Avropanın halı nə olacaq?Avropanın halı nə olacaq?
Avropanın halı nə olacaq?Avropanın halı nə olacaq?

Avropa Parlamentinə seçkinin nəticəsi Avropa İttifaqının gələcəyi haqda düşünmək üçün əsas verir

Avropa İttifaqının qanunverici orqanı olan Avropa Parlamentinə keçirilən seçkinin nəticəsi bir sıra səbəblərdən son dərəcə maraqlı və səciyyəvi hesab oluna bilər. Birbaşa Aİ vətəndaşlarının səsverməsilə keçirilən seçki (proporsional sistem üzrə), ilk növbədə, avroskeptiklərin və radikalların mövqelərini gücləndirib. Qeyd edək ki, bu dəfə seçkidə seçici fəallığı müqayisədə o qədər də yüksək olmayıb.

Beləliklə, növbəti 5 ildə Avropa Parlamentində Aİ-nin 28 ölkəsini əsasən Avropa Xalq Partiyasının, Sosialistlərin və Demokratların Proqressiv Alyansının, "Avropa uğrunda liberalların və demokratların alyansı"nın və "Yaşıllar"ın nümayəndələri təmsil edəcəklər. 751 deputat yerinin böyük əksəriyyətini - 521-ni, məhz, bu qüvvələrin üzvləri qazanıblar. Onlarla yanaşı, "Avropa mühafizəkarları və islahatçıları", "Avropa birləşmiş solçuları",/ "Şimalın solçu-yaşılları", "Azadlıq və demokratiya uğrunda Avropa" fraksiyası və müstəqil deputatlar da yeni parlamentdə yer alacaqlar.
Amma əsas intriqa "başqa" siyasətçilər arasındakı yer bölgüsü sayıla bilər (yeni parlamentdə, təxminən, 150 yer). Onlar əvvəllər Avropa Parlamentində yer ala bilməyən partiyalara qismət olub - ultrasağçılar, radikallar, avroskeptiklər, avrofoblar. Qanunverici orqanda yerlərin əksəriyyəti yenə də millətçilərin nəzarətində qalsa da, göründüyü kimi, millətçilər və Aİ-nin faydalı olmadığını düşünənlər əvvəlki seçkilərlə müqayisədə mövqelərini xeyli yaxşılaşdırıblar. Bu mənada 2 ölkəni xüsusi fərqləndirmək olar. Söhbət Fransa və Böyük Britaniyadan gedir.
Marin Le Penin rəhbərlik etdiyi fransızların Milli Cəbhəsi 25% səs toplayaraq, hazırkı prezident Fransua Ollandın 14% səs yığa bilmiş Sosialist Partiyasını geridə qoyub. Nəzərə alsaq ki, 2009-cu ildə keçirilmiş seçkidə Le Pen cəmi 6% səs yığmışdı, Milli Cəbhənin ciddi uğur qazandığını söyləmək olar. İndi Le Pen 2017-ci ildə keçiriləcək prezident seçkisi üçün əsas favorit sayılır.
Birləşmiş Krallığın Azadlıq Partiyası (UKIP) səslərin 30%-dən çoxunu qazanıb. Bununla da, Aİ-ni tərk etməyin, Şərqi Avropa ölkələrindən miqrasiyanın məhdudlaşdırılmasının tərəfdarı olan UKIP ilk dəfə leyboristlərlə mühafizəkarları geridə qoyub. Bu, son 5 ildə partiyanı dəstəkləyənlərin sayının 2 dəfə artdığını göstərir. "Bu ölkəni, əslində, kim idarə edir? İndi bizim qanunların 75%-i Brüsseldə qəbul olunur", - deyə UKIP-in reklam plakatlarında bildirilir. Partiyanın lideri Naycel Fərəc isə seçkidəki uğurlarını "siyasi zəlzələ" adlandırır, Londonun yaxın zamanlarda "qərarları müstəqil qəbul edəcəyini" söyləyir.
İtaliyada avrodan imtinanı vacib hesab edən populist "5 ulduz hərəkatı" 21,1, "Şimal Liqası"ndan olan avroskeptiklər isə 6,2% səs qazanıblar. Avropa Parlamentində Avstriya, Macarıstan, Yunanıstandan olan ultrasağçılar da mövqelərini gücləndiriblər. Onlarla yanaşı, Belçikanın "Flamand marağı" partiyası, Danimarkanın Xalq Partiyasının da adlarını çəkmək olar. Polşada avroskeptiklərin partiyasına 7,15% seçici səs verib və bununla da, o, sıralamada 4-cü olub, Partiyanın lideri Yanuş Korvin-Mikke Aİ-ni "heç kəsə lazım olmayan" qurum kimi, daxildən sındıracaqlarını vəd edir.
Bu qələbələr, əlbəttə ki, sadalanan partiyaların özlərini Avropa Parlamentində ağır çəkili siyasi qüvvə saymaları üçün kifayət deyil. Amma tendensiya ortadadır. Hələlik Avropada radikallarla avroskeptiklərin vahid fraksiya yaratmaqla bağlı razılığa gələ bilməmələrini Köhnə Dünyanın bəxtinə yazmaq olar. Qeyd edək ki, Avropa Parlamentində fraksiya formalaşdırmaq üçün ən azı 7 ölkədən 25 deputatın bir araya gəlməsi lazımdır. Amma ümumi şüarlara baxmayaraq, radikal partiyaların hədəfləri, ideyaları bəzən bir-birindən kəskin şəkildə fərqlənir. Bu səbəbdən, onlar hələ ümumi proqram formalaşdırmaqdan çox uzaqdırlar.
Maraqlıdır ki, Avropa İttifaqının qanunvericiliyində, təxminən, 5% civarında baryer də var. O, Avropa Parlamentində radikal və marginal partiyaların seçilməsinə mane olmalıdır. Amma deyəsən bu dəfə bu baryer də kifayət etməyib.
Radikal sağçılarla avroskeptiklərin uğuru Avropa İttifaqının "həyat və davranışı haqda düşünməsi" üçün əsasdır. Əksər ekspertlərin fikrincə, bütün bunların səbəbi iqtisadi və avrozonada yaşanan böhran, bir sıra ölkələrdəki sosial gərginliklər, xüsusilə gənclər arasında işsizliyin səviyyəsinin yüksək olması (onların sayı, təxminən, 26 milyon nəfərdir), miqrasiya problemləridir (son 20 ildə Avropada immiqrasiya 40% artıb).
Həqiqətən də, böhran başlayandan Aİ-də məyusların sayı xeyli artıb. Birliyə daxil olan bir sıra ölkələrdə hesab edirlər ki, qənaət siyasəti onlara Brüssel tərəfindən zorla qəbul etdirilir və bununla da, ölkələrin suverenliyi faktiki olaraq yox olur. Almaniya, Hollandiya, Finlandiya kimi kreditor ölkələr, eyni zamanda iqtisadi durumun o qədər də yaxşı olmadığı Şərqi Avropa dövlətləri də narazıdırlar. Aİ-nin ucuz məhsullarının bir sıra Şərqi Avropa ölkələrinin (Macarıstan, Rumıniya, Bolqarıstan) kənd təsərrüfatı bazarlarını doldurması vəziyyəti bir qədər də ağırlaşdırır - yerli fermerlər satış bazarlarını itirirlər. İqtisadi sahədəki problemlər "birləşmiş Avropa"nın əslində rabitəsiz, müxtəlif olduğunu aydın şəkildə üzə çıxarıb. Məsələn, Yunanıstan və İspaniyada işsizlik 25%-dirsə, Almaniya və Avstriyada bu rəqəm 5% təşkil edir.
Bununla yanaşı, seçkidə qələbə qazanmış "xalqçılar"ın və sosial-demokratların proqramlarında islahatların davam etdirilməsinin, vahid bazarın gücləndirilməsinin vacibliyi əks olunur, Yunanıstanın borcu, borc öhdəlikləri kimi ağrılı məqamlar, sanki, diqqətdən kənarda saxlanılır. "Sərt iqtisadiyyat"ın dayandırılmalı olduğunu yalnız solçular bəyan edirlər.
Avropa ictimaiyyəti demoqrafik problemlərdən, Şimali Afrikadan, Yaxın Şərqdən mühacir axınından da narazıdır. Seçkidən cəmi bir neçə gün sonra Fransa polisi Asiya və Afrikadan olan mühacirlərin Kale şəhərindən çıxarılmasına başlayıb. NatGen təşkilatının apardığı sorğunun nəticəsinə görə, britaniyalıların az qala dörddə üçü özlərində irqçilik xüsusiyyətlərinin olduğunu etiraf edir - bu, 30 il əvvəl qeydə alınmış göstəricinin geri qayıtması deməkdir. Brüssel Aİ-nin əsas prinsiplərinin qorunub saxlanılması üçün əlindən gələni edir. Söhbət sərbəst hərəkət hüququndan gedir. Həmin Böyük Britaniya isə artıq neçə dəfə bu hüququn məhdudlaşdırılmasına çalışıb. Radikalları siyasi baxımdan daha nəzakətli həmkarlarından fərqləndirən cəhət problemi başqa prinsiplər arxasında gizlənmədən, açıq şəkildə çözməyə çağırış etmələridir.
Daha bir məqam insanların multikulturalizm ideyalarından açıq imtina etməklə, milli eyniliyə qayıtmaq arzularıdır. Aİ-də bir-birindən xeyli fərqlənən ölkələr toplaşıblar və onların heç də hamısında əhali vahid sosial-mədəni kod uğrunda əsrlərdən gələn dəyərlərindən imtina etməyə hazır deyil. Hər halda, eyni cinslilərin nikahına icazə verilməsi, nüfuzlu beynəlxalq mahnı müsabiqəsində saqqallı qadının - transvestitin qalib gəlməsi kimi bərabərhüquqluluq və tolerantlıq heç də Avropada yaşayan hər kəsi qane etmir. Səbəblər arasında, əlbəttə ki, sırf texniki məsələlər də var - radikalların tərəfdarları daha yaxşı təşkilatlanıblar və seçki məntəqələrinə digərlərindən daha çox üz tuturlar. Yeri gəlmişkən, son seçkidə seçici fəallığı 43,11% təşkil edib və bu, o qədər də pis göstərici deyil. Amma Aİ-nin ayrı-ayrı ölkələrində bu rəqəm də fərqlidir. Liderlər arasında Lüksemburqu (90%), Belçikanı (90%), Maltanı (74,8%) göstərmək olar. Seçkiyə ən çox etinasız yanaşanlar isə Mərkəzi və Şərqi Avropada olub. Məsələn, Sloveniyada səsverməyə seçicilərin yalnız 21, Çexiyada 19,5, Slovakiyada isə 13%-i qatılıb. Yunanıstanın kiçik Qavdos adasının sakinləri isə Avropa Parlamentinə seçkidə iştirakdan tamamilə imtina ediblər. Onlar bu addımı Aİ-nin və Yunanıstan hökumətinin siyasətinə etiraz əlaməti olaraq atıblar.
Daha bir problem əksər avropalının Avropa Parlamentinə aşkar inamsızlıqla yanaşmasındadır. Müxtəlif sorğular göstərir ki, əhalinin, təxminən, 60%-i qərarların deputatlar tərəfindən deyil, Aİ-yə üzv dövlətlərin hökumətləri tərəfindən qəbul edildiyini düşünür. Üstəlik, onlar əsas məsələlərin birliyin güclü dövlətləri olan Almaniya, Fransa və Böyük Britaniya tərəfindən həll olunduğu fikrindədirlər. Avropa Parlamentinə gəlincə, o, daha çox diskussiyalar üçün, karyera üçün yaxşı məkan sayılır.
Daha bir ağrılı məqam Avropa İttifaqının xarici siyasətidir. Ketrin Eşton diplomatiyası dövrünü Avropada parlaq dövr adlandırmaq çətindir. Nəticədə, Aİ-nin xarici siyasəti də sözdə "ümumi siyasət" adlandırılsa da, əslində, qərarlar ayrı-ayrı dövlət başçıları tərəfindən qəbul edilir, onlardan bəziləri yekun səs hüququna malikdirlər. Məsələn, elə həmin Londonun iddiaları və hədəfləri ümumavropa siyasəti sisteminə nadir hallarda uyur. Bu, xüsusilə Avropanın əsl hökmdarı sayılan Angela Merkelin bir müddət əvvəl təkrarın Almaniya kansleri postunu tutmasından sonra daha çox hiss olunur. Aİ-nin müdafiə siyasətilə bağlı da hər şey aydın deyil. Açıq danışsaq, Aİ-də müdafiə idarəsi funksiyasını çoxdan NATO oynayır və orada əsas rolun ABŞ-a məxsus olduğu heç kimə sirr deyil...
Bu vəziyyətdə, əlbəttə ki, yaxın zamanlarda Aİ-nin genişlənəcəyini gözləmək olmaz. Hazırda bu prosesi yalnız liberallar dəstəkləyir. Odur ki, İslandiya, Makedoniya, Çernoqoriya, Serbiya kimi ölkələr Aİ-yə qoşulmaq üçün hələ gözləməli olacaqlar. Türkiyə və Ukraynanın isə bu məsələdə nəsə gözləməsi belə, artıqdır.
Avropa Parlamentinə seçkinin nəticələrinə əsasən, Aİ-nin Azərbaycanla bağlı siyasətində, çətin ki, ciddi dəyişiklik olsun. Çünki Aİ-də əsas siyasətçilər öz yerlərində qalırlar. Yuxarıda sadalanan dəyişikliklər daha çox Brüsselin özü üçün siqnal sayıla bilər. Bundan sonra Köhnə Qitədə avroskeptizm və radikallaşma prosesi ya sürətlənəcək, ya da Avropa həqiqi islahatlarla məşğul olmaq məcburiyyətində qalacaq.
Alı