Nazirdən jurnalistin döyülməsiylə bağlı şok açıqlama
09:47 27-05-2014
İQTİSADİYYAT
Nazirdən jurnalistin döyülməsiylə bağlı şok açıqlama
Ziya Məmmədov "Unikal"a eksklüziv müsahibə verdi: "Bizi istəməyən qüvvələr aranı qarışdırırlar"
Son günlər mətbuatın və ictimaiyyətin diqqət mərkəzində olan Nəqliyyat naziri Ziya Məmmədov "Unikal" qəzetinə eksklüziv müsahibə verib. Nazir qardaşı Elton Məmmədov və onun oğlu Aynar Məmmədov barədə yazılanlara, "Yeni Müsavat" qəzetinin müxbiri Fərahim İlqaroğlunun döyülməsi ilə bağlı maraqlı məqamlara toxunub. Nazirlə söhbəti olduğu kimi tədim edirik.
- Salam, Ziya müəllim.
- Salam.
- Sizi "Unikal" qəzetindən narahat edirik.
- Buyurun. Eşidirəm.
- Ziya müəllim, sizin və qardaşınız oğlu Aynar Məmmədovla bağlı gedən informasiyalar barədə yəqin ki, məlumatlısınız.
- Bəli. Xəbərim var.
- Maraqlıdır, Aynar Məmmədov jurnalisti nə üçün döydürtdüyü Sizə məlumdurmu? Ola bilərmi ki, Aynar Məmmədov barənizdə yazılanlara görə jurnalisti döydürsün?
- Belə bir şey yoxdur. Ümumiyyətlə, nə Ziya Məmmədov, nə də Ziya Məmmədovun ətrafındakı adamlar jurnalist döydürməz. Bunların heç bir əsası yoxdur.
- Axı, "Yeni Müsavat" qəzetinin əməkdaşını döydürən Tural Bayramov Aynar Məmmədovun dostudur?
- Aynarın o məsələlərə heç bir aidiyyatı yoxdur.
- Bəs, Aynar Məmmədov niyə istintaqa çağırılıb?
- Xeyr. O, istintaqa çağırılmayıb.
- Mətbuatda da məlumat verildi ki, DİN-ə çağırılıb və ifadə verib…
- Hər bir kəs istintaqa ifadə verə bilər.
- Onda belə çıxır ki, Tural Bayramov Aynar Məmmədovun sifarişi ilə jurnalisti döydürdürüb ki, buna görə istintaqa çağırılıb?
- Xeyr. Aynar jurnalisti döydürməklə bağlı heç kimə göstəriş verməyib. Amma idmançıya kimlərsə Aynarın adını yazmağı məcbur edib. Görünür, təzyiq altında o da Aynarın adını verib. Mən, bu məsələ gündəmə gələndə Elton Məmmədovla əlaqə saxladım. Onunla söhbət zamanı bildirdi ki, Aynarın bu məsələdə heç bir təqsiri yoxdur. Yayılan foto və video görüntülərin də bir çoxu kollajdır. Yəqin ki, bizi istəməyən qüvvələr aranı qarışdırırlar. Ümumiyyətlə, mən bu məsələlərə qarışmıram. Bir daha deyirəm ki, mən dövlətə və dövlətçiliyə, eyni zamanda, cənab prezidentə xidmət edirəm.
- Əgər dövlətə, dövlətçilyə, və prezidentə sadiqsizsə, Sizə qarşı niyə kampaniya aparırlar?
- Bilmirəm. Amma yenə də deyirəm, bütün bunların mənə aidiyyatı yoxdur. Yazılanlarında əksəriyyəti doğru deyil.
Müsahibədən də göründüyü kimi, Ziya Məmmədov son olayların təsirindən narahatdır. Belə ki, qısa söhbətimiz müddətində bir-birini təkzib edən fikirlər səsləndirən nazirin vəziyyətinin ağır olduğu açıq şəkildə görünür. Elə söhbətin əvvəlində Aynar Məmmədovun DİN-ə çağırılmadığını, istintaqa ifadə vermədiyini desə də, ardıycan "Hər bir kəs istintaqa ifadə verə bilər" söyləyərək, qardaşı oğlunun istintaqa çağırıldığını etiraf edib.
Nazirin müsahibəsindəki ən diqqətçəkən məqamlardan biri isə ona qarşı kampaniyanın aparıldığını etiraf etməsidir. Doğrudur, Elton Məmmədov kimlərinsə onlara qarşı kampaniya apardığını demişdi, amma o, sıravi millət vəkili olduğundan bu açıqlamanın hər hansı bir ciddi yükü olmadı. Ziya Məmmədov isə bu hakimiyyətin əsas nazirlərindən biridir. Komandanın bir üzvünün istintaq zamanı kimlərinsə Tural Bayramova təzyiq etməsi və Aynar Məmmədovun əleyhinə ifadə verməsini deməsi ciddi məsələdir. Ziya Məmmədov bununla açıq aşkar deyir ki, hakimiyyətdəki müəyyən qruplar onu və yaxın ətrafını vurdurur. Belə baxanda, Daxili İşlər Nazirliyində aparılan istintaqa müdaxilə edərək kiminsə əleyhinə ifadə almaq hər adamın imkanı daxilində deyil. Məhz, bu faktı qabardan Ziya Məmmədov ona qarşı yüksək səviyyədə kampaniya aparıldığına işarə verir.
Lakin bütün hallarda Ziya Məmmədov deyilənləri təkzib etməyə çalışsa da, ortada ciddi faktlar var. Jurnalistin döyülməsi ilə bağlı təkzibedilməz faktlar Məmmədovları çıxılmaz vəziyyətə qoyub. Dünənə kimi yüksək tonla danışan Ziya Məmmədovun hər kəlməsinin başında dövlətə, prezidentə xidmət etdiyini dilə gətirməsi ciddi narahatlıq yaşadıqlarını göstərir.
Bir məqamı da qeyd edək ki, Ziya Məmmədov dünənə qədər jurnalistlərə yuxarıdan aşağıya baxırdı və planlaşdırılmayan müsahibə olanda təhqiredici formada davranırdı. İndi isə bir qədər loyallaşıb. Görünür, Ziya Məmmədov gücünü itirməkdə olduğunu anlayır.
İlkin Rzazadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53