Ukraynada seçkidən sonra müharibə yenidən alovlandı
Ukraynada seçkidən sonra müharibə yenidən alovlandı

Donetskdəki döyüşlərdə ən azı 200 hərbçinin öldürüldüyü rəsmən açıqlandı

Ukraynada prezident seçkilərinin ardınca alovlanan hərbi əməliyyatlar yerli vaxtla saat 04:00-dək dayandırılıb. UNN agentliyinin verdiyi xəbərə görə, bu barədə Donetsk şəhəri Voroşilov rayon Şurasının sədri İvan Prixodko özünün Facebook səhifəsində yazıb.

"Antiterror əməliyyatı qərargahından alınan məlumata görə, hərbi əməliyyatlar saat 04:00-dək dayandırılıb. Əməliyyat zamanı hava limanına ciddi ziyan dəyməyib. Evdə qalın, uşaqları məktəbə göndərmək tövsiyə olunmur", - İ.Prixodko qeyd edib.
UNİAN agentliyinin məlumatına görə isə, antiterror əməliyyatı qərargahının rəsmisi Aleksey Dmitraşkovski döyüşlərin dayandırılmasını təsdiqləyib, separatçıların ciddi itkilərə məruz qaldığını bildirib.
Bu arada məlumat yayılıb ki, mayın 27-nə keçən gecə Rusiya ərazisindən içərisində silahlı insanların olduğu yük avtomobilləri, minik avtomobilləri və mikroavtobuslardan ibarət karvan Ukraynanın dövlət sərhədini pozaraq bu ölkə ərazisinə daxil olub. Bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Dövlət Sərhəd Xidmətindən bildiriblər ki, gecə saat 03.40-da karvan dövlət sərhədini keçib. Ukrayna sərhədçiləri onları atəşlə qarşılayıb və döyüş başlayıb. Buna baxmayaraq, pozucuların bir hissəsi Luqansk vilayətinin Antrasit rayonu istiqamətində Ukraynanın içərilərinə daxil ola biliblər.
Sərhədçilər 1 mikroavtobus və 2 minik avtomobilini ələ keçiriblər. Avtomobillər "Kalaşnikov" avtomatları, RPQ (tank əleyhinə qumbara) və partlayıcı maddələrlə dolu olub.
Bu olaydan əvvəl Ukrayna Dövlət Sərhəd Xidməti Donetsk vilayətindəki "Dmitrovka" sərhəd zastavasının əks tərəfində (Rusiya ərazisində) silahlı adamlarla dolu 40 "Kamaz" avtomobilinin cəmləşdiyi haqda məlumat yayıb.
Qeyd edək ki, Ukraynanın şərqində fəaliyyət göstərən silahlı separatçı qrupların tərkibində xeyli sayda Rusiya vətəndaşının olduğu bildirilir. Hətta onların arasında Ramzan Kadırovun göndərdiyi çeçenlərin də olduğu barədə məlumatlar var.

Donetskdə raketin yük maşınına düşməsi
nəticəsində 35 nəfər öldü

Dünən həmçinin məlum olub ki, Donetskdə raketin separatçıların yük maşınına düşməsi nəticəsində 35 nəfər ölüb, 15 nəfər yaralanıb. "gazeta.ru" saytının verdiyi xəbərə görə, bunu Donbasın qondarma "xalq qubernatoru" Pavel Qubarev bəyan edib.
"Donetskdə tibbi yardım bayrağı altında hava limanından "Vostok" batalyonunun yaralılarını daşıyan yük maşını vurulub. İlkin məlumatlara görə, 35 nəfər ölüb, 15 nəfər yaralanıb", - deyə Qubarev bildirib.

Rəsmi açıqlama:
Donetskdə keçirilən
antiterror
əməliyyatında azı 200 separatçı öldürülüb

Dünən həmçinin Ukrayna Antiterror Mərkəzi mayın 26-da Donetsk şəhərində keçirilmiş əməliyyatın nəticələri ilə bağlı açıqlama yayıb.
Ukrayna saytlarının verdiyi xəbərə görə, antiterror qərargahının mətbuat zabiti Aleksey Dmitraşkovski Donetskdə azı 200 terrorçunun öldürüldüyünü bildirib.
A. Dmitraşkovski deyib ki, "Donetsk Xalq Respubikası" adlanan qurumun silahlıları təslim olmasalar, əməliyyat bütün terrorçuların məhvinə qədər davam edəcək: "Onların itkiləri barədə hələlik dəqiq məlumat yoxdur, lakin ölənlərin sayı 200-dən az deyil. İstintaq qrupu işi davam etdirir və dəqiq məlumatlar bu gün axşam bəlli olacaq".
Xatırladaq ki, Ukrayna ordusu mayın 26-da hərbi aviasiyanın iştirakı ilə Donetsk hava limanı və ətrafında antiterror əməliyyatı keçirib.

Niyə Poroşenko?

Bu arada azvision.az saytında Tofiq Əsgərov imzası ilə Ukraynada mayın 25-də keçirilmiş və Pyotr Poroşenkonun qələbəsi ilə yekunlaşmış prezident seçkisinin nəticələri ilə bağlı analitik yazı dərc edilib. Maraqlı olacağını nəzərə alı bonu sizəç təqdim edirik:
"Gözlənildiyi kimi, Ukraynada keçirilən prezident seçkilərində Pyotr Poroşenko qələbə qazandı. Poroşenkonun qələbəsini təmin edən əsas faktor rəqibi, keçmiş baş nazir Yuliya Timoşenkodan fərqli olaraq, siyasi keçmişinin ləkəsiz olması idi. Digər mühüm amil isə, namizədin ölkədə daxilində birləşdirici fiqur rolunu uğurla oynaması oldu.
Poroşenkonun bu titulu əldə etməsinin daha bir səbəbi, siyasi baxışlarından asılı olmayaraq hər bir ukraynalı üçün milli qürur obyekti olan Vitaliy Kliçkonun onu dəstəkləməsi oldu. Əslində Poroşenkonun qələbəsi və ümumiyyətlə seçkinin nəticələri onu sübut etdi ki, Ukrayna cəmiyyətində Rusiya təbliğatında qələmə verildiyi kimi, daxili parçalanma mövcud deyil. Səsvermənin nəticələrinə əsasən Dmitri Yaroş və Oleq Tyaqnibok kimi millətçilər müvafiq olaraq 0,7 və 1,4 faiz, Sergey Tiqipko və Mixail Dobkin kimi ruspərəstlər isə hər birinə 5 və 3.3 faiz səs topladılar. Göründüyü kimi, Ukrayna cəmiyyəti daxili qarşıdurmanın tərəfdarı deyillər və ölkənin vahid mərkəzdə birləşməsini istəyirlər. Lakin təəssüflə qeyd olunmalıdır ki, maraqlı qüvvələr ruspərəst və millətçi siyasi elektoratdan öz maraqları üçün istifadə etməyə nail oldular.
Poroşenko artıq ilk bəyanatlarını səsləndirib. Yeni prezident hələ ki, baş nazir Arseni Yasenyuku vəzifəsindən kənarlaşdırmaq fikrində olmadığını söyləyib və onun işini yüksək qiymətləndirib. Bununla belə, bəzi nazirlərin dəyişəcəyini istisna etməyib. Qeyd edək ki, Yasenyuk keçmiş baş nazir Yuliya Timoşenkonun partiyasının üzvüdür və Poroşenkonun onu bu posta saxlaması əsasən Timoşenkonun hökümətə rəhbərlik etmək iddialarının qarşısını almaq məqsədi daşıyır.
Poroşenko seçkidə qələbə qazansa da, bürokratik aparatda və siyasi elitada tərəfdarları olmayan siyasətçidir. Bu baxımdan Poroşenkonun ayrı-ayrı siyasi partiyalardan, əsasən isə Timoşenkonun Batkivşina partiyasında gücli siyasi fiqurları öz qanadı altına almaq istəyi tamamilə başadüşüləndir. Bununla prezident, əsas rəqibi hesab olunan Timoşenkonun dövlət idarəetməsinə təsir gecünü azaldacaq.
Rusiyaya gəldikdə isə, Poroşenko Moskva ilə danışıqlara hazır olduğunu bildirib və yaxın vaxtlarda prezident Putinlə görüşmək niyyətində olduğunu dilə gətirib.
Yeri gəlmişkən, qeyd edək ki, Regionlar Partiyasından namizədliyini irəli sürmüş Rusiyanın namizədi hesab olunan Mixail Dobkin seçkinin nəticələrini tanıyıb. Dobkin bildirib ki, o Ukraynanın bütövlüyün tərəfdarıdır və buna görə seçkinin nəticələrəni tanıyır. Dobkinin bu bəyanatı artıq Rusiyanın da seçki ilə bağlı müsbət bəyanat verəcəyinə signal idi. Siqnal özünü çox gözlətmədi və Rusiya xarici işlər naziri Sergey Lavrov ölkəsinin seçkinin nəticələrini tanımağa hazır olduğunu bildirdi.
Lavrovun sözlərinə Moskva Poroşenkonun dialoq barədə təklifini yüksək qiymətləndirir, lakin danışıqlarda vasitəçi qismində AB və ABŞ-ın iştirakına etiraz edir. Rusiyanın baş diplomatı Kiyevi şərqi əyalətlərlə danışıqlar aparmağa və problemi həll etməyə çağırıb.
Beləliklə, Ukraynanın yeni prezidenti Poroşenkonun ilkin mərhələdə qarşısında ölkə daxilindəki qarşıdurmaları aradan qaldırmaq və iqtisadiyyatı bərpa etmək kimi məsələlər dayanır. Gərginliyin aradan qaldırılması ilk növbədə Rusiya ilə danışıqlardan keçir. Moskva ənənəvi gediş həyata keçirməklə Ukraynanı özündən asılı saxlamaq üçün özünə Donbas və Luqansk kartlarını təmin etdi. Ehtimal etmək olar ki, Poroşenko-Putin danışıqlarında Ukraynanın yeni rəhbəri rusyalı həmkarından Luqansk və Donbas ilə yanaşı Krımdan da geri çəkilməsini əvəzində iqtisadi münasibətlərin əvvəlki qaydada qurulmasını təklif edəcək. Moskvanın Krımdan imtina edəcəyini gözləmək olmaz buna görə Putin öz həmkarına Krım müqabilində sabitlik və ucuz qaz qiymətləri təklif edəcək.
Qeyd edək ki, Poroşenko heç bir halda Krımdan imtina etməyəcəyini artıq indidən bəyan edib və bununla Rusiyaya Krımın alver obyekti olmadığına işarə verib. Rusiyanın asanlıqla Krımdan əl çəkməyəcəyini nəzərə alarsaq yeni Kiyev hökumətinin Krımla bağlı alternativ planlara əl atmasını gözləmək olar. Məsələn, Krımda tatarların mübarizəsinə dəstək verilə və Rusiya partizan müharibəsi ilə üz-üzə qala bilər.
Azərbaycan-Ukrayna münasibətləri əvvəlki hakimiyyətin dövründə olduğu Poroşenkonun seçilməsindən sonra da yüksək səviyyədə qalacaq və hətta qarşılıqlı etimad daha da artacaq. Belə ki, BMT Baş Assambleyasında Krımın anneksiyasını pisləyən qətnamə ilə bağlı səsvermə keçirilən zaman Azərbaycan qətnamənin lehinə səs verməklə dost Ukrayna xalqının ərazi bütövlüyünü dəstəklədiyini ən yüksək tribunadan bəyan etmiş oldu. Bununla Azərbaycan həm Ukrayna, həm də dünya ictimayyətinə sübut etdi ki, yaranmış geosiyasi vəziyyətdən asılı olmayaraq qəbul olunmuş beynəlxalq hüquq normalarına hər zaman sadiqdir".

"Putin Ukrayna ilə
əməkdaşlıq etməyə
məcbur idi"

Rusiya prezidenti Vladimir Putin Ukraynanın yeni Pyotr Poroşenko hökuməti ilə əməkdaşlığa hazır olduqlarını bildirib. Siyasi analitiklər Putinin bu qərarını birmənalı qəbul etmirlər.
Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə hesab edir ki, Putinin Ukraynanı ram etmək imkanı yoxdur: "Əgər Vladimir Putin Ukrayna ilə əməkdaşlıq etməsə, onu tamamilə itirəcək. O buna məcbur idi. Rusiya qonşu dövlət kimi bundan sonra Ukrayna ilə əməkdaşlıq edəcək. Bunun Rusiyaya xeyri var ki, zərəri yoxdur". Vəfa Quluzadə qeyd edib ki, Vladimir Putinin belə bir qərar verməsində Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların da təsiri böyükdür. Rusiyanın həmin sanksiyalarla əlaqədar xeyli itkilərlə üzləşdiyini deyən politoloq bildirib ki, ona görə də Kreml bu cür tendensiyanın davamını istəmir: "Bundan sonra Rusiyanın yürütdüyü siyasət Qərblə əlaqələrin bərpa olunmasına yönələcək".
Vəfa Quluzadə Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenko haqqında da qısa fikir bildirib. Politoloq vurğulayıb ki, P.Poroşenko həm siyasət, həm də biznesdə çoxlu təcrübəsi olan adamdır. Sabiq müşavir hesab edir ki, Poroşenko Ukrayna üçün uğurlu prezident olacaq.

Rusiya ilə Ukrayna
arasında enerji
böhranının
qarşısı alına bilər

Rusiya ilə Ukrayna arasında enerji böhranının qarşısı alına bilər. Yığılmış borclarla bağlı mübahisənin yeni çözümü təklif olunub. Bu barədə Avropa Birliyi Enerji Komissarı Günter Ottinqerin vasitəçiliyi ilə Berlində Rusiya və Ukraynanın enerji nazirləri arasında danışıqlardan sonra bildirilib.
Onlara ölkə rəhbərləri və qaz şirkətləri ilə məsləhətləşmələr apararaq, yekun razılaşmaya gəlmələri üçün çərşənbə gününə kimi (yəni bu günədək) vaxt verilib. Saziş imzalanarsa, Ukrayna təbii qaz təchizatına və yığılmış borclara görə Rusiyanın "Qazprom" şirkətinə 2 milyard dollar ödəyəcək və yeni münasib qaz tarifi müəyyənləşəcək.
Kənan Rzaquliyev