Ukraynanın şərqi boşaldılır
Ukraynanın şərqi boşaldılır

Növbəti "qaz müharibəsi": danışıqlar nəticəsiz qaldı

Mübahisəli təbii qaz məsələlərinin həlli üzrə keçirilən Ukrayna-Rusiya-Avropa Birliyi danışıqları başa çatıb. "RBK-Ukrayna" saytının verdiyi məlumata görə, bu barədə Ukraynanın energetika və kömür sənayesi naziri Yuri Prodan bildirib.

Brüsseldə üçtərəfli formatda keçirilən görüş 5 saata qədər davam edib. Ukraynalı nazir təbii qazın qiymətinin mübahisəli məsələ olaraq qaldığını deyib. Danışıqların eyni formatda bu gün davam etdiriləcəyi bildirilir. Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Günter Ettinger açıqlamasında bildirib ki, tərəflər danışıqların davam etdirilməsi ilə bağlı razılaşıblar.
"Biz bu gün (dünən - red.) axşam saat 9-da danışıqların davam etdirilməsi barədə razılaşdıq. Çünki partnyorlarımız öz hökumətləri ilə məsləhətləşməlidir", - o, qeyd edib.
Qeyd edək ki, Ukraynanın qaz borcunun ödənilməsi üçün Moskvanın rəsmi Kiyevə verdiyi vaxt bu gün başa çatır. Rusiya ötən ildən qalan 1 milyard 451 milyon dollar, həmçinin bu ilin aprel-may aylarında yığılan 500 milyon dollar borcun ödənilməsini tələb edir.
Rusiyanın energetika naziri Aleksandr Novak isə jurnalistlərə açıqlamasında dünənki danışıqlarda iyun-iyul aylarında Ukraynaya satılacaq qazın qiyməti ilə bağlı müzakirələrin aparıldığını bildirib. Rusiyalı nazir Ukrayna vasitəsilə qaz tranzitinin etibarlılığı, həmçinin yeraltı anbarlara qazın doldurulması məsələlərinin də gündəmdə olduğunu vurğulayıb.

Ukraynanın şərqində
yeni gəlişmə
Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin cənub-şərqində humanitar dəhlizi yaratmağı tapşırıb.
unian.net saytının verdiyi məlumata görə, tapşırığa əsasən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası, Daxili İşlər və Müdafiə Nazirlikləri terrorçuluğa qarşı əməliyyatın keçirildiyi ərazilərdən çıxmaq istəyən dinc əhali üçün bütün vacib şərtləri yaratmalıdır.
Ukrayna prezidenti insanların daşınması, tibbi xidmətin göstərilməsi, onların içməli su, qida və dərmanlarla təminatı üçün mobil şəbəkənin yaradılması barədə göstəriş verib.

Poroşenkodan kritik
Rusiya mesajı
Rusiya ilə qarşılıqlı anlaşma və dialoq olmadan Ukrayna özünü təhlükəsizikdə hesab edə bilməz. Bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko Amerikanın "Time" jurnalına müsahibəsində bildirib.
"Ola bilər ki, bəzi ukraynalılar öz qonşuları kimi İsveçrə, yaxud Kanadanı görmək istəyir, lakin bizim qonşumuz Rusiyadır", -deyə Poroşenko bildirib.
"Time" jurnalı vurğulayır ki, bunu nəzərə alan Poroşenko ilk iş gününü Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabovla danışıqlara həsr edib. Ukrayna prezident hesab edir ki, onun Rusiya ilıə danışıqlar masasına oturmaqdan başqa yolu yoxdur. Çünki, heç bir ölkə Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır deyil.

Kramatorskda
separatçılara ağır zərbə
Bu arada məlum olub ki, Kramatorsk şəhərində 40 separatçı öldürülüb. Bunu Ukrayna Hərbi-Siyasi Təhqiqatlar Mərkəzinin rəhbəri Dmitri Timçuk deyib. Onun sözlərinə görə, srağagün gecə Kramatorskda gedən qızğın döyüşlərdə separatçılara ağır zərbə vurulub.
Timçuk bildirib ki, rusiyameyilli silahlı üsyançılar qəfildən Kramatorsk şəhər aerodromuna hücuma keçib. Separatçılar snayper və minomyotlardan istifadə edib. Lakin uğursuzluğa düçar olublar.
Belə ki, ukraynalı hərbçilər separatçıların 2 minomyotunu məhv edib, 40 separatçı isə öldürülüb. Hərbçilər tərəfdən itki olmayıb.

Rusiyalı ekspertdən
maraqlı şərh
"Ukraynanın Avrasiya İqtisadi Birliyində olmaması faktını yalnız Azərbaycanın bu təşkilata qoşulması kompensasiya edə bilər". Bu sözləri "EvrAzEs" İnstitutunun direktoru Vladimir Lepyoxin deyib.
Avrasiya İqtisadi Birliyinin Ukraynasız çətin inkişaf edəcəyini söyləyən V. Lepyoxin bildirib ki, bu təşkilatın qurulması o vaxt mümkün ola bilər ki, yeni "Novorossiya" dövləti qurulsun və həmin dövlət "EvrAzEs"ə qoşulsun: "Əgər belə dövlət yaradılmayacaqsa, o zaman Avrasiya İqtisadi Birliyinin inkişafı bir sıra çətinliklərlə üzləşəcək. Ukraynanın və ya Novorossiyanın Avrasiya İqtisadi Birliyində olmaması faktını yalnız Azərbaycanın Birliyə qoşulması kompensasiya edə bilər. Bununla yanaşı, Azərbaycan və Ermənistanın Avrasiya Birliyinə eyni vaxtda qoşulması təkcə Avrasiya Birliyinin yeni inteqrasiya səviyyəsinə çıxması demək deyil, bu, həm də Azərbaycan və Ermənistan arasındakı problemin həlli və münasibətlərin normallaşması, eləcə də Cənubi Qafqazda siyasi sabitliyin təmin edilməsi deməkdir". V. Lepyoxinin sözlərinə görə, Qərb siyasətçiləri Qafqaz regionunun vacibliyini yaxşı başa düşürlər: "Ona görə də, onlar Azərbaycan və Ermənistan arasında gərginliyin saxlanılması, Dağlıq Qarabağ problemi ətrafında vəziyyətin gərginləşdirilməsi üçün əllərindən gələni edirlər".
SSRİ-ni dağıdan Şuşkeviç: "SSRİ təzədən qayıdır"

Vaxtilə SSRİ-nin dağılmağında böyük rol oynamış, 1991-ci ildə Rusiya lideri Yeltsin, Ukrayna lideri Kravçukla birlikdə SSRİ-nin ləğvi müqaviləsinə imza atan Stanislav Şuşkeviç deyib ki, "biz o vaxt öz işimizi gördük": "Ancaq indi "Sovet qaydaları" bərpa olunur. Sövet dövrü qayıdır. Ukraynaya baxın. Burda indi baş verənlər 1990-cı ildə Baltik respublkalarında qayda-qanunu xüsusi xidmətlərin köməyi ilə bərpa etmək cəhdinə oxşayır. Belarus ümumiyyətlə, SSRİ kimidir. Kolxozlar və s. SSR-dəki kimi işləyir".
"Guardian" qəzetinin müxbiri ilə Minskdə söhbət edən 79 yaşlı keçmiş fizika professoru Şuşkeviç deyib ki, "1994-cü il seçkilərini Lukaşenko doğrudan da uddu, çünki populist idi. Ancaq ondan sonra seçki olmayıb, indi təyinatdr. Seçki proseini KQB nəzarətə götürüb."

Ukraynaya görə
Obamaya Reyqan dərsi
"Putinlə bacarmaq üçün Obamaya Reyqan dərsləri". ABŞ-ın dünyaca məşhur "Wall Street Journal" qəzetinin məqaləsi belə adlanır.
Qəzet yazır ki, bu ay 40-cı ABŞ prezidenti Reaganın vəfatının 10 iliyidir. Bu keçən vaxtda xeyli sənədlər açılıb və Reaganın SSRİ-yə qarşı mübarizəsinin detalları aydın olur.
Qəzet hesab edir ki, Reyqanın etdiklərini öyrənmək Obamaya faydalı olardı.
Birinci dərs odur ki, Reyqanın uzunmüddətli strategiyası vardı. Hələ 1980-ci ildə Reyqan prezidentliyə respublikaçılardan iddiaçı olmaq istəyəndə onun məsləhətçisi soruşub ki, "Ron, axı siz niyə prezident olmaq istəyirsiniz?" Reyqan cavab verib ki, "Soyuq Müharibəyə son qoymaq istəyirəm". Bir neçə il əvvəl bu fikri o, daha aydın ifadə etmişdi: "Biz qalib gələcəyik, onlar, (yəni SSRİ) uduzacaq".
"Wall Sstreet Journal" yazır ki, Reyqan SSRİ tərəfdən daha çox çətinliklıə üzləşirdi, nəinki indi Obama Rusiya tərəfdən. Hazırki Rusiya ordusu o vaxtki SSRİ ordusunun 4-də 1-dir. Rusiya ordusunun nüvə gücü Sovet Ordusunun nüvə gücünün 5-də 1-dir. Rusiya iqtisadiyyatı İtaliya iqtisadiyyatı boydadır.
Rusiyada insanları birləşdirə bilən bir ideya yoxdur. Putin, faktiki olaraq, əlində elə bir vasitə olmadan işləyir.
Qəzet yazır ki, Reyqan "güc vasitəsilə sülh" doktrinasını yeridirdi. O həmçinin "ideyalar müharibəsinə" başladı. Məqsəd Sovet sisteminin legitimliyini laxlatmaq idi. Reyqanın SSRİ-yə dediyi "İblis imperiyası" da bu ideoloji müharibənin tərkib hissəsi idi.
Qəzet onu da xatırladır ki, Reyqan həmişə haqlı mövqedə olmağa çalışırdı. 1986-cı ildə Reykyavikdə SSRİ lideri Qorbaçovla danışıqlarda Reyqan möhkəm dayanmışdı, güzəştə getmirdi, çünki o, elə edirdi ki, həmişə haqlı mövqedə olurdu.
Kənan Rzaquliyev