Ukrayna qanlı savaşlar davam edir
Ukrayna qanlı savaşlar davam edir

Dövlət Sərhəd Xidmətinin Luqansk Sərhəd Dəstəsinə hücum zamanı 5 separatçı öldürüldü

İyunun 2-də yerli vaxtla saat 05.00-da Ukrayna Dövlət Sərhəd Xidmətinin Luqansk şəhərindəki Sərhəd Dəstəsinə separatçıların silahlı hücumu başlayıb.
Ukrayna xəbər saytlarının verdiyi məlumata görə, avtomat və qumbaraatanlarla silahlanmış təxminən 400 nəfərlik qrup ətraf binaların içərisindən və həyətindən Luqansk Sərhəd Dəstəsinin yerləşdiyi ərazini atəşə tutur.

Ukrayna Dövlət Sərhəd Xidməti 7 saatlıq döyüşlərdən sonra 5 separatçının öldürüldüyünü, 8-nin yaralandığını açıqlayıb. Ukrayna sərhədçiləri arasında 10-a qədər yaralı var. Döyüş davam edir. Ətrafda yaşayış binalarının olması Ukrayna hərbi aviasiyasının terrorçulara zərbə endirməsinə mane olur.
Qeyd edək ki, Ukrayna-Rusiya dövlət sərhədinin Luqansk istiqamətində vəziyyət son günlər xeyli gərginləşib. Separatçı-terrorçu qruplaşma sərhəd xəttini nəzarətə götürməyə və beləliklə, Rusiyadan maneəsiz şəkildə canlı qüvvə və silah gətirilməsini təmin etməyə çalışır.

Şərqi Ukrayna
sakinləri separatçıların əlindən qaçır

Şərqi Ukraynanın Donetsek, Slavyansk, Kramatorsk, Odessa, Krım şəhərinin 5 minə qədər sakini Lvov şəhər rəhbərliyinə müraciət edərək bu şəhərdə məskunlaşmaq istədiklərini bildiriblər.
Sakinlər ərazidə gedən silahlı qarşıdurmadan narahat olduqlarını və gələcəkdə Rusiyameyilli qüvvələrin rəhbərliyi altında yaşamaq istəmədiklərini bildiriblər.
Xarici KİV-in verdiyi xəbərə görə, təkcə Lvov şəhərinə daxil olan müraciətin sayı 5 minə yaxındır. Münaqişəli zonalarda yaşayan əhalinin böyük bir hissəsi separatçıların idarə elədiyi qurumda yaşamaq istəmədiklərini bildirirlər. İnsanların bir qismi şəhərlərində qalaraq separatçılarla mübarizə aparır, bir qismi isə onlarla bir qurumda yaşamamaq üçün şəhərləri tərk etmək məcburiyyətindədir.

Ukraynada döyüşlər nə qədər davam edəcək?

Ukraynanın Luqansk və Donetsk vilayətlərində antiterror əməliyyatları bir ilə qədər davam edə bilər. Belə bir proqnozla "Donetsk" milli qvardiya batalyonunun komandiri Semyon Semençenko çıxış edib.
"Bəzi insanlar hesab edir ki, antiterror əməliyyatları bir neçə həftəyə bitəcək. Onlardan fərqli olaraq hesab edirəm ki, əməliyyatların bir il davam etməsi mümkündür",- Ukrayna telekanallarından birinə açıqlamasında batalyon komandiri deyib.
O qeyd edib ki, bir ay ərzində əməliyyatları başa çatdırmaq mümkündür: "Amma bunun üçün ilk növbədə Rusiyadan silah və diversantların çatdırılması kanallarını kəsmək lazımdır".

Rusiya BMT
Təhlükəsizlik Şurasına Ukrayna ilə bağlı
qətnamə layihəsi
təqdim edəcək

Dünən Rusiya BMT Təhlükəsizlik Şurasına Ukrayna ilə bağlı qətnamə layihəsi təqdim edib. Bunu Moskvada keçirilən brifinqdə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Qətnamə antiterror əməliyyatının keçirildiyi ərazilərdən dinc əhalinin təxliyə olunması və humanitar yardımın çatdırılması üçün humanitar dəhlizin yaradılmasını nəzərdə tutur.
Rusiya həmçinin atəşin dərhal dayandırılmasını tələb edir.

Moskva şokda:
rus nüvəsi
Ukraynadan asılıdır

Ukrayna-Rusiya münasibətlərinin daha da gərginləşməsi Rusiyanın nüvə gücünə də mənfi təsir edə bilər. unian.net saytının verdiyi məlumata görə, söhbət Ukrayna istehsalı olan nüvə başlıqlı P- 36M2 "Voyevoda" raketlərindən gedir.
Saytın yazdığına görə, Rusiya nüvə döyüş başlığının 83 faizi məhz bu raketlərlə daşınır. NATO tərəfindən "Şeytan" raketi olaraq adlandırılan P- 36M2 ballistik raketləri Ukraynada istehsal edilir.
Rusiya "Şeytan" raketlərini nüvə müdafiə sisteminin ən əhəmiyyətli parçası olaraq görür. Ayrıla bilən bir çox nüvə başlığı daşıyan bu raket, eyni zamanda, ABŞ və NATO-nun qurmaqda olduğu raket qalxanına da dirənə bilən ən ciddi silah olaraq göstərilir.
Kremlin bütün dünyanı hədələdiyi bu qorxunc və güclü silah Ukraynanın "Pivdenne" və "Pivdenmaş" hərbi zavodlarında istehsal olunur. "Əgər Ukrayna mütəxəssisləri bu silahların istehsalını dayandırarsa, Rusiya bütün nüvə arsenalını itirəcək. Raketlər ən yaxşı halda uçmayacaq", - Ukrayna saytı yazır.

Ukraynadan daha
bir rus rıçağı

"Ukrayna və Rusiyanın müdafiə-sənaye kompleksləri arasında əməkdaşlığın dayandırılmasının Ukraynanın hərbi sənaye müəssisələrinə təsiri hiss olunacaq dərəcədə olmayacaq". unian.net saytının verdiyi məlumata görə, bu barədə Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, hərbi ekspert Dmitri Tımçukun analitik materialında deyilir.
O qeyd edir ki, 2013-cü ildə Ukrayna xarici ölkələrə ümumilikdə 2,38 milyard dollarlıq hərbi məhsul ixrac edib. Bunun 1 milyard dolları isə Rusiyaya ixracatın payına düşür. 2013-cü ildə Rusiyadan Ukraynaya 700 milyon dollarlıq silah və hərbi ləvazimatlar ixrac olunub. İkitərəfli ticarətdə isə Ukrayna 300 milyon dollar müsbət saldosa malikdir.
Hərbi ekspert qeyd edir ki, Rusiyanın Ukraynaya ixrac etdiyi müdafiə təyinatlı məhsulların 81 faizini Atom Elektrik Stansiyası üçün istifadə olunan məhsullar təşkil edir. "Bu məhsulların ixracı artıq mart ayında dayandırılıb. Ukrayna ABŞ firması olan "Westinghouse"a müraciət edərək Rusiyaya əvəz tapa bilər. Beləliklə, Ukrayna Rusiyadan idxal edilən müdafiə təyinatlı məhsulların 81 faizini əvəz edə biləcək. Ukraynanın Rusiyaya ixrac etdiyi məhsulların əksəriyyəti isə hazırda əvəzolunmazdır",- hərbi ekspert qeyd edir.
D. Tımçuk 2013-cü ildə Ukraynanın 79, Rusiyanın isə 859 hərbi müəssisəsinin əməkdaşlığa cəlb edildiyini bildirir: "Buradan da görünür ki, hərbi əməkdaşlıq dayandırılarsa, Rusiyanın hərbi sənaye kompleksi daha çox zərər görər".

Dünyanın ən
nüfuzlu jurnalından ilginc Poroşenko analizi

Ukraynada prezident seçkilərində qalib gələn Pyotr Poroşenko bir neçə gündən sonra and içərək vəzifəsinin icrasına başlayacaq. Ölkə vətəndaşlarının cavabını axtardığı əsas sual isə böyük ümid bəslədiyi yeni prezidentin Ukraynanın yaşadığı problemləri necə həll edəcəyidir.
ABŞ-ın məşhur "Forbes" jurnalının yazarı Melik Kaylan bu suala cavab axtararkən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin siyasi təcrübəsindən öyrənməli bəzi şeylərin olduğunu bildirir. Onun fikrincə, Moskva hazırda Ukraynanın qarşılaşdığı vəziyyətdən mütləq öz xeyrinə istifadə etməyə çalışacaq. M. Kaylan qeyd edir ki, istənilən halda narazı elementlər Kremlin dəstəyini alacaq. Narazı elementlərin kimliyinə gəlincə, bunlar hakimiyyətdən uzaqlaşdırılan Viktor Yanukoviçin partiyasının qalıqları və öz vəzifələrindən məhrum olmuş dövlət qulluqçularıdır. "Bu vəziyyətdə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin nümunəsinə diqqət yönəltmək faydalı olardı. Çünki Gürcüstanın keçməli olduğu bir çox tələlərə Ukrayna da düşə bilər", - deyə Kaylan bildirir.
Qeyd edək ki, M.Kaylanın Gürcüstanla bağlı bir neçə reportajı var. O bildirir ki, Saakaşvili ilk növbədə qanunun diktaturasını necə tətbiq etmək lazım olduğunu düşündü: "Onun hərəkətlərinin iki ssenarisi var idi: yavaş və sürətli. Əhali tərəfindən güclü dəstəklənən Saakaşvili inqilabçı yanaşmanı seçməyə qərar verdi. Onun prezidentliyinin bir gecəsində yol polisi təxminən 15 min əməkdaşından məhrum oldu. O, həmçinin sovet dövrünün mentalitetinə sahib olan bütün məmurlardan qurtuldu. Ölkənin ictimai statusu tezliklə qərbyönümlü oldu. Sovet dövrünün bir çox peşəkarları, hansı ki yaşı 45-dən çox idi, işdən çıxarıldılar. Ölkə rəqabətə davamlı dövlətə çevrildi. Saakaşvili hətta qlobal maliyyə böhranı dövründə ümumi daxili məhsulun 8 faiz artımı ilə lovğalana bilərdi. Amma M. Kaylan bildirir ki, Saakaşvilinin rəqibləri yalnız ölkə daxilindəki müxalifət deyildi: "Ruslar Saakaşviliyə onun istədiyi şəkildə dövlətin gəmisini idarə etməyə icazə vermədilər. Normal şərtlərdə hakimiyyət ölkəyə dividentləri gətirməyə başlayan kimi narazılar tədricən sakitləşir. Amma Moskva embarqo, müdaxilələr və açıq partlayış fəaliyyətinin köməyi ilə gərgin siyasi dövrü uzatmağa çalışırdı. Əgər siz daim partlayış fəaliyyəti, güclü və düşmən qonşunun çirkli fəndlərinə, eyni zamanda, daxildəki müttəfiqlərə qarşı dursanız, bütün bunlar yekunda sizə öz siyasi instinktlərini həyata keçirməyə mane olur. Və sonda seçkilərə 10 gün qalmış məhbuslara qarşı qəddar rəftarla bağlı qalmaqal yaradan görüntülər milli siyasət məsələlərinin əsas müzakirə mövzusu oldu. Bir sözlə, Moskva sizə gücün köməyi, həmçinin seçkilərdə fırıldaqlar, təbliğat, iqtisadi təzyiq və partlayış fəaliyyətinin maliyyələşdirilməsi ilə qalib gələ bilər".
"Forbes"in yazarı bildirir ki, P. Poroşenko yavaş və ehtiyatla hərəkət etməlidir. Melik Kaylan hesab edir ki, Poroşenko ölkə iqtisadiyyatının yenidən strukturlaşdırmasını həyata keçirməyi istəyərsə, o, mütləq müqavimətlə qarşılaşacaq. "Mümkündür ki, eyni zamanda, ölkənin şərqində sənaye sektorunun müasirləşdirilməsinin həyata keçirilməsi yolu ilə Donetsk işçilərini ələ almaq lazım gələcək. Həmçinin lazımdır ki, işgüzar sfera və bürokratik aparata qanunun diktaturasını tətbiq etmək üçün məhkəmə sistemi tamamilə yenidən qurulsun. Və bütün bunları Ukraynanın ən yaxın qonşusunun daimi müdaxilə təhlükəsi altında etmək lazım gələcək. Bütün bunlar icrası mümkün olmayan məsələlər kimi görünür, amma tamamilə yerinə yetirmək olar. Əgər Ukraynanın Qərb müttəfiqləri Moskvaya nəzarət edəcəklərsə.
Halbuki Gürcüstanda bunu etmədilər. Bu dəfə isə Qərb məsuliyyəti öz üzərinə götürməyə məcburdur", - deyə ABŞ jurnalının yazarı sonda qeyd edir. Yeri gəlmişkən, sabiq Gürcüstan prezidenti, P. Poroşenkonun müşaviri də ola bilər. Bu barədə bir neçə gün əvvəl Vitali Kliçko məlumat yayıb. Onun sözlərinə görə, Saakaşvili Ukrayna tərəfinə özü öz xidmətlərini təklif edib. Ukraynanın yeni prezidentinin komandasına, eləcə də Gürcüstanın sabiq iqtisadiyyat naziri Kaxa Bendukidze daxil ola bilər.Gürcüstanın "sabiqlər"i Poroşenkonun nəyinə lazım ola bilər? Yaxud da Moskvaya qalib gələ bilməyən Saakaşvili Poroşenkoya uğur qazanmaq üçün hansı məsləhətlər verə bilər?

Kənan Rzaquliyev