Yaxın üç ayda səs-küylü məmur məhkəmələri başlayacaq
Yaxın üç ayda səs-küylü məmur məhkəmələri başlayacaq

Aralarında nazir, nazir müavinlərinin də olacağı müttəhimlər Ağır Cinayətlər Məhkəməsində mühakimə olacaq

"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Şəki regional logistik bazasının vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Baş Prokurorluğun mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, istintaq zamanı Şəki regional logistik bazasının müdiri Cabbar Qafarovun qulluq mövqeyindən sui-istifadə edib dövlət büdcəsinin vəsaiti hesabına alınan 109 min 500 manat dəyərində mineral gübrələrin qanunsuz olaraq ayrı-ayrı şəxslərə güzəştli şərtlərlə satışını həyata keçirərək "Aqrolizinq" ASC-nin hüquq və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasında, eyni zamanda bazanın anbardarı Seymur Ənnağıyevlə əlbir olub mineral gübrələri hüquqi və fiziki şəxslərə sataraq əldə olunmuş 12 min 800 manat məbləğində külli miqdarda özgə əmlakını mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan Cabbar Qafarova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), Seymur Ənnağıyevə isə həmin məcəllənin 179.3.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilib.
İstintaq dövründə dəymiş ziyanın qismən ödətdirilməsi təmin olunub. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, "Unikal"ın ötən saylarında "Aqrolizinq" ASC ilə bağlı məsələnin böyüyəcəyi ilə bağlı məlumat vermişdik. Göründüyü kimi, artıq cinayət işlərinin əhatə dairəsi genişləndirilir. Məlum cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi də buna əyani sübutdur.
Bu barədə "Unikal"a məlumat verən bilgili şəxsin sözlərinə görə, sözügedən məsələ ilkin mərhələdə Şəki Ağır Cinayətlər Məhkəməsində araşdırlacaq. Ancaq sonra istitaqın miqyası böyüdüləcək və daha iri ranqlı məmurlar istintaqa cəlb olunacaq: "Bildiyiniz kimi, Əli Bayramov "Aqrolizinq" sədri vəzifəsindən çıxarılandan sonra onun məsuliyyətə cəlb olunacağı ilə məlumatlar dolaşmaqdadır. Əgər Əli Bayramov istintaqa cəlb olunsa, onda bütün işlər birləşdiriləcək və "Aqrolizinq" işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Belə olan təqdirdə, Əli Bayramovdan tumuş, keçmiş Kənd təsərrüfatı naziri İsmət Abbasova qədər bir çox yüksək rütbəli məmurlar məhkəmə qarşısında dayanmalı olacaq. Məndə olan məlumata görə, artıq Əli Bayramovun istintaqa cəlb olunması barədə razılıq var. İsmət Abbasovla bağlı isə müəyyən tərəddüdlər mövcuddur. Hər halda, İsmət Abbasov məsuliyyətdən yaxa qurtarmaq üçün Əli Bayramovu önə verməklə canını qurtara bilməyəcək. Yəni, bur qurban yetərli deyil. Ancaq əminliklə deyə bilərəm ki, Əli Bayramov dəmir barmaqlılaq arasında tək olmayacaq. İsmət Abbasovun onun yanında dayanacağı istisna edilmir. Əgər keçmiş nazir yaxasını kənara çəkə bilsə, ya onun sabiq müavinlərindən biri, ya da kənd təsərrüfatı üzrə kurator məhkəmə qarşısına çıxarılacaq. Mümkündür ki, keçmiş nazir müavini Aslan Aslanov qurbanlıq olsun. İstefaya göndəriləndən sonra Aslan Aslanova hər hansı bir vəzifə verilməməsi də onun barəsində müsbət fikrin olmadığını göstərir. Yəni, İsmət Abbasov bu məqamdan istifadə edib onu irəli verə bilər". Mənbə sonda onu qeyd edib ki, bu ilin sonu, gələn ilin əvvəlinə kimi proses yekunlaşmalıdır. Görünən odur ki, qarşıdakı dövrdə maraqlı hadisələr olacaq. Xüsusən də yüksək rütbəli məmurların səs-küylü məhkəmə prosesinin şahidi oldacağımız qaçılmazdır.
Z.MƏMMƏDLİ