıçəkilən şəxslərin heç biri yüksək reytinqə malik deyil, onların son qərarlarının seçkinin nəticəsinə ciddi təsir göstərəcəyini gözləmək olmaz. Prezidentlik yarışında əsas mübarizə "liderlər dördlüyü" arasında gedir - Y.Timoşenko, P.Poroşenko, Regionlar Partiyasının namizədliyini özü irəli sürmüş üzvü, baş nazirin sabiq müavini Sergey Tiqipko və Regionlar Partiyasının vahid namizədi, Xarkov vilayət administrasiyasının sabiq başçısı Mixail Dobkin. Son günlərədək bu dördlük arasında P.Poroşenko və Y.Timoşenko favorit sayılırdılar. Təxminən, 2 ay əvvəl Poroşenkoya səs vermək fikrində olan seçicilər, təxminən, 25% təşkil edirdisə, bu gün onların sayı 40%-ə çatır. Bunun "UDAR" partiyasının lideri Vitali Kliçkonun qərarı ilə bağlı olduğunu da istisna etmək olmaz. Məsələ ondadır ki, vaxtilə reytinqdə sabiq baş nazirdən öndə olan (8,2%-ə qarşı 8,9%) Kliçko sonda P. Poroşenkonu dəstəkləmək qərarına gəlib. Prezidentlik iddiasından imtina edən Kliçko, eyni zamanda Kiyev meri postuna iddiasını Poroşenkonun dəstəyilə daha da ciddiləşdirib. Y. Timoşenkoya gəlincə, mayın əvvəlində o, 9,5%-lik reytinqlə 2-ci pillədə idi. Amma ölkədə keçirilmiş və TSN-in sifarişilə təşkil olunmuş ən son telefon sorğusu Timoşenkonun 8,8%-lə 3-cü sıraya endiyini, onun yerini 9% seçicinin dəstəklədiyi S.Tiqipkonun tutduğunu göstərib. Onun Ukraynanın rus əhalisilə bağlı səsləndirdiyi qalmaqallı bəyanat belə (rusları avtomat silahdan güllələməklə hədələyib), gözlənilən dividendləri gətirməyib. Əksinə, Timoşenko bu bəyanatı ilə özünü "Azadlıq" partiyasının lideri Oleq Tyaqnibok, "Sağçı sektor" qruplaşmasının rəhbəri Dmitri Yaroş kimi radikal sağçı siyasətçilərlə bir cərgəyə qoyub. Bu, nə Ukrayna xalqında, nə də Qərbdə xüsusi simpatiya yarada bilər.
Üstəlik, uzun müddət Timoşenkonu açıq şəkildə dəstəkləyən Qərb bu gün açıq-aydın Poroşenkoya simpatiyasını ortaya qoyur. Daim siyasi təlatümlərin episentrində olmağa vərdiş etmiş, illərdir Ukraynada mütləq hakimiyyət uğrunda mübarizə aparan Yuliya Timoşenko üçün xarici himayədarlarının bu cür "nankorluğu" siyasi ölüm deməkdir. Timoşenko üçün ölkədə əsas postları silahdaşlarının tutduğu bu gün üçün belə münasibət daha ağır gəlir. Xatırladaq ki, hazırda Ukrayna Ali Radasının spikeri və prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov, baş nazir Arseni Yasenyuk, xarici işlər naziri isə A. Avakovdur. Onun rəhbərlik etdiyi "Batkivşşina" partiyası hökumətdə baş nazirin müavini və 5 nazir portfelilə təmsil olunur. Güman ki, onların əsas məqsədləri Timoşenkonun siyasi Olimpə yüksəlməsi üçün mümkün inzibati resurslardan istifadədir. Amma görünən odur ki, bu hesablamalar iflasa uğrayır. Hər halda, Yasenyukun aprelin sonunda Radadakı çıxışı zamanı prezidentin səlahiyyətlərinin baş nazirin xeyrinə azaldılması haqda təklifi də bununla bağlı idi. O da mümkündür ki, Yasenyuk bu perspektivi özü üçün nəzərdə tutur və Timoşenko qarşısında öhdəliklərdən imtina etməyin yollarını arayır.
Timoşenkonun bəzi keçmiş yaxınlarının son addımları nümunə sayıla bilər. Məsələn, onun "Batkivşşina" partiyasından olan komandasının 2 fəal üzvü - Nikolay Tomenko və Yuri Lusenko prezident seçkisində Timoşenkoya əsas rəqib olacaq Poroşenkonun tərəfinə keçiblər. Amma sabiq baş nazir məğlub durumda olduğu vəziyyətdən belə, faydalanmağı bacaran siyasətçilərdəndir. Onun prezident seçkisinin nəticələrini kiçik bir şərtlə qəbul etməyə hazır olduğuna dair bəyanatı da bunu bir daha təsdiqləyir: "Mən ölkədə yeni inqilab istəyində olan son şəxsəm. Xalq azad və ədalətli seçki nəticəsində liderini seçəcəksə, bu seçkinin nəticəsini tanıyacaq, müxalifətdə və ya hakimiyyətdə fəaliyyətimi davam etdirəcəyəm". Başqa sözlə, Timoşenko opponentlərinə, hətta tərəfdarlarına onlara sakit, səlis həyat vəd etmədiyini göstərir. Ən acınacaqlısı isə bütün bunların acısını Ukrayna xalqının çəkməsidir. Üstəlik, bu durumun hələ nə qədər davam edəcəyi məlum deyil.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17
2024-11-21 11:20:05
2024-11-21 10:53:23