Rusiyanın yeni planı
10:59 13-06-2014
İQTİSADİYYAT
Rusiyanın yeni planı
Osetiya və Abxaziyadan sonra Gürcüstanı parçalamaq üçün Borçalı amilindən istifadə etmək istəyir
Gürcüstanda 3 gündən sonra yerli bələdiyyələrə seçkilər keçiriləcək. Amma bir həftədir ki, bu ölkədə siyasi ehtiraslar qızışıb. Özü də burada bir qəribəlik var. Həmişə sakitliyi və seçkidə elə də aktivliyi ilə seçilməyən azərbaycanlıların sıx yaşadığı Marneuli indi proseslərin mərkəzində dayanır. Buna səbəb isə Marneulidə mer postuna iddialı Əhməd İmamquliyevin namizədliyinin ləğvi idi.
O bölgədən olduğuma görə seçkilərin necə keçdiyindən xəbərim olur. Marneulidə hazırda baş verən proseslər isə oxun yaydan çıxdığına işarədir.
Hazırda soydaşlarımızın yaşadığı bu bölgədə yerli əhalidə iki yerə bölünüb: "41-lər" və "5-lər". "41" "Gürcü arzusu" partiyasının seçki siyahısında yeridir. "5" isə keçmiş prezident Mixeil Saakaşvilinin rəhbərlik etdiyi Vahid Milli Hərəkat partiyasının.
Hazırda Marneulidə azərbaycanlıların namizədi də "5"-in üzvü Əhməd İmamquliyevdir.
Yerli sakinlərdən öyrəndiyimə görə, Əhməd İmamquliyev əvvəllər elə meriyada çalışıb. Azərbaycanlıların bu namizədi dəstəkləməsinin əsas səbəbi isə əhalisinin 85%-nin soydaşlarımızın yaşadığı Marneuliyə öz həmvətənlilərinin rəhbərlik etməsi istəyidir. Çünki illərdir ki, bu rayona gürcülər rəhbərlik edib. Ən yaxşı halda isə müavini azərbaycanlı olub.
Əldə etdiyimiz məlumatlara görə, gürcülər, xüsusilə "Gürcü arzusu" partiyasının üzvləri Əhməd İmamquliyevin seçiləcəyinə inanmayıblar. Amma Marneulidə aparılan sorğu bunun əksini göstərib.
Sorğunun nəticələrinə görə, Vahid Milli Hərəkat partiyasının namizədi Əhməd İmanquliyevə əhalinin 70%-i səsverməyə hazırlaşır. "Gürcü arzusu" partiyasının namizədi isə sorğuda səs qazanmayıb.
Bundan ayılan gürcülər dərhal hərəkətə keçiblər. Mənbəmizin verdiyi məlumata görə, hətta Əhməd İmamquliyevə namizədliyini geri götürmək üçün külli miqdarda pul təklif olunub. Amma o, bundan imtina etdikdən sonra azərbaycanlı deputatlara namizədə təzyiq etmək tapşırılıb. Bu işi isə öhdəsinə Əli Məmmədov götürüb. Mənbəmiz bildirir ki, Əhməd İmamquliyevə dəstək verən isə Vahid Milli Hərəkat partiyasından deputat Azər Süleymanovdur.
"Gürcü arzusu" partiyası Əhməd İmamquliyevi inadından döndərə bilmədiyinə görə qanunsuz olaraq onun namizədliyini ləğv edib. Amma məhkəməyə müraciət edən namizəd qanuni haqqını bərpa etdirib.
Hazırda Marneulidə əsas mübarizə kənd icra nümayəndəliklərinə seçim uğrunda da gedir. Mənbəmiz iddia edir ki, Saakaşvili hakimiyyətdən getdikdən sonra bu posta təyin olunmaq üçün 8000 dollar rüşvət bəs edir.
Amma azərbaycanlıların belə fəallaşması əbəs deyil. Burada daima gürcülərlə dostluq şəraitində yaşayan azərbaycanlıların fəallaşmasında üçüncü qüvvələrin əli var. Təbii ki, söhbət Rusiyadan gedir.
Moskva azərbaycanlıların fəallaşmasında Rusiyada yaşayan azərbaycanlı biznesmenlərdən istifadə edir. Hazırda bu rolu isə üzərinə Söyün Sadıqov götürüb.
Xatırladaq ki, S.Sadıqov əslən Gürcüstan azərbaycanlısıdır. Onun Rusiyada yaşayan ermənilərlə sıx dostluq əlaqələri mövcuddur. O, hələ 2006-cı ildə "Azərros" prezidenti kimi ermənilərin "Noev Kovçeq" qəzetinə verdiyi müsahibədə bu sevgisini ətraflı şəkildə izhar edib. Bununla yanaşı, S.Sadıqov ətrafındakı milyarder dostlarının kənara çəkilməsinə, Bakıdan səslənən etiraz səslərinə baxmayaraq, vaxtilə Moskvada ermənilərlə görüş keçirərək, guya, iki xalq arasında düşmənçiliyin aradan qaldırılmasına xidmət edən müzakirələr də aparıb. Sonda isə erməni dostu Ara Abramyanla birlikdə "Sarı gəlin" festivalı keçirmək qərarı verib. Eyni zamanda, ildə iki dəfə Rusiyada yaşayan azərbaycanlı və ermənilərin birgə tədbirinin keçirilməsi qərara alınıb. Həmişə milli təəssübkeşlikdən danışan bu şəxs həmin görüşdə Azərbaycanın torpaqlarını 20 ildir işğal altında saxlayan ermənilərlə qardaşlıqdan da dəm vurub. Bu kimi səbəblərdən, uzun müddət SSRİ-nin xüsusi xidmət orqanlarında çalışmış S.Sadıqov "Azərros" prezidenti vəzifəsindən kənarlaşdırılıb. Bundan dərhal sonra isə Borçalı Partiyasını yaratmaq təşəbbüsü ilə çıxış edib. Bu məqsədlə yeni partiyanın təşəbbüs qrupunun yaradıldığı, atributların qəbul edildiyi, partiyanın qarşısında isə əsas vəzifə kimi Kvemo-Kartli - tarixi Borçalı ərazisində muxtariyyətə nail olmağın qoyulduğu bəyan edilib. Lakin o zaman S.Sadıqovun bu ideyası həm Azərbaycan, həm də Gürcüstan cəmiyyətində sərt təpki ilə qarşılanıb və reallaşmayıb.
Güman olunur ki, Rusiya Osetiya və Abxaziyadan sonra Gürcüstanı parçalamaq üçün Borçalı amilindən istifadə etmək istəyir.
Xatırladım ki, bir müddət əvvəl Qardabanidə azərbaycanlılar və gürcülər arasında düşən dava zamanı da hər iki tərəf bu işdə üçüncü qüvvəni günahlandırmışdı.
Putin Krımdan sonra burada vəziyyəti gərginləşdirməklə əslində Azərbaycanı da oyuna salmaq istəyir. Burada baş verə biləcək iğtişaşlar və azərbaycanlıların hüquqları pozulacağı təqdirdə isə Azərbaycan müdaxilə edə bilər. Aldığımız məlumata görə, hazırda Marneuli partlamağa hazır barıt çəlləyinə bənzəyir. Burada bir azərbaycanlıya qarşı qəsd iğtişaşların başlamasına səbəb ola bilər.
Odur ki, maksimum ehtiyatlı davranan Gürcüstan hökuməti polisə azərbaycanlılarla ehtiyatlı davranmağa göstəriş verib.
İndi Marneuli kəndləində görüş keçirən Əhməd İmamquliyevi izdiham qarşılayır. İyunun 15-də keçiriləcək seçkilərdə Əhməd İmamquliyevin qələbə qazanacağı proqnozlaşdırılır. Əgər Əhməd İmamquliyev seçilməsə, bu etiraz aksiyalarının başlanacağına səbəb olacaq.
Amil Haciyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53