Hara getdiyini bilməyən kütlə
08:49 10-06-2014
CƏMİYYƏT
Hara getdiyini bilməyən kütlə
Fentezi janrında yazılmış romanlarda sehrli əşyalara qəhrəman yardım edir, əsarətdəki insanların azadlığa qovuşmasında xüsusi rol oynayır. Sehrli qılınc, dəlinməz qalxan, yorulmaz at, bitməz çörək - bunlar qəhrəmanı daha da güclü edir.
İndisə bəzi ölkələrin rəhbərləri özlərini sanki Mordor hökmranı Sauron sayaraq ətrafdakı insanları da qoblin və ya ork qismində görür, onları köləyə çevirir, həmin binavalara "əslində əla vəziyyətdə yaşadıqlarını" təlqin edir.
Aldadanın halı pis olmur.
Vay aldananların durumuna.
...Ermənistanda indiyədək yaşanmış, indi cərəyan edən və bundan sonra baş verəcək hadisələrin formasından, məcrasından və miqyasından asılı olmayaraq dəyişməyən bir nüans var.
O da ermənilərin özlərinə, dövlətlərinə və hakimiyyətə olan münasibətləridir.
Dövlətçiliyin keyfiyyəti, idarəetmənin sistemi, vətəndaşların istək və bacarıqlarının reallaşdırılması üçün yetərli məkanla imkanların olmaması kütləni nəzarətdə saxlayan rejimin sütunlarının zəiflədiyini göstərir.
Ölkə müstəqillik əldə edəndən bəri ermənilərin can atdıqları məqsədlər və məramlarda ciddi dəyişikliklər olmasa da, onların davranışları, hərəkətləri fərqlidir.
Kütlədəki fərdlər mütiləşdiyi, yaradıcılıq potensiallarını reallaşdıra bilmədikləri üçün təşviş, qorxu və sərsəmlik səviyyəsi artır.
Problemləri formalaşmayan, gündəmdə ümummilli ideyası olmayan, nə edəcəyini bilməyən kütlələr, millətlər və etnosların halı belə olur.
Erməni cəmiyyəti nə istədiyini bilmir, prioritetlərini müəyyənləşdirmir və elə bu səbəbdən da insanları irəli apara biləcək yolda onların qarşısını kəsən maneələrlə sədləri dəf etmək üçün səylər yetərli deyil.
Levon Ter-Petrosyanın hakimiyyətindən sonra Robert Köçəryan fasiləsiz taktiki səhvlərlə strateji yanlışlıqlara yol vermişdilər. Serj Sarkisyan da 2008-ci ildə prezident "seçilən"dən bəri səhvlərini sıralayır.
Həmin yanlışlıqlar ermənilərin "uğur" hesab etdikləri məğlubiyyətlərin sayını artırır və cəmiyyətdə məğlubiyyətçilik, ümidsizlik əhval-ruhiyyəsi formalaşdırmaqla yanaşı, insanların gələcəkləri ilə bağlı nigaranlığını gücləndirir.
Bəhs etdiyimiz proseslərin arxasında ermənilərin şüurlarında artıq xroniki xəstəliyə çevrilməkdə olan düşüncə tərzi durur. Həmin şüur yeni dəyərləri qəbul etmir, köhnə ideyalar və nimdaş təfəkkürü ən uyğun həyat prinsipləri sayır, şovinizmlə millətçiliyi ideologiya qismində qəbul edir, qonşu ölkələrin ərazilərinə iddiaları isə qondarma "tarixi iddia"ların təminatına yönəlmiş istəklər məcmusu kimi qəbul edir.
Təbii, Serj Sarkisyan hakimiyyətinin naqislikləri çox olsa da, yalnız iqtidarın fəaliyyəti erməni cəmiyyətindəki anormallıqların yeganə səbəbi deyil. Siyasi apatiya və novasiyalara dözümsüzlüklərinin kökündə duran məqamlar arasında xüsusi yerləri Ermənistandakı köhnə və yeni nəsillərin toqquşmasıdır. Toqquşma nəticəsində yaranan zəhərli miazmlar cəmiyyətin bütün tabanlarına sirayət edərək sağlam qalmağa çalışan beyinləri belə, şikəst edir, hakimiyyətin nəzarətindəki mexanizmin çalışmaqda olan vintlərinə döndərməyə çalışır.
Fəsadın müalicəsi üçün kütlənin orqanizmindəki belə şişlər kökündən çıxarılmasa, ermənilər bundan sonra da uzun müddət keçmişin əsirliyində yaşayacaqlar.
Ağrılı olsa da, reallıq belədir. Sabiq sovet partnomenklaturası hələ də mövqelərini tam uduzmadığını deyərək fiziki və dəyər işğalındadır. Problem siyasi yöndə, hansısa təşkilatın üzvü olmaqda və ya düşərgə mənsubu kimi fəaliyyətdə deyil.
Bəla şüurların daşlaşıb sümükləşməsindədir.
Yerevandakı siyasi partiyalar ən müxtəlif formada birliklər qurur, ittifaqlar yaradır, hakimiyyət dəyişiklikliyini konstitusion və qanuni yollarla reallaşdıracaqlarını düşünürlər. Bu da alınmasa, radikal addımlar ataraq, kütləni qiyama qaldıracaqlarını, üsyanın başlayacaqlarını deyirlər.
İnsafən, mitinqlər də keçirilir, yürüşlər təşkil olunur, şüarlar söylənir, iqtidar lənətlənir, hakimiyyətdən nələrsə tələb olunur və şərtlər irəli sürülür.
İllərdir belədir və heç nə dəyişmir.
Müxalifət həmişəki kimi, istəklər və tələblər topasında vurnuxur, iqtidar da eşitdiklərini milçək vızıltısı kimi zəhlətökən səslər hesab edərək özünü toxtaq tutur.
Ermənistan iqtidarının belə davranması normal haldır, çünki ermənilər postsovet məkanında təkrarsız xarici siyasətə malikdirlər. Onlar müstəqillik və suverenliklərini bütünlüklə Rusiyaya tapşıraraq əvəzində təhlükəsizliklərinin təminatına can atdıqlarından məruz qaldıqları aşağılanmalarla siyasi təhqirləri qaçılmaz prosedurlar hesab edirlər.
Daha doğrusu, vəziyyətlə barışdıqlarını göstərirlər və özlərini də buna inandırmağa çalışırlar.
Əslində başqa yolları da yoxdur həmin binəvaların.
Dağlıq Qarabağ münaqişəsi başlayan gündən bəri zərərli illüziyalar və təhlükəli "arzu"ların əsirinə çevrilmiş toplum onillər keçməsinə rəğmən, hələ də haraya istiqamətləndiyini anlaya bilmir.
Belədə nəyəsə ümid etməyə də dəyməz.
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54