Müsavatla "El" Hərəkatı arasında yeni savaş
10:55 05-06-2014
CƏMİYYƏT
Müsavatla "El" Hərəkatı arasında yeni savaş
İsa Qəmbərlə Eldar Namazovun anlaşa bilməməsi tərəfləri üz-üzə gətirir
Məlum olduğu kimi, Müsavat Partiyası ilə "El" Hərəkatının əməkdaşlıq sazişi imzalaması və müttəfiqlik münasibətləri qurması məsələsi daşa dirənib.
Hətta iş o yerə çatıb ki, hər iki tərəfin nümayəndələri bu barədə danışmaq belə istəmirlər. Məsələylə bağlı münasibət öyrənmək istəsək də, cəhdlərimiz uğursuaz olub. "Unikal"a danışan "El" Hərəkatının sədr müavini Köçəri Nağıbəyli deyib ki, bu barədə ətraflı bir şey deyə bilməz: "Düzü, mən bir aydır ki, Bakıda deyiləm, nə baş verdiyini, hansı danışıqların aparıldığını deyə bilmərəm. Yaxşı olar ki, siz ya Eldar Namazovla, ya Zəfər Quliyevlə əlaqə saxlayasınız. Onlar bu barədə məlumat verə bilərlər".
Məsələyə münasibət öyrənmək üçün Eldar Namazovla əlaqə cəhdimiz də alınmadı. Telefon zəngimizə cavab verən Zəfər Quliyev "Unikal"ın əməkdaşının sualını eşidən kimi "Mənim danışmağa imkanım yoxdur. Hazırda işim çoxdur", - deyərək telefonu qapadıb.Bu barədə açıqlama verən Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə deyib ki, Müsavat Partiyası və "El" Hərəkatı arasında əməkdaşlıq haqqında sazişin hazırlanması hələ yekunlaşmayıb. Onun sözlərinə görə, "El"-lə ilkin razılaşma var və hazırda sənəd üzərində iş gedir. Müsavat funksioneri qeyd edib ki, layihə tamamlanandan sonra tərəflər arasında saziş imzalanacaq. Qeyd edək ki, sazişin aprel ayında imzalanması nəzərdə tutulsa da, hələ də layihə başa çatmayıb və qeyri-müəyyən vaxtadək təxirə salınıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, tərəflər arasında ilkin razılaşma pozulub deyə əməkdaşlıq məsələsini səs-küy çıxmadan qapatmaq istəyirlər. Bizi bilgiləndirən şəxsin sözlərinə görə, Müsavat başqanı İsa Qəmbər "El" lideri Eldar Namazovla bir çox məsələlərdə anlaşa bilməyib. Ona görə də hələlik hər iki tərəf gözləmə mövqeyinə keçiblər. Amma yaxın günlərdə tərəflər arasında qarşılıqlı ittihamlarla müşahidə olunan yeni bir qarşıdurmanın başlanacağı gözləniləndir.
Xatırladaq ki, Milli Şuranı tərk edən Müsavat Partiyası keçən il dekabrın 19-da "El" Hərəkatına əməkdaşlıq sazişi imzalamağı təklif edib. O dövrdə Milli Şurada təmsil olunan "El" Hərəkatı Müsavat Partiyasına cavab verməyi təxirə salıb. "El" Hərəkatının sədri Eldar Namazov Milli Şuranı tərk edəndən sonra iki qurum arasında əməkdaşlıq sazişinin imzalanması məsələsi yenidən müzakirə olunub. Müsavat AXCP və KXCP-yə də əməkdaşlıq haqqında saziş təklif etsə də hər iki partiya bundan imtina edərək əməkdaşlığın Milli Şura daxilində mümkünlüyünü bəyan ediblər. AXCP ilə Müsavatın bir araya gəldiyi İctimai Palatanın fəaliyyətinə də xitam verildiyi üçün hazırda sözügedən partiyalar heç bir tavan altında birləşməyib.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49