Kremlin qorxduğu baş verdi: ABŞ xüsusi təyinatlıları Rusiya sərhədində!
Kremlin qorxduğu baş verdi: ABŞ xüsusi təyinatlıları Rusiya sərhədində!

Ukrayna da hərəkətə keçdi, qonşusu ilə sərhədi bağlayır, hətta sərhədlərin minalanması belə gündəmdədir

NATO-nun Şərqi Avropada keçirdiyi hərbi təlimlərdə iştirak edən ABŞ xüsusi təyinatlıları regionda qalacaq. Bu barədə "Röyter" xəbər agentliyi ABŞ Silahlı Qüvvələrinin Avropa komandanlığına istinadən bildirib.

Xatırladaq ki, iki gün əvvəl "Saber Strike-2014" adı altında NATO-nun Litva, Latviya, Estoniya və Polşada geniş beynəlxalq təlimlərinə start verilib. Hərbi manevrlərdə 9 ölkədən 2 minə yaxın hərbçi iştirak edir. Təlimlər iyunun 20-nə qədər davam edəcək. NATO-nun "Saber Strike-2014" hərbi təlimi son aylar Rusiyanın Ukraynaya və Baltikyanı ölkələrə təhdidinə cavab kimi qiymətləndirilir.
Avropa xüsusi əməliyyatları üzrə komandanlığının rəsmi nümayəndəsi Nika Sternberq də NATO-nun şərq cəbhəsində ABŞ xüsusi təyinatlılarının daimi qalmasını dəstəklədiyini bildirib. Məlumata görə, hərbi təlimlərdə 100 ABŞ xüsusi təyinatlısı iştirak edir.
Eyni vaxtda Baltik dənizi, Danimarka və İsveçin dəniz sularında hələ iyunun 6-da başlayan "Baltops-2014" adlı beynəlxalq təlimlər davam edir. Bu hazırlıq prosesində Böyük Britaniya, Almaniya, Gürcüstan, Danimarka, Latviya, Litva, Hollandiya, Polşa, ABŞ, Finlandiya, Fransa, İsveç və Estoniyanın gəmi və hərbi təyyarələri iştirak edirlər. Bu manevrlər isə iyunun 21-də başa çatacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl Rumıniyaya səfər edən amerikalı senator Con Makkeyn NATO-nun Avropada hərbi gücünün artırılacağını bildirib. Lakin o, bunun hərbi bazalar hesabına baş verməyəcəyini deyib. Senatorun sözlərinə görə, ABŞ Konqresi NATO-ya üzv olan Şərqi Avropanın şərq sərhədlərində hərbi alyansın gücləndirilməsini təklif edəcək.
Daha əvvəl isə ABŞ prezidenti Barak Obama ABŞ-ın Şərqi Avropada hərbi baxımdan gücləndirilməsi üçün Konqresdən əlavə olaraq 1 milyard dollar istəyəcəyini bildirib. B.Obamanın sözlərinə görə, ABŞ yalnız NATO üzvlərinin deyil, həm də Ukrayna, Gürcüstan və Moldovanın təhlükəsizliyini təmin etmək niyyətindədir.

Sergey Lavrovu güldürən "Krım ssenarisi"

Rusiya xarici işlər naziri Ukraynanın digər regionlarında "Krım ssenarisi"nin baş verməyəcəyinə zəmanət istəyən Polşalı həmkarı Radoslav Sikorskinin sözlərinə gülüb. Bu barədə Polşanın "Gazeta Wyborcza" qəzeti bildirib.
"Biz zəmanət istəyirik ki, Ukraynanın digər regionlarında Krım ssenarisi təkrarlanmayacaq", - srağagün Rusiya və Almaniya xarici işlər nazirləri ilə Sankt-Peterburqda keçirilən görüşdə R.Sikorski deyib. Onun rusiyalı həmkarı isə bu sözlərə gülüşlə cavab verib.
Qəzetin yazdığına görə, Sankt-Peterburqda keçirilən "kral üçbucağı"nın növbəti iclasında Ukrayna böhranı müzakirə olunub. Ancaq tərəflərin yekun razılaşma əldə edə bilmədiyi deyilir.
Saakaşvilidən şok: "ATƏT Ukraynanı
tələyə saldı"

Öz qeyri-adi fikirləri ilə seçilən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili çoxlarını şoka salacaq açıqlama verib.
Belə ki, Ukraynanın TSN kanalında çıxışı zamanı Saakaşvili həm ATƏT-in Ukrayna üzrə yeni təyin olunan xüsusi nümayəndəsi Haydi Talyavinini, həm də Almaniya Xarici İşlər Nazirliyini ciddi tənqid atəşinə tutub. Saakaşvili bildirib ki, o, diplomat Talyavininin əməllərinə hələ 2008-ci ilin avqust hadisələrindən bələddir: "ATƏT-in Ukrayna üzrə xüsusi nümayəndə qismində xanım Talyavinini təyin etməsi məni olduca narahat edir. Hazırda Avropada vəziyyət necədir? Görünən odur ki, sanki xanım Merkel ABŞ-ın Rusiyanın iqtisadi çöküş siyasətində mühüm rol alıb. Məlumdur ki, Rusiya böyük bir yanacaqdoldurma stansiyasını xatırladır. Siz Rusiyanın bu zəif yerindən vursanız, bu dövlət ciddi problemlərlə üz-üzə qalacaq. Putinin sonu çatacaq. Başqa məqam iqtisadi maraqlarla bağlıdır. Bir də Almaniyan Xarici İşlər Nazirliyi var. Hansı ki, Merkellə bir koalisiyadadır və Rusiyaya qarşı sanksiyaların tərəfdarı deyil. Ukraynalılar, 2008-ci ilin Cənubu Osetiya olaylarında olduğu kimi, ATƏT indi də xanım Talyavinini sizə soxuşdurur. Bəli, bəli, adı ilə demək lazımdır, məhz soxuşdurur. O vaxt Talyavini avqust hadisələrinin araşdırılması komissiyasına rəhbər təyin olunmuşdu. Bəli, həmin vaxt o, faktları olduğu kimi qeyd etmişdi. Lakin Almaniya Xarici İşlər Nazirliyi onu qarşısında oturdaraq bildirmişdi ki, bəli, faktlar olduğu kimi yazılıb, amma son rəsmi sənəddə elə göstərilməlidir ki, Rusiya sanksiyalarla üzləşməsin, elə yazılmalıdır ki, tərəflərin ikisi də günahkar olsun: həm Gürcüstan, həm də Rusiya.
Yeri gəlmişkən, o vaxt da Almaniyanın Xarici İşlər nazırı hazırkı nazır idi. Bir sözlə, indi də bunu Ukraynaya tətbiq etməyə çalışırlar. Ölkəniz üçün ən önəmli və həlledici məqamda bu xanımı soxuşdururlar. Baxarsınız, elə edəcəklər ki, Rusiya sudan quru çıxacaq".

Ukraynadan Rusiyaya qarşı həmlə

Ukrayna Rusiya ilə sərhədi bağlamaq niyyətindir. Bu barədə Ukraynanın "5-ci kanal"ının efirində ölkə DİN-in rəhbərinin müşaviri Anton Qeraşenko bildirib.
"Sərhədi dərhal bağlayacağıq. Bununla bağlı sərhəddə lazımı vasitə və metodlar hazırlanır", -deyə Qeraşenko bildirib. Onun sözlərinə görə, əsas məqsəd Rusiyadan Ukraynaya döyüşmək üçün gələn kişilərin qarşısını almaqdır.
Sərhədlərin minalanması barədə suala isə Ukrayna DİN-in rəsmisi birmənalı cavab verməyib: "Öz ərazilərimizin minalanması - Ukrayna vətəndaşları üçün də təhlükəlidir. Bu olduqca çətin məsələdir. Lakin milli təhlükəsizlik daha vacib məsələdir. Alternativ metodlar vaxt və pul tələb edir. Bizim isə hazırda nə pulumuz nə də vaxtımız var".

Krım
hökumətində
istefa

Krımın baş nazirinin birinci müavini Rüstəm Temirqaliev istefa verib. modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, bunu öz istəyi ilə gerçəkləşdiyini bildirib. Onun sözlərinə görə Krım Rusiyanın tərkibinə daxil olduqdan sonra Ukrayna hakimiyyəti bir sıra çağırışlar edib.
"Biz çağırışlarla rastlaşdıq. Kiyev hakimiyyəti bizə verilən elektriki, suyu kəsirdi, ərzaq təminatını dayandırırdı. Lakin biz bu problemləri həll edə bildik",-deyə baş nazirin keçmiş birinci müavini söyləyib.
Krımın baş naziri Sergey Aksonyov isə R. Temirqalievə təşəkkür edərək yaxın zamanlarda onun Krım rəhbərliyində məsləhətçi funksiyalarını yerinə yetirəcəyini bildirib.
Donetsk separatçıları Slavyanskın "xalq
meri"ni həbs etdilər

Qondarma "Donetsk xalq respublikası"nın (DXR) rəhbərliyi Slavyansk şəhərinin "xalq meri" Vyaçeslav Ponomaryovun saxlanıldığını elan ediblər. "BBC"nin verdiyi xəbərə görə, "DXR"-in "mətbuat xidmətinin" məlumatına əsasən, Vyaçeslav Ponomaryov hazırda separatçıların nəzarətində olan Ukrayna Təhlükəsizlik Xidmətinin binasında saxlanılır.
"Slavyanskın "xalq meri" adlandırılan Ponomaryov administrasiyanın məqsədləri və vəzifələrinə zidd olan fəaliyyətlə məşğul olduğu üçün tutduğu vəzifədən kənarlaşdırılıb", deyə məlumatda bildirilib.
Ponomaryov aprelin 13-də, Ukrayna Təhlükəsizlik Xidmətinin binasının separatçılar tərəfindən ələ keçirildikdən sonra Slavyanskın "xalq meri" elan edilmişdi. Bundan əvvəl o kiçik bir sabun zavodunun rəhbəri olub.

Rusiyanın Ukraynaya
qaz borcunun
ödənilməsi üçün verdiyi vaxt başa çatdı

Rusiyanın Ukraynaya qaz borcunun ödənilməsi üçün verdiyi vaxt başa çatıb. Lakin Ukraynanın "Naftoqaz" şirkəti pul ödəməyib. Bu isə o deməkdir ki, Rusiya Ukraynaya qaz nəqlini bu gündən dayandıra bilər.
Qaz böhranı ilə bağlı Rusiya-Ukrayna-Avropa Birliyi üçtərəfli görüşü isə baş tutmayıb və bu günə keçirilib. Rusiya tərəfi Brüsseldəki görüşə gəlmədiyindən, danışıqların dünən yerli vaxtla saat 09.30-da aparılması qərara alınıb.
Energetika üzrə Avropa komissarının mətbuat katibi Sabine Berger bildirib ki, Avropa Komissiyası üçtərəfli məsləhətləşmələr davam edə-edə Ukraynaya qaz nəqlinin dayandırıla biləcəyini gözləmir.
Qeyd edək ki, iki ölkə arasında əldə olunan razılaşmaya görə, Ukrayna noyabr-dekabr ayları üçün 1,45 milyard dollarlıq qaz pulu borcunu tam, aprel-may ayları üzrə borcun isə 500 milyon dollarını ödəməliydi.
Avropa komissarı Günter Ettinger bildirib ki, Rusiya və Ukrayna arasında qaz qiymətlərinə dair razılığın əldə olunması üçün bir neçə gün lazımdır.

Kənan Rzaquliyev