Etibar Pirverdiyevin karyerasını bitirirlər
Etibar Pirverdiyevin karyerasını bitirirlər
Rayonlarda işıqları səbəbsiz yerə söndürərək
"Azərenerji" sədrini tamamilə gözdən salmağa çalışırlar

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin sədri Etibar Pirverdiyevin karyerasına ciddi təhlükə yaranıb. Son vaxtlar adı ölkə mətbuatının gündəmindən düşməyən Etibar Pirverdiyevin barəsində yazılanlar onun da "qara siyahı"da olan məmur kimi tədim olunmasına səbəb olub.
Xüsusilə də E.Pirverdiyevlə Elbrus Məmmədov adlı iş adamı arasında 2,4 milyon manatlıq əmlak davasının qızışması hakim dairələrdə "Azərenerji" rəhbərinə olan inama ciddi zərbə vurub. Məlumatda bildirilir ki, bu qalmaqal Pirverdiyevlə yanaşı, onun yaxın qohumları barədə araşdırmalara da səbəb olub. Bundan əlavə, "Unikal"in əldə etdiyi məlumata görə, ASC sədrinin təkcə bir mülkə Azərbaycanda bir məmurun aldığı maaş və mükafatların məbləğindən aslı olaraq, 2,4 milyon manat pul xərcləməsi, çox böyük əks-səda doğurub. Bu səbəbdən də E.Pirverdiyevə qarşı səlib yürüşü elan olunub.
Bu barədə bizi məlumatlandıran şəxsin sözlərinə görə, "Azerenerji" şefinin həyat yoldaşının adının bu məsələyə qarışması onun əleyhdarlarına fürsət verib: "Etibar Pirverdiyev və onun ailə üzvlərinin dəlillərlə isbatlanmış bu faktın qarşısında susqunluqları da məsələnin təkzibedilməzliyi ilə bağlıdır. Əks halda, Pirverdiyev və yaxın ətrafı çoxdan bunu təkzib edərdilər. Elə bu faktı da əllərində əsas tutaraq, Etibar Pirverdiyevin karyerasına son qoymağa çalışacaqlar. Məndə olan məlumata görə, artıq "Azərenerji" daxilində də Pirverdiyevə qarşı olan səlahiyyətli şəxslərlə müəyyən danışıqlar aparılır. Diqqət edirsinizsə, son bir neçə gündə rayonlarda işıqlar səbəbsiz yerə söndürülür. Bu da Etibar Pirverdiyevin vurulduğu bir məqamda diqqəti ona yönəltməyə kifayət edir. İndi baxın, bir tərəfdən Etibar Pirverdiyevin milyonluq maxinasiyaları, mülkləri barədə məlumatlar ictimaiyyətə ötürülür, o biri tərəfdən rayonlarda yayın bu vaxtında işıqlar sönür və narazılıqlar yüksəlir. Sözsüz ki, bütün bunlar planlı şəkildə həyata keçirilir və Pirverdiyevi yıxmağa hesablanıb".
Sonda müsahibimiz onu da bildirib ki, hazırda "Azərenerji" sədrinə qarşı iş aparan qüvvələr kifayət qədər ciddidir və istəklərinə nail olmaq üzrədir. Əgər fövqəladə hadisə baş verməsə, E.Pirverdiyevin istefaya göndərilməsi gerçəkləşəcək. Çünki onun barəsində hazırlanan şok dosye artıq yuxarılara ötürülüb.
Z.MƏMMƏDLİ