Üç keçmiş nazirin hazırki biznesi ilə bağlı müdhiş təfərrüatlar
15:18 14-06-2014
İQTİSADİYYAT
Üç keçmiş nazirin hazırki biznesi ilə bağlı müdhiş təfərrüatlar
Füzuli Ələkbərovla Səfər Əbiyev nə üçün Misir Mərdanova həsəd apara bilər?
Ötən il aprel ayının 19-da işdən çıxarılan təhsil naziri Misir Mərdanov da görəvdən ayorıldıqdan sonra ciddi biznesə girib. Daha doğrusu, hələ nazir olarkən qurduğu biznesini böyütməyə və daha da inkişaf etdirməyə başlayıb. Nazir postundan uzaqlaşdırılandan sonra M.Mərdanov həvəslə biznesinin başına keçib və obyektlərin yenidən qurulmasına, modernləşdirilməsinə pul xərcləməyə başlayıb.
İşdən çıxarılandan sonra Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutuna direktor təyinatı, nazirlikdə yoxlamaların aparılmaması, fəaliyyətinin təftiş edilməməsi artıq şübhə yeri qoymur ki, Misir Mərdanova bundan sonra rahat yaşamaq üçün təminat verilib. Hazırda keçmiş nazirin nəzarətindəki obyektlər arasında işi ən "xod" gedən xalası oğlu Allahverdi Dəmirovun idarə etdiyi Balaxanıdakı Asfalt Zavodudur. Bundan başqa
Mərdanova aid olduğu bildirilən Novxanıdakı "Olmpik-hotel"sabiq nazir "vurulduqdan" sonra ciddi şəkildə təmir olunub, hotelin saytından tutmuş müştəri kontingentinə qədər hər şey ciddi dəyişdirilib.
Sonuncu prezident seçkilərindən sonra "vurulan" keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun biznes şəbəkəsi ilə bağlı isə son vaxtlar ürəkaçan xəbərlər gəlmir. Onun bəzi biznes obyektlərini bağladığı barədə iddialar var. Bir həftə əvvəl isə məlumat yayıldı ki, Ələkbərov İsmayıllı rayonunun İvanovka kəndində yerləşən dəbdəbəli villasını satışa çıxarıb. Bildirildi ki, keçmiş nazir vəzifədən getdikdən sonra İvanovkadakı evinə bir dəfə də olsa gəlməyib. Evdə gözətçilik edən şəxslərə villanın satılacağı barədə xəbərdarlıq edilib. Villanın hansı qiymətə satışa çıxarıldığı məlum olmasa da bu rəqəmin kifayət qədər yüksək olduğu bildirilir.
Keçmiş nazir satışa çıxardığı imarətgahı qardaşı Nizami Ələkbərovun İsmayıllıda icra başçısı işlədiyi dönəmdə tikdiribmiş. Bu məlumatın özü də göstərir ki, keçmiş nazirin Azərbaycandakı mülkləri və biznes obyektləri üzərində təhlükə buludlarının dolaşması barədə məlumatlar təsadüfi deyil.
Xatırladaq ki, 1991-ci ildə F.Ələkbərovun rəhbərliyi ilə "İmprotex" şirkəti yaranıb, tanınmış brendlər Azərbaycan bazarına gətirilib. Bu holdinq daha çox "İmprotex Group" kimi tanınır. İlk vaxtlar şirkət Azərbaycanda və keçmiş sovet respublikalarında yalnız ölkə daxilinə turizm turları təşkil edib. Maraqlıdır ki, bu fəaliyyət az müddət davam edib, sonradan şirkət biznesin müxtəlif sahələrində işə başlayıb. Şirkət sadə turların təşkilatçılığından baş ofisi Bakıda yerləşən, BƏƏ və Çində nümayəndəliyi olan çoxşaxəli bir korporasiyaya qədər inkişaf yolu keçib. Hazırda "İmprotex Group" ölkəmizdə ciddi holdinqlərdən biridir. Azərbaycanda ilk özəl avia şirkətin - "İmair"in yaradılması da məhz "İmprotex"in adıyla bağlıdır. Hazırda "İmprotex" Şirkətlər Qrupu Azərbaycanın özəl sektorunda aparıcı mövqeyə sahibdir. Şirkət dünyanın ən məşhur şirkətləri ilə əməkdaşlıq edir. Həmçinin "İmproteks Motors", "İmproteks Treydinq" şirkətləri təsis olunub. Daha bir şirkət - "İmprotex Distribution Center" isə 2000-ci ildə yaradılıb. Şirkət əsasən istehlak mallarının, eləcə də xırda və iri məişət texnikasının satışı və yayılması ilə məşğuldur. Sabiq nazirin yelkənli qayıq satan mağazaları da var.
Bu xidməti "İmprotex Marine & Sporta Facilities" şirkəti 2005-ci ildə yaradılarkən göstərməyə başlayıb. Şirkət dünya şöhrətli yapon ticarət markası -"Yamaha"nın rəsmi distribütoru kimi fəal istirahət üçün geniş çeşiddə idman və dəniz avadanlıqları təklif edir.
Mənbənin sözlərinə görə, Ələkbərovlar avtomobil bazarında da pay sahibidir. 2004-cü ildən "İmprotex" Şirkətlər Qrupunun Azərbaycanda yeni layihəsi olan MAN yük avtomobilləri üzrə işçi qrupu fəaliyyətə başlayıb. Bu işçi qrupunun fəaliyyətinin ilk addımı olaraq Azərbaycana yeni MAN TGA yük avtomobilləri gətirilib. "İmprotex" Şirkətlər Qrupu müştərilərin ehtiyaclarına və texniki tələblərinə əsaslanaraq MAN yük avtomobilləri üçün cari təmir mərkəzi də açıb. Avropanın ən müasir standartlarına cavab verən Euro-3, Euro-4 mühərrikli MAN avtomobillərini ancaq istefada olan nazirin şirkəti satır.
Amma gözlənilir ki, tədricən Ələkbərov bu cür geniş spektrli biznesinin əhəmiyyətli hissəsini itirəcək.
Başqa bir sabiq nazir - eks müdafiə naziri Səfər Əbiyevin də biznesi yox edilmək üzrədir. Yarım ay öncə məlumat yayıldı ki, keçmiş müdafiə nazirinin nəzarətində biznes strukturları başqa şəxslərə verilir. Bir sözlə, qısa müddətdə Səfər Əbiyevin müflisləşdirilməsi prosesi gedir. Bu məlumatların təsdiqi kimi "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin yaydığı xəbəri də göstərmək olar. Həmin məlumatda deyilirdi ki, Səfər Əbiyevə məxsus olan ərazi əlindən alınıb. Məlumatda Yasamal rayonu Həsən Məcidov küçəsində yerləşən böyük ərazinin əslində Azərbaycan Ali Hərbi Məktəbinin (Avtopark) balansında olduğu bildirilib. Məlumata görə, həmin ərazidə Silahlı Qüvvələrin zabitləri üçün mənzillərin tikilməsi ilə bağlı ideya olub. Lakin bu ideya Səfər Əbiyev tərəfindən müsbət qarşılanmayıb. Keçmiş nazir həmin ərazidən özünün biznes maraqları üçün istifadə etmək qərarı verib. Amma artıq həmin ərazi üzərinə "Renessans Palace" yazılmış hasarla əhatə olunub. Ərazidə tikinti işlərinin "AS Group Investment" tərəfindən aparıldığı qeyd edilib.
Göründüyü kimi, ötən il "vurulan" üç nazir arasında bizneçs sarıdan işləri ən yaxşı gedən Misir Mərdanovdur. Füzuli Ələkbərov və Səfər Əbiyevin biznesi qaranlıq günlər yaşadığı halda sabiq təhsil nazirinin gəlir qaynaqları güclənib.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17