Gürcüstanda Azərbaycana nisbətən xeyli azad ədəbi mühit var

Gürcüstanda Azərbaycana nisbətən xeyli azad ədəbi mühit var

Azər Musaoğlu: "Gürcüstanda kitab mağazalarının sayı da Azərbaycana nisbətən çoxdur"

Gürcüstanda yaşayan gənc yazar-aktyor Azər Musaoğlu ilə söhbət.
- Azər bəy, bu il "Ədəbi Azadlığa" ("Azadlıq" radiosunun keçirdiyi ədəbi müsabiqə - red.) ölkə hüdudlarından kənardan xeyli yazar qoşulub ki, biri də sənsən. Lütfən bizə izah et, bizim ədəbi mühit səni necə özünə cəzb etdi, yaşadığın ölkə haqqında danış bizə bir az.
- Mən Gürcüstanın Qarayazı mahalında, Qardabani şəhərində doğulmuşam, orta məktəbi burda - Gürcüstanda bitirmişəm, indi də burda yaşayıram. Ali təhsilimi Tbilisi Siyasi Akademiyasında xarici dillər fakültəsində almışam, tələbəlik illərimdən bəri Gürcüstanda çıxan Azərbaycan dilli "Varlıq" qəzetində, "Timer" qəzetində, "Gənclərin səsi" dərgisində jurnalist kimi çalışmışam. Universiteti bitirdikdən sonra iki il Gürcüstanın kəndlərində ingilis dili müəllimi kimi işlədim və 2009-cu ildən bəri taleyimi Tbilisi Azərbaycan Dövlət Dram Teatrında teatrına bağladım, hal-hazırda orda aktyor kimi çalışıram.
Deyim ki, internet vasitəsilə Azərbaycan ədəbi mühitini böyük maraqla izləyirəm. Məni doğma dildə ədəbiyyat daha çox cəzb edir, nəinki gürcü ədəbiyyatı. Əslində gürcü dilini də bilirəm, amma o dildə yazmaq mənim üçün çətindir, çünki bədii dilin öz xüsusiyyətləri var, Azərbaycan dili isə mənim üçün doğmadır. Ancaq burda bizim üçün ədəbi mühit deyilən bir şey yoxdur. Gürcüstandakı azərbaycanlı yazarlar çox tənhadır, hərə öz evinə çəkilib yazır, yazarların, şairlərin nə oxucusu var, nə də yaxından tanıdığı həmkarları. Bir neçə azərbaycandilli regional qəzet var ki, burda da yaşlı və mühafizəkar Azərbaycan şairlərinin köhnə üslubda şeirləri çap olunur, bundan başqa bizim təsəlli tapacağımız bir şey yoxdur, onun üçün gözümüzü Azərbaycan ədəbi mühitinə zilləmişik.
- Gürcü ədəbi mühiti ilə bizimkinin arasında nə fərq var, gürcülər bizdən nəylə fərqlənirlər?
- Gürcüstanda Azərbaycana nisbətən xeyli azad bir ədəbi mühit var. Burdakı Gürcüstan Yazıçılar Birliyində əsasən hökümətyönümlü qocalar toplaşıb, amma gənc yazarlar daha müstəqildirlər. Öz təşkilatları, öz işləri-gücləri var. Azərbaycandan fərqli olaraq Gürcüstanda gənc yazarlar televiziyalarda, radiolarda, mətbuatda tez-tez görünür və höküməti açıq tənqid edə bilirlər, ortaya mövqe qoyurlar. Bundan başqa gürcü ədəbiyyatında dünya ədəbiyyatından tərcümələr Azərbaycandakından qat-qat çoxdur, artıq Aka Morçiladze, Data Turaşvili kimi gürcü müəlliflər dünyada yaxından tanınır, oxunur. Gürcüstanda kitab mağazalarının sayı da Azərbaycana nisbətən çoxdur.
- Gürcü ədəbi mühitində azərbaycanlı yazarlar da varmı? Mən Gürcüstan azərbaycanlılarında gürcü mədəniyyəti və dilinə qarşı bir soyuqluq görürəm. Niyə azərbaycanlılar Gürcüstanın mədəni həyatına inteqrasiya oluna bilmirlər?
- Bilirsən, gürcü höküməti azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyası üçün çoxlu işlər görür, ancaq inteqrasiya birtərəfli olmamalıdır. Həqiqət odur ki, gürcülərin özlərində bizə qarşı əsassız stereotiplər formalaşıb. Onlar bizi yaxından tanımırlar və bir qayda olaraq yuxarıdan aşağı baxırlar. Halbuki onlar da azərbaycanlıları yaxından öyrənməli, inteqrasiya olunmalıdırlar, bizə hörmətlə yanaşmalıdırlar ki, aramızdakı soyuqluq götürülsün. Bilirsiniz ki, bu yaxında burda gürcülərlə azərbaycanlılar arasında bir münaqişə yaşandı. Mədəni adamların köməyilə bu münaqişə böyümədi, amma bu, gürcülərlə aramızdakı uçurumun bir göstəricisidir.
Bildiyim qədərilə gürcü ədəbi mühitində azərbaycanlı bir yazar, şair yoxdur. Yalnız ədəbi çevrələrdə yaxşı tanınan Oktay Kazımov adlı bir tərcüməçi var ki, gürcü dilinə xeyli Azərbaycan müəlliflərini tərcümə edib. Sevindirici haldır ki, son dövrlər Gürcüstan azərbaycanlılarında gürcü dilini və ədəbiyyatını öyrənmək ənənəsi yaranmaqdadır.
- Bəs hekayə yazmağa necə başladın, müsabiqədə hekayənə belə münasibəti gözləyirdinmi?
- Hekayəni son 2-3 ildə yazıram. Bundan əvvəl şeir yazmaqla məşğul idim, şeirlərim Gürcüstanda qəzetlərdə, jurnallarda çıxıb. Sonra nədənsə nəsrdə də özümü sınamaq istədim və müsabiqədə iştirak edib, münsiflərin mənə münasibətini öyrənmək istədim. 20-liyə düşəndə çox böyük sevinc hiss etdim, sonra 10-luğa düşdüyümü gördüm və qürur keçirdim, bu mənə həm stimul verdi, həm də çiynimə əlavə bir məsuliyyət qoydu. Bundan sonra daha yaxşı yazmalıyam. Düzü, hekayəmi göndərəndə məqsədim heç olmasa 20-liyə düşmək idi. Nədənsə içimdə belə inam var idi ki, ən azı 20-liyə düşə bilərəm.
- Sənin hekayəndə bir rəssamın günahlarından qurtulma prosesindən danışılır, səncə yaradıcılıq prosesi vasitəsilə günahlardan qurtulmaq olarmı?
- Hekayəmin əsas qəhrəmanı özü-özünə yadlaşan bir rəssamdır. O, var-dövlət, şöhrət qazansa da, günü-gündən özünə yadlaşır. Onun bir sıra böyük günahları var və bu günahları əcaib heyvanlar şəklində çəkərək özündən çıxarıb yandırmaqla həmin günahlardan azad olmağa çalışır. Sanki yaradıcılığı vasitəsilə özünü müalicə edir və axırda öz günahlarından xilas olur. Bəli, bu süjet vasitəsilə, yaradıcılıqla günahlardan azad olma prosesini əks etdirmişəm. İnanıram ki, yaradıcılıq daim müəllifi müalicə edib, sağaldır.
Söhbətləşdi:
Namiq Hüseynli