Azərbaycanda dünya gücləri savaşacaq
08:26 11-06-2014
İQTİSADİYYAT
Azərbaycanda dünya gücləri savaşacaq
Dağlıq Qarabağ məsələsi priroritet məsələyə çevrildi
Rusiyanın baş diplomatı Sergey Lavrovun Bakıya gözlənilən səfəri dünya mətbuatını belə maraqlandırmaqdadır. Çünki bu səfər bir sıra regional məsələlərin aydınlaşdırılmasına bir başa təsir edəcək. Maraqlıdır, bəs bu səfərdə əsas müzakirə oluna biləcək mövzular nələr ola bilər? Sözsüz ki, ilk növbədə Dağlıq Qarabağ mövzusu ilə bağlı bəyanatlar səslənəcək ki, bununda aşağıdakı səbəbləri var.
1. Dağlıq Qarabağ problemi ilə bağlı son təklif ABŞ-dan gəldi və ehtimal olunur ki, ABŞ bu istiqamətdə aktivliyini artıracaq. Xatırladaq ki, ABŞ-in ATƏT-də ki, həmsədri bu təkliflərlə çıxış etmişdi
- Birincisi, Dağlıq Qarabağın mürəkkəb tarixi fonunda tərəflər ortaq razılıq əsasında gələcəkdə yekun hüquqi status müəyyən edilməsinə dair iradə nümayiş etdirməlidir. Bu, qaçılmazdır. Müvəqqəti status müvəqqəti olmalıdır.
- İkincisi, hazırda Bakı tərəfindən idarə edilməyən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti sərhədləri daxilindəki əraziyə müvəqqəti status verilməlidir. Bu status ən azından regionda təhlükəsizlik və özünüidarəçiliyi təmin etməlidir.
- Üçüncüsü, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Azərbaycanın suverenliyinə hörmət edilmədən münaqişə həll edilə bilməz və bu ərazilər üzərində suverenliyin tanınması bərpa edilməlidir.
-Dördüncüsü, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz olmalıdır. Bu dəhliz təhlükəsiz keçidi təmin etməyə kifayət edəcək qədər geniş olmalıdır, ancaq bu, bütün Laçın rayonunu əhatə edə bilməz.
- Beşincisi, tənzimlənmə məcburi köçkünlərə və qaçqınlara əvvəlki evlərinə qayıtmaq imkanını tanımalıdır.
- Altıncısı, münaqişənin tənzimlənməsində sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatı yer almalıdır. Elə bir ssenari yoxdur ki, orada bütün tərəflərin etimadını qazanmış və yaxşı planlaşdırılmış sülhməramlı əməliyyatlar olmadan sülhün təminatı mümkün olsun.
Bu təkliflər isə sözsüz ki, Rusiya kimi dövləti narahat edir və təşəbbüsü əldən vermək niyyətində deyillər.
2. Fransa prezidenti Azərbaycana və Ermənistana səfəri zamanı hər iki ölkənin prezidentinin Fransaya dəvət etdi və ekspertlər hesab edir ki, bu səfər reallaşarsa Fransa Avropa adından Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yeni təklif səsləndirəcək. Bu isə Rusiyanın prosesdən kənarlaşdırılması deməkdir.
Bununla bağlı "Unikal"a açıqlama verən politoloq Mübariz Əhmədoğlu başqa bir nüans haqqında da qeydlərini bildirdi. Onun sözlərinə görə Lavrovun Azərbaycana səfəri 3 mövzunun aktuallaşması ilə bağlıdır. Bunlar isə aşağıdakılardır
1. Rusiya Azərbaycanla yeni münasibətlərini qaydaya salacaq və bu yeni mərhələ kimi qəbul olunacaq.
2. Rusiya artıq Azərbaycanı Şimali Qafqazda strateji müttəfiqi hesab edir və bu məsələ bir daha gündəmə gələcək
3. Dağlıq Qarabağla bağlı Azərbaycanın maraqlarına cavab verəcək addımlar atıla, bəyanatlar verilə bilinər.
Politoloq yuxarıdakı məsələlərlə bağlı fikirlərini belə aydınlaşdırdı:" Artıq Rusiya qəbul edir ki, Azərbaycan müstəqil şəkildə öz siyasi xəttini davam etdirəcək və buna görə Azərbaycanla münasibətlərini istiləşdirməyə çalışacaq. Bundan başqa Rusiya bu gün Suriya və Krım məsələlərinə görə Avropanın, ABŞ-in ciddi təzyiqləri ilə üz-üzədir və ABŞ-la Rusiyanın yaxın zamanlarda dostlaşacağını proqnozlaşdırmaq olmaz. Buna görə də Rusiya ətrafına həssas yanaşmalıdır. Artıq belə ehtimal var ki, Rusiyanın şimal bölgəsində, Şimali Qafqazda münaqişələr aktivləşdirilə bilinər. Rusiya bunu nəzərə alır və bu bölgədə stabilliyin qorunması üçün Azərbaycanla münasibətləri dərinləşdirməlidir. Çünki Rusiyanın özüdə etiraf etdi ki, Azərbaycan regionda artıq starteji müttəfiqidir.Buda sirr deyil ki, Rusiya Şimali Qafqazda bir münaqişə yaranarsa ən böyük dəstəyi məhz Azərbaycandan ala bilər. Nəhayət Lavrov Azərbaycana səfəri zamanı Dağlıq Qarabağ məsələsinə də ciddi yanaşacaq. Əslində hələ ötən il Rusiya Dağlıq Qarabağ problemi ilə sərt açıqlama vermişdi və bildirilmişdi ki, Ermənistan işğal etdiyi əraziləri geri qaytarmalıdır. Amma sonradan Ermənistanın Avrasiya İttifaqına daxil olma məsələsi ortaya çıxdığından mövzu dayandırıldı. Bu gün isə artıq ortada heç bir problem yoxdur və Rusiya daha konkret addımlar ata bilər". Bunu da qeyd edək ki, hazırda Azərbaycan AŞ-da Nazirlər Komitəsinin sədridir və Avropa ilə əlaqələr daha da dərinləşəcək. Rusiya bu faktoruda nəzərə alır və Lavrovun Bakı səfəri zamanı bu məsələyə də yanaşma həssas olacaq. "Unikal"a açıqlama verən politoloq Zərdüşt Əlizadə də hesab edir ki, Rusiya kimi bir ölkənin xarici işlər nazirinin Azərbaycana səfəri kifayət qədər ciddi məsələdir:" Bu səfərdə ilk növbədə regional problemlər, o cümlədən Ukrayna ilə Avrasiya İttifaqı məsələləri müzakirə olunacaq. Rusiya Azərbaycana istədiklərini deyəcək və sözsüz ki, Azərbaycanında Rusiyadan istədikləri var. O ki, qaldı Dağlıq Qarabağ məsələsinə bu çox mürəkkəb məsələdir və bir neçə görüşlə problem həllini tapa bilməz. Amma sözsüz ki, danışıqların əsas mövzularından biri də məhz Dağlıq Qarabağ problemi olacaq". Amma məsələnin başqa bir tərəfi də bundan ibarətdir ki, əksər ekspertlər hesab edir ki, Rusiya Avrasiya İttifaqına görə Azərbaycanla ünsiyyəti daha da dərinləşdirəcək, hətta Dağlıq Qarabağın geri qaytarılması üçün əməli addımlarda atacaq. Bununla bağlı "Unikal"a açıqlama verən politoloq Qabil Hüseynli hesab edir ki, Lavrovun Azərbaycana səfəri ciddi nəticələr verə bilər:" Bu gün Rusiya çalışır ki, Azərbaycan Avrasiya İttifaqında təmsil olunsun. Amma bildiyiniz kimi Azərbaycan buna o qədərdə maraqlı deyil. Bu səbəbdən Rusiya Dağlıq Qarabağ məsələsi ilə bağlı hansısa addımları ata bilər. Bunu da qeyd edim ki, artıq bu istiqamətdə müəyyən bəyanatlar verilib və görünən budur ki, proseslər hazırda ATƏT-in Minsk qrupu çərçivəsindən kənarda, Rusiya ilə Azərbaycan arasında baş verir. Buna görə hesab edirəm ki, Lavrovun Bakı səfərində əsas məqsəd məhz Dağlıq Qarabağ probleminin müzakirəsi olacaq. Məhz bu faktorlara görə hesab edirəm ki, bu səfər yeni mərhələyə keçidə ola bilər". Bu arada unutmayaq ki, bir sıra Avropa yetkililəridə Azərbaycana səfər edəcək və bu səfərlərin üst-üstə düşməsidə mühüm amil kimi dəyərləndirilməlidir. Ekspertlər hesab edir ki, hazırda Azərbaycanın hər hansı seçim etməsi regionun gündəmini dəyişə bilər. Aydın olduğu kimi hazırda Avropa İttifaqı bütün cəhdləri ilə Ukraynadan sonra Azərbaycanında rəsmi şəkildə "Şərq tərəfdaşlığı" proqramına qoşulmasını istəyir və bu sahədə danışıqlar gedir. Azərbaycanın belə addım atması isə Rusiyanı faktiki çıxılmaz duruma salacaq. Amma Azərbaycan Rusiya ilə hansı məsafədə durursa, Avropa ilə də eyni məsafədə dayanmaq istəyir. Bu səbəbdən də iyun ayı Azərbaycan üçün gərgin ay olacaq və istənilən gözlənilməz olaylar yaşana bilər. Bunu da qeyd edək ki, istər avropalıların, istərsə də rusların Bakı səfərindən öncə rəsmi hakimiyyət bir daha bəyan etmişdilər ki, rəsmi Bakı yalnız ikitərəfli əməkdaşlığa üstünlük verəcək və hansısa bloka qoşulmaq müzakirə mövzusu ola bilməz.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53