Oqtay Şirəliyevin nazirliyinə maraqlı sual
11:13 06-06-2014
CƏMİYYƏT
Oqtay Şirəliyevin
nazirliyinə maraqlı sual
2013-cü ildə səhiyyəyə ayrılan 30 milyon manat hara gedib?
2013-cü ildə səhiyyəyə azı 600 milyon manat ayrılıb. 2003-cü ildə bu göstərici 82 milyon manat idi. Hər il səhiyyə xərcləri artırılır. Bəs, ayrılan vəsait hara gedir?
Satınalmalar üzrə Dövlət Agentliyinin 2011-2013-cü illər üzrə məlumatına görə, təkcə Ağcabədi rayon Mərkəzi Xəstəxanası azı 30 milyon manat xərcləyib.
2013-cü ildə xəstəxananın keçirdiyi 7 milyon 192 min manatlıq tenderin təxminən 6 milyon manatı tikinti və təmirə xərclənib.
2011-ci ildə keçirilən 16 milyon 360 min manatlıq tenderlərin 15 milyon 500 min manatı, 2012-ci ildə ayrılan 17 milyon 318 min manatın azı 16 milyonu xəstəxananın təmirinə gedib.
Ağcabədi rayon Mərkəzi Xəstəxanası ötən 3 ildə 1 milyon 566 min manatlıq dərman preparatı və ləvazimat alıb. Üç ildə xəstəxananın dəftərxana xərcləri 180 min manat olub.
Satınalmalar üzrə Dövlət Agentliyinin məlumatından görünür ki, ölkə üzrə əksər xəstəxanalarda vəziyyət bənzərdir. Vəsaitin böyük hissəsi təmir və tikintiyə, müxtəlif avadanlığın alınmasına xərclənir.
Ekspertlər bunu təsadüfi saymır, belə ki, Azərbaycanda büdcə vəsaitlərinin mənimsənilməsinin ən asan yolu məhz təmir və tikinti ilə məşğul olmaqdır.
Ən maraqlısı isə 30 milyon manata başa gələn xəstəxana ilə bağlı Ağcabədi rayon sakini Bakir İmamquliyevin "Unikal" qəzetinə dedikləridir. O bildirib ki, 5 yaşlı nəvəsi üstünə isti su tökərək özünü yandırıb. Onu təcili Ağcabədi rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, burada dərman olmadığını əsas gətirərək Bakıya aparılmasını məsləhət biliblər: "Uşaq qalmışdı ortalıqda. Yaxın duran yox idi. Axır, uşağı Bakıya gətirəsi olduq. Vaxtında müdaxilə edilmədiyinə görə uşaq bir aydır burada xəstəxanada müalicə olunur. Yarası sağalmadığından bu günlərdə onun əməliyyat olunması gözlənilir".
Bakir İmamquliyev kimi öz rayonunda keyfiyyətli tibbi yardımdan məhrum olan bir çoxları üzünü Bakıya tutur, Bakıda ümidi itirənlər də xaricə. Bəs, yeni xəstəxana binaları tikməklə, yeni avadanlıq almaqla tibbi xidmətin keyfiyyətini artırmaq olarmı?
Tibb Universitetinin anatomiya kafedrasının müdiri Vaqif Şadlinski deyib ki, avadanlıq almazdan öncə mütəxəssis hazırlanmalıdır: "Dəyəri milyonlarla ölçülən avadanlıq alınır. Amma avadanlığın alındığı ölkəyə bir həkim
göndərilməlidir ki, o, orada həmin avadanlıqla işləməyi öyrənsin. Öncə mütəxəssis hazırlamaq, sonra avadanlığı almaq doğru yoldur. Amma bununla da iş bitmir. Həmin mütəxəssisə normal maaş verilməlidir. Yoxsa Azərbaycanda həkimə 180 manat maaş verilir. 180 manatla hansı keyfiyyətli tibbi xidmətdən söhbət gedə bilər? Ona görə də bizim həkimlərin çoxu xaricdə işləməyə üstünlük verir".
İllər öncə İranda ürək xəstələri xaricə üz tuturmuşlar. İran hökuməti bunun baha başa gəldiyini anlayıb, ABŞ-da yaşayan ürək cərrahı Şahpur Ənsarini İrana dəvət edir. Şahpur Ənsari İranda ürək cərrahiyyəsinin təməlini qoyur. Yeni-yeni həkim mütəxəssislər hazırlayır. Bu gün İran ürək cərrahiyyəsi üzrə ad çıxarıb. Amerika universitetlərində mühazirələr deyən Şahpur Ənsarinin dərslərinə ödənişli qatılmaq istəyənlər də az deyil. Əslən təbrizli olan Şahpur Ənsari Bakıda da bir xəstəxana açmaq istəyib, amma arzusu gözündə qalıb: "İstəyirdim bir xəstəxana açım. Amerika universitetlərində danışıqlar da aparmışdım. 40 könüllü həkimin Bakıda işləməsinə razılıq almışdım. İstədiyim bu idi ki, azərbaycanlılar dünyanın ən yaxşı tibbi ocaqlarına xas keyfiyyətli tibbi xidmətini Bakıda ala bilsinlər. Amma nəsə bu iş alınmadı. Bakıda böyük xəstəxanalar tikilir, bahalı avadanlıqlar alınır. Amma bununla tibbi xidmətin keyfiyyətini yaxşılaşdırmaq olmaz. Əvvəla, tikilən xəstəxanaların dəhlizi çox böyükdür, otaqlar bir-birindən çox aralıdır. Mən bilmirəm bu xəstəxanaları kim layihələşdirib. Xəstəxana binası tikiləndə elə layihə verilməlidir ki, əlavə vaxt itkisi olmasın. Həkim dəhlizin bir başından, o biri başına gedib-çatanacan nə qədər vaxt
itirir. Fizioterapiya otağı birinci mərtəbədə, USM otağı 4-cü mərtəbədə ola bilərmi? Belə xəstəxana olmaz. Bahalı avadanlıq almazdan öncə bu avadanlığı işlətməyi bacaran mütəxəssisi yetirmək gərəkir".
Bütün bunlarla bağlı Oqtay Şirəliyevin rəhbərplik etdiyi Səhiyyə Naziliyi rəsmilərinin nə düşündükləri çox maraqlıdır.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23