Azərbaycan sahibkarlarına "qara günlər" xəbərdarlığı
Azərbaycan sahibkarlarına "qara günlər" xəbərdarlığı

Ekspert: "Kiçik və orta bizneslə məşğul olanlar belə öhdəlikləri yerinə yetirmək məcburiyyətindədirlər"

"Hökumət 2014-cü ilin büdcəsində müəyyən dəyişikliklər etdi, transferləri azaltdı, eyni zamanda, büdcənin neft gəlirlərindən asılılığını azaltmağa çalışırlar. Amma Milli Büdcə Qrupunun hesablamaları göstərir ki, 2013-cü ilin büdcəsinin icrasının 75,2 faizi neft sektorundan daxil olmalar hesabına baş verib. Büdcəyə gələn hər 4 manatın 3 manatından çoxu birbaşa neft sektorundan daxil olub. Qeyri-neft sektorunun payı isə 1 manatın içində 98 qəpikdir". Bunu tanınmış iqtisadçı Qubad İbadoğlu meydantv.az-a müsahibəsində deyib.

O, rəsmilərin qeyri-neft sektorunun inkişafı barədə dedikləri ilə razılaşmayıb: "Qeyri-neft sektorunun inkişafından, iqtisadiyyatın şaxələnməsindən danışılır, amma faktlarla təsdiqlənmir. Bu yaxınlarda büdcənin icrasıyla bağlı hesabatı parlament qəbul etdi və maliyyə naziri hesabat verdi. Eyni zamanda, Hesablama Palatası büdcənin icrasıyla bağlı və büdcə qanununa rəy hazırlayıb. Hər üç sənəd təsdiqləyir ki, dövlət büdcəsinin gəlirlərinin 75,2 faizi birbaşa neft sektorundan daxilolmalar hesabınadır".
O zaman hasilat azalacağı təqdirdə büdcəni nə ilə örtmək olar? Bu suala cavabda Q. İbadoğlu deyib ki, bu istiqamətdə hökumət artıq fəaliyyətə başlayıb: "Birinci, qeyri-neft sektorunda vergi ödəyicilərinin cərimələnməsi, sanksiyalar və 2013-cü ilin büdcəsi ilə bağlı hesabatdan bəlli olur ki, 2012-ci illə müqayisədə cərimələr, sanksiyalar üzrə daxilolmalar 109 milyon manat artıb. Artıq sahibkarlarımız cərimələr ödəməklə büdcədə həmin maddədən daxil olmaları artırıblar. İkinci, dövlət büdcəsinin icrası göstərir ki, ölkədə rezidentlərin mənfəət vergisindən ödəmələr ildən-ilə azalır və bu, dinamikaya çevrilib. Baxmayaraq ki, büdcə sektorunda əməkhaqqı artımları gedir, amma onların gəlir vergisindən ödəmələr azalıb".
Jurnalistin, "Demək istəyirsiniz ki, sahibkarları "qara günlər" gözləyir" sualına cavabda ekspert bildirib: "Onsuz da sahibkarlar "qara günlər"ini yaşayır. Söhbət kiçik və orta biznesdə olanlardan gedir, onlar da büdcə qarşısında belə öhdəlikləri yerinə yetirmək məcburiyyətindədirlər. Çünki 2014-cü il ötən ildən daha ağır olacaq, səbəb də transferlərin məbləğini azaltmağımızla bağlıdır. Ötən il transferlərin Neft Fondundan dövlət büdcəsinə köçürülməsi ilə bağlı ən yuxarı həddir. Hazırda ən yuxarı həddən aşağı gedirik. Dediyiniz neft hasilatı da azalır və bunun nəticəsində neft satışından gəlirlərin azalmasına gətirib çıxardır. Bu, bütövlükdə Dövlət Neft Fondunun aktivlərinin azalmasını şərtləndirə bilər. Ona görə hökumət siyasəti dəyişdi ki, heç olmasa, Dövlət Neft Fondunun aktivləri qalsın, hazırda 36,5 milyarddır. Aktivləri o səviyyədə saxlamaqla, müəyyən gəlirlər əldə etmək istəyirlər. İndi fond aktivlərin 5 faizini əmlak bazarında yerləşdirir, 5 faizini inkişaf etməkdə olan ölkələrin bazarında, 5 faizini də qızıl bazarında, yerdə qalan 85 faizi səhmlərdədir".
Ekspert hökumətin statistikasında ÜDM-da qeyri-neft sektorunun payının artmasını şərh edərkən bildirib ki, bu, daha çox kəmiyyət göstəricisidir: "Neft sektorunda əvvəllər qeydiyyata alınan istehsalın və xidmətin bir hissəsini artıq qeyri-neft sektoruna keçiriblər. Məqsəd qeyri-neft sektorunun payının çoxalması və bu sektora stimul verməkdir. İkinci, qeyri-neft sektorunda müəyyən artım elementləri var, bu, həm də xidmət sektorundan qaynaqlanır. Etiraf edək ki, turizm sektoru əvvəlki illərlə müqayisədə yerli və xarici vətəndaşlar üçün daha cəlbedici olub. Üçüncü, nəqliyyat sektoruna kifayət qədər investisiyalar qoyulduğundan bu sahədə canlanma var. Əlavə olaraq rabitə sektoruna xeyli investisiyalar qoyulub, indi də gəlirlər əldə olunur. Bu mənada qeyri-neft sektorunda müəyyən qədər canlanma var. Ancaq digər istiqamətdə qeyri-neft sektorunun inkişafını stimullaşdıran amillərdən biri məhz istehlak xərclərinin artmasıdır. Bu gün Azərbaycan vətəndaşları artan inflyasiyanın təsirindən vəsaitlərinin 71 faizini istehlaka yönəldib. Amma bu, o demək deyil ki, avtomatik olaraq iş yerlərinin sayı artır".
Hökumətin yeni iş yerləri ilə bağlı statistikasından da danışan Q. İbadoğlu maraqlı faktlar açıqlayıb: "Rəsmi rəqəmləri təkzib edən kifayət qədər fakt var. Birinci, ölkədə muzdla işləyənlərin sayı 1,5 milyondur, yəni kənd təsərrüfatında kiminsə torpaq payı varsa, biz onu məşğul əhali kimi qeydə alacağıqsa, son nəticədə iş yerlərinin sayının artacağı göstəriləcək. Amma əslində kənd təsərrüfatında işləyən hər hansı adam ordan qazanc götürürsə, kəndlinin torpaq payı varsa və istifadə etmirsə, ordan qazancı yoxdursa, bunu məşğul əhali hesab edə bilmərik. Məşğulluq məsələləri ilə bağlı kifayət qədər statistik, metodoloji məqamlar var ki, ona əsaslanıb iş yerlərinin açılması istiqamətində məlumatları təhlil etmək mümkündür. Bir sözlə, rəsmi iş yerlərinin açılması ilə real mənzərə arasında bir təzad var. Beynəlxalq Əmək Təşkilatının hesabatına baxaq, göstərilir ki, Azərbaycanda gənclər arasında işsizliyin səviyyəsi 15 faizə yaxındır və ildən-ilə də artır. Təşkilatın məlumatına görə, işsizliyin səviyyəsi 2018-ci ilə qədər artmaqda davam edəcək. Bu, onu göstərir ki, iş yerlərinin açılması istiqamətində qeyri-neft sektorunun potensialı o qədər də böyük deyil. Sadəcə, bəzi xidmət sahələrində müəyyən artımlar var, onlar daha çox yüksək texnologiyalarla idarə olunsa da, əmək tutumu əvvəlki maşınqayırma, metallurgiya ilə müqayisədə aşağıdır. Mən onsuz da "Sənaye ili"nin elan olunmasının əleyhinə idim, çünki sənaye çox böyük sektordur, ona görə bu sahənin bir qolu seçilsəydi, daha yaxşı olardı. Məsələn, bu il metallurgiya, gələn il maşınqayırma sənayesi ili olardı və diqqəti də ora cəlb edərdilər. Ümumi bir "Sənaye ili" kimi elan olundu və sənaye sektorunda da göstəricilər bu gün məyusluq doğurur. Çünki sənaye sektorunda hasilatın tempi aşağı düşüb".
Sənan Mirzə