Qərib Məmmədovla Hacıbala Abutalıbovun müəmmalı ortaqlığı
10:52 05-06-2014
CƏMİYYƏT
Qərib Məmmədovla Hacıbala Abutalıbovun müəmmalı ortaqlığı
Adıçəkilən məmurlar milyonlarla azərbaycanlının problemini niyə həll etmir?
Bakıda "havada" qalan evlərin sayı ilbəil artır. Çünki paytaxtda ev tikmək istəyən əksər sakin müvafiq rayonun İcra Hakimiyyəti və Bələdiyyə nümayəndəsi ilə "razılıq" əldə etməlidir.
İcra və ya bələdiyyə nümayəndələri bunun əvəzində deyirlər ki, "gözümü yumuram, tezbazar evin üstünü, yəni damını vurursan". Sakin isə tələm-tələsik evi tikir, üstünü vurur, girib içində yaşamağa başlayır. Evi qeydiyyata salmağa isə tələsmir. Çünki əksəriyyətinin buna maddi imkanı çatmır. Heç kimə sirr deyil ki, Bakıda evi qeydiyyata salmaq üçün müvafiq rayonun İcra Hakimiyyətinə təxminən 2-6 min manat pul ödənilməlidir.
Ekspertlərin açıqlamalarına görə ("ans press"), təkcə ötən il Azərbaycanda icazəsiz təxminən 4 min ev inşa edilib. Proqnozlara görə bu il də bu cür evlərin sayında təxminən 4-5 min artım ola bilər. Təqribi hesablamalara görə, hazırda paytaxt Bakıda qeydiyyatsız evlərin ümumi sayı 510 mindən çoxdur. Həmin evlərdə 2 milyondan çox sakin yaşayır. Sakinlərin qeyd edilən problemini, yəni qeydiyyatsız evlərin sənədləşdirilməsi üçün prezident İlham Əliyev 2011-ci ilin martında Bakı Şəhər İcra Hakimiyyətində ölkəmizin paytaxtı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədə aidiyyəti qurumlara tapşırıqlar verdi.
Aidiyyəti dövlət orqanları paytaxtda olan qeydiyyatsız tikililərin siyahısını dəqiqləşdirməli və onların sənədləşdirilməsi ilə bağlı proqram hazırlamalı idi. Həmin vaxtdan 3 ilə yaxın vaxt keçib, amma aidiyyəti dövlət orqanları onlara verilən göstərişləri yerinə yetirməyi ya unudub, ya da ortada başqa məsələ var.
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı bildirib ki, Bakı şəhərində qeydiyyatsız evlərin sənədləşdirilməsi müvafiq İcra Hakimiyyətinin marağında olmayan məsələdir. Ekspertin sözlərinə görə, müfaviq yerli İcra Hakimiyyəti orqanları evlərin tikilməsindən, daha sonra onların qeydiyyata alınmasından xüsusi qazanc məqsədi ilə istifadə edir. Yəni bu, onların gəlir mənbəyinə çevrilib. "Sənədi olmayan ərazidə ev tikmək üçün əlavə ödəniş tələb olunur. Buna "gözyumulu" məsələsi deyirik. Yəni pulunu verdin, gözümü yumuram, get evini tik. Qeydiyyatsız evlərin sənədləşdirilməsi prosesinə start vermək müvafiq İcra Hakmiyyəti və bələdiyyələri gəlir mənbəyindən mərhum edəcək", deyə ekspert bildirdi.
Ekspert hesab edir ki, yerli İcra Hakimiyyəti orqanları qeydiyyatsız evlərin sənədləşdirilməsində maraqlı olsaydı, proses yekunlaşmalı idi.
Məsələ ilə bağlı aidiyyatı dövlət qurumları isə ya susur, ya da qeydiyyatsız evlərin sənədləşdirilməsi prosesinin ləngiməsini bir-birlərinin üstünə atırlar.
Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, komitə qeydiyyatsız evlərin sənədləşdirilməsi prosesində ən son iş görəcək qurumdur. Yəni Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Bakı şəhər İcra Hakimiyyəti sənədsiz evləri qeydiyyata almalı, onların siyahısını tutmalı və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə təqdim etməlidir.
Qərib Məmmədovun sədri olduğu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən bildiriblər ki, qeydiyyatsız evlərin sənədləşdirilməsi ilə bağlı rəsmi tapşırıq verilməyib.
Hacıbala Abutalıbovun rəhbərlik etdiyi Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova isə bildirib ki, evlərin sənədləşdirilməsi prosesi ilə bağlı onda heç bir məlumat yoxdur. N.Məmmədova məsələ ilə bağlı rəhbərlikdən məlumat almaq üçün bir neçə saat vaxt istəyib. Amma səhəri günü yenidən onunla əlaqə saxlandıq da, o, hələ də heç bir məlumat öyrənə bilmədiyini deyib.
Göründüyü kimi, Qərib Məmmədovla Hacıbala Abutalıbovun başında dayandığı qurumlar Azərbaycanda milyonlarla insanın problemini ya görməməzliyə vururlar, ya da...
Günel Əkbər
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55