İsmət Abbasov istintaqa çağırıla bilər
11:59 30-05-2014
İQTİSADİYYAT
İsmət Abbasov istintaqa çağırıla bilər
Keçmiş kənd təsərrüfatı naziri "Aqrolizinq" ASC-də baş verən
maxinasiyalarda adının hallanmaması üçün öz kadrını qurban verir
Məlum olduğu kimi, "Aqrolizinq" ASC-nin sədri Əli Bayramov vəzifədən çıxarılandan sonra onun həbs olunması məsələsi gündəmə gəlib. Ötən saylarımızda Ə.Bayramovun həbsinin qəti olduğunu sübut edən faktları sadalamışdıq.
Belə ki, onun işdən çıxarılmasından sonar Hesablama Palatası "Aqrolizinq" ASC-də dövlət büdcəsindən ayrılan vəsaitlərin talanması ilə bağlı üzə çıxardığı faktları cinayət işinin qaldırılması üçün Baş Prokurorluğa göndərib. Hazırda prokurorluqda bu məsələ ilə bağlı genişmiqyaslı istintaq başlayıb. "Aqrolizinq" ASC-də büdcə vəsaitlərindən qanunsuz istifadə, büdcə öhdəliklərinin icra edilməməsi, iş həcmlərinin artırılması, borcların uçotdan yayındırılması və digər maliyyə pozuntularına görə, Əli Bayramovdan hesab sorulması şübhəsizdir. Çünki o, 10 il kənd təsərrüfatının inkişafı üçün büdcədən ayrılmış vəsaitlərin talan edilməsində xüsusi fəaliyyət göstərib və milyonlarla dövlət vəsaitinin mənimsənilməsinə birbaşa rəhbərlik edib. İndi isə vəzifədən sakit getməklə canını qurtarmağa çalışır. Hazırda Türkiyədə müalicə aldığını bildirsə də, onun tezliklə ölkəyə qaytarılaraq, məsuliyyətə cəlb olunması şübhəsizdir.
"Unikal"ın araşdırmalarının nəticəsində bəlli olub ki, Əli Bayramovun nişangaha gəlməsində əsas rolu keçmiş kənd təsərrüfatı naziri,hazırkı baş nazir müavini İsmət Abbasovdur.Bu barədə qəzetimizə məlumat verən bilgili şəxsin sözlərinə görə, Əli Bayramovun "torba"sını İsmət Abbasovun özü tikib: "Bilirsiniz ki, Əli Bayramov İsmət Abbasovun kadrı olub. Bütün bu müddət ərzində "Aqrolizinq"də baş verən maxinasiyalar bir başa İsmət Abbasovun gözü qabağında baş verib. Lakin İsmət Abbasov bu dövr ərzində milyonlarla dövlət vəsaitinin Əli Bayramovun əliylə talanmasına göz yumub. Çünki bu vəsaitlərin önəmli hissəsi İsmət Abbasovun əlindən keçib. Diqqət yetirsəniz görərsiniz ki, son 4-5 ildə üs-üstə "Aqrolizinq"ə yüz miylondan çox nağd pul ayrılıb. Həmin vəsaitlərin böyük əksəriyyəti məqsədli şəkildə xərclənməyib və talanıb. Sözsüz ki, bu prosesdə icraçı Əli Bayramov olub. Amma onun bu əməllərini ört-basdır edən, hakimiyyətin yuxarı dairələrinin təzyiqlərindən qoruyan İsmət Abbasov olub. İndi isə İsmət Abbasov nazir deyil və Əli Bayramovu qanadı altına alan yoxdur".
Bizi bilgiləndirən şəxs onu da bildirib ki, İsmət Abbasov kənd təsərrüfatı naziri postundan çıxarılandan sonra Əli Bayramovun "vurulacağı" gözlənilirdi. Onun sözlərinə görə,İ.Abbasov "Aqrolizinq" məsələsinin bu şəkildə böyüyəcəyini ehtimal etmirdi: "Məsələ ondadır ki, artıq "Aqrolizinq" məsələsi böyüyüb.Əgər bu məsələ ilə bağlı ciddi araşdırma aparılsa, İsmət Abbasov da istintaqa cəlb oluna bilər. Bu təhlükəni anlayan İsmət Abbasov Əli Bayramovu nişangaha gətirib. Məndə olan məlumata görə, İsmət müəllim bütün istiqamətlərdən Əli Bayramovun görünməsi üçün əlindən gələni edib. Artıq ilkin ifadələrdə "Arqolizinq" şefinin meydanda tək qalması üçün zəmin hazırlanıb. Yəni, bu prosesdə yeganə bir nəfər İsmət Abbasovun adını çəkə bilər, o da Əli Bayramovun özüdür. Onun ifadəsinin isə elə bir önəmi olmaya bilər. Çünki İsmət Abbasov baş nazirin müavinidir və bu faktordan istifadə edib bu prosesdən zərərsiz çıxmağa çalışacaq".
Müsahibimiz onu da bildirib ki, Əli Bayramov daha ilginc faktlar açıqlayarsa, o zaman İsmət Abbasovun karyerası da təhlükə altına düşə bilər. Onun sözlərinə görə, məsələni daha yüksək səviyyəyə qaldırsalar, İ.Abbasovun həbsi məsələsi də gündəmə gələ bilər. Ancaq hələlik ikinci versiya daha inandırıcı görünmür: "Amma hər şey ola bilər. İsmət Abbasov bu məsələyə görə, istintaqa da çağırıla bilər. Bunun üçün prokurorluqda kifayət qədər əsas da var".
Məsələylə bağlı fikirlərini "Unikal"la bölüşən İqtisadi Tədqiqatlar Mərkəzinin aqrar sahə üzrə eksperti Vahid Məhərrəmov Əli Bayramov vəzifədən çıxarılsa da, onun hələ də məsuliyyət daşıdığını bildirib. Onun sözlərinə görə, Ə.Bayramov bu təşkilata rəhbərlik etdiyi üçün salahiyyəti müddətində baş verən hər bir cinayət hadisəsinə görə cavab verməlidir: "Bu qurumun keçirdiyi tenderlərdə öz maraqlarına uyğun şirkətləri cəlb eləmək, onları qalib elan etmək, onların vasitəsi ilə ölkəyə cins mal-qara, texnika, gübrə və digər məhsullar gətirmək, məhz Əli Bayramovun idarəçiliyi altında baş verirdi. Əgər bəzi rayonlarda külli miqdarda dövlət vəsaitinin talan olunduğu aşkar olunubsa, Əli Bayramovdan mütləq hesab sorulmalıdır. O fakt da nəzərə alınmalıdır ki, hazırkı kənd təsərrüfatı naziri bu faktların aşkarlanmasını daha yaxşı bilən hökumət məmurlarından biridir. Belə olan halda, Əli Bayramovun ölkəni tərk etməsi məsələsi yuxarılarla razılaşdırılardı. Ola bilsin ki, cinayəti bir başa Əli Bayramovun özü yox, hansısa işçisi edib, amma burada da onun üzərinə məsuliyyət düşür. Ondan soruşulmalıydı ki, niyə vəzifə səlahiyyətlərinə ciddi yanaşmayıb, baş verənlərə göz yumub, zamanında hüquq-mühafizə orqanlarına müraciət eləməyib. Yəni, kifayət qədər sual var ki, Əli Bayramov ona cavab verməlidir".
Bu prosesdə keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasovun məsuliyyətinin nə dərəcədə olduğuna gəlincə, ekspert bildirib ki, onun da bu hadisələrdən xəbəri olub. "Bilirsiniz, tender keçiriləndə mütləq yuxarılarla razılaşdırılır. Həmin təşkilat tenderi elan edən zaman kimin bu prosesə cəlb olunması, kimin qalib çıxarılması, nə qədər maliyyə vəsaitinin ayrılması və bu kimi bütün məsələlər yuxarılarla razılaşdırılır. Belə olmasaydı, idarə rəhbəri kimi Əli Bayramovu saxlamazdılar. Hər halda, əvvəlki nazirin də bu işdə məsuliyyəti var, ondan da soruşulmalıdır ki, niyə orda uzun müddət yeyinti halları baş verib və bu haqda lazımi tədbir görməyib", - deyə Vahid Məhərrəmov fikrini tamamlayıb.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53