Azərbaycanda qız köçürmə, yoxsa kürəkənə yaltaqlıq?
11:08 07-06-2014
CƏMİYYƏT
Azərbaycanda qız köçürmə, yoxsa kürəkənə yaltaqlıq?
"O deyir niyə cehizsiz gedib, bu deyir niyə cehizsiz gedib?"
Atam üçüncü bacımı köçürəndən sonra böyük otağımızdakı köhnəlmiş divanda yorğun-yorğun oturub, "bir evdən ki, üç dəfə ev çıxa, o evdən ev olmaz" dedi.
Kişi əzəldən bu cer-cehiz məsələsinə birtəhər yanaşırdı. Buna görə də böyük bacıma demək olar ki, cehiz verilməmişdi. Anam xəlvəti yığıb saxladıqlarını qonşumuzun qara "Jiquli"sinə yükləyib, bacımın əri evinə yollamışdı.
Bu qara "Jiquli" də bacımın başına bir qaxanc olmuşdu. Cehiz gedər "bartovoy"larda, "KamAZ"larda... Ta bu nə biabırçılıq idi, "Jiquli", özü də qara. Bacım, doğrudan da, cavan köçdü dünyadan, qayınanasının bu "qara" narahatçılığı düz çıxdı.
İkinci bacımın toyu olanda böyüyümüz hələ dururdu. Bu məsələdən başı çox çəkmişdi deyə atamın üstünə ağlayıb-sısqadı ki, bu dəfə tərsliyini yerə qoysun. Atam cehiz almağına aldı, amma sonda bu dəstgaha təzə qaydalar qoşanların "var-yoxunu yada salmağı" da unutmadı. "Bu nədi ə, kürəkənə də belə yaltaqlanarlarmı?"
Atamın bizə - mənimlə kiçik bacıma cehiz verməyə, bizi köçürüb, ev-eşik eləməyə ömrü çatmadı. Bəlkə, heç gücü də çatmayacaqdı.
Mən ərə gedəndə cehiz aparmadım. Bir az pul yığmışdım, üstünə də toyumdan yığılanı qoyub, yoldaşıma dedim ki, gəl bir otaqlı da olsa, ev alaq. Bu "ev alaq" xəbəri ildırım sürətiylə yoldaşımın qohum-əqrəbasına yayılmışdı. Evin kiçik oğluna gedəsən, ayrılmaq davası döyəsən. Qayınatamın evi bir otaqlı idi. Orada bizim necə yaşayacağımızı, hələ də, kəsdirə bilməsəm də, pis gəlin damğası üstümdə idi.
Evliliyimizin birinci ilini beləcə dır-dırla yola verdik. Yoldaşımın anasıgilə yaxın yerdən ev almışdıq. Ona ev demək olardısa... hər halda kirə pulu vermirdik deyə Allaha şükür edib, dolanırdıq birtəhər. Onları tez-tez gedib yoxlayırdıq. Amma onlar bizə gəlmirdilər.
Anam kiçik bacımı köçürdəndə evdə ələ gələn nəyi vardısa, satmışdı. Qızın toyu olan kimi də özü köçüb getmişdi Rusiyadakı tək qardaşının yanına.
"Detdom" uşaqları kimi tək qalmışdıq. Uşaqlarım doğulanda da gəlib görən olmadı. Bacılarım rayonda idilər, ildə bir dəfə gələ bilirdilər, ya yox. Yoldaşım tərəfin də, deyəsən, əlinə bəhanə düşmüşdü. Ya da doğrudan qardaşlarına acıqlı idilər. Arxasız, yetim qız alasan, o da qayınana-qayınataya buynuz çıxara, sən də nişanı qaytarıb təpəsinə çırpmayasan...
Ortancıl bacım bizə ildə bir dəfə gəlirdi və hər gəlişində məni danlayırdı ki, niyə özümə cehiz almamışam. "Sən cehizini alaydın, hara yerləşdirərdilər özləri bilərdilər. Camaatın ağzını yığmaqdan yorulmuşam. O deyir niyə cehizsiz gedib, bu deyir niyə cehizsiz gedib?"
Az hallarda olur ki, öz qərarıma qəti şəkildə güvənirəm - bu cehiz məsələsində də zərrə qədər peşman olmurdum.
Bizə, əlbəttə ki, çox çətin idi ilk vaxtlar. Amma mən qəribə sakitliklə qarşılayırdım bunları. Yavaş-yavaş, təmkinlə düzəldirdim ev-eşiyimi. Yoldaşım tıncıxırdı, ürəyini geniş tuta bilmirdi, bəzən hiss edirdim ki, hətta mənimlə evləndiyinə peşman kimidir. İnciyirdim, amma üstündən keçirdim. Biz qadınlar nələrin üstündən keçmirik?
Bir tərəfdən də hiss eləyirdim ki, onun yaxınları bizim büdrəməyimizi, peşman olmağımızı gözləyirlər. Əslində belə də ola bilərdi. Nə var ki, bir yeni qurulmuş ailəyə əl atma, kömək eləmə, altdan-altdan da dır-dır sal içinə, sonra da görürsünüz, dolana bilmədiniz deyib proqnozunun düz çıxmasına sevin.
Biz isə möhkəm yapışmışdıq Qurban olduğumun ətəyindən. Hər bir sınaqdan təmkinlə çıxdıqca sanki mükafatlandırırdı bizi. Bu minvalla iki oğlumuz dünyaya gəlmişdi. Yoldaşım yaxşı yerdə işə düzəlmişdi. Yavaş-yavaş özümüzü düzəldirdik. Evimizi satıb, bir az babatını almışdıq. Qohumların da ayağı açılmışdı bizə artıq. Nəinki qayınanam, qayınatam, elə tanımadığımız adamlar bizi axtarıb tapırdılar ki... Köhnə ədavət də unudulmuşdu.
...Mən də çalışırdım olub-keçənləri unudam, ötən günlər barədə düşünməyəm. Amma hərdən beş qızın duz yükünün ağırlığından normal həyatını yaşaya bilməyən atamı, cehiz dır-dırı ilə həyatı zəhərlənmiş bacımı, bir də dağılmış yurdumuzu düşünməyə bilmirəm...
Gülnar Əlyar
Digər Xəbərlər
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41