Parlamentdə nazirlər tənqid olundu
09:27 01-06-2014
İQTİSADİYYAT
Parlamentdə nazirlər tənqid olundu
Oqtay Əsədov müharibədən danışdı
Milli Məclisin yaz sessiyasının sonuncu iclası öz işinə başlayıb. Gündəliyin təsdiq olunmasından sonra millət vəkili İqbal Ağazadə çıxış edərək 28 may Respublika günü ilə bağlı Prezidentin verdiyi əfv sərəncamını yüksək qiymətləndirib.
O, spikerə müraciət edərək gözlənilən və əfv olunmayan şəxslərin də əfv olunmasını istəyib. "Prezidentin verdiyi əfv sərəncamını yüksək qiymətləndirirəm. Amma həbs olunan bəzi şəxslər var idi ki, onların əfv olunması gözlənilirdi. İsmayıllı hadisələrinə görə həbs olunan İlqar Məmmədov, Tofiq Yaqublu, "Nida"çı gənclərin və çoxsaylı gənclərin bu əfv fərmanında azadlığa çıxarılacağı gözlənilirdi. Amma onlar budəfəki əfv siyahısına düşmədi. Bu gün Milli Məclisin yaz sessiyasının son iclasıdır. Amma parlament yenidən toplaşacaq. Amnistiya Aktının, ya da yenidən Prezidentin imzası ilə əfv sərəncamının imzalanması və həmin gənclərin əfv olunması xalqda da yüksək əhval-ruhiyyə yaradacaq. Bununla bağlı sizə də müraciət edirəm".
İlyas İsmayılov naziri
yalançı çıxartdı
Milli Məclisin iclasında Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov seçildiyi dairədə yaşayan sakinlərin tez-tez üzləşdiyi problemləri qaldırıb.
"Mən bu günlərdə (mayın 22-si və 23-də) Qazax rayonunun Çaylı, Ağstafa rayonunun Köçəskər və Tovuz rayonunun Hacıallı kəndlərində seçicilərimlə görüşlər keçirdim. Çaylı və Köçəskər kəndlərinin sakinləri içməli və suvarma sularına böyük ehtiyacları olduqlarını bildirdilər. Çaylıda həmçinin kəndin əsas yolunun asfaltlanmasını xahiş etdilər. Həm də dedilər ki, hörmətli nəqliyyat nazirimiz Ziya Məmmədov onlara bu yolu düzəltməyə söz verib. Dedim ki, əgər söz veribsə, yəqin ki, edər. Bütün bu deyilənlər barədə müvafiq orqanlara deputat sorğuları göndərəcəm.
Fazil Mustafa səhiyyə nazirini hədəfə aldı
"Hər gün bütün millət vəkillərinə müraciətlər daxil olur. Bu məsələ ilə bağlı ciddi tədbirlərin görülməsi ləngiyir. Ölkə başçısı və birinci xanımın köməkliyi ilə çoxsaylı insanlar müalicə alır. Amma bu kifayət deyil".
Bu sözləri deputat Fazil Mustafa deyib. O, Azərbaycanda səhiyyə problemlərindən şikayətlənib.
"İnsanların hamısını bu formada təmin etmək imkanı yoxdur. Ona görə səhiyyə sistemində ciddi islahatlara ehtiyac var. Azərbaycan müstəqilliyi dövründən bu yana ən çox xeyir görməyən səhiyyə nazirləridir. Bir nəfər də olsun səhiyyə naziri fədakarlıqla səhiyyə problemlərinin həllinə öz işini həsr etməyib. Bu gün də eyni vəziyyətdir. Tibb işçilərinin maaşı orta aylıq əmək haqqından xeyli aşağıdır. Tibb işçiləri bazar günləri də işləyirlər. Ancaq onlara ikiqat maaş verilmir. Halbuki dünyanın inkişaf etmiş ölkələrində səhiyyə işçilərinə bazar günləri də işlədiyi üçün ikiqat maaş verilir. Bu məsələ Hesablama Palatasının hesabatında da göstərilir".
"Maaşlar artırılmalıdır"
Millət vəkili Əli Məsimli Milli Məclisin iclasında Azərbaycanda daha çox görünən islahatlardan danışmaq istədiyini bildirib. Millət vəkili təhsildə islahatları çox yüksək qiymətləndirdiyini deyib.
"Elm və təhsillə bağlı hazırlanan strategiya təqdirəlayiqdir. Bu sahədə islahatlar davamlı şəkildə aparılmalıdır. Pensiya yaşı çatan müəllimlər təqaüdə göndərilməlidir. Ancaq bu gün pensiya yaşı çatmayan müəllimlərin işdən ayrılmasının qarşısı alınmalıdır. Ümumiyyətlə müəllimlərin maaşı artırılmalıdır ki, uzun müddət müəllim işləmiş şəxslər pula görə, pensiya yaşı çatmamış təhsildən ayrılmasınlar".
Ə. Məsimli adambaşına düşən maliyyələşmənin təhsildə də tətbiq edilməsinin lazım olduğunu bildirib. "Biz hələ təhsildə böyük uğurlar qazanmamışıq. Buna görə də təhsilin istehsalatda tədbiqi ilə bağlı elmi əsərlər yazılmır. Ancaq bu sahədə də elmi işlərin yazılmasına ehtiyac var".
Əli Hüseynli məhkəmələr və əfvlə bağlı
narazılıqlardan danışdı
"Məhkəmələrlə bağlı deyilənlər bizi ən azından təəccübləndirir".B unu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. Onun sözlərinə görə, Azərbaycanda bəzi şəxslərin həbsdə olmasından cəmiyyətin böyük qismində narahatlıq yoxdur:
"Əgər bu məsələ cəmiyyətin böyük qismini narahat etsəydi, ən azından burada parlamentarilər məsələni qaldırardılar. Əksinə, cəmiyyəti narahat edən məsələ odur ki, nə üçün İsmayıllıda iğtişaşlar törədilib, nə üçün NİDA-çı gənclər hadisələrdə iştirak ediblər. Bu cür narazılıqlar kənardan, Azərbaycandan xaricdə olan qüvvələrin müdaxiləsi nəticəsində baş verib".
Spiker Oqtay Əsədov isə qeyd edib ki, əfv sərəncamından ümumilikdə 5000-dən artıq insan azadlığa çıxıb : "İndi deyirlər ki, kimsə əfv olunmayıb. Kimsə əfv olunmaq üçün müraciət etməlidirmi, ya yox? Əgər müraciət etməyibsə, onu necə əfv etmək olar? Bəziləri fikirləşir ki, insan cinayət törədibsə, mütləq əfv olunmalıdır. Həbsxanalar insanların islah olunması üçündür".
Bahar Muradova Fazil Mustafaya irad bildirdi
Milli Məclisin iclasında vitse-spiker Bahar Muradova millət vəkili Fazil Mustafanın səhiyyə naziri Oqtay Şirəliyeva tənqidinə və haqqında dediyi "Nazir bizi yarıtmadı" sözlərinə cavab verib.
Vitse-spiker səhiyyə istiqamətində aparılan islahatların çox olduğunu bildirib. "Azərbaycanda səhiyyə inkişaf edir. Bəzi problemlər var. O problemlər də yalnız nazirliyin deyil, bizim də nəzarətimizdədir və aradan qaldırmağa çalışırıq. Amma bu o demək deyil ki, səhiyyə nazirinə "səhiyyə naziri bizi yarıtmadı" deyib, loru yanaşılsın. Fazil müəllim, ən azından millət vəkili olaraq sizin bu sözünüz seçicilərimizi pəjmürdə edə bilər. Ona görə də dediklərimizə diqqətlə yanaşmaq lazımdır".
Bahar Muradova ölkə başçısının əfv sərəncamı ilə bağlı bəzi tənqidi fikirlərə də münasibət bildirib.
"Bilirsiniz ki, biz Azərbaycanda yaşayırıq. Nə baş verir, biz hamısını görürük və proseslərin içindəyik. 3-5 adamın əhval-ruhiyyəsini xalqın adına çıxarmaq olmaz və xalq bu hüququ heç kimə verməyib. Xalq bilir ki, ona nə lazımdır. Ölkədə inamsızlıq mühitinin olduğunu söyləyənlər guya bir qisim adamların azad olunmamasını xalqın əhval ruhiyyəsinə mənfi təsir göstərdiyini söyləyirlər. Hesab edirəm ki, bu, yanlış fikirdir. Əksinə, xalq bu insanların fəaliyyətinin Azərbaycandakı mövcud inama, ölkə başçısının siyasətinə dəstəyə, Azərbaycanın maraqları üçün seçilmiş yola zərər vurduğunu düşünür. Əks təqdirdə biz başqa məsələləri müşahidə edərdik. Mətbuat orqanlarına və Azərbaycanın ictimai-siyasi həyatında fəaliyyət göstərənlərə bir vətəndaş kimi xahişim ondan ibarətdir ki, bizim üçün müsbət olan məqamları elə müsbət kimi göstərək. Amma bunun yanında mahiyyətcə çox cılız olan neqativləri qoymayaq, neqativləri də müzakirə edək ancaq bunlardan müsbətləri gözdən salmaq üçün istifadə etməyək".
Oqtay Əsədov:
"Danışıqlar aparmayıb, nə edək,
müharibəyə başlayaq?"
Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Ermənistanla rəsmi va qeyri-rəsmi səviyyədə aparılan danışıqlarla bağlı məsələyə aydınlıq gətirilməsini istəyib.
S.Rüstəmxanlı deyib ki, təmas xəttində hər gün atəşkəs pozulur, döyüş gedir:
"Demək olar ki, hər gün itkilərimiz olur, son günlər itkilərimizin sayı daha da artır. Müharibə faktiki davam edir. Digər tərəfdən, Ermənistanla danışıqlar gedir. Eyni zamanda "xalq diplomatiyası" aparılır, ictimaiyyət nümayəndələrinin görüşü, danışıqları keçirilir. "Xalq diplomatiyası"nda iştirak edənlərə münasibət birmənalı deyil. Ona görə də bu məsələni aydınlaşdırmalıyıq. Ya biz doğurdan savaşırıq, ya da danışıqlar aparırıq. Çünki savaş olanda belə danışıqlara heç bir ehtiyac qalmır. Mənim şəxsi mövqeyim aydındır. Ermənitstan prezidenti Serj Sərkisyan deyir ki, türk bizim düşmənimizdir. Bir milləti bütövlükdə düşmən elan edən dövlət başçısının ya ağlı yoxdur, ya da mədəniyyətdən uzaq bir adamdır. Belə adamlarla oturub danışmağın nə mənası var? Bu, bizə nə verəcək? Biz bu məsələləri aydınlaşdırmalıyıq ki, cəmiyyət də mövqeyimizin nədən ibarət olduğunu bilsin".
Spiker Oqtay Əsədov S. Rüstəmxanlının çıxışına münasibət bildirib: "Sabir müəllim, danışıqlar aparmayıb nə edək, müharibəyə başlayaq? O prezident erməni xalqının öz seçimidir. Biz onunla dialoq aparmağa, danışmağa məcburuq".
Qənirə Paşayevə
kimsəsiz gənclərin
mənzil
problemini qaldırdı
Millət vəkili Qənirə Paşayeva parlamentdə valideyn himayəsindən məhrum olan və 18 yaşını tamamlayan uşaqların mənzil və ya yaşayış yeri ilə təmin edilməsi məsələsini qaldırıb.
Parlamentin iclasında öncə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə uşaqlara təbriklərini çatdıran Qənirə Paşayeva Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi altında uşaqlarla bağlı ortaya çıxan problemlərin həlli istiqamətində böyük işlər görüldüyünü vurğulayıb.
Həllini gözləyən çox önəmli bir məsələ olduğunu vdeyəbn millət vəkili bu istiqamətdə təkliflərini səsləndirib.
Qənirə Paşayeva hər iki valideyn himayəsindən məhrum olan və uşaq evlərində böyüyən, 18 yaşı tamam olan uşaqların yaşayış yeri ilə təmin olunması məsələsinin öz həllini gözləyən çox ciddi bir problem olduğunu qeyd edib. O, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu istiqamətdə həmin gənclərə böyük dəstək göstərdiyini xüsusi vurğulayaraq, qanunvericilik istiqamətində də müəyyən məsələlərin öz həllin tapmasının vacibliyini söyləyib.
"Yeni qanun Azərbaycan məhsullarını dünya
bazarına çıxaracaq"
"Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə geniş məlumat verib. O bildirib ki, qanun layihəsi ilə sahibkarlıq sahəsində uyğunluğun qiymətləndirilməsi mümkün olacaq. Sahibkarlıq sahəsinin bu yeni növünün məqsədi ölkəmizdə istehsal olunan məhsulların standartlara nə dərəcədə cavab verməsini yoxlamadır.
"Bu standartlar nəticəsində məhsullarımızı dünyaya çıxartmaq mümkün olacaq. Qanunvericilik bazası yaranacaq. Bu qanun qeyri-neft sektorundakı məhsullar daxili və xarici bazarda rəqabət qabiliyyətinin güclənməsinə imkan verəcək".Qeyd edək ki, qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul olunub.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17