Ölkəsini yelə verənlər və bəladan varlananlar
11:05 07-06-2014
CƏMİYYƏT
Ölkəsini yelə verənlər və bəladan varlananlar
Az ölkə tapılar ki, oradakı insanlar talelərinə belə biganə qalsınlar. Az ölkə olar ki, hakimiyyətdəki quldurlar özlərini belə asudə rahat hiss etsinlər və zülm verdikləri fərdlərin üsyanından əsla çəkinməyərək havadarlarına arxalansın, sərhədlərin içindəki arealı varlanma mənbəyi bilərək insanların son ümidlərini də əllərindən almaq tamahında olsun.
Paytaxtı Yerevan olan ölkə belə yerdir.
Ermənistan ətrafında və bu ölkənin özündə ciddi proseslər gedir. Prezident Serj Sarkisyan iqtidarı "perspektiv və strateji problemlərin həlli" ilə məşğul olduğunu bəyan edib. Lakin hakimiyyət mənsubları ilə yanaşı, adi vətəndaşlar belə həmin "problemlərin həlli"nin dövlətin maraqlarına dəxli-olub olmadığını, vətəndaşların mənafelərinin təminatına yönəldiyini bilmirlər.
Cəmiyyət də narahatdır. Suallarına cavab ala bilməyən insanlar maraqlarını təmin etmək istəsələr də, sükutdur.
Hakimiyyət cəmiyyəti "prosesə ciddi yanaşmağa və problemlərin həllində iştirak"a çağırır, "Ermənistan üçün çox ciddi məqamda, xüsusi əhəmiyyət kəsb edən nüansların cəmləşdiyi anda vətənpərvərliklə davranış"ı istəyir.
İstəklər var, amma suallara cavablar yox.
İdiotik, amma Ermənistan üçün adi vəziyyətdir. Heç bir siyasi həyatın və müstəvinin olmadığı sovet cəmiyyətindən sonra Ermənistan irəliyə doğru heç bir addım atmayıb, 20 il ərzində yerində sayıb. Cəmiyyətdə sosial aktivliyi formalaşdıracaq, vətəndaşların siyasi fəallığına təkan verəcək qüvvələr isə yalnız demaqogiya ilə məşğul olduqlarından iqtidarla mübarizə əvəzinə kuluar danışıqlar, öz aralarında mübarizə və olmayan mövqelərinin uduzulması ilə məşğuldur.
Yaşanan siyasi proseslərə ciddi yanaşmaq, olaylara adekvat reaksiya vermək yerinə sürəkli opportunizm, cəmiyyətə yalan danışaraq həqiqətləri pərdələməklə aktivlik görüntüsü yaratmağa çalışanlar yalnız öz maraqlarını güddüklərindən indiki situasiya müşahidə olunur.
Ermənistandakı orta statistik erməni hakimiyyətin normal, müxalifətin də vicdanlı davranmasını arzulasa da, onun niyyəti illərdən bəri puç olmaqdadır.
Səbəblər az olmasa da, onların arasında qarşılıqlı anlaşmanın olmaması xüsusi yer tutur. Daha doğrusu, Ermənistanda insanlar siyasəti məzhəkə sayır, siyasət də erməniləri təlxək yerinə qoyur.
Erməni siyasəti, daha dəqiq olsaq, cəmiyyətin ayrı-ayrı fərdlərinin taleyini həll etməklə bahəm, kütləni nəzarətdə saxlayan dəstə görüntüləri illüziyalar toplusuna çevirərək fantaziya məhsullarını reallıq qismində insanlara təqdim edir.
Yerevandakı müxalifət hələ də siyasətin gəlişigözəl sözlər, çılğın şüarlar, yerinə yetirilməyən vədlər, boşboğazlıq və antiritorikadan ibarət olduğunu düşünür.
Ermənistan indi Serj Sarkisyan sülaləsi ilə bu sülaləyə xidmət edən insanların yaşamının təmin edəcək məkan təsiri bağışlayır. İqtisadiyyat bütünlüklə süni inhisarların nəzarətində, mədəniyyət iqtidarı tərifləyən və bu minvalla daha yaxşı yaşamağa çalışan başabəla, ləyaqətsiz "ziyalılar"ın kontrolunda, kütləvi informasiya vasitələri də hakimiyyətin sifarişini yerinə yetirən qədim peşə sahibi obrazındadır.
Azadlığının əlindən alması, hüquqularının tapdanması, ən kiçik məmurun qarşısında ən böyük ədalətin diz çökməsi ilə barışmaq istəməyənlər isə ya həbsxanalarda, ya da mühacirətdədir.
Həqiqətin yalan sayıldığı bu ölkədəki hakim dəstə qanunları yalnız birtərəfli yol kimi görərək, acizlərə maksimal cəzalar tətbiq edir, cinayətkarları isə görmək istəmirlər.
Çünki həmin dəstənin özü xalqın hesabına varlanan, harınlaşan və gözləri ayaqlarının altını görməyən quldurlar yığınıdır.
Ona görə də Ermənistanda müxalifətlə hakimiyyət arasında fərqlər azalmaqda, faktiki olaraq yoxa çıxmaqdadır.
Belədirsə, ermənilər, onların ölkəsindəki cəmiyyət nə istəyir? Təbii ki, ermənilər adi sözlər və ifadələr toplusu əvəzinə azacıq da olsa, irəliləyiş görmək istəyirlər.
Situasiya ilə sistemin keyfiyyətli dəyişiklikləri ilə yanaşı, durumun kökündən yenilənməsinə ehtiyac var.
20 il ərzində birləşə bilməyən, təmərküzləşərək bandokratiyaya qarşı effektiv mübarizə apara bilməyən müxalifət düşərgəsindəki partiyalar və çoxsaylı qruplar zavallılar təsiri bağışlayır.
Onlar demokratiya, insan haqları və Konstitusiyanın təminatı barədə boşboğazlıq etsələr də, iqtidar düşərgəsindən atılan kiçicik pay oradakı adamların mövqelərini tam tərsinə dəyişmələrinə kifayət edir.
Di gəl, artıq gecdir.
Ermənistanın indiki bəladan və zillətdən qurtulmağa artıq zamanı qalmayıb. Ölkə fiziki və mənəvi baxımdan tam tükənməyə yuvarlanır.
Ermənilər ya köklü yeniliklərə başlamalı, ya da yaşam imkanlarının minimal ehtiyatları belə olmayan formal vahidə çevrilmələri ilə barışmalıdırlar.
Bundan sonrakı bəlanın səbəbkarının və ya baiskarlarının kim, yaxud kimlər olması o qədər də önəmli deyil. Fəsadları bu absurd, çirkin oyunun bütün iştirakçıları hiss edəcəklər.
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24