Bir dövlətin qətl xronikası və ya kuklaların söhbəti
15:25 14-06-2014
İQTİSADİYYAT
Bir dövlətin qətl xronikası və ya kuklaların söhbəti
Dövləti idarə edən adamın və onun ətrafındakı şəxslərin istəkləri ilə vicdanları arasında münaqişə varsa, idarə olunanların vəziyyəti çox pis olur. Çünki belə dövlətin prezidenti özülündən çıxardığı palçıqla evinin damını möhkəmləndirən şəxs, varidatını kütlənin hesabına artıran yaramazdır.
Ermənistan prezidenti Serj Sarkisyan idarəetməsinin bivec, hakimiyyətinin yaramaz olduğunu gizlətmək üçün ölkədə qanunların bolluğundan danışır. Halbuki Ermənistan təki dövlətlərdə qanunların sayının fasiləsiz artması kiçik şəhərdə həkimlərin sayının çoxalması kimidir: vəziyyət xəstəliyin ağırlığına və həkimlərin zəifliyinə dəlalət edir.
Və belə bir situasiyada Ermənistanın silahlı qüvvələri atəşkəs rejimini sürəkli qaydada pozur, ordumuzun mövqelərinə hücum edir, diversiyalar törətməyə çalışırlar. Burunları ovulur, söz yox. Hər belə "cəsarətli hücum" erməni hərbçilərinin arasında ciddi itkilərlə başa çatır.
Yerevan isə sakitləşmək bilmir və ermənilər də hakimiyyət dairələrinin belə inadkarlığının, Dağlıq Qarabağdakı cəbhə xəttində, habelə Ermənistan-Azərbaycan sərhədində öz ordularının "aktiv"ləşməsinin səbəblərini anlamırlar.
Halbuki durum bəsitdir. Serj Sarkisyanın iqtidarı klassik siyasət qanunlarına uyğun olaraq ölkədəki daxili gərginliyi və sosial narazılığı "xarici düşmən" obrazı ilə səngitməyə çalışır. Belədə işsizliyin artması, mühacirətin güclənməsi, iqtisadiyyatın əlil gündə olması, qanunların işləməməsi, məmurların özbaşınalığı, siyasi azadlıqlar və vətəndaş haqlarının pozulması təki saysız problemləri ölkənin müharibə şəraitində olması amili ilə izah etməyə cəhdlər göstərilir.
Kökündən yanlış, təhlükəli, Ermənistan üçün saysız bəlalar vəd edən siyasətdir.
Yerevandakı iqtidar kütləyə "qələbə"lər kimi təqdim etməyə çalışdığı məğlubiyyətlərin və yanlışlıqların sadalanmasını xoşlamır.
Problemlər isə var və onlar az deyil.
Ermənilərin narazılıqlarının pik həddinə çatmasına rəğmən hakimiyyət dairələrinin Buridan ulağının inadkarlığına tən qətiyyətlə səhv siyasətdən əl çəkməmələrini nəzərə alsaq, Yerevanın üzləşdiyi problemləri sadalamağa dəyər.
Əvvəla, Yerevandakı hakimiyyət dairələrinin "Azərbaycanın aqressiv davranışı" ilə bağlı isterikalarına rəğmən, Ermənistanın strateji müttəfiqi və ya tərəfdaşı olduğu iddia edilən dövlətlərin olaylara reaksiyası çox sakit oldu. Daha doğrusu, MDB daxilində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan və bununla da Ermənistanın geosiyasi tərəfdaşları sayılan dövlətlərdən Rusiya, Belarus və ya Qazaxıstan S.Sarkisyan iqtidarının bütün səylərinə rəğmən, Azərbaycana yönəlik hər hansı açıqlama ilə çıxış etmədilər.
Edə də bilməzdilər, çünki xarici siyasətində əxlaqsızlıq, diplomatiyasında prinsipsizlik və mənəviyyatsızlığın son həddinə çatmış Yerevanın isteriyasına rəğmən, həmin dövlətlərdə cəbhə xəttindəki qanlı eksseslərin səbəbkarının kim olduğunu bilirlər.
Azərbaycanın mövqelərini fasiləsiz atəşə tutan, diversiyalar və kəşfiyyat hücumlarını reallaşdırmağa çalışan Ermənistanı "hücuma məruz qalan tərəf" qismində qəbul etmək, gerçəkdən də, mümkün deyil.
Ermənistanın hamisi və Yerevandakı iqtidarın mövcudluğuna görə borclu olduğu Rusiya belə, ermənilərin hiperaktiv yalançılığını qulaqardına vuraraq susmağa üstünlük verir. Ermənilər Moskvadan asılı ölkədə yaşadıqlarını, deyəsən, unudurlar və Cənubi Qafqazda forpost statusunun diqtə etdiyi davranış modelindən kənara çıxaraq özlərini Rusiyaya müttəfiq görürlər ki, bu da Yerevanın şimaldakı hamisini qıcıqlandırmaya bilməzdi.
Belarus və Qazaxıstanın mövqelərinə gəldikdə isə, onlar indiyədək heç bir halda və şəraitdə erməniləri özlərinə müttəfiq saymadıqlarından yalanı dəstəkləmək əvəzinə proseslərə obyektiv qiymət verməyi üstün tutublar.
Süstlük var. Ermənistan prezidenti Serj Sarkisyan son günlərdə təbliğat maşınının fəaliyyətini aktivləşdirərək "Azərbaycanın aqressivləşməsi və bunun yaratdığı təhlükələr"dən bəhs etsə də, Yerevandakı əsas siyasi qüvvələrin apatiyası müşahidə olunur. Sabiq prezidentlər Levon Ter-Petrosyan və Robert Köçəryan iqtidarın nəzarətindəki medianın hədəfinə çevrilsələr də, təhriklərə uymamamağa və hakimiyyətin yeni oyununu kənardan seyr etməyə üstünlük veriblər. Təbii, Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın siyasi həyatı, siyasətçiləri və ümumiyyətlə, ictimai prosesləri üçün hansı əhəmiyyət əks etdiyini dərk edən bu adamlar susqun qalmadılar.
Robert Köçəryan ofisinin rəhbəri vasitəsilə bir neçə cümlə ilə yaxasını kənara çəkdi. Levon Ter-Petrosyan da həmişə olduğu kimi, bu dəfə də söz yığınından ibarət iki məqalə ilə çıxış etdi və yaşananları başçılıq etdiyi Erməni Milli Konqresinin (EMK) merkantil maraqları çərçivəsinə sığışdırdığı ritorika ilə şərh etdi. Həmin məqalələrdə heç bir yeni fikir, aktual ideya yoxdu.
Levon Ter-Petrosyan və Robert Köçəryan Dağlıq Qarabağ münaqişəsi zonasında atışmaların aktivləşməsinin və Ermənistan rəhbərliyinin, gerçəkdən də, absurd və axmaq aqressivlik həddinə çatdırılmış addımlarının yeni müharibə təhlükəsi yaratmasından danışmadılar. Onlar cəmiyyətə həqiqətləri söyləməyə, kütlədə reallığın adekvat dəyərləndirilməsinə yönəlmiş mövqenin və fikirlərin formalaşdırılmasına, insanlara gerçək vəziyyət barədə həqiqətin çatdırılmasına çalışmadılar.
Ermənistan müxalifəti daxili siyasi və sistem intriqalardan yüksəlməyi, didişmələrdən qurtulub ölkənin üzləşdiyi təhlükənin miqyasından danışmağı bacarmadı.
Təəccüblü heç nə yoxdur, axı erməni müxalifətçilərinin əsas fəaliyyəti "Serj Sarkisyan üçün nə qədər pisdirsə, bizə o qədər yaxşıdır" prinsipinə əsaslanır.
Lakin indi Sarkisyan üçün yox, bütün Ermənistan üçün pisdir.
Söz yox, Serj Sarkisyan hakimiyyətini itirə bilər. Di gəl, Yerevandakı iqtidarın əyri və dayaqları zəif konstruksiyası laxlayıb aşmağa başlayanda Sarkisyanla onun dəstəsi qaçıb canlarını qurtaracaqlar. Dağıntılar altında Ermənistan qalacaq.
Serj Sarkisyanın əvəzinə dövlət başçısı postuna gələcək adam isə indiki fəlakətli vəziyyətin yaratdığı fəsadları onillər boyu aradan qaldırmaq və bu zaman özünə bəraət qazanmaq üçün "bərbad miras"dan danışmalı olacaq.
Erməni müxalifətçilər ölkə vətəndaşlarına bunları demək əvəzinə elementar siyasi intriqalarla məşğul olurlar.
Bu isə siyasi qeyri-adekvatlıq, marazm və ya Ermənistandakı hakimiyyətlə müxalifətin ermənilərə qarşı elan olunmamış müharibəsidir.
Ermənilərdə iqtidarla kukla müxalifətə olan laqeydlik, ətalət onları proseslərin lal müşahidəçilərinə çevirib.
İntriqalar, saxtakarlıq, ikiüzlülük və yalanların istehlakçısına çevrilmiş cəmiyyət indi qablaşdırılmış hava kimi uydurma məhsullarla qidalanır.
Qablarda "Vətən havası" təki satılan məhsulun nə olduğunun fərqinə varmayanlar ölkəsinə dönən Ermənistanda insanların özləri talelərinə belə laqeyddirsə, böyük oyunlar belə deyil.
Və yenə də, artıq neçənci dəfə Yerevanın taleyini hamiləri həll edəcək.
Amma necə?
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53