Bu gün Ukraynanın yeni prezidenti and içəcək
Bu gün Ukraynanın yeni prezidenti and içəcək

Poroşenkonun inaqurasiyadan sonrakı ilginc planları ortaya çıxdı

Bu gün Ukraynanın sayca beşinci prezidentinin inaqurasiyası olacaq. Ukrayna Xarici İşlər Nazirliyindən bildirilib ki, rəsmi mərasimə beynəlxalq təşkilatların rəhbərləri, dövlət başçıları və hökumət rəhbərləri dəvət edilib.

Artıq 20 prezidentin inaqurasiya mərasimində iştirakı təsdiqlənib.
Mərasimdə Rusiyanın hansı səviyyədə təmsil olunacağı məlum deyildi. Nəhayət, bu həftə Ukrayna Xarici İşlər Nazirliyinin informasiya siyasəti departamentinin direktoru Yevgeni Perebiynis keçirdiyi brifinqdə Rusiyanın Ukraynadakı müvəqqəti işlər vəkili səviyyəsində dəvət edildiyini bildirib. Məlum olduğu kimi, Viktor Yanukoviçin 24 Fevral tarixində qaçışından dərhal sonra Rusiya səfir Mixail Zurabov məsləhətləşmələr üçün geri çağırılıb.
Kiyevdə bildirirlər ki, V.Putinin inaqurasiyaya dəvət edilməməsi Rusiya-Ukrayna münasibətlərinin ümumi atmosferinə təsir etməyəcək. Ukraynalı analitik Aleksey Qaran hesab edir ki, Rusiya prezidentinin inaqurasiya mərasiminə dəvət edilməsi Poroşenkoya səs verən xalqın ciddi etirazına səbəb olardı: "Təsəvvür edin ki, Putini inaqurasiya mərasiminə dəvət etdilər. Buna ukraynalılar neçə yanaşacaq? Onlar deyəcək ki, ərazimizin bir hissəsini əlimizdən alan və ölkənin şərqində silahlı qruplaşmaları dəstəkləyən Rusiya prezidenti niyə dəvət edilsin".

"Danışıqlar əvvəlki,
yəni, Ukrayna-Rusiya-Avropa Birliyi-ABŞ
formatında keçirilməlidir"

Digər bir ukraynalı ekspert Vladimir Zastava isə hesab edir ki, hazırkı vəziyyətdə Putinin dəvət edilməsi hətta Kremli də təəccübləndirərdi.
Qaran əlavə edib ki, bütün dünya Rusiya ilə eyni məxrəcə gəlməmək xətti seçdiyi üçün belə bir vəziyyətdə Kiyev-Moskva ikitərəfli danışıqların keçirlməsi qeyri-mümkün görünür. "Danışıqlar əvvəlki, yəni, Ukrayna-Rusiya-Avropa Birliyi-ABŞ formatında keçirilməlidir", - ekspert bildirib.
P.Poroşenkonun seçkilərdən əvvəl verdiyi bəyanatlar sərtliyi ilə diqqət çəkir. Bu bəyanatlar onu deməyə əsas verir ki, onun siyasi xətti Aleksandr Turçinovun siyasətinin davamı olacaq. O, bildirib ki, Ukrayna Krımın Rusiya ərazisi kimi tanımır və muxtar respublikanın geri qaytarılması üçün mübarizə aparacaq.
Bu həftə isə Varşavada olan Poroşenko Rusiya Federasiyasının Ukraynanın şərqindəki separatçıları dəstəkləməsi ilə bağlı Kiyevin çoxsaylı sübutlara malik olduğunu deyib.

Rusiyadan gələn
separatçılarla bağlı
ilginc açıqlamalar

Ukraynanın daxili işlər nazirinin məsləhətçisi Stanislav Reçinski də jurnalistlərə bildirib ki, Rusiyadan gələn silahlılar adıçəkilən ölkə ordusunun istifadəsində olan avtomatlar, qumbaraatanlar və ağır silahlara malikdir. S.Reçinski qeyd edib ki, Ukraynanın ərazisinə keçmək də hazırda çox asandır. O, Rusiya-Ukrayna sərhədinin şərti xarakter daşıdığını deyib.
ABŞ-ın dövlət katibi Con Kerri isə P.Poroşenkodan xahiş edib ki, Ukraynanın şərqindəki hadisələrdə Rusiyanın iştirakını sübut edəcək dəlilləri versin. V.Putin Fransanın "Avropa-1" telekanalına müsahibəsində Kiyev, eləcə də Vaşinqtondan səslənən ittihamları rədd etməsinə baxmayaraq, Ukrayna Xarici İşlər Nazirliyinin informasiya siyasəti departamentinin direktoru Yevgeni Perebiynis başqa cür deyir: "Rusiya sərhədçiləri sərhədi pozaraq Ukraynaya keçənlərə fəal yardım edirlər. Ukrayna Rusiya Federasiyası vətəndaşlarının Donetsk və Luqansk vilayətlərindəki terror qruplaşmalarının fəaliyyətində iştirak etdiyi barədə inandırıcı sübutlarına malikdir. Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın xeyli diversantını saxlayıb. Təhlükəsizlik Xidməti həmçinin qanunsuz silahlı qruplaşmalarının maliyyələşdirilməsi sxemləri və silahların çatdırılması sistemini aşkar edib. Bütün sübutlar foto və videomateriallar, eləcə də audioyazılar şəklindədir. Biz onları daim beynəlxalq təşkilatların, o cümlədən BMT və ATƏT-in nümayəndələrinə veririk. Rusiyalıların Rusiya silahı ilə Şərqi Ukrayna ərazisində vuruşduğunu asanlıqla hətta internetdən də izləmək mümkündür. Ukraynanın qərb tərəfdaşları da sübutların orijinallığından əmin olublar".
Kiyevdə hesab edirlər ki, Rusiya siyasi oyunlarla məşğuldur və növbəti addıma keçmək lazımdır. Növbəti addımlara gəlincə, bunlara Rusiya ilə sərhəd rejiminin sərtləşdirilməsi, həmçinin Donetsk və Luqansk vilayətlərində hərbi vəziyyətin tətbiqi daxildir. Ali Radada Rusiya ilə sərhədin bağlanılması və viza rejiminin tətbiq edilməsi barədə çağırışlar yenidən səslənib. Artıq ABŞ da sərhədlərin müdafiəsinin gücləndirməsi üçün Ukraynaya texniki yardım etməyə hazır olduğunu bildirib.
P.Poroşenkonun bu bəyanatı isə Rusiyaya xəbərdarlıq mesajı sayıla bilər: "Andiçmə mərasimindən sonra Ukraynanın şərqində vəziyyətin nizama salınması üçün əlavə imkanlar yaranacaq".
Kiyev 7 iyundan sonra separatçılar yerini göstərmək niyyətindədir.

Ukrayna-Rusiya
sərhədində atışma olub,
5 ukraynalı sərhədçi
yaralandı

Ukrayna-Rusiya sərhədindəki "Marinovka" nəzarət-buraxılış məntəqəsində (Donetsk vilayəti) srağagün qızğın döyüş olub.
"UNİAN"ın verdiyi xəbərə görə, Rusiya ərazisindən Ukrayna Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsinə hücum edən silahlılar "BTR" və üzərində iriçaplı pulemyotların quraşdırılmış "KamAZ" yük maşınlarında hərəkət ediblər. Ukrayna ərazisində isə eyni vaxtda 100-dən çox silahlı separatçı nəzarət-buraxılış məntəqəsinə hücuma keçib.
Məlumata görə, qeyd olunan ərazidə bir neçə saat davam edən şiddətli döyüş nəticəsində 5 ukraynalı sərhədçi yaralanıb.
Ukrayna Silahlı Qüvvələri dərhal və planlı hadisəyə reaksiya verib. Belə ki, hadisə yerinə operativ şəkildə cəlb olunan Ukrayna hərbi aviasiyası hücum edənlərin mövqelərinə 2 dəfə zərbələr endirib. Həmçinin sərhədçilərə kömək məqsədi ilə qeyd olunan əraziyə ordu birləşməsi yola salınıb. Silahlıların çoxlu sayda itki verdiyi bildirilir.
Məlumata görə, döyüş zamanı hücum edənlərə məxsus "Ural" markalı yük maşını, 2 "KamAZ" markalı yük maşını və 1 "BTR" vurularaq sıradan çıxarılıb.
"UNİAN"-ın qeyd edir ki, aviasiyanın zərbələrindən sonra hücumda iştirak edən terrorçuların bir qismi geriyə, yəni Rusiya ərazisinə çəkilib.
Başqa bir məlumata görə, həmin döyüşlərdə Ukrayna hərbçiləri 15 separatçını nəhv edib. Bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko deyib.
Öldürülmüş separatçıların cəsədi Donetsk vilayətinin Snejnoe şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Ukrayna Rusiya ilə
sərhədi qismən bağladı

Ukrayna hökuməti Rusiya ilə sərhədi qismən bağlamağı qərara alıb. Nazirlər Kabinetinin məlumatında bildirilir ki, Rusiya ilə həmsərhəd olan Donetsk və Luqansk vilayətləri ərazisində yerləşən bir neçə nəzarət-buraxılış məntəqəsinin fəaliyyəti dayandırılacaq.
Qərar ictimai təhlükəsizlik və bəzi ərazilərdə əhalinin həyatı üçün təhlükə yaradan hadisələrin qarşısını almaq məqsədi ilə verilib.
Qeyd edək ki, Luqansk vilayətində 7, Donetsk vilayətində isə 1 nəzarət-buraxılış məntəqəsinin bağlanmasına qərar verilib.
Bu məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli hesab edir ki, Ukrayna-Rusiya sərhədlərinin bağlanıb Şərq regionlarında anti-terror əməliyyatlarının başlanması mümkündür. Lakin Q.Hüseynli belə bir ehtimalın az olması qənaətindədir. Onun sözlərinə görə, Ukrayna indiyədək digər ölkələrlə təmas xətlərində sərhəd zastavaları qura bilməyib. Yalnız müəyyən gömrük məntəqələrinə yaxın yerlərdə zastavaların yaradıldığını deyən politoloq qeyd edib ki, indisə söhbət Ukrayna-Rusiya sərhədlərinin tamamilə bağlanmasından gedir: "Sərhəd Qoşunların formalaşdırılması nəzərdə tutulur. Ukrayna hökuməti ölkədə sabitliyin yaranması üçün birinci ölkə sərhədlərinin möhkəmlənməsinə diqqət etməlidir. Sərhədlər bağlanandan sonra seperatçıların Rusiyadan aldığı bütün yardımlar kəsiləcək. Bundan sonra seperatçı qüvvələrin təsim edilməsi, ya da səmərəli mübarizənin təşkil edilməsi asanlaşacaq".

Ukraynada böhran 3 aya həll olunacaq?

Ukraynanın yeni prezidenti ölkənin böhrandan xilas etmək üçün blitskriq strategiyası həyata keçirməyi planlaşdırır. Pyotr Poroşenkonun ətrafında olanlar onun ölkədəki böhranı 3 aya aradan qaldıracağına söz verdiyini deyirlər.
İddialara görə, Poroşenko, iyunun 7-də keçiriləcək andiçmə mərasimindən sonra Ukraynada situasiyanın normallaşması üçün sülh planı təqdim etmək və həbs olunmuş separatçıları əfv etmək niyyətindədir.
Etibarlı mənbələrdən verilən məlumata görə, rəsmən fəaliyyətə başlayandan sonra Poroşenko ilk səfərini separatçılarla qarşıdurmaların mərkəzi olan Donbasa edəcək.
Məlumata görə, Poroşenkonun "həll" planı 3 hissədən ibarətdir: ölkədaxili dialoq, Cenevrə formatında beynəlxalq dialoq və Rusiya ilə danışıqlar.

Kemeron Ukraynaya
görə Putinlə əl sıxmadan görüşdü

Rusiya prezidenti Vladimir Putin Fransaya səfəri çərçivəsində Böyük Britaniyanın baş naziri Devid Kemeron ilə görüşüb. "İTAR-TASS"ın verdiyi xəbərə görə, görüş əl sıxmadan baş tutub.
Məlumata görə, Putin və Kemeron Rarisin "Şarl de Qol" aeroportunda, ali qonaqlar üçün nəzərdə tutulmuş VİP zalda baş tutub. Bu onların arasında Ukraynada böhran başlayandan ilk görüşdür. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov görüşdən sonra qeyd edib ki, tərəflər iki ölkə arasında münasibətlərin bərpası məsələsini müzakirə ediblər.
Qeyd edək ki, "Böyük yeddilik" ölkələrinin liderləri ötən gün Brüsseldə keçirilmiş sammitdə Rusiyaya qarşı ümumi mövqeni razılaşdırıblar. Bu mövqeyə əsasən, Rusiya ilə münasibətlərin normallaşdırılması üçün, Moskva Pyotr Poşenkonu Ukraynanın seçilmiş prezidenti kimi tanımalıdır və separatçılara dəstək verməməlidir. Əks təqdirdə G 7 liderləri Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək niyyətində olduqlarını təsdiq ediblər.

Rusiya Ukraynadan
kartof idxalına
qadağa qoydu

Rusiya Kənd Təsərrüfatı Nəzarət Xidməti (Rosselxoznadzor) bu ilin iyunun 16-dan etibarən Ukraynadan ölkəyə kartof idxalına qadağa qoyub. "Gazeta.ru"nun verdiyi xəbərə görə, bu barədə qurumun məlumatında bildirilir.
Məlumata görə, qərara səbəb Ukraynada becərilən kartofda "nematoda" parazitlərinin aşkarlanması olub.
"İyunun 16-dək yola Rusiyaya salınacaq kartof ölkə ərazisinə yalnız fitosanitar nəzarətin müsbət nəticəsi olduğu halda buraxıla bilər", deyə qurumum açıqlamasında bildirilir.
Kənan Rzaquliyev