Türkiyəyə İŞİD zərbəsi!
11:01 13-06-2014
İQTİSADİYYAT
Türkiyəyə İŞİD zərbəsi!
Ankara "Arxa qapı əməliyyatı"nı seçdi
"İraq Şam İslam Dövləti" (İŞİD) adlanan terror təşkilatının İraqın Mosul şəhərindəki Türkiyə konsulluğunu ələ keçirməsi Ankaranı hərəkətə gətirib.
Ankara baş konsul da daxil olmaqla 49 türk vətəndaşının girovluqdan azad edilməsi üçün bütün mümkün variantları müzakirə edir.
Türkiyə mətbuatının yazdığına görə, srağagün baş nazir Rəcəb Tayyib Ərdoğan və prezident Abdulla Gülün də iştirak etdiyi "Mosul zirvəsi"ndə masada aşağıdakı variantlar olub.
"Arxa qapı əməliyyatı"
Türkiyənin Mosuldakı baş konsulluğuna hücum xəbərinin təsdiqlənməsindən dərhal sonra hökumət iki kanal vasitəsilə işə başladı. Onlardan biri NATO, BMT, ABŞ, İraq mərkəzi hökuməti və regional kürd rəhbərliyi ilə qurulan diplomatik təmaslar idi. İkincisi isə İŞİD-lə əlaqəli qruplar, eyni zamanda, terror təşkilatı üzərində təzyiq qura biləcək qrup və şəxslərlə qurulan əlaqələr idi. "Arxa qapı əməliyyatı" adlandırılan bu əməliyyatda Milli İstihbarat Təşkilatı (MİT) aktiv rol oynadı. Konsulluq binasına silahlı bir qrupun hücum etməsi və həmsöhbətin bir dövlət olmaması "Arxa qapı əməliyyatı"nı zəruri edirdi.
İlk mərhələdə
hərbi əməliyyat risklərə yol aça bilər
"Mosul zirvəsi"ndə aparılan müzakirələrdə 49 türk vətəndaşının sağ-salamat azad edilməsi üçün bütün variantlardan danışıldı. Ancaq İŞİD-in bölgədəki hazırkı fəaliyyət taktikası klassik girov əməliyyatı planını ikinci plana itələyib. İlk mərhələdə hərbi əməliyyatın risklərə yol aça biləcəyi bildirilir.
Türkiyə mətbuatında yayılan məlumatlara görə, İŞİD-in girov götürdüyü türk sürücülərinin azad edilməsi üçün 5 milyon dollar tələb edib. Təhlükəsizlik və kəşfiyyat mənbələri türk sürücülərin üçün tələb edildiyi iddia olunan vəsaitin müzakirə mövzusu olmadığını, hansısa bir bazarlığın günboyu gündəmə gəlmədiyini ifadə edib.
Bağdad ABŞ-a
İraqı bombalamağa
icazə verdi
İraq hökuməti hava sahəsini ABŞ döyüş təyyarələri üçün açmağa hazırdır. Belə bir iddia ilə ABŞ mətbuatı çıxış edib.
ABŞ mətbuatının yazdığına görə, İraq hökuməti "İraq Şam İslam Dövləti" (İŞİD) adlanan terror təşkilatının sözçüsü Əbu Məhəmməd Əl-Adnaninin səs qeydlərinin yayılmasından sonra ABŞ hərbi təyyarələri üçün yaşıl işıq yandırmağa məcbur olub. İŞİD-in sözçüsünə aid olduğu bildirilən səs qeydində "hədəf Bağdad və Kərbəladır" deyilir.
Qeyd edək ki, İŞİD son iki gün ərzində İraqın Mosul şəhəri ilə yanaşı, Hüseyn Səddamın vətəni sayılan Tikrit şəhəri, eləcə də Kərkük vilayətinin bəzi bölgələrini ələ keçirib.
NATO Türkiyəyə görə fövqəladə iclas keçirdi
NATO Türkiyənin Mosul şəhərindəki diplomatlarının İraq Şam İslam Dövləti (İŞİD) terrorçuları tərəfindən girov götürülməsi ilə bağlı fövqəladə toplantı keçirib.
Türkiyənin tələbi ilə keçirilən fövqəladə iclasda Mosuldakı proseslər müzakirə olunub.
Srağagün gecə baş tutan iclasda Türkiyənin NATO-dakı daimi nümayəndəsi Fatih Ceylan məsələni gündəmə gətirib. Ceylan hadisənin necə reallaşdığına dair Ankaradan gələn məlumatları çatdıraraq, Türkiyənin hal-hazırda NATO-da hərbi səviyyədə bir tələb irəli sürmədiyini bildirib.
Suriya və PKK
İŞİD-ə qarşı
"İraq Şam İslam Dövləti" (İŞİD) adlanan terror təşkilatının lideri Əbubəkr Əl-Bağdadi Ramazan ayının əvvəlində ələ keçirdikləri ərazidə şəriət dövləti elan edəcək. Bu barədə Livanın "As-Safir" qəzeti yazıb.
Qəzetin məlumatına görə, İraq ordusundan ayrılaraq Əl-Bağdadinin tərəfinə keçən yüksək rütbəli komandirlər də bu plana dəstək verir.
İraq hökuməti isə Məsud Bərzaninin rəhbərlik etdiyi İraq kürd muxtariyyəti ilə birlikdə İŞİD-ə qarşı mübarizə aparacağını açıqlayıb. Suriya rejimi də İraq hökumətinə "terrora qarşı döyüşdə yardım etməyə hazır olduqlarını" bildirib.
PKK terror təşkilatının siyasi qanadı KCK-nin bəyanatında isə "Kürdüstanın qazandıqları bu gün açıq bir təhdid altındadır. Ancaq Kürdüstan müdafiəsiz deyil" deyilir. KCK PKK-nın "Cənubi Kürdüstan"ın təhlükəsizliyini təmin etmək üçün aktiv döyüşə hazır olduğunu açıqlayıb.
"İŞİD zəngin səud
şeyxləri tərəfindən
maliyyələşdirilir"
"Region" Beynəlxalq Analitik Mərkəzinin direktoru Razi Nurullayev "İraq-Şam İslam Dövləti" terror təşkilatının (İŞİD-in) hansı qüvvələr tərəfindən dəstəkləndiyinə açıqlama verib.
R.Nurullayev bildirib ki, birmənalı şəkildə İŞİD-in arxasında hansı dövlətlərin dayandığını demək çətindir. QHT sədrinin sözlərinə görə, hazırda beynəlxalq aləm tərəfindən qəbul edilən fakt ondan ibarətdir ki, təşkilat "əl-Qaidə"yə bağlıdır. Sədiyyə Ərəbistanının zəngin şeyxləri tərəfindən maliyyələşdirilir: "Eyni zamanda İŞİD-ə Suriya, İraq və digər dövlətlərin içərisində olan qruplar tərəfindən maliyyə yardımları ayrılır və dəstəklənir. Təşkilatən bu gün uğur qazanmasının əsas sirri, İŞİD-in fəaliyyətinin regionun bir sıra dövlətlərinin maraqları ilə üst-üstə düşməsidir. Xüsusilə İraqda müəyyən dini və siyasi qurumların, Suriyada Bəşər Əsədin maraqlarına cavab verir. Ona görə də İŞİD öz fəaliyyətini çox rahat şəkildə həyata keçirə bilir. İŞİD digər tərəfdən "əl-Qaidə"nin dəstəyini ala bilir. Eyni zamanda "Taliban"la da ciddi əməkdaşlıqları ola bilər".
Yeni Üsamə ben
Laden kimdir?
Suriyadakı vətəndaş müharibəsindən sonra Ukraynanın şərqində gedən şiddətli döyüşlər də arxa plana keçmək üzrədir. Səbəb isə "İraq Şam İslam Dövləti" (İŞİD) adlanan terror təşkilatının İraqın şimalında qlobal terroru yeni bir səviyyəyə daşımasıdır.
Bəs İŞİD-i bu səviyyəyə çatdıran kimdir?
Bu suala cavab olaraq deyək ki, İŞİD-in rəhbəri Əbubəkr əl-Bağdadidir. 2006-cı ildə qurulmasına baxmayaraq, Suriyadakı vətəndaş müharibəsində daha çox tanınan İŞİD-in qurucusu Əbubəkr əl-Bağdadinin şəkli ötən ayların birində "Time" jurnalının üz səhifəsinə də vurulmuşdu. Bağdadi İraq və Suriya başqa olmaqla Orta Şərqin gələcəyinə yeni şəkil vermək istəyən şəriətçi və silahlı bir təşkilatın lideri olaraq tanınır.
Kod adı "Əbu Dua": Tam adı İbrahim bin Avad bin İbrahim əl-Bədri əl-Radavi əl-Hüseyni əl-Samarraidir. Peyğəmbər nəslindən olduğunu iddia edir və soyadına "Qureyşi" sözünü də əlavə edir. Kod adı "Əbu Dua"dır. İraqın Samara şəhərində doğulub və 43 yaşında olduğu deyilir. Evlidir, ailəsinin bir hissəsi Pakistanda yaşayır. Bağdaddakı İslam Universitetində doktorluğu müdafiə etdiyi üçün keçmişdə "doktor İbrahim Avad" olaraq da tanınıb. Şəriət, fiqh, islam tarixi və şeir mütəxəssisidir.
Zarkavinin intiqamı izində: Əl-Bağdadi ABŞ işğalının davam etdiyi bir vaxtda – 2006-cı ildə "İraq İslam Dövləti"ni (İRİD) qurub. Təşkilat "Əl-Qaidə"nin İraq qolunu quran və 2006-da öldürülən Əbu Musab əl-Zarkavinin intiqamını alacağına and içib. Əl-Bağdadi 2010-cu ildə özünü İRİD-in "əmir"i elan edib. ABŞ ordusunun 2011-ci ildə İraqdan çəkilməsi ilə yaranan boşluq İRİD-in işinə yarayıb və üzvlərinin sayı iki ildə 800-dən 10 minə çıxıb. Təşkilat 2012-ci ildə qanlı terror aktlarına başlayıb. 21 İyul 2013-cü ildə İraq işğalı dövründə ABŞ-ın "işgəncə bazası" olan "Əbu Gureyb" həbsxanasına hücum edərək 500-ə qədər "Əl-Qaidə" üzvünü sərbəst buraxıb. ABŞ əl-Bağdadinin başına 10 milyon dollar mükafat qoyub.
Əl-Bağdadinin vəhşi hücum taktikası və məzhəb qarşıdurmasını gücləndirməsi "Əl-Qaidə"nin mərkəz təşkilatını belə qəzəbləndirdi. İŞİD, adətən, bir çox "Əl-Qaidə"çi qruplar kimi "vur-qaç" taktikası tətbiq etmir. Əl-Bağdadi işğaldan əvvəl Mosulda belə "vergi" toplayırdı. 2013-cü ilin aprelində Suriyanın şimalında geniş torpaqları ələ keçərən əl-Bağdadi təşkilatın adını da İŞİD olaraq dəyişdirdi. "Əl-Qaidə"nin rəhbəri Ayman əl-Zəvahiri 2013-cü ilin yazında bir məktub yazaraq İŞİD-in ləğv edilərək
Suriyadakı "mülayim şəriətçi" "Əl-Nüsra" Cəbhəsinə qatılmasını əmr etdi. Əl-Bağdadi isə bu əmrə itaət etmədi. İŞİD Suriyada həm rejimə, həm Azad Suriya Ordusuna, həm də "Əl-Nüsra" Cəhbəsinə qarşı döyüşür.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53