Ukraynada savaş böyüyür
09:24 01-06-2014
İQTİSADİYYAT
Ukraynada savaş böyüyür
Sərhədçiləri terrorçuların hücumunu dəf etdi, Rusiyadan gələn silah-sursat dolu avtomobillər ələ keçirildi
Mayın 30-na keçən gecə Ukrayna-Rusiya sərhədindəki Staniçno-Luqanskoye sərhəd xidməti 300-ə yaxın terrorçunun hücumuna məruz qalıb. "korrespondent.net" saytının verdiyi məlumata görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti açıqlama yayıb.
Açıqlamada bildirilir ki, mayın 29-da gün ərzində sərhəd məntəqəsinin ətrafında silahlı insanların cəmləşməsi müşahidə edilib: "Məntəqədən bir neçə yüz metr aralıda onlar blok-postlar və atəş nöqtələri qurublar. Gecə saat 00.30-dan 02.30-a qədər sərhəd dəstəsi terrorçuların hücumuna məruz qalıb. Onlar atıcı silahlar və qumbaraatanlardan atəşə başlayıblar. Sərhədçilər cavab atəşi açıb. Ümumilikdə altı hücum cəhdi olub. Sərhədçilərdən biri yaralanıb. Silahlıların olduğu yerə 4 təcili yardım maşınının gəldiyi qeydə alınıb".
Ukrayna Dövlət Sərhəd Xidməti Rusiyadan ölkə ərazisində daxil olan 3 avtomobilin saxlanıldığını da açıqlayıb: "Əvvəlcə "Mercedes-Vito" markalı avtomobil saxlanılıb. O, Rusiyadan gələcək avtomobilləri qarşılamalı və müşayiət etməli imiş. Bir müddət sonra qonşu dövlətin ərazisindən hərəkət edən iki "Qazel" saxlanılıb. Avtomobillərdə 28 ədəd AK avtomatı, 6 ədəd pulemyot, 2 ədəd "Muxa" tipli qumbaraatan, 4 ədəd snayper tüfəngi, 40 yeşik qumbara və sursat aşkarlanaraq götürülüb".
Separatçılar Luqanskda 20 hərbçini
əsir götürdüklərini
elan etdilər
Separatçı "Luqansk Xalq Respublikası"nın nümayəndələri keçirdikləri əməliyyat nəticəsində Ukrayna Milli Qvardiyasının 20 əsgərini əsir götürdüklərini elan ediblər.
"Bu gün (dünən - red.) hərbi hissənin yerləşdiyi Aleksandrovskda əməliyyat keçirilib. Əməliyyat nəticəsində qeyd olunan hərbi hissə bizim nəzarətimizə götürülüb", deyə "LXR" nümayəndəsi bildirib.
Məlumata görə, əməliyyat nəticəsində 1 separatçı yaralanıb. Hərbçilər arasında itkilər barədə məlumat verilmir.
Bundan əvvəl Aleksandrovsk şəhərində yerləşən hərbi hissədə silah anbarının separatçılar tərəfindən partladılması barədə məlumat yayılmışdı.
Xarkovda separatçılar hərbçilərin
kolonuna hücum etdi:
1 ölü, 3 yaralı
Ukraynanın Xarkov vilayətində separatçılar hərbçilərin kolonuna hücum ediblər, nəticədə 1 əsgər həlak olub, 3 nəfər yaralanıb. Bu barədə "İnformasiya müqaviməti" qrupunun əlaqələndiricisi Dmitri Tımçuk bildirib.
"Xarkov vilayətində İzyum yaşayış məntəqəsinin yaxınlığında terrorçular hərbçilərə məxsus avtomobil karvanını qumbaraatanlardan atəşə tutublar. Nəticədə 1 əsgər həlak olub, 3-ü yaralanıb", deyə məlumatda bildirilir.
Ukrayna ordusunun
itkiləri artır
Ukrayna ordusu ölkənin şərqində anti-terror əməliyyatlarının başlamasından bəri 20-dən çox əsgərini itirib. Bu barədə Ukrayna müdafiə naziri Mixail Koval bildirib.
Onun sözlərinə görə, separatçılarla döyüş zamanı Ukrayna helikpyerlğərinin iki üzvi həlak olub. Ölənlər arasında desant qoşunlarının hərbçiləri də var.
Srağagün Ölkənin Donetsk vilayətində separatçılar Milli Qvardiyanın helikopterini vurublar. Son məlumatlara əsasən hadisə nəticəsində 12 nəfər ölüb: 6 hərbçi Ukrayna DİN-in xüsusi təyinatlıları, daha 6 nəfər isə Milli Qvardiyanın əsgərləridir.
Ukraynadan Çeçenistana onlarla meyit gətirilib
Çeçenistan sakinləri srağagün Ukraynanın Donetsk vilayətindən Çeçenistana onlarla meyit gətirildiyi barədə mətbuata məlumat verib. Çeçenistanın güc strukturları bu informasiyanı şərh etməkdən imtina edib.
Yerli sakinlər bildirib ki, öldürülənlər Donetsk vilayətində özünümüdafiə dəstələrinin tərəfində döyüşənlərdir. Onlar meyitlərin sayı barədə müxtəlif rəqəmlər bildirir. Həlak olanların sayı 35-dən 40-45-ə qədər olduğu qeyd olunur.
Çeçenistan sakini "Mənim qohumum güc strukturlarında işləyir. O danışırdı ki, dünən respublikaya Ukraynadan bizim həlak olan uşaqların onlarla cəsədini gətiriblər. Ölənlərin əksəriyyəti Qudermes, Şalinsk və Urus-Martan rayonlarındandır. Bu rayonlardan birinə 6 cəsəd gətiriblər, digərinə 4. Ancaq bu informasiyanı yaymamağa çalışırlar. Çünki rəhbərlikdən belə göstəriş verilib. Həlak olanları yerli qəbristanlıqlarda basdırırlar", - deyə bildirib.
Çeçenistanın Şali rayonunun sakini isə bildirib ki, Ukraynadakı döyüşlərdə keçmiş xüsusi təyinatlı batalyonunun və digər strukturların könüllüləri iştirak edirlər. "Deyəndə ki, orada çeçenlər yoxdur, açıq-aşkar yalan deyirlər. Son iki həftə ərzində ora Baş Kəşfyyat İdarəsinə tabe olan keçmiş "Qərb" və "Şərq" batalyonlarının xüsusi təyinatlıları göndəriliblər. İtkilər haqda heç kim danışmır, ancaq mən bilirəm ki, ölənlər arasında bizim rayonun sakinləri var. Dünən Germençuk kəndinə Donetskdən cəsəd gətiriblər. Həmçinin Urus Martandan, Qudermesdən və digər yerlərdən də ölənlər var", - deyə sakin bildirib.
Bütün bunlar Çeçenistan əhalisi arasında ciddi narazılıq doğurur. Çeçen xalqı son 20 ildə iki dəfə müharibənin dəhşətlərini yaşayıb.
"Ukraynada bizim əməkdaşımız yoxdur. Ola bilər ki, orada bəzi könüllülər olsun, amma bunun respublikanın güc strukturlarına heç bir dəxli yoxdur. Donetskdə həlak olmuş bizim sakinlər haqqında məlumat gəlincə, bu barədə bizdə hər hansı bir məlumat yoxdur", - deyə Çeçenistan Respublikasının güc strukturlarının zabiti bildirib.
Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov da Ukraynanın şərqində respublikanın silahlı sakinlərinin olması haqqında informasiyanı təkzib edib. "Mən rəsmən bildirirəm ki, bu, həqiqətə uyğun deyil. Heç bir "çeçen hərbi qulluqçusu" və ya "Çeçenistan Respublikasının xüsusi hərbi kolonu" münaqişədə iştirak etmir", - Kadırov Instagram səhifəsində yazıb.
Ştefan Füle: "Ukrayna, Moldova və Gürcüstan Avropa Birliyinə
qəbul olunmalıdır"
Avropa Birliyinin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle Ukrayna, Moldova və Gürcüstanın AB-yə üzv qəbul olunmasına tərəfdar olduğunu bəyan edib.
Füle Almaniyanın "Die Welt" qəzetinə açıqlamasında bildirib ki, avrointeqrasiya perspektivi şərqi Avropa ölkələrində islahatların aparılması üçün yaxşı stimuldur. O deyib ki, Ukrayna ilə assosiasiya sazişi ikitərəfli əməkdaşlığın son məqsədi deyil.
Xatırladaq ki, Rusiya, Belarus və Qazaxıstan Avrasiya İqtisadi Birliyinin yaradılması haqqına müqavilə imzalayıb. Ermənistan və Qırğızıstanın da bu quruma qoşulacaqları nəzərdə tutulub.
Ukraynanın taleyi
Parisdə həll olunacaq
Bu arada azvizion.az saytı Tofiq Əsgərov imzası ilə Ukrayna mövzusunda təhlil yazısı çap edib. Oxucularımıza maraqlı olacağını nəzərə alıb həmin yazını təqdim edirik:
"1944-cü ildə müttəfiq dövlətlərin ordularının Normandiyaya daxil olmasının 70 illiyi Fransa paytaxtında böyük təntənə ilə qeyd olunacaq. Tədbir iyunun 6-da keçiriləcək və dünyanın aparıcı dövlətlərinin rəhbərlərinin mərasimdə iştirakı gözlənilir.
Yayılan məlumatlara əsasən, ABŞ prezidenti Barak Obama, Britaniya kraliçası II Yelizaveta, Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putinin bayram münasibətilə Parisə yollanacaqları gözlənilir.
Təbii ki, müttəfiq ordularının Normandiyaya daxil olmasının qeyd edilməsi dünyanın əsas geosiyasi oyunçularının görüşməsi üçün gözəl bəhanədir. Son 2 il ərzində dünya proseslərinə daha fəal təsir etmək istəyən və özünün effektiv vasitəçilik rolunu qabartmaqla beynəlxalq nüfuzunu artırmağa çalışan Fransa prezidenti Fransua Olland üçün görüşün məhz Parisdə keçirilməsi yeni üfüqlər açır.
Ukraynadakı böhranla əlaqədar yaranmış Qərb-Rusiya qarşıdurmasında Ollandın xüsusi fəallıq göstərməsi Parisin geosiyasi nüfuzunu artırır və problemin həllində Fransanı açar dövlətə çevirir.
Ukrayna böhranı başlayandan bu yana ilk dəfədir ki, Qərb dövlətlərinin liderləri özlərinin əsas düşməninə çevrilmiş Putinlə görüşəcəklər və məhz bu görüşdə bundan sonrakı münasibətlərin forma və məzmunu müəyyən ediləcək. Tərəflərin bir-birindən qarşılıqlı asılacaqları var və həm Rusiya, həm də Qərb dövlətlərinin bir-birinə qoyacaqları şərtləri və hansısa güzəştləri olacaq.
Görüşün əsas mövzuları Ukrayna və bu böhrandan doğan digər məsələlər olacaq. Məhz bu mənada Dağlıq Qarabağ məsələsinin müzakirə ediləcəyini əminliklə söyləmək olar. Çünki Avropa Rusiyanın enerji asılılığından çıxmaqda və özünün enerji təhlükəsizliyini təmin etməkdə israrlıdır. Bunun isə ən optimal yolu Azərbaycandan çəkiləcək "cənub" enerji dəhlizidir. Regionda münaqişəli vəziyyətin olması isə faktiki Avropanın enerji təhlükəsizlinə zərbədir və buna görə Qərb münaqişənin həllində xüsusilə maraqlıdır.
Putin özünü bu görüşə tam hazır hiss edə bilər. Rusiya Çinlə qaz ixracı barədə müqavilə imzalayıb və Avropanın qaz idxalını dayandıracaqları barədə hədələri qarşısında özünü sığortalanmış hiss edir. Ukraynanın Donbas və Luqansk əyalətlərində gərgin vəziyyətin qalması isə Moskvanın mövqeyini gücləndirən amil hesab oluna bilər. Güman ki, Kreml Luqansk və Donetsk müqabilində Krımın güzəştə gedilməsi təklifini irəli sürəcək.
Paris görüşünü maraqlı edən digər vacib cəhət isə Ukraynanın yenicə seçilmiş prezidenti Pyotr Poroşenkonun da tədbirə dəvət edilməsidir. Yeni Kiyev rəhbərliyi də görüş öncasi mövqeyini gücləndirməyə çalışır. Ukrayna separatçı əyalatlərdə hərbi əməliyyatları genişləndirməklə Luqansk və Donetski öz orbitinə qaytarmağa çalışır ki, bu ərazilər müzakirə mövzusuna çevrilməsin və Kreml bu kartdan öz xeyrinə istifadə etməsin.
Kiyevin digər düşünülmüş gedişi isə Moskvanın ultimatumuna baxmayaraq, qaz borcunu ödəməkdən imtina etməsidir. Xatırladaq ki, Moskva Kiyevdən iyunun 1-ə dək qaza görə yığılan borcunu ödəməyi tələb etmiş əks halda qazın kəsiləcəyini bildirmişdi. Ukrayna isə qazın qiymətinin əvvəlki kimi 268 dollara endirilməsini tələb etmiş və yalnız bundan sonra borcunu ödəyəcəyini və ümumiyyətlə ödənişləri həyata keçirəcəyini açıqlamışdı.
Beləliklə, Moskva Ukraynaya gedən qazı kəsəcəyi halda Avropa da qazsız qalacaq ancaq eyni zamanda özü də gəlirdən məhrum olacaq.
Kreml çalışır ki, Avropa dövlətləri vasitəsilə Ukraynaya bu məsələdə təzyiq göstərsin lakin hələ ki, Kiyev öz mövqeyindən çəkilmək istəmir. Fransa paytaxtının əsas müzakirə mövzusunun bu məsələ ətrafında olacağı şübhəsizdir.
Kreml hazırkı mərhələdə qazın qiymətinə görə güzəştə gedərsə, bu Uktayna tərəfindən "Putinin uduzması" kimi qiymətləndirilə və uğurlu anti-Putin təbliğat vasitəsi kimi istifadə oluna bilər. Əslində Moskva güzəştə getmənin iqtisadi fəsadlarından daha çox təbliğatda uduzmaqdan ehtiyatlanır.
Qərblə Rusiya arasında hansısa razılıq əldə olunsa belə, bu müvəqqəti xarakter daşıyacaq. Avropa özünə yeni enerji mənbəyini təmin edənə qədər Rusiya ilə əməkdaşlığı davam etdirəcək.
Bu baxımdan, ehtimal etmək olar ki, görüş zamanı Dağlıq Qarabağ probleminin həlli ilə bağlı hansısa razılaşma əldə olunsun. Qərb dövlətləri artıq məsələ ilə bağlı mövqelərini "Uorlikin prinsipləri" ilə səsləndiriblər. Yanı ilkin mərhələdə 7 rayon qaytarılır, Dağlıq Qarabağa aralıq statusu verilir və müəyyən müddətdən sonra status məsələsinin müzakirəsi başlanır.
Beləliklə, Azərbaycan üçün vacib olan məsələ ondan ibarətdir ki, Rusiyanın razılığını ala bilsin. Hətta Rusiyaya təsir göstərmək üçün Azərbaycanın Çinin köməyindən yararlandığını da istisna etmək olmaz.
Bundan əlavə, Amerikanın siyasətini pisləyən bəyanatların verilməsi Rusiyanın etimadını qazanmaq məqsədini güdə bilər. Çünki Moskva problemin həllindən sonra regionun Amerikanın nəzarətinə keçməsindən ehtiyatlanır. Nəhayət, görüş ərəfəsində təmas xəttində hərbi təlimlərin keçirilməsi, gərginliyin artması Qərbə "qaz xəttinin keçəcəyi ərazilərdə sabitliyin hər an pozulacağı təhlükəsi"ni xatırlatmaq xarakteri daşıyır".
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53