Çəkisini itirmiş ölkəyə "tulapayı"
10:39 05-06-2014
İQTİSADİYYAT
Çəkisini itirmiş ölkəyə "tulapayı"
Beynəlxalq arenada nüfuzunu və çəkisini itirmiş Ermənistan başqa nəyə bel bağlaya bilər ki...
"Onu da deməliyəm ki, Ermənistanın Gömrük İttifaqına qatılması yolunda heç bir məneə yoxdur. Doğrudur, iki-üç məsələ var, amma onlar sırf texniki səciyyəlidir və ticari münasibətlərimizlə bağlıdır". Ermənistan prezidenti Serj Sarkisyan sədri olduğu Ermənistan Respublika Partiyasının gənclər təşkilatlarının növbəti hesabat toplantısının iştirakçıları qarşısındakı çıxışında belə deyib.
S.Sarkisyan daha sonra Qazaxıstan prezidenti Nursultan Nazarbayevin bəyanatını şərh edib. N.Nazarbayev Avrasiya İqtisadi Birliyinin yaradıldığı sammitdə demişdi: "Azərbaycan prezidentindən məktub almışıq və məktubda deyilir ki, Ermənistan Ümumdünya Ticarət Təşkilatına şərtlərlə daxil olunub. Həmin şərtlər Ermənistana onun dünya birliyi, BMT ilə yanaşı ÜTT tərəfindən tanınmış sərhədləri daxilində şamil olunmalıdır".
Ermənistan prezidenti bu bəyanatla bağlı söyləyib: "Nazarbayevin dediklərinə gəldikdə isə... Əvvəla, sərhədlər barədə danışmaq düz deyil. Hansı sərhədlərdən bəhs edirik?! Dağlıq Qarabağ problemi Gömrük İttifaqında həll olunmur. Kim deyib ki, Gömrük İttifaqına Qarabağla birliklə qatılır?! Belə olmayıb və ola da bilməz, çünki ən azı qanunvericiliyimizə görə Qarabağ Ermənistan ərazisi deyil. Gömrük İttifaqında üzvlüymüz isə Dağlıq Qarabağ probleminin həllinə yardım edəcək. Bu, birmənalıdır. Təbii, Nazarbayevin dedikləri o qədər də xoş deyil. Amma bizə zərər vura bilməz".
Maraqlı, eyni zamanda Ermənistanın hakimiyyət dairələrindəki təlaşdan xəbər verən açıqlamadır. Hadisələrin inkişaf məcrasına nəzər salaq. Rusiya, Belarus və Qazaxıstan mayın 29-da Astanada Avrasiya İqtisadi Birliyinin yaradılması ilə bağlı anlaşma imzaladılar. Müqavilə 2015-ci ilin yanvarın 1-dən qüvvəyə minir. Rusiya prezidenti Vladimir Putinin dediyinə görə, Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) qoşulması ilə bağlı müqavilə ən yaxın vaxtlarda imzalanmalıdır: "Erməni tərəfi bunu iyunda reallaşdırmaq istədi, biz də razılaşdıq. Ümid edirik ki, İttifaq fəaliyyətə başlayandan sonra Ermənistan bu strukturun tamhüquqlu üzvünə çevrilə biləcək". 2013-cü ilin sentyabrın 3-də Ermənistanın hakimiyyət dairələri Gömrük İtiifaqına qatılmaq, sonra da Avrasiya İqtisadi Birliyinin formalaşmasında iştirak etmək niyyətində olduqlarını bildirmişdilər.
Ermənistanın Gömrük İttifaqına qatılması ilə bağlı "yol xəritəsi" isə dekabrın 24-də, Avrasiya İnteqrasiya İttifaqının Moskvada keçirilmiş toplantısında imzalanmışdı. Serj Sarkisyan çox sənədlər imzaladı və bəyanatlarında da şövqlə deyirdi ki, onun başçılıq etdiyi ölkə postsovet məkanında yeni birliyin yaradılmasına yönəlmiş proseslərin ən aktiv iştirakçılarından biridir. Rəsmi Yerevan prosesləri elə təqdim edirdi ki, sanki Moskva yeni qurumla bağlı planlarını həyata keçirmək üçün Belarus və Qazaxıstan rəhbərliyi ilə bahəm, sürəkli olaraq Serj Sarkisyanla da məsləhətləşir. Yəni ermənilərə vəd olunurdu ki, narahatlıq keçirməsinlər, Yerevan çox böyük geosiyasi oyun sayılan prosesin bilavasitə iştirakçısıdır.
Daha sonra S.Sarkisyanın ritorikasından bəlli oldu ki, Avrasiya İqtisadi Birliyinin yaradılması ilə bağlı sammitdə mütləq şəkildə iştirak edəcək. Yerevandakı iqtidar "Bizsiz olmayacaq, biz orada mütləq iştirak edəcəyik" söyləyir və "iştirak məsələsi"nin Rusiyanın vəd, eyni zamanda təmin etdiyini vurğulayırdı. Ermənilərə növbəti təbliğat məhsulları həvəslə təqdim olunurdu. Lakin mayın 29-da Astanadakı sammitdə Ermənistan prezidenti Serj Sarkisyan yoxdu. Əslində, ola da bilməzdi. Rusiya postsovet məkanında yaratdığı yeni, sırf geosiyasi məqsədlərə xidmət edən konstruksiyanın formalaşmasında Ermənistanı əhəmiyyətsiz əlavə saydı.
Yerevan Cənubi Qafqazda Rusiyanın "strateji müttəfiqi və təməl tərəfdaşı" kimi qələmə verilsə də, Moskva Ermənistanı forpost, az qala quberniya sayır. Astanada "ağaların məclisində nökərin nə işi var" məntiqi ilə davranan Moskva Ermənistanı oyundan kənar vəziyyətdə saxladı. Yerevan onun guya "iştirakçı" olduğu AİB-in yaradılmasını kənardan seyr etdi və sammit başa çatandan sonra Ermənistana vəd verildi ki, tapşırıqları və əmrləri vaxtında, deyildiyi kimi yerinə yetirərsə, onu da oyuna qatacaqlar. Belə vəziyyətdə Ermənistan məhəllədəki ən mağmın, qorxaq və bacarıqsız qonşuya bənzəyirdi: o biri qonşular bayram keçirəndən sonra yada saldılar ki, hə, bir zavallı da var, bəlkə, onu da çağıralar. Əks təqdirdə həmin biçarə başqa qonşulara yan alar.
Rusiya da Ermənistanın Qərbə meyllənməsinə yol verməmək üçün itaətdəki köləsinin könlünü almaq üçün "iyunun 15-i" vədini gündəmə gətirib. Yerevan kölədir, amma sürəkli aldanan, eşitdiyi vədlərin yalan olduğunu anlayan qul belə sonucda qiyam edərək başqa ağaya üz tuta bilər. Moskva da bunu bilir. Eyni zamanda, Rusiya Ermənistan prezidenti Serj Sarkisyana yerini göstərməyi də unutmur. AİB-in Astana sammitində pulların paylanması mərasimi də maraqsız deyildi. Rusiyanın yeganə inteqrasiya resursu pul olduğundan Moskva AİB-ə qatdığı ölkələrə texnologiyalar və innovasiyalar yox, neft və qaz satışından əldə etdiyi pulları təklif edir. Avrasiya İqtisadi Birliyi belə qurulur.
Astanadakı sammitdən sonra da Moskva "strateji tərəfdaş"larını kassaya dəvət etdi. Belarus 1 milyard, Qazaxıstan - 1,2 milyard dollar aldı. Ermənistana isə Mesamor atom-elektrik stansiyasının modernləşdirilməsi üçün 300 milyon dollar vəd olundu. Bu səbəbdən də yaradılması ilə bağlı "ilin hadisəsi", "Moskvanın möhtəşəm geosiyasi gedişi" və ilaxır bravur bəyanatlar verilən Avrasiya İqtisadi Birliyi əslində havaya açılan atəşdir. Məzkur atəş yalnız qorxmaq istəyənləri qorxuda bilər. Avrasiya İqtisadi Birliyi və ələlxüsus da, "Rusiya ilə strateji tərəfdaşlıq" sivil dünyada suverenliyin peşkəşi kimi qəbul olunur. Ermənistan da anormal yaşamı və müstəqilliyinin Rusiyaya hədiyyə edilməsinin müqabilində cəmi 300 milyon dollarlıq vədlə kifayətlənmək məcburiyyətindədirsə - bu, Yerevandakı hakimiyyətin kimlərdən ibarət olduğunu göstərir.
Beynəlxalq arenada nüfuzunu və çəkisini itirmiş Ermənistan başqa nəyə bel bağlaya bilər ki...
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53