İranla əməkdaşlıq edən Fransa bankı 16 milyard dollar cəriməndi Fars rejimi milli fəallara qarşı repressiyaları davam etdirir
08:41 11-06-2014
CƏMİYYƏT
İranla əməkdaşlıq edən Fransa bankı 16 milyard dollar cəriməndi
Fars rejimi milli fəallara qarşı repressiyaları davam etdirir
ABŞ hökuməti İrana qarşı sanksiyaları pozduğuna görə Fransa bankını cərimələyib. İRİB-in verdiyi məlumata görə, "BNP Paribas" 16 milyard dollar cərimə ödəməli olacaq.
Fransa bankı 2002-2009 illərdə ABŞ-ın icazəsi olmadan İran, Sudan və Kuba ilə ticarət müqavilələrini dollarla aparmaqda günahlandırılır. Fransa bankı qanunsuz əməliyyatlar həyata keçirdiyini etiraf edib.
Ancaq "BNP Paribas"ın cərimənin miqdarının azaldılması üçün ABŞ tərəfi ilə apardığı danışıqlar faydasız olub. Fransa prezidenti və xarici işlər nazirinin cəzanın yumşaldılması ilə bağlı istəkləri də nəzərə alınmayıb.
Bu arada məlum olub ki, srağagün İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində 10 azərbaycanlı fəal həbs edilib. Onlar hazırda İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Urmiya şöbəsinin təcridxanasında saxlanılırlar. Azərbaycanlı fəalların həbsinin səbəbləri məlum deyil.
Lakin onların iyunun 10-na Güney Azərbaycanın müxtəlif şəhərlərində İran prezidenti Həsən Ruhaninin Urmiya gölünün qurumasının qarşısının alınması ilə bağlı verdiyi vədlərə əməl etməməsi ilə əlaqədar keçirilməsi planlaşdırılan kütləvi aksiyalara görə tutulduqları ehtimal edilir. Həbs olunanların Nima Həsəni, Məhəmməd Məhəmmədi, Əta Kərimi, Milad Muxtari, Ruhullah Məzahiri, Əmir İbrahimlu, Yasin Hacızadə, Yasir Əkbəri, Mustafa Haşimi və Ehsan Bədrmilan olduğu bildirilir.
Dünən o da məlum olub ki, İranda tanınmış azərbaycanlı fəal məhkəmə prosesinin açıq şəkildə keçirilməsini tələb edir. Bu səbəbdən Abbas Lisaninin iyunun 9-da Ərdəbil İnqilab Məhkəməsinin birinci şöbəsində keçirilməsi planlaşdırılan məhkəmə prosesi baş tutmayıb.
Azərbaycanlı fəala bununla bağlı aprelin 29-da məhkəmədən bildiriş gəlib və səbəb kimi barəsində yeni təhqiqat işinin açılması göstərilib. A.Lisani ölkənin milli təhlükəsizliyini pozmaq məqsədilə qanunsuz qrup yaratmaq və sistemin əleyhinə təbliğat aparmaqda günahlandırılır. Ancaq azərbaycanlı fəal Ərdəbil İnqilab Məhkəməsinin birinci şöbəsinin hakiminə məktub göndərərək prosesin qapalı deyil, açıq şəkildə keçirilməsini tələb edib. O, İran Konstitusiyasının 168-ci maddəsini əsas tutaraq əvvəlki illərdə özünə qarşı hansısa bir ədalətsizliyin baş verməməsi üçün belə bir addım atıb. A.Lisani tələbi yerinə yetirilməyəcəyi təqdirdə, məhkəmədə özünü müdafiə etməyəcəyini və heç bir suala cavab verməyəcəyini vurğulayıb. Ərdəbil İnqilab Məhkəməsinin birinci şöbəsinin hakimi isə buna cavab olaraq bu istəyin hakimiyyətin maraqlarına zidd olduğunu və yerinə yetirilməyəcəyini açıqlayıb.
Qeyd edək ki, A.Lisani indiyədək dəfələrlə Ərdəbil İnqilab Məhkəməsinə ifadə verməyə çağırılıb. Azərbaycanlı fəal barəsində iki təhqiqat işi açılıb. A.Lisani bir məqaləsində İranın ali dini lideri, ayətullah Əli Xamneyini təhqir etməkdə günahlandırılıb. Bundan əlavə, ona hökumət əleyhinə "Çənlibel" adlı qurum yaratmaq, Savalan dağında qanunsuz toplaşmaq, CD-lər yaymaq və həmin CD-lərdəki materialların GünAz TV-də yayımlanmasına nail olmaq, mərhum İbrahim Cəfərzadənin ildönümündə iğtişaş yaratmaq, müxtəlif bildirişlər və CD-lər yaymaqla xalqı Urmiya gölünün qurumasına etiraz olaraq keçirilən aksiyalara çağırmaq, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) gizli məlumatlarını əldə etməyə səy göstərmək və ona xələl vurmağa çalışmaq, həmçinin milli təhlükəsizliyi pozmaq kimi ittihamlar irəli sürülüb.
A.Lisani bu il fevralın 20-də Əhər şəhərində 21 fevral - Ümumdünya Ana Dili günü münasibətilə azərbaycanlı fəal Əkbər Əbulzadənin atası evində keçirilmiş tədbir zamanı 80-ə yaxın mübarizə yoldaşı ilə birlikdə həbs edilib. O, ETTELAAT-ın Əhər şöbəsinin təcridxanasına qeyri-qanuni köçürülməsinə və Əhər şəhərinin həbsxanasında qanunsuz saxlanılmasına etiraz olaraq iki dəfə aclıq aksiyası keçirib. Azərbaycanlı fəal martın 5-də iki həftəlik həbs həyatından sonra ailəsinin qoyduğu 100 milyon tümən mülk girovu qarşılığında Əhər şəhərinin həbsxanasından sərbəst buraxılıb.
A.Lisani 2003-cü ildə Azərbaycan türkcəsində təqvim yaydığına, 2003-2005-ci illərdə Bəzz qalasına yürüşdə, 2004-cü il iyunun 22-də Ərdəbilin Sərçeşmə məscidindəki aksiyada, 2005-ci ildə Məşrutə inqilabının ildönümündə Bağırxanın məzarı başındakı tədbirdə, 2011-ci il mayın 25-də Urmiya şəhərində 2006-cı il hadisələrinin şəhidlərinin ildönümündə, 2011-ci il sentyabrın 9-da Ərdəbildə Urmiya gölünün qurumasına etiraz olaraq keçirilmiş aksiyada və 2012-ci il sentyabrın 27-də mərhum İbrahim Cəfərzadənin ildönümündə iştirak etdiyinə görə həbs edilib. Azərbaycanlı fəal 2005-ci ilin iyulunda Bəzz qalasına yürüşdə, 2006-cı ilin mayında karikatura hadisəsinə etiraz aksiyalarında iştirak etdiyinə görə 30 ay azadlıqdan məhrum edilib. 2007-2009-cu illərdə bir hissəsini Yəzd həbsxanasında həbs cəzasını çəkib. A.Lisani həbsxanada saxlanıldığı müddətdə bir neçə dəfə aclıq aksiyası keçirib.
Murad İbrahimli
Digər Xəbərlər
2024-12-29 16:09:22
2024-12-29 15:55:33
2024-12-29 15:16:00
2024-12-29 15:07:07
2024-12-29 15:06:00
2024-12-29 14:56:27
2024-12-29 14:55:20
2024-12-29 14:38:32
2024-12-29 14:14:05
2024-12-29 14:02:44
2024-12-29 13:54:29
2024-12-29 13:52:10
2024-12-29 13:08:08
2024-12-29 12:58:14
2024-12-29 12:35:05
2024-12-29 12:33:09
2024-12-29 12:33:05
2024-12-29 12:28:00