Ukraynada separatçılara böyük şok: Donetskdə 300 terrorçu öldürüldü
09:20 05-06-2014
İQTİSADİYYAT
Ölkənin şərqi silahlı ruspərəstlərdən tamamilə təmizlənməkdədir
İyunun 3-də Ukraynanın Donetsk vilayətində antiterror əməliyyatı zamanı 300 nəfər terrorçu öldürülüb, 500 nəfər yaralanıb. Bunu antiterror əməliyyatının spikeri Vladislav Seleznyov deyib.
V.Seleznyov bildirib ki, əməliyyat zamanı iki nəfər ukraynalı hərbçi ölüb, 45 nəfər yaralanıb.
Turçinov:
"Donetsk vilayətinin
şimal hissəsi
terrorçulardan
tamamilə təmizlənib"
Antiterror əməliyyatlara cəlb olunmuş ordu qüvvələri Donetsk vilayətinin şimal hissəsini terrorçulardan tamamilə təmizləyiblər. Bu barədə Ukrayna prezidentinin mətbuat xidmətinin Antiterror əməliyyatın komandanlığının prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinova təqdim etdiyi hesabatına istinadən yaydığı məlumatında bildirilir.
"Bu gün (dünən - red.) antiterror əməliyyatı zamanı Donetsk vilayətinin şimal hissəsi terrorçulardan tamamilə təmizlənib, bölgədə separatçıların postları və hərbi düşərgələri dağıdılıb, Semenovka qəsəbəsində yerləşən əsas mövqeləri tutulub və Krasnıy Liman şəhəri nəzarətə alınıb", deyə açıqlamada bildirilir. .
Bundan başqa hərbçilər Luqansk vilayətinin şimal və şərqindəki sərhədlərini də tam nəzarətə götürüb.
Turçinovun sözlərinə görə, srağagün terrorçuların çoxlu sayda dəstələri darmadağın edilib. Onun sözlərinə görə, bu, yaxın gələcəkdə mərkəzi Donbasın da terrorçulardan təmizlənməsini mümkün edir.
Kramatorsk şəhərində 6 terrorçu minaya düşdü
Srağagün Ukraynanın Kramatorsk şəhərinin yaxınlığındakı Yasnoqorsk qəsəbəsində "Donetsk Xalq Respublikası"nın 6 nümayəndəsinin içərisində olduğu avtomobil hərəkətdə olarkən minaya düşüb.
"UNİAN"ın verdiyi xəbərə görə, minanın partlaması nəticəsində avtomobildə olan separatçılardan 4-ü hadisə yerində ölüb, 1 nəfər kontuziya alıb, daha bir nəfər isə yaralanıb
Separatçılar Luqanskda hərbi hissəni ələ
keçirdiklərini elan etdi
Separatçı qüvvələrin nümayəndəsi Luqanskda yerləşən hərbi hissəni ələ keçirdiklərini bəyan edib.Məlumata əsasən, hərbi hissədə olan bütün hərbçilər təslim olub. "Hərbçilərin hamısı təslim olub. Hazırda onları hərbi hissənin təlim meydanında sıraya düzmüşük, onların barəsində hansı addımların atılacağına dair müzakirə aparılır", deyə mənbə bildirib.
Separatçının sözlərinə görə, əsgərlər arasında çoxlu sayda yaralı var.
"UNN" agentliyi separatçılar arasında da itkilərin olduğunu bildirib. Ukrayna Milli Qvardiyasının məlumatına görə, separatçılar arasında 10-dək silahlı yaralanıb, bir neçə nəfəri öldürülüb.
Qeyd edək ki, bundan bir neçə saat əvvəl 300-dək silahlı separatçı Ukrayna Milli Qvardiyasının milis alayını mühasirəyə alaraq hərbçilərdən təslim olmalarını tələb ediblər. Hərbçilərin etirazına cavab olaraq separatçılar hərbi hissəni qumbaraatan, minaatan, pulemyot və avtomat silahlardan atəşə tutublar. Bir neçə saat davam edən qızğın döyüş zamanı hərbi hissədə güclü yanğın baş verib.
Ukraynanın rəsmi qurumları hələlik məlumatı təsdiqləməyib.
Putin: "Ukraynada rusiyalı hərbçilər yoxdur"
Rusiya heç vaxt Ukraynada vəziyyəti gərginləşdirməyə çalışmayıb. Bu ölkədə hərbçilərimiz yoxdur. Bunu Fransanın "TF1" telekanalına və "Europe1" radiosuna müsahibəsində Rusiya prezidenti Vladimir Putin deyib.
Rusiyanın Ukraynanı birləşdimək niyyətinin olmadığını bildirən Putin buna heç vaxt cəhd etmədiklərini vurğulayıb. "Ukrayna hökuməti öz xalqı ilə dialoqa başlamalıdır. Bu, tank və təyyarələrlə deyil, danışıqlar vasitəsi ilə olmalıdır. İnsanlar harada yaşamalarından asılı olmayaraq hüquqlara malikdir və bu hüquqar müdafiə olunmalıdır", - deyə o vurğulayıb.
Putin amerikalı həmkarı Barak Obama ilə dialoq aparmağa hazır olduğunu da bəyan edib. Xatırladaq ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Ben Rods Obamanın İkinci Dünya müharibəsində faşizmə qarşı döyüşənlərin Normandiya bölgəsinə çıxmasının 70 illiyinə həsr olunmuş tədbirlərdə Putinlə söhbətləşəcəyini istisna etməyib: "Amma formal görüş planlaşdırılmayıb. Obama da görüşün mümkünlüyünü bildirib".
Obama özü isə iyunun 3-də Putini Ukraynanın yeni prezidenti Pyotr Poroşenko ilə görüşməyə çağırmışdı. O bildirmişdi ki, Putin Ukraynada münaqişə tərəfləri arasında dialoqun təşkil olunmasına təşəbbüs göstərməlidir. ABŞ prezidenti Normandiyada Putinlə görüşə biləcəyini də istisna etməmişdi.
Putin isə bu haqda belə deyib: "Obamanın Rusiya prezidenti ilə görüşmək istəməməsini ehtimal etməyə əsasım yoxdur. Bir də ki, bu onun öz seçimidir. Mən dialoqa həmişə hazıram".
Putinin fikrincə, bütün digər dünya nəhəngləri arasında ABŞ ən aqressiv və qəddar siyasət aparan dövlətdir: "Özü də ildən-ilə. Bizim xaricdə demək olar ki, hərbi gücümüz yoxdur. Baxın, Amerika bazaları bütün dünyada var. Amerikanın öz sərhədindən min kilometr kənarda da qüvvəsi var".
Ukrayna Rusiya ilə
sərhədi gücləndirdi
Ukrayna Dövlət Sərhəd Xidməti Ukrayna-Rusiya sərhədini gücləndirib. Bu barədə qurumun rəisi Nikolay Litvin bildirib. "Biz sərhədin müdafiəsini təmin etmək üçün səyyar qrupların işini təşkil etdik. Bundan başqa, şəxsi heyət "BTR" və ağır atıcı silahlarla təchiz olunub. Həmçinin bütün nəzarət-buraxılış məntəqələrin müdafiəsi gücləndirilib", deyə o bildirib.
Litvin qeyd edib ki, məsələnin həlli çərçivəsində sərhədçilərin bir hissəsi ölkənin qərbindən şərq hissəsinə köçürülüb.
Ukrayna Rusiyanı
İnsan Haqları
Məhkəməsinə verdi
Ukrayna Avropa İnsan Haqları məhkəməsində Rusiyaya qarşı iddia qaldırıb. Rəsmi Kiyevin iddiasına görə, Rusiya Krımı ilhaqına görə Ukrayna qarşısında cavab verməlidir. Ukraynanın baş naziri Arseniy Yatsenyuk bu barədə açıqlama verib.
Onun sözlərinə görə, Ukrayna Rusiyaya qarşı əlavə iddialarla çıxış etməyi planlaşdırır : " Ukrayna ərazilərini qeyri-qanuni olaraq zəbt etdiyinə və taladığına görə Rusiyanın dövlət orqanlarını o cümlədən rəhbərliyini məhkəməyə verəcəyik".
Kiyev Moskvadan həm də təxminən 1 trilyon 80 milyard qriveni ( təxminən 90 milyard dollar) tələb edəcək.
Qeyd edək ki, Ukrayna Baş Prokurorliuğu məsələ ilə bağlı araşdırmalara başlayıb. Hesablamalara görə, Krımın itirilməsi nəticəsində Ukraynaya 1 trilyon 80 milyard qriven ziyan dəyib.
Bir müddət əvvəl isə Yatsenyuk, Rusiyanın 2.2 milyard kub metrlik Ukrayna qazını oğurladığını demişdi.
Kiyev inauqurasiyaya
rəsmi Moskvanın
nümayəndəsini
dəvət etdi
Bu arada məlum olub ki, Ukrayna hakimiyyəti yeni seçilmiş prezident Pyotr Poroşenkonun inauqurasiyasına Rusiyanın Ukraynadakı müvəqqəti işlər müvəkkili Andrey Vorobyovu dəvət edib. APA-nın "BBC"yə istinadən verdiyi xəbərə görə, Vorobyovun Kiyevin dəvətini qəbul edib-etməyəcəyi barədə məlumat yoxdur.
Ukrayna XİN nümayəndəsi Yevgeni Perebiynis Rusiya prezidenti Vladimir Putin andiçmə mərasiminə dəvət olunmadığını təsdiqləyib.
ABŞ nümayəndə heyətinə inauqurasiyada vitse-prezident Co Bayden rəhbərlik edəcək.
Qeyd edək ki, srağagün Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenkonun iyunun 7-də keçiriləcək andiçmə mərasimində bir sıra ölkələrin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcəyi açıqlanıb. Ukrayna XİN-in informasiya siyasəti departamentinin rəhbəri Yevgeni Perebiynıs artıq 20-yə yaxın ölkənin dövlət və hökumət başçılarının mərasimə qatılacaqlarını təsdiqlədiklərini söyləyib. Diplomat bildirib ki, bu, hələlik son rəqəm deyil, xarici ölkələrdən məlumatlar daim daxil olmaqdadır.
Avropa Birliyi Şurasının prezidenti Herman van Rompey, İsveçrənin prezidenti və xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter, ATƏT-in baş katibi Lamberto Zanyer, Polşa prezidenti Bronislav Komorovski, Litva prezidenti Dalya Qribauskayte, ABŞ-ın vitse-prezidenti Co Bayden inauqurasiyaya qatılacaqlarını təsdiqləyiblər.
Andiçmə mərasimi Kiyevin Sofiya meydanında keçiriləcək. İyunun 3-də meydanda mərasimin məşqi olub.
Obama Ukraynanın yeni prezidenti ilə görüşdü
Dünən ABŞ prezidenti Barak Obamanın Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenko ilə görüşüb. Görüş Varşavada keçirilib.
Görüşdə Obama Ukraynanın yeni rəhbərliyinə tam dəstəyini ifadə edib.
Qeyd edək ki, ABŞ prezidenti Polşaya Avropa ölkələrinə turnesi çərçivəsində gəlib.
Poroşenko isə "Həmrəylik" mükafatının təqdimetmə mərasimi ilə əlaqədar təşkil olunan şam yeməyində iştirak etmək məqsədilə Varşavaya təşrif buyurub. Bildirək ki, bu il mükafat Krım tatarlarının lideri Mustafa Cəmilyevə təqdim olunub.
Bu barədə məlumatda deylir ki, Polşa dövləti Krım tatarlarının lideri Mustafa Cəmilova demokratiya və insan haqları sahəsində fəaliyyətinə görə Lex Valensa Həmrəylik Mükafatı verib. Mükafatın dəyəri 1 milyon avrodur. Mükafat iyunun 3-ü Varşavada keçirilən təntənəli mərasimdə təqdim olunub.
Mustafa Cəmilov 1943-cü ildə anadan olub. 1944-cü ildə ailəsi Krımdan Özbəkistana sürgün olunub. SSRİ zamanında dissident fəaliyyətinə görə 15 ildən çox həbsdə yatıb.
Ukrayna parlamentinin deputatı olan Mustafa Cəmilov Krımın işğalına kəskin etiraz etdiyinə görə Rusiya onun ölkəyə girişini yasaqlayıb.
Pentaqon Putin
əleyhinə söz verdi
Pentaqon rəhbəri Çak Heygel Baltikyanı ölkələri Rusiyanın təcavüzündən qoruyacağını deyib. Bu barədə Pentaqonun mətbuat xidməti açıqlama yayıb.
Məlumatda bildirilir ki, Çak Heygel Brüsseldə Baltikyanı ölkələrin müdafiə nazirləri ilə görüşdə bildirib ki, ABŞ və NATO Latviya, Litva, Estoniyanı Rusiyanın istənilən təcavüzündən müdafiə edəcək.
Xatırladaq ki, Rusiya Krımı özünə birləşdirməsindən sonra ABŞ, NATO və bir sıra Avropa ölkələri rəsmi Moskvaya qarşı sanksiyalar tətbiq etdi. Avropada olan digər postsovet ölkələri də rəsmi Moskvanın aqressiv siyasətindən narahatdır.
Lavrov və Kerri
Ukraynaya görə
Parisdə görüşəcək
Rusiyanın xarici işlər naziri Serqey Lavrov və ABŞ dövlət katibi Con Kerri bu gün Fransanın paytaxtı Parisdə görüşəcək. Bu barədə Rusiya XİN-i xəbər yayıb.
Planlaşdırılan danışıqlar barədə daha əvvəl ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki məlumat verib. Onun sözlərinə görə, görüşdə Ukrayna və Suriyadakı vəziyyətin müzakirə ediləcəyi gözlənilir.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53