Turizm nazirliyində "şişirdilən" rəqəmlər
11:12 06-06-2014
CƏMİYYƏT
Turizm nazirliyində "şişirdilən" rəqəmlər
Əbülfəs Qarayev və nazirliyin digər rəsmilərinin açıqlamaları bunun tam əksini deyir.
Ölkədə istər xidmətin keyfiyyəti, istərsə də qiymətlər baxımından turizmin çox sayda problemləri mövcuddur.Araşdırma zamanı məlum olur ki, Azərbaycanda gəzmək elə bahalı xidmətdir, buna hətta Qərbin yüksək təminatlı vətəndaşları da təşəbbüs etməyə tərədüd edirlər.
Konkret bir fakt: "Eurovision" Mahnı müsabiqəsinin keçirildiyi 2012-ci büdcə ilində ölkəyə cəmi-cümlətanı 23 440 nəfər turist gəldi. Baxmayaraq ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi 2013-cü ildə Azərbaycana 2 milyona yaxın turistin gəldiyini iddia edir. Digər tərəfdən, ötən il Azərbaycan rezidentinə ölkənin hüdudlarından kənarda 2,9 mlrd. ABŞ dolları məbləğində turizm xidmətləri göstərilib. Xarici turistlər isə Azərbaycanda 2,4 mlrd. dollar vəsait xərcləyiblər. Bunun da 36,6%-i işgüzar səfərlər zamanı olan xərclərdir. Konkret olaraq, Azərbaycanın turizm sənayesində mənfi saldo 500 mln. dollara çatır. Səbəb hər kəsə aydındır.
"İllərdir ölkəyə xarici ölkələrdən turistləri cəlb etmək üçün tədbirlər həyata keçirilir, turizm ili elan olunur. Lakin ən kobud hesablamalar da göstərir ki, Azərbaycana gələnlər dünyadakı turistlərin cəmi 0,003 faizini təşkil edir. Bu da olduqca kiçik rəqəmdir. Daha bir maraqlı nüans isə bütün tədbirlərin, yatırılan investisiyaların fonunda ölkəyə nəinki maraq artır, hətta yerli vətəndaşlar belə istirahət üçün xaricə üz tuturlar. Bu sahədə də ən çox Türkiyənin turizm bazarı seçilir. Sonrakı yerləri Rusiya, Gürcüstan, Ukrayna, BƏƏ (Dubay) tutur. Ümumiyyətlə, Azərbaycanın turizm sənayesinin rəqabət apardığı coğrafiyada əsas yeri Rusiyanın Qara dəniz və Şimali Qafqazdakı turizm müəssisələri, Türkiyənin Aralıq dənizi sahilindəki turizm mərkəzləri, Gürcüstanın Qara dəniz sahilləri tutur" deyə qeyd edilən araşdırmadan o da məlum olur ki, Bakı bir yana, Azərbaycanın regionlarındakı turizm obyektlərinin qiymətləri də boğazları qurudur. Hazırda ən ucuz qiymət qiymət Lerikdədir. Sutkalıq olaraq hotellərin, istirahət mərkəzlərinin qiymətləri 40 manatdır. Şəkidə 50 manat, Qubada 40-80, Nabranda 40-120 manat arasında dəyişir. Bu qiymətlərə ancaq gecələmək daxildir. Zəruri tələbatı ödəyən xərclər isə əlavədir. Konkret olaraq, Nabranda dincəlmək istəyirsinizsə, ən kobud hesablamalarla gecələməyə 120 manat, 2 nəfərlik səhər yeməyinə ən yaxşı halda 30, günorda 40, axşam da 50 manat ödəməklə gündəlik 240 manat xərcləyəcəksiniz. Şənbə-bazar günü qrup şəklində təşkil olunan istirahətlərə gəlincə, adambaşına 40-70 manatdır. Bu zaman da daha çox məşhur olmayan, xidmət keyfiyyəti aşağı olan istirahət mərkəzləri tərəfdaş kimi seçilir.
Maraqlı başqa bir detal isə ölkəyə gələn turistlərin sayı ilə bağlı şişirtmədir. Araşdırma müəllifi qeyd edir ki, son rəqəmlərə əsaslansaq, Azərbaycana gələn xarici turistlərin sayı ildə orta hesabla 5-6% artır. Lakin bu da şişirdilmiş rəqəmdir. Belə ki, Dövlət Statistika Komitəsinin özünün hesabatları belə bunu təkzib edib.Sadə bir misal. İllər ərzində ölkəyə gələn turist sayını təqdim edirik:
2008 -19 288 nəfər
2009 -17009 nəfər
2010 - 17641 nəfər
2011- 18840 nəfər
2012 - 23 440 nəfər
Nəzərə alsaq, 2012-ci ildə Azərbaycanda Eurovision Mahnı müsabiqəsi keçirildi, əvvəlki illə nisbətdə ölkəyə turist gəlişində cəmi 4600 nəfər artım baş verib. Bu da kiçik rəqəmdir. Başqa tərəfdən, həmin ildə 77 991 nəfər (2011-ci ilə nisbətdə 13 211 nəfər çox) ölkə vətəndaşı turist kimi xaricə gedib. Yəni gələndən çox, gedən olub.
Daha bir maraqlı nüans. Statistika göstərir ki, ölkəyə daha çox Rusiya vətəndaşları gəlir. Bu, o deməkdir ki, elə Azərbaycana gələn də Rusiyada yaşayan həmyerlilərimizdir.
Digər məqam turizm müəssisələrinin sayıdır. 2012-ci ildə bu rəqəm 170 olub. Bu müəssisələrin əldə etdiyi gəlirin həcmi 27 121,5 min manat təşkil edib. Məhsul (xidmət) istehsalına çəkilən xərclər 23 540,8 min manat olub. Göründüyü kimi, sahibkarların xərcləri az deyil. Burada da ölkədəki yüksək inflyasiya ilə bərabər, qeyri-rəsmi ödənişlər, vergilər mütləq rol oynayır. Turizm sektoru ilə bağlı ən ciddi məsələ isə indiyə qədər hər hansı səlahiyyətlinin bir turistin Azərbaycan büdcəsinə verdiyi səmərə haqında dəqiq rəqəm səsləndirməməsidir.
Ortada ancaq təxmini hesablamalar var. Bu da 1000 manat ətrafındadır.
"Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, Azərbaycanda turizm kağız üzərindədir. 2015-ci ildə "Avropa Yay Oyunları"nın keçirildiyi ərəfədə ölkəyə Eurovision Mahnı müsabiqəsi zamanı olduğu kimi əvvəlki illə müqayisədə cəmi 4600 nəfər çox turist rəqəmi ilə rastlaşsaq, gərək təəccüblənməyək" - araşdırmanın sonunda belə deyilir.
Fikrimizcə, əlavə şərhə ehtiyac yoxdur. Bircə qalır ortada olan bu faktları aidiyyatı qurumun - Əbülfəs Qarayevin nazirliyinin rəsmilərinin necə izah edəcəyi.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22
2024-12-25 16:44:42