Ukrayna ordusu bütün istiqamətlərdən hücuma keçdi
Ukrayna ordusu bütün istiqamətlərdən hücuma keçdi

Kiyev separatçıları əzir, bəs görəsən, Kreml niyə susur?

Ukrayna ordusu Slavyanskla yanaşı, Donetsk və Luqanskda da əməliyyatlara başlayıb. Rus mediası Donetsk və Luqansk separatçılarına qarşı Kiyevin kasset bombalarından istifadə etdiyini iddia edir. Luqansk mərkəzi inzibati binasının partladılması da bununla əlaqələndirilir.

Lakin rəsmi Kiyev bu iddiaları yaxına buraxmaq istəmir. Bu şəhərlərin sakinləri sığınacaq üçün zirzəmilərdən istifadə edirlər.
Luqansk separatçı hökuməti Kiyevdən qorunmaq üçün Rusiyadan kömək istəyir. Moskva hələ cavab verməyib.
Ukrayna ordusunun isə hər keçən dəqiqə irəlilədiyi deyilir.

Donetsk vilayətində
terrorçuların gizli
düşərgəsi bombalandı

Ukraynanın Donetsk vilayətinin Severodonetsk şəhəri ətrafında terrorçuların düşərgəsi bombalanıb. Bunu Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov parlamentin iclasında deyib.
O bildirib ki, dünən səhər antiterror əməliyyatı çərçivəsində terrorçuların Severodonetsk şəhəri ətrafındakı gizli düşərgəsinə zərbələr endirilib: "Çoxlu sayda terrorçu məhv edilib".
A. Turçinov hazırda Donetsk vilayətinin şimalının terrorçulardan azad edilməsi üçün əməliyyatlar həyata keçirildiyini söyləyib.

Ukrayna Müdafiə
Nazirliyi: "Luqanska 150-dən çox raket
zərbəsi endirilib"

Ukraynanın Müdafiə Nazirliyi aviasiyanın Luqansk şəhər ətrafını bombalaması xəbərini təsdiqləyib. Mərmilərdən biri şəhərin mərkəzi meydanında partlayıb. Nəticədə 8 mülki vətəndaş həlak olub.
Ukrayna KİV-ləri xəbər verir ki, Luqansk ətrafında gedən ordu əməliyyatlarında hərbi aviasiya şəhərə 150-dən çox raket zərbəsi endirib. Günün ikinci yarısında isə əməliyyatlarda Mİ-24 helikopterləri və onları havada qoruyan MİQ-29 təyyarələri iştirak edib.
Luqanskda srağagündən bəri davam edən hava hücumlarının nəticələrini Müdafiə Nazirliyi qənaətbəxş sayıb.

Ukraynada separatçı
deputata böyük şok

Bu arada Ukrayna Ali Radası Regionlar Partiyasından deputat seçilmiş Oleq Tsaryovun toxunulmazlıqdan məhrum edilərək cinayət məsuliyyətinə cəlb olunmasına razılıq verib.
"censor.net" saytının verdiyi məlumata görə, Oleq Tsaryovun toxunulmazlıq statusunun ləğvinə və cinayət məsuliyyətinə cəlb olunmasına 235 deputat səs verib. Onun haqqında həbs qətimkan tədbirinin seçilməsini isə minimal sayda - 226 deputat dəstəkləyib. (Xatırladaq ki, Ali Radada qərarların qəbul olunması üçün minimum 226 səs tələb olunur).
Qeyd edək ki, Ukrayna Baş Prokurorluğu O. Tsaryovun cinayət məsuliyyətinə cəlb olunması və barəsində həbs qətimkan tədbiri seçilməsi üçün parlamentə müraciət etmişdi. O. Tsaryovun hazırda harada olduğu bəlli deyil. O, ölkənin şərqindəki separatçılara açıq dəstək verir və tez-tez Moskvaya səfərlər edir.
Rusiya BMT
Təhlükəsizlik Şurasına Ukrayna ilə bağlı
qətnamə layihəsi
təqdim etdi

Rusiya BMT Təhlükəsizlik Şurasına Ukrayna ilə bağlı qətnamə layihəsi təqdim edib. Bu barədə İTAR-TASS agentliynə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin deyib.
"Biz Ukraynada yaranmış humanitar vəziyyətlə bağlı qətnamə layihəsini təqdim etdik", BMT Təhlükəsizlik Şurasının qapalı iclasından sonra V.Çurkin bildirib.
Qətnamə zorakılığın dərhal dayandırılmasını, antiterror əməliyyatının keçirildiyi ərazilərdə dinc əhalinin çıxarılması üçün humanitar dəhlizlərin yaradılmasını nəzərdə tutur.

Sençenko: "Donetsk
və Luqansk
vilayətlərində
hərbi vəziyyət
tətbiq olunmalıdır"

Ukrayna prezident administrasiyası rəhbərinin müavini səlahiyyətlərini icra edən Andrey Sençenko ölkənin Donetsk və Luqansk vilayətlərində hərbi vəziyyətin tətbiq edilməsinin lazım olduğunu bildirib. Bu barədə Sençenko "Şuster Live" televiziya verilişində deyib.
"Hər iki vilayətdə tezliklə hərbi vəziyyətin tətbiq olunmasına lüzum var", - deyə Sençenko bildirib.
Onun sözlərinə görə, antiterror əməliyyatı zamanı bütün vasitələrə əl atılacaq ki, dinc əhaliyə ziyan dəyməsin.

Kiyev hücuma
keçdi, Kreml nədən
susur?

Ukrayna hökumətinin separatçıları sıxışdırdığı bir vaxtda diqqət çəkən məqam Rusiyanın susmasıdır. Çünki döyüşlərin getdiyi şəhərlərdəki separatçılar Krımın ilhaqından sonra ayaqlandı və Moskvaya söykənərək müstəqilliklərini elan etdilər. Buna görə də məsələyə ilk münasibət də Moskvadan gəlməli idi.
Beləliklə, Kremlin susmasının səbəbləri hansılardır?
Politoloq Fikrət Sadıqov hesab edir ki, Kremlin susması daha ağır nəticələrə səbəb olacaq. Onun sözlərinə görə, maydan hadisələri zamanı da Rusiya susurdu, nəticədə isə Krım işğal olundu: "BMT Təhlükəsizlik Şurasında növbəti sədrlik Rusiyaya veriləcək. Güman edirəm ki, Rusiya bu məsələni orda qaldıracaq. Bununla yanaşı, Rusiya sussa da, Ukraynadakı separatçılar məhz Moskvanın yardımı ilə Kiyevə müqavimət göstərir. Rusiya ora hərbi sursat yardımı edir, həmçinin orada rus diversiya qrupları, muzdlu döyüşçülər, o cümlədən çeçenlər də vuruşur. Kadırov özü çeçenlərin Kiyevə qarşı döyüşdüyünü etiraf etdi. Düşünürəm ki, Rusiyanın bu dəstəyi davam edəcək".
Politoloq qeyd edib ki, hazırda Rusiya üçün vəziyyət pik həddinə çatmayıb. Onun sözlərinə görə, pik həddə Kreml bölgəyə qoşun da yeridə bilər.
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə Rusiyanın susmasının Ukrayna siyasətinin iflasa uğramasından çəkinməsi ilə əlaqələndirir. Onun fikrincə, Rusiya ya Ukraynanın yeni rəhbərliyi ilə münasibətlər qurmalı, ya da separatçıları təhrik etməkdə davam etməlidir: "Lakin bununla Ukrayna boyda dövlətə təzyiq etmək mümkün olmayacaq. Rusiya hazırda müşahidəçi qismində iştirak edir. Eyni zamanda, separatçılarla təzyiq etmək siyasətinə paralel olaraq Kiyevlə münasibətlər qurmağa çalışır. İndiki məqamda Rusiyanın mövqe bildirməsi onların Ukrayna siyasətinin iflası demək olardı".
Avrasiya İnstitutu ekspertlər şurasının üzvü, politoloq Adıgözəl Məmmədov isə bir qədər fərqli düşünür. Onun fikrincə, Azərbaycanla Türkiyə kimi qardaş olan ruslarla ukraynalıları bir-birinin üzərinə getməyə təhrik edən qüvvələr var: "Onlar slavyan köklü qardaş xalqlardır və hazırkı məqamda bu xalqları üz-üzə qoyan qüvvə var. Bu qüvvənin də regionda öz maraqları, məqsədləri var. Onlar bu vəsilə ilə regionda stabilliyin pozulmasına və maraqlı tərəflərin daha asan manipulyasiya etməsinə xidmət edirlər".
A. Məmmədov hesab edir ki, Azərbaycan və ümumiyyətlə, post-sovet ölkələr hazırkı situasiyada yalnız sülhün tərəfində olmalı, tərəflərin razılığa gəlməsinə çağırışlar etməlidirlər.

NATO müdafiə nazirləri Ukrayna üçün toplaşır

Şimali Atlantika Alyansına daxil olun ölkələrin müdafiə nazirlərinin Brüsseldə iki günlük toplantısı zamanı Ukraynadakı vəziyyət, təşkilata üzv Şərqi Avropa ölkələrinin kollektiv müdafiə tədbirlərinin gücləndirilməsi və Əfqanıstandakı missiyanın gələcək perspektivləri məsələləri müzakirə ediləcək.
Müdafiə nazirləri Ukraynadakı vəziyyəti yalnız öz aralarında deyil, həm də NATO-Ukrayna və NATO-Gürcüstan formatlarında da müzakirə edəcəklər.
NATO hazırda fəal hərbi təlimlər həyata keçirmək, böhran şəraitində təhdid və onun planlaşdırılması üzrə erkən xəbərdarlıq mexanizmlərini təkmilləşdirmək niyyətindədir.

Obama postsovet
respublikalarının
gücləndirilməsi
üçün Konqresdən
əlavə vəsait istədi

ABŞ prezidenti Barak Obama hərbi xərclər üçün əlavə 1 mlrd. dolların ayrılması məqsədi ilə Konqresə müraciət edib. Bu vəsait Şərqi Avropada ABŞ hərbi mövcudluğunun gücləndirilməsinə yönəldiləcək.
Obamanın təşəbbüsü ABŞ qoşunlarının maliyyələşməsinin artırılması ilə yanaşı NATO-ya daxil olmayan ölkələrin, o cümlədən Ukrayna, Gürcüstan və Moldovanın potensialının gücləndirilməsini nəzərdə tutur.

Putin Poroşenko ilə görüşəcəkmi?

Rusiya prezidenti Vladimir Putin Böyük Britaniyanın baş naziri Devid Kemeronla görüşəcək. İkitərəfli görüş Normandiyada keçiriləcək.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, V.Putin Fransada digər ölkələrin prezident və baş nazirləri ilə də görüşlər keçirə bilər.
Qeyd edək ki, iyunun 6-da 18 ölkənin dövlət başçısı və İkinci dünya müharibəsinin təxminən 1000 veteranı müharibə zamanı Qərb cəbhəsinin açılması - müttəfiq qoşunlarının Normandiya sahillərinə çıxmasının 70 illiyinə həsr edilmiş tədbirlərdə iştirak edəcək. Tədbirlərdə Ukraynanın yeni prezidenti Pyotr Poroşenko da iştirak edəcək. Lakin V.Putinin P.Poroşenko ilə görüşü gözlənilimir.

Baş Prokurorluq:
Ukraynada
qarşıdurmalarda
180 nəfər həlak olub, 300-ə yaxın insan
yaralanıb

Ukraynanın şərq vilayətlərində baş vermiş qarşıdurmalar nəticəsində 180 nəfər həlak olub, 293 nəfər xəsarət alıb. Bu barədə dünən Ukraynanın baş prokuroru səlahiyyətlərinin icraçısı Oleq Maxnitski brifinqdə bəyan edib. Xəbəri UNİAN yayıb.
Onun sözlərinə görə, öldürülənlərin 59-u hərbi qulluqçudur.
Maxnitski qeyd edib ki, eləcə də "şərqdə qarşıdurmaların başladığı vaxtdan terrorçular tərəfindən 220 nəfər oğurlanıb ki, onlardan 22 nəfəri əcnəbidir".
Təxribat, terror aktları, kütləvi iğtişaşların təşkili, Ukraynanın konstitusiya quruluşunu devirmək çağırışları və ərazi bütövlüyünün pozulması faktları üzrə 765 cinayət işi açılıb, 412 nəfər şübhəli şəxs qismində saxlanılıb.

SSRİ-ni bitirən
"Bjezinski planı"
indi Rusiyaya qarşı
işə salınır

Amerika-Rusiya əlaqələrinin Ukraynadakı hadisələrə görə pisləşməsindən sonra politoloqlar Zbiqnev Bjezinski 80-ci illərdəki planının təkrarlanmasını proqnozlaşdırırlar.
Bejinskinin planı ovaxtkı soyuq müharibədə ABŞ-ın qələbəsini təmin etdi. Amerikalılarla ilə gizli danışığa gedən Səudiyyə Ərəbistanı dünya bazarına külli-miqdarda neft çıxartmaqla enerji daşıyıcıların qiymətini xeyli saldı.
Neftin qiyməti bir barel üçün 28 dollardan 10 dollara düşdü. İqtisadiyyatı enerjidaşıyıcıların qiymətindən, böyük ordusunun təchizatı neft pullarından asılı olan SSRİ sarsıldı. Birdən-birə ovaxtkı pulla 2 milyard (indiki pulla 25 milyard-red) itirən Sovet İttifaqı öz-özünə dağıldı.
Bəs Bjezinski planı təkrarlana bilərmi? Bu sual indi bir çox siyasi təhlilçiləri düşündürür. Buna əsas da var. Rusiya Krımı özünə birləşdirdiyini bəyan edən kimi Barak Obama Səudiyyə Ərəbistanının kralı ilə görüşə tələsdi. Onların nə haqda danışdığını ehtimal etmək çətin deyil.
Amma indi 1984-cü il deyil. Rəsmi Ər-Riyad ABŞ-ın təklifinə o qədər də müsbət yanaşmır. Krallığın büdcəsi neftin bir bareli üçün 95 dollardan hesablanıb. Neft istehsalını artırıb, qiyməti qəfildən aşağı salmaq krallığın
özü üçün təhlükəlidir. Ölkənin stabilliyi pozula bilər. "Ərəb baharı"nı ölkəsində təkrarlanacağından qorxan
Səudiyyə Ərəbistanının şeyxləri Obamanın planına şübhə ilə yanaşırlar. Odur ki, məşhur maliyyəçi, milyarder Corc Soros çıxış yolu kimi Vaşinqtondan öz strateji neft ehtiyatlarını dünya bazarına çıxarmağı təklif edib. ABŞ-ın strateji neft ehtiyatları 900 milyon bareldir. Bu plan baş tutacağı halda dünya bazarlarında neftin qiyməti bir barel üçün 10-12 dollar ucuzlaşacaq. Ekspertlərin fikrincə, belə olan halda Rusiya 40 milyard dollar ziyana düşəcək.
Kənan Rzaquliyev