"Vaxtı ilə Aygün Kazımova, Faiq Ağayev, Brilliant Dadaşova..."
10:45 27-05-2014
ŞOU
"Vaxtı ilə Aygün Kazımova, Faiq Ağayev, Brilliant Dadaşova..."
Murad Arif: "Kim istəsə, qohum-əqrəbasından özünə sponsor tapır, pulunu verib efirə çıxır"
Şoumen, televiziya və radio aparıcısı, bəstəkar Murad Arifin müsahibəsini təqdim edirik.
Murad Arif hər zaman kreativ fikirləri və pozitiv enerjisi ilə ətrafında olan insanlara, həmçinin ekran önündə olan tamaşaçılara daim xoş anlar bəxş edir. Azərbaycan estradasında kifayət qədər hit mahnılar müəllifi kimi özünü təsdiq edən müsahibimiz indi yeni layihə üzərində işlədiyini, bu dəfə isə özünü mahnı ifaçısı kimi sınayacağını deyir.
Səlis dildə danışıram
- Uzun müddətdir ki, efirdəsiniz, gənclər arasında məşhursunuz. Onlar sizi sevirlər, verilişlərinizi dinləyirlər. Bu illər ərzində gənclərə nəsə qazandırmısınızmı?
- Fikirləşirəm ki, aparıcılar "tamaşaçılara nəyisə qazandırmalıyam" missiyası ilə yaşamamalıdır. Mən sevdiyim işlə məşğulam. Mahnı yazıram, musiqi bəstələyirəm, veriliş aparıram. Bunların hər birində tamaşaçılara müsbət emosiya bəxş edirəm. Bizim işimiz bundan ibarətdir. Əslində bu çox çətin və məsuliyyətli bir işdir. Bu gün insanların həyatında neqativlik, gündəlik məişət qayğıları həddindən artıq çoxdur. Ona görə biz tamaşaçılara müsbət emosiya ötürürük ki, onlara xoş aura bəxş edək. Xoş auranın özü də bir qazancdır. Bu gün efirdə teleaparıcı olmaq asandır. Çünki kanallarımızın sayı çoxdur və kanal rəhbərləri də efirə çıxan insanlar arasında seçim aparmırlar. Hazırda efirlərə çıxan təsadüfi aparıcılar var ki, onların danışıq problemləri olduğu göz önündədir. Onlara baxanda deyə bilərəm ki, mən tamaşaçılara səlis Azərbaycan dilində danışığımı qazandırıram.
- Ekran qarşısında əyləşən insanlara daima pozitiv enerji ötürürsünüz. İnsan olaraq bu sizi yormur ki?
- Əksinə. Bu məni heç vaxt yormayıb. Mənim verilişlərində daha çox maarifləndirici xarakter daşıyır. Çünki orada musiqidən, musiqinin çalarlarından bəhs olunur. Həmin verilişdə sənət adamlarının işlərindən, nailiyyətlərindən söhbət gedir. Verilişimə baxan tamaşaçı musiqinin hər bir janrı ilə məlumatlı olur. Biz tamaşaçılara hər bir qaranlıq məqamı açıb göstəririk. Biz onlara musiqinin mənşəyini öyrədirik. Bu qətiyyən mənim üçün yorucu proses deyil, çünki işimi sevirəm. Pul gətirən hobbidən insan heç zaman yorulmaz.
- Qeyd etdiniz ki, efirlərdə təsadüfi aparıcılar yer alıb. Bəs həmin aparıcılar efirə çıxmamışdan öncə onların dil qüsurları, bilik səviyyəsi yoxlanılırmı?
- Bu gün aparıcı olmaq su içmək kimi asan bir peşəyə çevrilib. Televiziyada olan insan ağıllı bir veriliş fikirləşir, qohum-əqrəbasından özünə sponsor tapır, onun dəstəyi ilə kanala gəlir və pulunu verib efirə çıxır. Verilişi açandan sonra müğənniləri dalaşdırmağa başlayır. Açdığı verilişdə dəvət etdiyi qonaqlara hər hansı ifaçının onun haqqında dediklərini söyləyib, ondan açıqlama tələb edir. Filankəs sənə onu dedi, sən nə cavab verəcəksən? Kimi suallar verirlər. Efirlərdə bu kimi bəsit söhbətləri müzakirəyə çıxarırlar. Deyirlər ki, mənim verilişimdə filankəs bəhmənkəsi yıxdı, sürüdü. Adlarını da qoyurlar ki, biz reytinq qırırıq. Təəssüf edirəm ki, bu gün televiziya məkanında belə hallar tez-tez yaşanır və bu şəkildə aparıcı olmaq çox asandır.
Ürəyinin tələbi
- İxtisasca beynəlxalq iqtisadçı olan Murad Arifi efir və televiziya aparıcısı olaraq tanıdıq, bəstəkar və söz yazarı olaraq mahnılarının hit olduğunu gördük. Bilmədiyiniz başqa bir istedadınız varmı?
- Mənim efir və radio aparıcılığım, bəstəkarlığım bir arzumun həyata keçməsi üçün atılmış addımlar idi. Hər zaman oxumaq arzusunda olmuşam. Belə ki, yazdığım mahnıları özüm ifa etmək istəyirəm. Hazırda bu layihə üzrə çalışıram. Aparıcı olmaq da, mahnı yazmaq da mənim istəyim olub. İndiyə kimi ürəyim istəyən işlərlə məşğul olmuşam. Mənim üçün lazım idi ki, media sahəsində çalışım və tamaşaçıların zövqünü, istəyin edə bilim. Uzun müddət bu sahədə çalışdım və beləliklə təcrübəli radio teleaparıcısına çevrildim. Bir müddət keçəndən sonra əsil istəyimin musiqi bağlılığını, mahnı yazarlığının olduğunu gördüm. Sonra gördüm ki, ehtiyac var ki, yazdığım mahnıları özüm oxuyum. İfaçılıq etməyi isə yazdığım mahnılar, ürəyim məndən tələb edir.
- Sizin bu addımınız müğənnilərin qısqanclığına səbəb olacağını düşünürsünüzmü?
- İnanmıram ki, müğənnilər buna qarşı çıxsınlar. Mən ifaçılıq sənətinə gəlməyimlə kiməsə rəqib olmuram. Öz ideyalarımı həyata keçirmək istəyirəm. Azərbaycan səhnəsi onsuz da maraqsızdır. Bəlkə bizim sayəmizdə bir az maraqlı nəsə oldu. Müğənnilərlə yaxşı münasibətim var. Mənim Azərbaycan şou-biznesində düşmənim yoxdur. Belə biri olsa da özü deyib, özü eşidəcək. Bunu mən bilərəm, tamaşaçı bilər.
İnsanlara "qıcıq"
lazımdır
- Bu gün gənclərin şou-biznesə, qalmaqallara marağı daha da artıb. Sizcə bu yaxşı haldır, yoxsa pis?
- Bu real vəziyyətdir. Zamanında Aygün Kazımova, Faiq Ağayev, Brilliant Dadaşova vaxtı ilə Azərbaycan Dövlət Televiziyasının bayram şənliyində bir mahnı oxuyurdular. Səhəri gün bu mahnı hər kəsin dilində əzbər söylənilirdi. Təəssüf ki, bu gün vəziyyət belə deyil. Bu gün informasiya bolluğudur. Hazırda insanları mahnılar çox az maraqlandırır. Ona görə də müğənnilərin gündəmdə qalması üçün haqlarında müxtəlif fikirləri, qalmaqalların, şayiələrin olması vacibdir. Belə hallar təkcə Azərbaycana xas olan xüsusiyyət deyil, bütün dünyada bu kimi tendensiya gedir. Müğənni hansısa bir albomu çıxarırsa ondan qabaq geyimi və xırda nüanslarla "şok olacaq" deyərək nəğmələrini satırlar. Bu müasir şou-biznesin tələbidir.
Gənclərin məsələyə bu şəkildə yanaşmağı da bir şeyi dəyişməyəcək. Bu gün gəncləri mahnılar yox, həmin mahnıları oxuyan insanların gözəl həyatı maraqlandırır. Əvvəllər gözümüzü iki dənə telekanala tikmişdik. Bu gün isə yüzlərlə saytlar var. Sosial şəbəkələrdə milyonlarca paylaşımlarla rastlaşırıq, hər yerdən xəbər eşidirik. Bu informasiya bolluğunda yadda qalmaq üçün "qıcıq" lazımdır. İnsanları qıcıqlandırmalısan ki, səni az da olsa görə bilsinlər. Hələ demirəm ki, səni yadda saxlasınlar və sevsinlər. İnformasiya vasitələri artdıqca belə xəbərlərin sayı da artır. Xəbərlər artdıqca insanları daha çox qıcıqlandıran şeylər diqqətimizi çəkir. Sənin haqqında danışmaqları, səni tanımaları üçün, hətta, hörmət etmələri üçün ilk növbədə onlar üçün bir şəxsiyyət olmalısan. Heç kimin tanımadığı aparıcı və müğənni çıxıb efirdə bir mahnı oxumaqla məşhur ola bilməz. Bu gün belə vəziyyət heç də real deyil.
- "Eurovision" müsabiqəsində Avstriya ifaçısı Konçita Vursutun seçilməsində sizin münasibətiniz tamamilə fərqli oldu. Bu bizim də marağımızı çəkdi.
- "Eurovision" müsabiqəsini özəl səbəblərə görə diqqətlə izləyə bilmədim. Çünki həmin gün mənim oğlumun ad günü idi. Oğlumun ad gününü qoyub həmin müsabiqəyə baxa bilməzdim. Ancaq mənim sahəm olduğu üçün iştirakçıların ifasından xəbərdar idim. Onu da qeyd edim ki, mən "Eurovision" müsabiqəsinin Azərbaycan seçimləri üzrə jüri üzvüyəm. Seçdiyimiz Dilarə Kazımova çox güclü bir ifaçı idi. Təəssüf ki, o çox zəif bir mahnı ilə təmsil olundu. Mahnını biz seçmirik və o seçimə görə də biz məsuliyyət daşımırıq. O, güclü mahnı ilə yaxşı yerlərdən birini tuta bilərdi. Konçitaya gəlincə isə, mən hər zaman söyləmişəm və proqnozum da belə idi ki, bu il Avstriya qalib gələcək. Doğrudan da ən güclü mahnı və ajiotaj yaradan ifaçı Konçita idi. Bu iki meyar həmişə "Eurovision" müsabiqəsinə öz müsbət nəticəsini göstərib. Onun saqqalı məni qətiyyən narahat etmir. Bu, onun şəxsi işidir, özü bilər. Hər kəs öz zövqünə və yaşayışına cavabdehdir. Ümumiyyətlə, insanların geyiminə, görüşünə görə fərq qoymağı xoşlamıram.
Digər Xəbərlər
2024-12-25 11:01:00
2024-12-25 00:10:59
2024-12-24 21:20:55
2024-12-24 20:31:08
2024-12-24 19:39:46
2024-12-24 15:39:20
2024-12-24 14:50:27
2024-12-24 12:31:51
2024-12-24 00:09:55
2024-12-23 23:34:42
2024-12-23 20:08:25
2024-12-23 19:06:15
2024-12-23 18:45:44
2024-12-23 18:17:30
2024-12-23 15:54:27
2024-12-23 12:05:00
2024-12-22 17:41:07
2024-12-22 16:39:35
2024-12-22 10:10:52
2024-12-22 09:20:38