Mikayıl Cabbarov müəllimləri kütləvi etiraza sürükləyir
10:29 12-06-2014
İQTİSADİYYAT
Mikayıl Cabbarov müəllimləri kütləvi etiraza sürükləyir
Bakı məktəblərində çalışan təhsil işçilərinin Sınaq Qiymətləndirilməsi imtahanının arxasında rüşvət və digər maraqların dayandığı bildirilir
Məlum olduğu kimi, iyunun 10-dan Azərbaycanda ilk dəfə olaraq Bakıda çalışan müəllimlərin sınaq qiymətləndirilməsi imtahanı keçirilir. Bakıdakı məktəb müəllimlərinin sınaq qiymətləndirilməsində ümumilikdə 357 məktəbin 30 072 nəfər müəllimi iştirak etməsi nəzərdə tutulur.
Bir neçə gün öncə Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) paytaxt məktəblərinin rəhbərlərinə müraciət edib. Belə ki, Bakı şəhərində yerləşən dövlət ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə 10-13 iyun tarixlərində müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsi aparılacaq. Bu məqsədlə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları tərəfindən son hazırlıqlar görülür, müəllimlərin qaynar xəttə etdikləri müraciətlər və İdarənin rəsmi "Facebook" səhifəsində verilən suallar cavablandırılır və bu barədə çıxan narahatlıqlar operativ olaraq aradan qaldırılır: "Çoxsaylı müraciətlərə əsasən əldə olunan məlumata görə, bəzi məktəb rəhbərliyində olan şəxslər Sınaq Qiymətləndirilməsinin nəticələrindən gələcəkdə müəllimlərə qarşı təzyiq vasitəsi kimi istifadə edəcəklərini bildirirlər. Bununla əlaqədar bildiririk ki, əslində Sınaq Qiymətləndirilməsinin mahiyyəti, məqsədi müəllimləri hədə, qınaq obyektinə çevirmək yox, onların peşəkar inkişaf istiqamətlərini, karyera inkişafını müəyyənləşdirmək, nəticə yönümlü əməkhaqqı sistemini stimullaşdırmaq, təhsil verənin daim öz bilik və bacarıqlarını artırması üçün münbit şərait yaratmadır. Sınaq Qiymətləndirilməsinin nəticələrinə görə heç bir müəllim sistemdən kənarlaşdırılmayacaq. Sınaq Qiymətləndirilməsindən keçməmə anlayışı yoxdur, çünki burada hər hansı bir keçid minimumu müəyyənləşdirilməyib. Aşağı nəticə göstərmiş müəllimlərimizin peşəkarlıq səviyyəsinin qaldırılması üçün müxtəlif mexanizmlər tətbiq ediləcək. Qeyd edək ki, neqativ halların araşdırılması və tədbirlərin görülməsi birbaşa Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir. Bildiririk ki, bu kimi mənfi hallara qarşı mövqeyimiz qəti və barışmaz olacaq".
Mövzu ilə bağlı "Unikal"a açıqlama verən Azərbaycan Tibb Universitetinin müəllimi Əli Əliyev bu cür imtahanların normal bir prosedur kimi qəbul etdiyini bildirib. Amma o,təhsildə olan ciddi problemlərə daha çox diqqət ayrılmasını zəruri sayıb: "Belə götürəndə, normal haldır. Səhiyyədə bu praktika 4 ilə yaxındır tətbiq olunur. Lakin problem bununla bitmir. Hökumət nədənsə, əməkçilərin mükəlləfiyyətindən düşünür və bununla yenilik gətirirmiş kimi özlərini hiss edirlər. Belə testlərdən keçrilənlərin həyatında nə baş verir? Heç nə. Nə maaş dəyişir, nə də digər məsələlər. Bəs hökumətin vəzifəsi nədir? Bu suala cavab axtarmaq lazımdır. Ən çox əzilən təbəqə olan müəllim və həkimlər bu yolla daha əlavə psixoloji təzyiqə məruz qalırlar. Bu yeniliyi dövriyyəyə salanlar, yəni nazirlər düşünürlərmi ki, orta hesabla 150 manat maaşı olan həkim və yaxud 220 manat maaşlı müəllim hansı çətinliklərlə məişətdə üzləşir?".
Qeyd edək ki, hazırda müəllimlərin sınağa çəkilməsi davam edir. Əslində, attestasiyanın aparılması müsbət bir addımdır, amma gərək obyektivlik qorunsun. Bu barədə "Unikal"a məlumat verən mənbənin sözlərinə görə, sözügedən imtahanların keçirilməsi müəllimlər arasında ciddi narazılığa səbəb olub: "Düzü, indiki məqamda müəllimlərin sınağa çəkilməsinin hər hansı bir əhəmiyyəti yoxdur. Çünki Sınaq Qiymətləndirilməsinin nəticələrinə görə heç bir müəllim sistemdən kənarlaşdırılmayacaq. O zaman burada məqsəd nədir? Sözsüz ki, bu yolla müəllim təbəqəsini gərginlik altında saxlayırlar. Fikir verirsinizsə, Sınaq Qiymətləndirilməsi yalnız Bakı şəhəri üzrə aparılır. Çünki Təhsil Nazirliyi əsasən paytaxtdakı müəllimlərə öz "gücünü" göstərməyə çalışır. Ancaq nazirliyin bu qərarı kütləvi müəllim etirazı ilə qarşılanıb. Doğrudur, savadsız müəllimlər var, amma bu o demək deyil ki, bir qrup adama görə, illərin müəllimlərini sınağa çəkmək lazımdır. Bu səbəbdən də narazıları haqlı saymaq olar".
Onu da nəzərə şatdıraq ki, çoxsaylı müraciətlərə əsasən əldə bəzi məktəb rəhbərliyində olan şəxslər Sınaq Qiymətləndirilməsinin nəticələrindən gələcəkdə müəllimlərə qarşı təzyiq vasitəsi kimi istifadə edəcəklərini bildirirlər. Məhz, bu məqamla bağlı Nazirliyə qarşı ittihamlar olmaması üçün Bakı şəhəri üzrə Təhsil İdarəsi suçu məktəb direktorlarına atmağa çalışır. Halbuki sınaq imtahanı yeni nazir Mikayıl Cabbarovun şəxsi iradəsi ilə ortaya çıxıb. Bizi bilgiləndirən şəxs başqa bir məqama da toxunub: "Onu da deyim ki, bu imtahanlar bir növ nəbzi yoxlamaq üçündür. Yəni, burada zəif həlqələr bilinir və sonra işdən çıxarılma məsələsi gündəmə gəlir. Yəni, nazirin bir əmri ilə müəyyən səbəblərdən imtahanlarda uğursuzluqla üzləşən müəllimlər attestasiyaya cəlb oluna bilər və bu zaman onlardan işdə qalmaları üçün rüşvət tələb olunar. Düşünürəm ki, bu imtahanın əsas məqsədi elə budur".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53