Hacıbala Abutalıbov ikitirəlik yaradıb
08:14 10-06-2014
CƏMİYYƏT
Hacıbala Abutalıbov ikitirəlik yaradıb
Bakının icra başçısı mer seçkisinin keçirilməsini yenə əngəllədi
Qeyd edək ki, hələ ötən ilin sonlarında mətbuatda belə informasiyalar dolaşmağa başladı ki, bu ilki bələdiyyə seçkilərində həmçinin Bakı meri postuna da ilk dəfə olaraq seçki təşkil oluna bilər. Əvvəlki illərdə də analoji xəbərlər yayılsa da, o təsdiqini tapmamışdı. Amma bu il bələdiyyə seçkiləri ilə bağlı büdcə vəsaitinin kifayət qədər iri həcmdə olması Bakı meri seçkilərinin də təşkil olunacağına dair ehtimalları qüvvətləndirirdi.
Ancaq artıq əminliklə demək olar ki, Bakıdakı mer seçkisi hökumətin gündəmində yoxdur. Bir daha qeyd edək ki, Bakı Avropa Şurasına üzv olan ölkələrin baş şəhərləri arasında yeganə paytaxtdır ki, mer seçkisi keçirilmir, idarəçilik seçki ilə formalaşmır. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi dəfələrlə məsələni müzakirə edib, Azərbaycan hökumətinə Bakıda böyük şəhər bələdiyyəsinin yaradılması və mer seçkisinin keçirilməsi tövsiyə olunub. Amma hökumət bu tövsiyələrə müsbət yanaşmayıb.Onu da deyək ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin son açıqlaması da Hacıbala Abutalıbovun postunun seçkili olacağına dair ehtimalların reallaşma imkanlarının hələlik ortada olmadığını deməyə əsas verir. Rəhimzadənin də fikrincə, Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması real deyil: "Gələcəkdə Bakı Böyük Şəhər Bələdiyyəsi yaradıla bilər. Ancaq hazırda bu, qeyri-real məsələdir. Çünki Bakı Azərbaycanın yarısıdır. Bakının bir bələdiyyə ilə idarə edilməsinə hələlik nə cəmiyyət hazırdır, nə də bələdiyyələr o yükü öz üzərinə götürə bilər. Ona görə də bu məsələ hələlik rayon səviyyəsində qalıb, bələdiyyələr Bakının rayonlarında yaradılıb. Digər tərəfdən, hazırda Azərbaycanda mərkəzləşmə yüksək səviyyədədir. Bunun əsası da var. Birinci, bizim qaçqınlarımız, məcburi köçkünlərimiz var, müharibə şəraitindəyik. İstər-istəməz mərkəzləşmə olmalıdır. Bələdiyyələrin görməli olduğu bir çox işi hazırda respublika təşkilatları görür. Vəziyyət normal hala düşəndən, Dağlıq Qarabağ məsələsi həll olunandan, əks mərkəzləşmə prosesi gedəndən sonra şəhər bələdiyyəsi də yaradılacaq, bu istiqamətdə digər islahatlar da gedəcək".Bəzi ekspertlər isə bildirirlər ki, Avropa Şurasına daxil olan ölkənin paytaxtını mer idarə etməlidir və mer seçkilərində siyasi partiyalar fəal rol oynamalıdırlar. Amma uzun müddətdir ki, bu istiqamətdə siyasi iradə ortaya qoyulmayıb. Hesab olunur ki, rəsmilərin bu istiqamətdə gətirdiyi arqumentlər, məcburi köçkünlərin olmasını səbəb kimi göstərməsi həqiqətəuyğun deyil. Sadəcə olaraq mer seçkiləri yeni seçki atmosferinin yaranmasına gətirib çıxara bilər. Bu isə syiasi partiyaların aktivliyinə, yeni siyasi opponentlərin yaranmasına səbəb olar. Elə bunu nəzərə alaraq da Bakı meri postunun hələlik seçkili olmasına imkan yaradılmır.Bir çox ekspertlər isə deyirlər ki, hökumətdə mer seçkisi keçirilməsinə hələlik lüzum görməyənlərlə bərabər bunun əksini söyləyənlər də var. Belə ki, hökumətə yaxın bir çox mütəxəssislər, millət vəkilləri, KİV-lər hesab edirlər ki, Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılmasının gecikdirilməsi yaxşı hal deyil. Ən azı ona görə ki, mer seçkisini keçirməklə Avropa qurumlarının rəsmi Bakıya qarşı tənqid səbəblərindən birini sıradan çıxarmaq olar. Bu cür düşünənlərin olması isə onu göstərir ki, sözügedən məsələ ilə bağlı hökumət içində ikifikirlilik, ikitirəlik hökm sürür.Bir çox ekspertlərin qənaətincə Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılmasının yubanması daha çox paytaxtın hazırki icra başçısı Hacıbala Abutalıbovla bağlıdır. Paytaxt rəhbəri mer seçkisini onun indiki vəzifəsi ilə vidalaşması kimi başa düşdüyündən əlindəki imkanları, iqtidar içi nüfuzunu postunun seçkili olmasının əngəllənməsinə yönəldib.Hər halda görünən odur ki, paytaxt rəhbərliyinin seçkili orqana çevrilməsi istiqamətində müzakirə və mübahisələr yaxın zamanlarda bitməyəcək. Bundan kimin itirib kimin qazandığını isə vurğulamağa xüsusi ehtiyac yoxdur.
Seymur Quliyev
Digər Xəbərlər
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50
2024-11-23 11:53:04