Azərbaycanlı milyarderlər kazino üçün Krıma axışmağa başlayır
10:46 28-05-2014
İQTİSADİYYAT
Azərbaycanlı milyarderlər kazino üçün Krıma axışmağa başlayır
Buranın qumar zonasına çevrilməsi qumar həvəskarı olan imkanlılara xeyli cəzbedici görünür
Ötən ay dünya mətbuatı yazdı ki, prezident Vladimir Putin Rusiya Dumasına baxılmaq üçün Krım yarımadasında qumar oyunu zonasının yaradılmasına dair qanun layihəsini təqdim edib. Qumar oyunlarının dövlət tərəfindən tənzim olunması barədə qanuna düzəlişlər Krımın sayəsində qumar oyunu zonasına malik olan regionların Rusiyada sayının artırılmasını nəzərdə tutur.
Rusiyada qumar biznesi indiyədək yalnız dörd seçilmiş zonada fəaliyyət göstərir, ölkənin qalan hissəsində bu biznes beş il bundan əvvəl qadağan olunub. Qanuna uyğun olaraq qumarxana zonalarının fəaliyyət göstərməsinə yalnız Altay, Krasnodar, Primorsk və Kalininqrad vilayətlərində icazə verilib. Təklif olunmuş qanun layihəsinə görə isə yarımadada oyun zonasının sərhədini Krım höküməti özü müəyyən etməlidir. Krım Respublikası başçısı səlahiyyətlərini icra edən Sergey Aksyonov hesab edir ki, qumar oyunu zonası yarımadanın yalnız bir hissəsində fəaliyyət göstərməlidir. Rusiya hökümətində bu regionu kurasiya edən baş nazirin müavini Dmitri Kozak hesab edir ki, qumar oyunu biznesi Krımda yalnız ayrıca oyun zonası kimi gerçəkləşə bilər. "Bütün Krım yarımadasını oyun zonasına çevirmək niyyətimiz birmənalı şəkildə yoxdur", Kozak vurğulayıb. Onun sözlərinə görə, qumarxana zonası üçün yaşayış üçün yararsız olan bir ərazi seçiləcək.
Rusiya Dövlət Dumasının iqtisadi siyasət üzrə komitə müavini Mixail Yemelyanov hesab edir ki, Krımda oyun zonasının yaradılması regionun inkişafı üçün əlavə stimullar yaratmış olacaq. "Bu çox düzgün qərardır. Krım yarımadası şəraitində belə zonanın yaradılması gerçək iqtisadi fayda verə bilər. Krıma dincəlmək, istirahət üçün gələnlərin qumar oynamaq imkanı da olacaq", cənab Yemelyanov RİA Novosti agentliyinə bildirib.
Qanun təsdiqlənəcəyi halda Krım Rusiya ərazisində 5-ci qumar oyunu zonasına çevriləcək. İndi Rusiyada real fəaliyyət göstərən yalnız bir qumar oyun zonası var - üç kazinonun işlədiyi Krasnodardakı "Azov-City" adlı zona.
Ekspertlər hesab edir ki, Krımın qumar zonasına çevrilməsi reallaşacağı təqdirdə imkanlı şəxslər, kazino həvəskarı olan milyonçu və milyarderlər üçün Krımın cəzbediciliyi artacaq. Onlar Krıma həm bu oyunda iştirak etmək, həm də kazinolar açmaq üçün böyük maraq göstərəcəklər.
Qeyd edək ki, Azərbaycanda bir çox məmurların və onların övladlarının, imkanlı iş adamlarının kazino sevdası barədə çox yazılır. Qumarxanalar ölkədə ləğv edilsə də, hazırda paytaxtın bir neçə yerində kazinoların qeyri-qanuni fəaliyyət göstərdiyi çoxuna bəlli həqiqətdir. Bir çox məmurların və onların övladlarının belə qanunsuz, gizli kazinolara meylliliyi də məlum məsələdir. Hətta bəzən onların uduzduqları pullar mətbuata da sızır.
İki həftə əvvəl bu mövzuda danışarkən ADP sədri Sərdar Cəlaloğlu maraqlı fikirlər işlətmişdi. O, müyəyyən məmurların, onların yaxınlarının rüşvət və korrupsiya yolu ilə varlanması barədə danışarkən demişdi: "Təbii ki, cinayət yoluyla qazanılmış pul da yalnız cinayətə xərclənə bilər. Bunun başqa yolu yoxdur. Məmur balaları neynəməlidir? Görürlər ki, heç bir əziyyət çəkmədən evlərinə külli miqdarda pul gəlir. Bunu da zəruri ehtiyaclarına xərcləyirlər. Özləri mənəvi cəhətdən həmin pulları qazanmağa hazır olmadıqlarından belə məqsədlər üçün xərcləyirlər. Camaat pul qazanır, faydalı işlərə xərcləyir. Bizimkilər isə oğurluq edib ya qumar oynayır, ya həmin pulu mənasız əyləncələrə sərf edirlər. Çünki həmin pul halal pul deyil ki, bunların ailəsinə, özlərinə ya da cəmiyyətə hansısa fayda versin".
İndi istisna deyil ki, belələri üçün Krım göydəndüşmə fürsət olsun. Məsələ burasındadır ki, kazino həvəskarı olan bəzi imkanlı azərbaycanlılar bunun üçün xaricə üz tutmaq məcburiyyətində qalırlar. Çünki ölkənin özündə onunla gizli də olsa məşğul olmaq təhlükəlidir.
Belələrinin üz tutduğu xarici ölkələr uzaq olduğundan əziyyəti də çoxdur. Odur ki, ölkəmizdən bir o qədər də uzaq olmayan Krıma getmək vaxt və maddi baxımdan daha sərfəli görünür ki, bu da imkanlı azərbaycanlıların məhz həmin qumar zonasına üstünlük verməsini şərtləndirə bilər.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53