Azərbaycanda istehlakçıların mobil telefon dərdi
08:39 10-06-2014
İQTİSADİYYAT
Azərbaycanda istehlakçıların mobil telefon dərdi
Onlar aldıqları məhsulla bağlı problemlə üzləşdikdə nə etməlidirlər?
İstehlakçı hüquqlarının müdafiəsi istiqamətində bir sıra problemlər aradan qaldırılsa da, görüləsi çox iş var. Hələ də istehlakçılar vaxtı ötmüş məhsullardan, mənşəyi məlum olmayan mallardan, keyfiyyətsiz avadanlıqlardan və ən əsası "müştəri məmnuniyyəti" prinsipi ilə pərdələnən kobud münasibətdən sığortalanmayıb.
İstehlakçıların üzləşdiyi problemlər sırasında mobil telefonlarla bağlı problem ön cərgədə dayanır. Belə istehlakçılar üzləşdikləri problemləri necə həll edə biləcəklərindən əksər hallarda məlumatsız olurlar. Odur ki, onlara bəzi tövsiyələri çatdırmaqda fayda var.
Telefon istehlakçının xoşuna gəlmirsə, onun həmin məhsulu hər hansı texniki problem olmadan da 14 gün müddətində qaytarmaq hüququ var. Texniki qüsuru olan telefon təmirə verilməli, təmirdən sonra problem aradan qalxmazsa, dəyişdirilməlidir.
İstehlakçılar istər telefon, istərsə də, elektron müraciət etməklə qarşılaşdığı hüquqpozuntusunu 195-2 telefon məlumat mərkəzi vasitəsi ilə yetkililərin nəzərinə çatdıra bilərlər. Bu xidmət şikayətləri qəbul etməklə yanaşı, istənilən sualı cavablandırmaqda da alıcının köməyinə gəlir. Bundan başqa İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiəsi Dövlət Xidmətinin 498-15-01, 498-15-04 nömrəli "Qaynar xətt" xidməti də bazarda müşahidə olunan bütün problemlərə reaksiya verir.
Standartlaşdırma, Metreologiya və Patent üzrə Dövlət Komitəsi qanunvericiliyin tələblərinə uyğun əsasən, ölkə ərazisində istehsal olunan və ölkəyə idxal olunan bütün növ məhsul, mal və xidmətlərin normativ sənədin tələblərinə uyğunluğuna dövlət nəzarətini həyata keçirir. Komitənin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin 4 aprel 2012-ci il tarixli Fərmanına əsasən, Komitə yanında Texniki növ və Standartlara dövlət nəzarəti xidməti yaradılıb. Qurumun vəzifəsi ölkə ərazisində mənşəyi bilinməyən, keyfiyyətsiz, təhlükəli, normativ sənədlərə uyğun olmayan mobil telefonların satışını dayandırmaq, idxalının qarşısını almaqdır.
Mobil telefonlar da məcburi sertifikatlaşdırılmalı olan mallar siyahısındadır. Bu avadanlıqlar satışa çıxarılmazdan öncə idxalçı şirkətlər, distribütorlar tərəfindən mütləq sertifikatlaşdırılmalıdır. Bu da keyfiyyətsiz, saxta cihazların bədbəxt hadisələrə səbəb olması barədə ehtimalların qarşısını almaq məqsədi daşıyır.
Bir sözlə, aldıqları mobil telefonlarla bağlı şikayəti olanlar həmin mobil telefon aldıqları mağazalarda, müvafiq distrubitorlarda problemlərinin həllinə nail olmadıqda aidiyyatı dövlət qurumlarına üz tuta bilərlər.
Xatırladaq ki, istehlakçı hüquqları az insan hüquqlarından biridir ki, bu şikayətlərə Avropa məhkəməsəində də baxılır. İstehlakçı hüquqlarının pozulması ilə bağlı iddiaya görə isə məhkəmə rüsumu tələb olunmur.
Azərbaycanda qüvvədə olan "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunda malın keyfiyyəti, istehlakçının aldadılması və onun hüquqlarının pozulması kimi məsələlərə istehsalçının deyil, satıcının cavabdeh olduğu birmənalı qeyd olunub. Bu səbəbdən satıcının istehsalçı ilə müqaviləsində hər iki tərəfin məsuliyyəti dəqiq müəyyən edilməlidir. İstehlakçının hüquqlarının pozulduğu bütün hallara satıcı cavabdehdir. 2012-ci ilin mart ayında İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə edilən dəyişikliklərdən sonra satıcının məsuliyyəti daha da artırılıb. Belə ki, keyfiyyətsiz xidmətə görə satıcının cəriməsi 3000 manatdan 5000 manatadək müəyyən edilib. Hətta istehlakçıya düzgün informasiya verməməyə görə satıcı qanun qarşısında cavabdehlik daşıyır. İstehlakçıların hüquqları kütləvi pozulduğu təqdirdə isə, maddi məsul şəxs 3 il müddətinə həbs cəzasına məhkum edilə, yaxud 5000 manatdan 9000 manatadək cərimələnə bilər.
Sözügedən qanunun icra olunması üçün hüquqları pozulan istehlakçıdan birbaş satış mərkəzinə müraciət etmək tələb olunur. Qanunun tələblərinə əməl olunması və hüquqlarının bərpa olunması üçün ilk növbədə satış nöqtəsinə müraciət etməlidir. Tələbi yerinə yetirilmədiyi təqdirdə müvafiq dövlət orqanlarına - Standartlaşdırma, Metereologiya və Patent üzrə Dövlət Agentliyinə, Rabitə və İqtisadi İnkişaf nazirliklərinə müraciət etməklə hüquqlarını qoruya bilərlər.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53