Azərbaycan regionun nəbzinə çevrilir
11:02 06-06-2014
İQTİSADİYYAT
Azərbaycan regionun nəbzinə çevrilir
Türk dövlətləri İlham Əliyevin regional layihəsinin iştirakçısı olur
Türkiyədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV zirvə toplantısı baş tutdu. Toplantıda Türkiyə prezidenti Abdullah Gül, Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Almazbek Atambayev və Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov, eləcə də adı çəkilən ölkələrin xarici işlər, mədəniyyət və turizm nazirləri iştirak ediblər.
Sammiti açıq elan edən Türkiyə prezidenti Abdullah Gül Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasının zərurətdən doğduğunu bildirib: "Aramızdakı əlaqələr bu qədər güclü olduğundan, işbirliyimizi ikitərəfli səviyyədə saxlaya bilməzdik. 2009-cu ildən bəri keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə toplantısı türk xalqları arasında birlik və bərabərliyin simvoluna çevrilib. Məqsədimiz digər regional işbirliyi mexanizmlərini dəstəkləyəcək regional ortaqlıq qurmaqdır".Toplantıda xalqlara faydalı olan bütün məsələləri əhatə edəcəklərini deyən Türkiyə prezidenti builki sammitin mövzusunun turizm olduğunu vurğulayıb. Müşahidəçilər hesab edir ki, belə bir sammitin baş tutması heç də yalnız turizm məsələləri ilə bağlı deyil və burda daha çox siyasi nüanslar var. İlk növbədə isə dünyaya meydan oxuyacaq yeni enerji xəttinin daha da inkişafı gözlənilir. Belə ki, hazırda ekspertlər düşünür ki, Bakı-Ceyhan neft kəməri, həmçinin TANAP İran və Türkmənistan vasitəsi ilə daha da güclənə bilər. Başqa cür desək İran neftinin və Türkmənistan qazının bu xətlər vasitəsi ilə Avropaya ötürülməsi ciddi müzakirə olunur. Türkmənistan tərəfi zaman-zaman buna meyillənsədə Rusiya təsirinə görə konkret qərar çıxara bilmirdi. Amma bu sammitdə Türkmənistan prezidenti ilə bu məsələ öz həllini tapa bilər. Bunu da xatırladaq ki, bundan öncə ki, sammitlərə Türkmənistan prezidenti müxtəlif bəhanələrlə qatılmırdı. Amma bu dəfə məlum ənənə pozuldu və Türkmənistan prezidenti toplantıya qatıldı. Analitiklər hesab edir ki, türkdilli dövlətlərin başçıları yəin ki, yaxın illərdə hansısa iqtisadi bir ittifaqın yaradılması məsələsini də gündəmə gətirə bilərlər.
Bununla bağlı "Unikal"a açıqlama verən politoloq Qabil Hüseyinli hesab edir ki, yaxın illərdə belə bir ittifaq yarana bilər: "Tək bunu demək kifayətdir ki, Türkmənistan kimi bir ölkənin prezidenti də bu toplantıya qatılmaqla, əslində, mühüm addım atmış oldu. Düzdür, bu sammitdə əsasən turizm məsələsi müzakirə olunsa da, yaxın gələcəkdə daha effektli məsələlərdə müzakirəyə çıxarıla bilinər və bu, hansısa blokun yaranması ilə də sona çata bilər".
Bunu da qeyd edək ki, türkdilli dövlətlərin sammitinin təşkil edilməsi Azərbaycanın maraqlarına daha çox cavab verir. Belə ki, bu gün Azərbaycan qərbin enerji təhlükəsizliyinin əsas oyunçularından biridirsə, sabah da tranzit ölkəyə çevriləcək. Bu isə Azərbaycanın regionda çəkisini daha da artıracaq. Elə prezident İlham Əliyev çıxışında bu məsələyə toxundu: "İqtisadi istiqamətdə də, əlbəttə ki, potensialımız böyükdür, əmtəə dövriyyəsi artır. Düşünürəm ki, gələcəkdə indiyədək istifadə olunmayan imkanları da işə salacağıq. Əlbəttə ki, enerji, nəqliyyat təhlükəsizliyi məsələləri ölkələrimiz arasında paralel həllini tapır. Bu, ondan irəli gəlir ki, biz vəziyyəti düzgün qiymətləndiririk, ölkələrimizin inkişafını iqtisadiyyatın möhkəmləndirilməsində və regional əməkdaşlığı inkişaf etdirməkdə görürük.Mən bilirəm ki, Azərbaycanda olduğu kimi, Türkmənistanda da böyük müasir liman tikilir. Bu yeni limanlar bizim ölkələrimiz və xalqlarımıza xidmət edəcəkdir. Biz Xəzər vasitəsilə yük daşınmasını daha da artıracağıq və bununla da iqtisadi potensialımızı möhkəmləndirəcəyik.Həmçinin ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq paralel templərlə inkişaf edir. Bu sahə də xalqlarımızın rifahına, tərəqqisinə xidmət edir. Düşünürəm ki, bu layihələr, eləcə də Xəzərdə təhlükəsizliyin və ekoloji tarazlığın birgə qorunması səyləri vəziyyətin müsbət həllinə öz təsirini göstərəcəkdir. Xəzər dostluq, qardaşlıq dənizidir, bizim ümumi su hövzəmizdir. Biz də əlbəttə ki, qardaşcasına əməkdaşlıq edirik. Ümid edirik ki, Xəzəryanı dövlətlərin Bakı sammitindən sonrakı ilk sammiti də bu əməkdaşlığın möhkəmlənməsinə təkan verəcəkdir.
Mədəniyyət sahəsində də fəal əməkdaşlıq edir və işləyirik. Bizim geniş tərkibdə nümayəndə heyətimiz Türkmənistanın böyük oğlu Məhtumqulu Fəraqinin Aşqabadda keçirilən yubileyində iştirak etdi. Bakıda da müvafiq tədbirlər keçirildi. Bizim xalqlarımızın görkəmli oğullarının irsi, əlbəttə ki, böyük sərvətimizdir, biz onlarla fəxr edirik. Əlbəttə ki, biz onları təbliğ etməli və öz vətəndaşlarımıza ölkələrimizin malik olduğu yüksək mədəniyyət nümunələrini təqdim etməliyik. Tezliklə Bakıda Müasir Xalça Muzeyi binasının açılışı gözlənilir. Açılışdan sonra hesab edirik ki, Türkmənistan da xalçaçılıq sahəsində öz yüksək sənət nümunələrini təqdim edəcəkdir. Bu da bizim xalqlarımızı yaxınlaşdıran bir sahədir. Bizim xalqlarımızın xalçaya xüsusi münasibəti vardır. Bu, təkcə dekorasiya, rahatlıq elementi deyil, xalça bizim xalqlarımızın istedadını və mədəniyyətini əks etdirir. Xalça hər bir türkmən və azərbaycanlı üçün doğmadır. Mən çox şadam ki, Türkdilli Dövlətlərin Sammiti müntəzəm keçirilir, biz qarşılıqlı fəaliyyətin mühüm məsələlərini müzakirə edirik. Eləcə də bu yaxınlarda Bakıda Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirildi. Bu da əməkdaşlığın yeni formatıdır, həm də müsbət və səmərəli hadisədir. İkitərəfli və beynəlxalq təşkilatlarda görülən işləri təhlil edərkən yaxşı nəticələr əldə edildiyinin şahidi oluruq. Bu da bizi yeni addımlara ruhlandırır. Bir daha Sizi əldə olunan uğurlar münasibətilə təbrik etmək, qardaş Türkmənistan xalqına rifah və xoşbəxtlik diləmək istəyirəm".
Mehdi Əli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53