Şahmar Mövsümov tənqid hədəfində
10:30 12-06-2014
İQTİSADİYYAT
Şahmar Mövsümov tənqid hədəfində
Neft Fondunun yığımlarının kəskin azalmasının sirri
Azərbaycan Dövlət Neft Fondunun (DNF) gəlirlərinin yığımı kəskin azalıb. Belə ki, 2012-cü illə müqayisədə yığım 25 faizdən 9,5 faizə qədər düşüb. 2001-2013-cü illər ərzində DNF-nın daxilolmalar 101 milyard dollar səviyyəsində olub. Bu vəsaitin 64 faizi isə artıq istifadə edilib. Bundan əlavə, Fond ötən il qızıla qoyulan investisiya da, bu il isə daşınmaz əmlaka yatırılan sərmayələr də böyük zərərə məruz qalıblar.
Ekspertlər isə artıq yaranmış bu vəziyyətlə bağlı həyəcan təbili çalırlar. Məsələn, İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti, iqtisadçı Rəşad Həsənov təsdiqləyib ki, son illər Fond vəsaitlərinin yığım faizi kəskin şəkildə azalmaqdadır (bizimyol.info). "Əgər 2010-cu ildə Neft Fonlunun ehtiyyatları bir il əvvələ nisbətən 7.9 milyard dollar və yaxud da 52.8 faiz artmışdısa, 2012-ci ildə anoloji göstərici 4.3 milyard yaxud 15.53 faiz, 2013-cü ildə isə Fond tarixinin ən aşağı səviyyəsinə 1.7 milyard dollar və yaxud da 5.12 faizə düşüb. 3 il əhatə edən zaman çərçivəsində yığıma sərf edilən vəsaitlərin həcmində 6.2 milyard manat və ya başqa sözlə, 3.7 dəfə azalma var. Təbii ki, bu mənzərə hər bir azərbaycanlını narahat etməlidir. Çünki Neft Fondunun fəlsəfəsi, əslində, vəsaitlərin milli və strateji maraqlar çərçivəsində xərclənməsini və qorunub saxlanmasını tələb edir. Hazırkı vəziyyətdə isə biz bu vəsaitlərin kütləvi şəkildə xərclənməsinin şahidiyik. 2013-cü ilin sonuna olan məlumata görə, bu günədək qurumun gəlirlərinin 64 faizini xərcləyib. Yığıma gedən vəsaitlər 36 faiz təşkil edib. Lakin 2013-cü ilə nəzər salsaq, xərcləmə faizinin 90 faizi keçdiyini görürük ki, bu, artıq təhlükəli tendensiyadır. Ümumilikdə, hər hansı nizamnamə pozuntusundan söhbət getmir. Çünki qanunvericiliyə görə Neft Fondu gəlirlərinin 25 faizdən az olmayaraq ehtiyyat yaratmalıdır. Bu, fondun illər üzrə əldə etdiyi cəmi gəlirlərə şamil edilir. Son göstəricinin təhlükəli xətdən 9 faiz artıq olduğu üçün nəsə qanun pozuntusundan söhbət getmir. Maraqlı nüans odur ki, Fondun nizamnaməsi təsdiq edilərkən neftin dünya bazarlarında qiyməti 25-35 dollar idi. Hazırda sözügedən qiymətlərdə təxminən 4 dəfə artım olub. Bu səbəbdən Fond yığımlarının 25 faizlik minimum tələbi günün reallığını əks etdirmir və bu hədd mütləq mənada artırılmalıdır" - o deyib.
Bəzi hesablamalara görə, Fondun xərcləmələri növbəti 15 il üçün hazırki tendensiyaya uyğun davam etdirilərsə, 2027-28-ci illərədək hazırda əldə olan ehtiyatlar da əriyib gedəcək. Cünki Azərbaycan neft hasilatının pik nöqtəsinin artıq 3 ildir ki, arxada qoyub. Bundan sonrakı 15 il ərzində neft hasilatı təxminən 2000-ci il səviyyəsinədək azalacaq. Təbii ki, bununla paralel, fondun gəlirlərində də kəskin azalma baş verəcək. Hazırkı şərtlər çərçivəsində fondun müflisləşməsi qaçılmaz olacaq. Ümidverici məqam odur ki, 2014-cü il üçün büdcə lahihəsi hazırlanarkən hökumət yaranmış vəziyyətin təhlükəliliyini ilk dəfə qəbul edərək, Fonddan büdcəyə transfertlərin məbləğini 2 milyard manat azaltdı. Əks halda, transfert məbləği 2013-cü il səviyyəsində qalacağı təqdirdə, Neft Fondu ehtiyatlarının 1,3 milyard dollarını xərcləmək məcburiyyətində olacaq.
Göründüyü kimi, Şahmar Mövsümovun rəhbərlik etdiyi Neft Fondunun xərcləmələri ilə bağlı narahatlıqlar son həddə çatıb. Bu gün əsas problemlərdən biri Neft Fondunun maliyyələşdirdiyi layihələrin şəffaflığıdır. Həmin layihələr də böyük neft pullarını səmərəsiz şəkildə udur. Belə fikirlər səslənir ki, bu layihələrə nəzarət həyata keçirmək üçün Neft Fonduna səlahiyyət verilməlidir. Amma ekspertlər bu təklifi uyğun saymırlar. Onlar hesab edirlər ki, ölkədə büdcə vəsaitlərindən səmərəli istifadə, şəffaflıq və korrupsiya riskləri hansı səviyyədədirsə, Fonddan ayrılan vəsaitlər üzrə də oxşardır.
Digər tərəfdən, ölkədə ali maliyyə müfəttişi Hesablama Palatası fəaliyyət göstərir, eyni zamanda, Maliyyə Nazirliyinin də nəzarət xidməti bu vəzifəni icra edir. Ona görə də bu istiqamətdə hər hansı yeni bir quruma nəzarət-təftiş səlahiyyətinin verilməsi mənasız sayılır, hesab olunur ki, bu, problemi həll etməyə imkan verməyəcək. Çıxış yolu ümumilikdə dövlət vəsaitlərinin xərclənməsi ilə bağlı mövcud təcrübənin və fəlsəfənin kökündən dəyişməsidir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53