Ramiz Həsənovla Şahin Mustafayevə sərt ittihamlar
08:30 11-06-2014
CƏMİYYƏT
Ramiz Həsənovla Şahin Mustafayevə sərt ittihamlar
Bakıda gizli və qorxulu su biznesi tüğyan edir, aiddiyyatı qurumlar isə təhlükyə göz yummaqda günahlandırılır
Hər il olduğu kimi bu yay da ən mühüm problemlərdən biri paytaxt bazarlarında insan sağlamlığına ziyan ola biləcək saxta sərinləşdirici içkilərin satışda olmasıdır. Sakinləri narahat edən bu problemlər bağlı kütləvi şəkildə şikayətlər olur.Daxil olan şikayətlərə əsasən paytaxtın bir çox ərzaq dükanlarına baş çəkərkən məlum olub ki, bəzi mağazalarda mənşəyi və mənbəyi bilinməyən sular satılır.
Müxtəlif adlar altında plastik qablara doldurulan qazlı və qazsız suları alan bəzi alıcılar isə heç nəyin fərqinə varmır.Ərzaq dükanlarından birinin satıcısı və sahibkarı Elşad Əliyev deyib ki, bəzi tanınmış şirkətlərlə yanaşı sexlərdə istehsal olunan sərinləşdirici içkilər də gətirilir. Çünki həmin sular daha ucuzdur: "Tanınmış markalara nisbətən bu tip sular daha çox satılır. Həm də həmin içkiləri gətirənlər daha çox faiz verirlər. Tanınmış bir markaya məxsus içkidə 1 litr sudan 5-6 qəpik qalırsa, daha ucuz sulardan 12-20 qəpik qalır. Üstəlik bu içkilərə tələbat daha çox olur. Fəhlələr, uşaqlar daha çox soyuq, qazlı və şirin sulara üstünlük verir".Qeyd edək ki, sərinləşdirici içkilərin satışı və saxlanması zamanı da böyük problemlər müşahidə olunur. Şirkət suları mağazalara gətirir. Lakin mağazalarda həmin məhsulları vaxtında soyuduculara yükləmirlər. İsti havada, günəş şüasının altında qalan məhsulların tərkibi dəyişir. Bu zaman isə sərinləşdirici sular insan orqanizmi üçün təhlükə mənbəyinə çevrilir. Satıcıları isə görünür, bu məsələ daha az maraqlandırır. Mövcud problemin başlıca günahkarı isə dövlət qurumlarıdır.Azərbaycan Su İstehsalçıları Birliyinin (SİB) sədri Dövlət Məmmədov da bildirib ki, bu gün Azərbaycan bazarında su istehsalına nəzarət çox zəifdir. "Bəzi yerlərdə qeydiyyatdan keçməyən su sexləri fəaliyyət göstərir. Həmin sexlərdə kranlardan, quyulardan su doldurub satırlar. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və İqtisadi İnkişaf Nazirliyi birbaşa bu məsələyə nəzarət etməlidir. Əfsuslar ki, bu problemə hamı göz yumur".Ekspert deyib ki, Bakı şəhərində sərinləşdirici içkilərin və suların çoxu yoxlanılmadan satılır. Bu sular insan orqanizmi üçün təhlükə mənbəyidir: "Xüsusi filtrlər vasitəsilə suyu təmizləyirlər. Bu zaman suyun tərkibindəki bir çox lazımi maddələr çıxarılır. Bir sözlə, əhaliyə "ölü su" satılır. Bir problemin səbəbi isə suyun tərkibini yoxlayarkən sistemin düzgün qurulmamasıdır. Belə ki, suyun tərkibini yerində yoxlamırlar. Bakı şəhərində satılan suların 50-60 faizi, restoranlarda verilən su və şirələrin 90 faizinin mənbəyi məlum deyil. Şadlıq evlərində stola verilən zaman hardansa mənşəyi bilinməyən sular və şirələr peyda olur. Belə gizlin sular Abşeron rayonunda istehsal olunur".Ekspert problemin çıxış yolunu nəzarəti gücləndirməkdə və bu sahədəki qanunsuzluq aşkar edildikdə cərimələrin çoxaldılmasında görür: "Burada cərimələrin məbləi olduqca
aşağıdır. Cərimə 300-400 manatdan 5000 manata qaldırlmalıdır. Bu zaman biz xarab olmuş ərzaq yox, normalara cavab verən ərzaq alacağıq".
İqtisadçı, deputat Əli Məsimli isə bazarda olan keyfiyyətsiz sərinləşdirici içkilərin müəyyənləşdirərək satışdan çıxarılması üçün maraqlı üsul təklif edib. O, bu sahədə ən yaxşı mübarizə üsullarından biri kimi ictimaiyyətin iştirakı ilə aşkarlığı təmin etməyin vacibliyini önə çəkir. Məsimlinin sözlərinə görə, necə deyərlər, yoxlayanın özünü də yoxlamaq lazımdır: "Araşdırmaq lazımdır ki, yoxlamaları aparan şəxslər öz cibini qoruyur, yoxsa insanların sağlamlığının qayğısına qalırlar. Bu sahədə yoxlama işlərində aşkarlığı təmin etmək vacibdir. Düşünürəm ki, ən ciddi təsir göstərəcək amil KİV-lərin iştirakı ilə maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir. Müvafiq qurumlar sərinləşdirici içki, limonad istehsalı ilə məşğul olan müəssisələrdə KİV nümayəndələri və istehlakçıların hüquqlarını qoruyan təşkilatların nümayəndələri ilə birlikdə monitorinq aparmalıdırlar".
Deputat istehsalatla yanaşı sərinləşdirici içkilərin saxlanılmasının da mühüm bir məsələ olduğunu vurğulayıb: "Bəzən biz şahid oluruq ki, sərinləşdirici içkilər mağazada günün altında saxlanılır. Bu isə həmin məhsulların tərkibinin dəyişməsinə gətirib çıxarır. Bu isə sonradan zəhərlənmə və digər fəsadlara səbəb olur".
Deputat bazarda satışa kiçik sexlərdə istehsal olunan keyfiyyətsiz içkilərin müfaviq qurumlar tərəfindən tam aşkarlanaraq məhv edilməsinin mümkünsüzlüyünü də bildirir. Onun sözlərinə görə, müvafiq qurumlar nə qədər nəzarətlərini artıraraq keyfiyyətsiz məhsulların aşkar edərək mağazalardan yığışdırılmasını təmin etsə də bu son nəticədə keyfiyyətsiz məhsulların cəmi 10 faizini təşkil edəcək. Yerdə qalan 90 faiz əhalini yenidən satışda qalacaq və istehlakçıları zəhərləməkdə davam edəcək. İqtisadçı bu məsələyə elmi yanaşmağın vacibliyini vurğulayıb.
Dövlət qurumları isə səslənən ittihamları qəbul etmir. Şahin Mustafayevin rəhbərlik etdiyi İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən daima bu problemin nəzarətdə olduğunu bildirib. Onun sözlərinə görə, sərinləşdirici içkilər satılan bazara nəzarət daha da gücləndirilib.
Ramiz Həsənovun rəhbərlik etdiyi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi də iddia edir ki, istehlakçıları keyfiyyətsiz, təhlükəli məhsullardan qorumaq məqsədilə müəyyən edilmiş qaydada sərinləşdirici içkilər istehsal edən təsərrüfat müəsisələrində mütəmadi olaraq dövlət nəzarəti tədbirləri həyata keçirilir. Qurum sözçüsü Fazil Talıblı deyib ki, "ümumilikdə respublika ərazisində təxminən 70 sərinləşdirici içki istehsal edən müəssisə fəaliyyət göstərir. Lakin bu müəssisələrin sayı mütəmadi olaraq dəyişir. Yay aylarında isə belə müəssisələrin sayı iki dəfə çoxala bilər. Hər bir sexlərdə dövlət nəzarəti aparılır".
Sonda onu bildirək ki, müvafiq qurumlar nə qədər monitorinq keçirərək keyfiyyətsiz sərinləşdirici içkiləri bazardan çıxarılmasını təmin etsələr də bu problem köklü şəkildə həll edilməlidir. Ya bu sahəyə dövlət tərəfindən dəstək verilməli və iri ixtisaslaşmış zavodlar açılmalı, ya da keyfiyyətsiz məhsul istehsal edən sexlər o qədər böyük həcmdə cərimələnməlidir ki, bir də belə iş tutmasınlar. Axı əldən gedən insanların sağlamlığıdır...
İstehlakçılara isə məsləhətimiz budur: kustar üsulla hazırlanan, üzərində tərkibi haqqında məlumatlar əksini tapmamış sərinləşdirici içkiləri almaqdan çəkinsinlər.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-29 16:09:22
2024-12-29 15:55:33
2024-12-29 15:16:00
2024-12-29 15:07:07
2024-12-29 15:06:00
2024-12-29 14:56:27
2024-12-29 14:55:20
2024-12-29 14:38:32
2024-12-29 14:14:05
2024-12-29 14:02:44
2024-12-29 13:54:29
2024-12-29 13:52:10
2024-12-29 13:08:08
2024-12-29 12:58:14
2024-12-29 12:35:05
2024-12-29 12:33:09
2024-12-29 12:33:05
2024-12-29 12:28:00