Ukraynanın yeni prezidentinin yolu hara olacaq?
Ukraynanın yeni prezidentinin yolu hara olacaq?

İlkin məlumatlara əsasən mayın 25-də Ukraynada keçirilən növbədənkənar prezident seçkilərində Ali Radanın üzvü, məşhur iş adamı, "Roshen" qənnadı korporasiyasının sahibi Pyotr Poroşenko qalib gəlib.

MSK ilkin informasiyalar əsasında səsvermədə 60,27% seçicinin iştirak etdiyini açıqlayıb. Silahlı separatçı və terrorçuların aktiv olduğu və əksər məntəqələrin fəaliyyət göstərə bilmədiyi Donetsk və Luqansk vilayətlərində ən aşağı faiz qeydə alınıb. Ölkənin qərbindəki Lvov, Ternopol və İvano-Franskovsk vilayətlərində ən yüksək seçici fəallığı müşahidə olunub.

Ukraynanın yeni
prezidenti kimdir?

Qeyd edək ki, Poroşenko öz ölkəsində məşhur siyasətçi və uğurlu biznesmendir. 1965-ci ilin sentyabrında doğulub. Şevçenko adına universiteti bitirib. "Forbes" jurnalının (2013, fevral) rəyinə əsasən, öz varidatına görə Ukrayna varlıları arasında 5-ci yer tutur (varidatı - 1,8 milyard dollar).
Prezident seçilməzdən öncə Ukraynanın xalq deputatı, "Ukrprominvest" konserninin təsisçisi və fəxri prezidenti olub.
1998-2005-ci və 2006-2007-ci illərdə Ukrayna Ali Radasının xalq deputatı, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi (fevral-sentyabr 2005-ci il), Ukrayna Milli Bankı Şurasının rəhbəri (2007-2012-ci illər), Ukraynanın xarici işlər naziri (2009-2010-cu illər), Ukraynanın iqtisadi inkişaf və ticarət naziri (mart-noyabr 2012-ci il) vəzifələrində çalışıb.
Poroşenko məşhur "Roshen" qənnadı və "Bogdan" avtomobil korporasiyalarının da sahibidir.
Ukraynanın yeni prezidentinin azərbaycanlı siyasətçilərlə də əlaqəsi və təmasları var. Bir neçə ay öncə, Maydan hərəkatının gərgin dönəmində demokratiya mücadiləsi verən Ukrayna xalqına dəstəyini ifadə vermək üçün Kiyevə gedən Müsavat başqanı İsa Qəmbər meydanda nümayişçilər qarşısında çıxış edərkən Pyotr Poroşenko olə də görüşüb.
Tanıyanlar Poroşenkonu praqmatik və qətiyyətli siyasətçki kimi xarakterizə edirlər.

Poroşenko ilk
açıqlamalarında nə dedi?

Ukraynada keçirilən prezident seçkilərində qalib gələn Pyotr Poroşenko ilk səfərini gərginliyin hökm sürdüyü Donbass regionuna edəcəyini açıqlayıb.
Poroşenko minlərlə Krım sakini və yüz minlərlə Donbass sakinlərinə prezident seçkisində iştirak etdikləri üçün təşəkkür edib: "Biz qəti əminliklə deyə bilərik ki, bütün Ukrayna səs verdi. Bu, bütün Ukraynanın seçimidir".
P. Poroşenko ölkənin şərqində keçirilən antiterror əməliyyatının bundan sonra daha effektiv olacağını söyləyib: "Antiterror əməliyyatı kardinal şəkildə dəyişəcək. Daha effektiv və qısa olacaq. Qüvvələrin təchizatı və maaşları da kardinal şəkildə dəyişikliyə məruz qalacaq".
Poroşenko həmçinin Rusiya prezidenti Vladimir Putinlə iyun ayının birinci yarısında görüşə biləcəyini deyib. O, Putinlə bir-birlərini yaxşı tanıdıqlarını bildirib: "Mən ümid edirəm ki, ilk görüşdə nəticə əldə olunacaq. Biz cənab Putinlə bir-birimizi kifayət qədər yaxşı tanıyırıq. Düşünürəm ki, ilk görüş çox vacib nəticə verəcək".
Poroşenko "Roshen" korporasiyası da daxil olmaqla, öz aktivlərini satacağını da açıqlayıb: "Mən seçkiqabağı kampaniyada dəfələrlə bildirmişəm ki, öz siyasi fəaliyyətim zamanı vacib ənənələr tətbiq etmişəm. İndi biz daha bir ənənənin əsasını qoyuruq: bir insan yüksək vəzifəyə gəlirsə, həm öz ölkəsinə , həm də dünyaya elan edir ki, biznesdən əl çəkir, onu satır və bütün səylərini xalqa xidmət üçün cəmləşdirir. Mən bu cür hərəkət etməyə hazırlaşıram. Artıq mənim aktivlərimin əsas hissəsinin satışı üzrə intensiv hazırlığa başlayacaq müvafiq investisiya məsləhətçisi və bankının tapılması barədə tapşırıq verilib".
Bununla yanaşı, P. Poroşenko sahibi olduğu "5-ci Kanal" televiziyasını satmayacağını deyib.
Yeni prezident hazırkı baş nazir Arseni Yasenyukun öz vəzifəsinə qalacağını da söyləyib: "Beynəlxalq kreditorlarla, Beynəlxalq Valyuta Fondu ilə ölkəyə maliyyət yardımı cəlb etmək məqsədilə aparılan əməkdaşlıq ölkədə vəziyyətə müsbət təsir edib. Mənim Arseni Petroviçin fəaliyyətinə hər hansı iradım yoxdur və onu dəyişmək üçün səbəb də yoxdur".

Obama Ukraynadakı
seçkiləri alqışladı

ABŞ prezidenti Barak Obama Ukraynada keçirilən prezident seçkiləri başa çatan kimi bəyanatla çıxış edib.
Ağ Evin yaydığı bəyanatında B. Obama prezident seçkilərində səs verən Ukrayna xalqını bütün amerikalıları adından təbrik edib: "Təxribat və zorakılıqlara baxmayaraq, milyonlarla ukraynalı bütün ölkə üzrə seçki məntəqələrinə gəlib. Hətta Rusiyanın dəstəklədiyi separatçı qrupların bütöv regionları vətəndaş hüquqlarından məhrum etməyə cəhd göstərdiyi şərqi Ukraynanın bəzi hissələrində bir çox mərd ukraynalı səs verə bilib. Bu seçkilər Ukrayna hökumətinin öz vətəndaşlarını cəlb etməklə ölkəni birləşdirmək səylərində daha bir vacib addım oldu. Birləşmiş Ştatlar vacib siyasi və iqtisadi islahatların keçirilməsində Ukraynaya dəstək olmaq üçün yeni prezidentlə, eləcə də demokratik yolla seçilmiş parlamentlə birgə işi səbirsizliklə gözləyir. Biz Ukraynanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləməyə davam edərək Rusiyanın Krımın ilhaqı istiqamətində siyasətini rədd edirik və problemin dinc yolla həllini tapmaq üçün həm Ukrayna, həm də digər tərəfdaşlarımızla birgə çalışmağı özümüzə borc bilirik".

Avropadan da
Ukraynadakı seçkilərlə bağlı müsbət rəy gəldi

Ukraynada prezident seçkilərinin nəticələri tam məlum olmamış iş adamı Pyotr Poroşenkoya Avropadan təbriklər daxil olmağa başlayıb. Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland Ukrayna xalqını öz prezidentini seçməsi, P. Poroşenkonu isə ilk turda seçilməsi münasibətilə təbrik edib.
T. Yaqland bildirib ki, vətəndaşların verdiyi bu dəqiq mandat Ukraynada siyasi böhranın həllində önəmli mərhələdir: "Mən inanıram ki, yeni prezident ölkədə sülh və demokratiyanın bərqərar olması üçün qətiyyətlə hərəkət edəcək. O, Ukraynada islahatlara, xüsusən Konstitusiya islahatına dəstək məsələsində Avropa Şurasına arxalana bilər. Demokratiya, insan haqları və qanunun aliliyi Ukrayna xalqının və dövlətinin çiçəklənməsini təmin edəcək yeganə vasitədir".
Polşa prezidenti Bronislav Komorovski isə telefonla P. Porolşenkonu təbrik edib. O, ümid etdiyini bildirib ki, seçkidən sonra Ukraynada vəziyyət sabitləşəcək. B. Komorovski P. Poroşenkonu Polşada ilk demokratik seçkilərin keçirilməsinin 25-ci ildönümü ilə əlaqədar iyunun 3-4-də keçiriləcək tədbirlərə dəvət edib. Bu tədbirlərə ABŞ prezidenti Obama da qatılacaq.
İsveçin xarici işlər naziri Karl Bildt də P. Poroşenkonu təbik edib. O, "Twitter" səhifəsində qeyd edib ki, seçkidə qazanılan nəticə Ukrayna və Avropa üçün yaxşı nəticədir.

Rusiya Poroşenkonun qələbəsini
necə qarşıladı?

Rusiya hökuməti Ukraynada keçirilən növbədənkənar prezident seçkilərinin nəticələrinə münasibət bildirib. Xarici işlər naziri Sergey Lavrov "Rossiya" telekanalına müsahibəsində Rusiyanın Ukrayna xalqının öz iradəsini ifadə etməsinə hörmətlə yanaşacağını bəyan edib.
Lavrovun fikrincə, əsas odur ki, indiki hakimiyyət öz vətəndaşlarına və xalqına hörmətlə yanaşaraq bütün siyasi qüvvələrin, etnik və dini qrupların maraqlarını təmin edən kompromis razılaşmaların əldə olunmasını təmin etsin. O, seçkidən sonra ölkənin cənub-şərqində antiterror əməliyyatlarının bərpasının çox ciddi səhv olacağını da vurğulayıb. Nazir ümid etdiklərini bildirib ki, seçkidə qalib gələn Pyotr Poroşenko Kiyevdə cənub-şərqə münasibətdə radikal və ekstremist əhval-ruhiyyənin üstün gəlməsinə imkan verməyəcək.
Lavrov həmçinin deyib ki, Moskva Ukraynanın yeni prezidenti ilə birbaşa dialoqa hazırdır. O, Qərbin hər hansı vasitəçiliyi olmadan Ukraynanın yeni prezidenti ilə birbaşa dialoqa hazır olduqlarını açıqlayıb: "Biz Kiyev nümayəndələri ilə, Poroşenko ilə dialoqa hazırıq".
Danışıqlarda ABŞ və Avropa Birliyinin mümkün roluna toxunan nazir əlavə edib ki, hər hansı vasitəçiyə ehtiyac yoxdur. S. Lavrov qeyd edib ki, Rusiya P. Poroşenkonun Moskva ilə əlaqələrin normallaşdırılmasının vacibliyi və Ukraynanın şərq regionu ilə dialoqun yaradılması barədə bəyanatlarını diqqətə alıb.

Yanukoviç də
Ukraynadakı seçkilərin nəticələrini tanıdı

Ukraynanın devrilən, sabiq prezidenti Viktor Yanukoviçbəyan edib ki, ölkədə keçirilən prezident seçkilərinə hörmətlə yanaşacaq. "Ukraynada növbədənkənar prezident seçkiləri keçirilib. Seçici fəallığından asılı olmayaraq ölkə əhalisi seçim etdi və mən vətənimizin bu çətin günlərdə edilən bu seçimə hörmətlə yanaşıram", -deyə Yanukoviç vurğulayıb.
Yanukoviç eyni zamanda bildirib ki, seçkilərin və yeni prezidentinin leqtimliyi üçün ölkənin şərq regionlarının da iradəsi nəzərə alınmalıdır.

Poroşenko kimə
işləyəcək: Qərbə,
yoxsa Putinə?

Ukraynada yeni prezidentin seçilməsitndən sonra əksəriyyət Ukrayna hadisələrinin fonunda Poroşenkonun hansı mövqedən çıxış edəcəyi barədə düşünür: Qərb, yoxsa Rusiya? Ukraynada baş verən hadisələrin fonunda Poroşenko kimə xidmət edəcək?
Politoloq Qabil Hüseynli Poroşenkonun qələbəsinin gözlənilən olduğunu bildirib. Onun sözlərinə görə Ukrayna xalqının seçimi doğru və ədalətli oldu: "Onun qalibiyyəti gözlənilən nəticə idi. Seçkiyə qədər aparılan bütün rəy sorğuları, exit-pollun nəticələri də göstərirdi ki, birinci turda o,qalib gələcək. Bu qalibiyyət də Ukrayna üçün xeyirli oldu.
Bu saat Ukrayna zaman etibarilə darmacallıq şəraitindədir və yeni prezident mütləq boşluqları doldurmalı və hakimiyyət strukturlarını sürətlə formalaşdırmalıdır. Bu nöqteyi-nəzərdən prezident seçkilərinin birinci turdan başa çatması mühüm əhəmiyyətə malikdir. Yəni prezident teziklə and içib, öz səlahiyyətlərini icra etməyə başlayacaq və bunun ardınca hökumətin formalaşmasına başlanılacaq. Prezident hakimiyyəti və hökumətin fomalaşdırılması Ukraynada hakimiyyət boşluğunu aradan qaldıracaq və nəticə etibarilə xarici təxribatçı dəstələrlə daha effektli mübarizə aparmaq üçün şərait yaradılacaq".
Siyasi şərhçi deyib ki, Poroşenko hakimiyyətdə təcrübəsi olan adamdır: "O, keçmiş prezidentlərdən Luşşenko ilə birlikdə işləyb, Yanukoviçin dövründə nazir postunu tutub. Adətən onu milyoner kimi təqdim edirlər, amma Poroşenko böyük bir təcrübəsi olan və demokratik təfəkkürlü bir adamdır. Onun necə bir siyasət həyata keçirəcəyinə gəlincə, o, radikal siyasət həyata keçirməyəcək. Yəni dərhal Qərbə inteqrasiya xəttini keçirməyəcək. O, çalışacaq ki, balanlaşmış siyasət vasitəsilə Ukraynanın problemlərini həll etsin. Yəni Rusiyanı qıcıqlandırmadan, münasibətləri radikal səviyyədə aparmadan çalışsın ki, Rusiyanın ölkəyə təzyiqlərini zəiflətsin, Qərbə inteqrasiya xarici siyasətin aparıcı qolu olacaq. Amma NATO-ya, Avropa Birliyinə dərhal inteqrasiya xətti hələki tezliklə görünməyəcək. Ölkə sadiqləşməli, iqtisadiyyatın vəziyyəti düzəldilməli, ciddi reformalar aparılmalı, ölkədə rüşvət və korrupsiyanın qarşısı alınmalı, əhalinin maddi rifah səviyyəsinə təsir edən addımlar atılmaldır ki, Ukrayna bir növ nəfəsini dəlsin və əsas diqqətini ərazi bütövlüyünün bərpasına yönəltsin".
Q.Hüseynlinin fikrincə, Ukraynada hakimiyyət oturuşduqdan sonra Poroşenko xaric siyasət xəttində dönüş edəcək. O, hesab edir ki, Poroşenko Rusiyameyilli siyasəy yürütməyəcək: "Rusiyaya meyillik siyasətindən söz gedə bilməz. Amma Rusiya ilə yaxın qonşuluq münasibətindən söhbət açmaq olar. Çünki Rusiya ilə qarşıdurma şəraitində Ukraynada sabitliyi bərpa etmək Ukraynanın şərq vilayətlərində vəziyyəti normallaşdırmaq mümkün olmayacaq . Ukrayna Rusiyanı qıcıqlandırmamaq üçün NATO və Avropa Birliyi ilə münasibətləri ehtiyatlı, balanslı şəkildə həyata keçirəcək və Qərbə meyillik azalmıyacaq və bu meyil azalmamalıdır. Xalq buna imkan verməz. Çünki xalqın böyük əksəriyyəti Qərbə meylin tərəfadarıdır. Bu siyasət tədricən həyata keçirilməlidir, radikal həyata keçirilsə Ukrayna bundan əziyyət çəkəcək".
Kənan Rzaquliyev