Şok! İŞİD İstanbulda!
10:31 18-06-2014
İQTİSADİYYAT
Şok! İŞİD İstanbulda!
ABŞ hərəkətə keçdi: İraqa ordu göndərilir
Qısa müddətdə İraqda həyata keçirdiyi terror əməliyyatları zamanı dünyanı lərzəyə salan radikal-vəhabi "İraq Şam İslam Dövləti" (İŞİD) təşkilatı ilə bağlı maraqlı faktlar ortaya çıxıb.
Türkiyənin "Habertürk" xəbər agentliyi İŞİD-lə bağlı bəzi məqamları araşdırıb və bəlli olub ki, qruplaşma öz sıralarını məlumatsız, savadsız və maddi çətinliyi olanların sayəsində öz sıralarını genişləndirir. Ən maraqlısı da budur ki, Türkiyənin ən böyük yaşayış məntəqəsi sayılan İstanbul İŞİD-ə silahlılar göndərən şəhərlərin siyahısında ön cərgədədir.
İstanbulun Güngörən qəsəbəsi də bunlardan biridir. Bura İŞİD-in izlərinə rast gəlinən rayonlarındandır.
Suriyaya kömək kampaniyası ilə yanaşı, narkotik vasitələrə qarşı mübarizə elanları ilə diqqəti çəkən Xəzinadar İslami Araşdırma Yaşatma və Yardımlaşma Dərnəyinin (HİSADER) tablosunda İŞİD-in simvolu yer alır. Habertürk HİSADER-in fəaliyyətləri haqqında məlumat almaq üçün dərnəklə əlaqə saxlasa da, əvvəl səlahiyyətli şəxsin olmadığı bildirilib, daha sonra isə telefona cavab verən olmayıb.
İŞİD simvolu İstanbulda
Yenə Güngörən də bir dükanının girişində də İŞİD-in simvolu diqqəti çəkir. Şahidlər ötən həftələrdə bir qadının gələrək daş atdığını və "uşağımı verin" deyə qışqırdığını iddia ediblər. Ofisin giriş hissəsində İŞİD-in bayrağında üst tərəfdə ərəbcə "La ilahə illallah", altında isə Hz. Məhəmmədin möhrü yer alır.
Əvvəlcə narkotik
maddələrə aludə
edirlər, sonra "sizi qurtaracağıq" deyib
sıralarına qatırlar
İŞİD-ə qoşulan iki türkün atası "Habertürk"-ə bildirib ki, İŞİD-in seçdiyi gənclərin ortaq tərəfləri var. Əsasən, qazancı aşağı olan, 18-25 yaş arası və ailəsi ilə problemləri olan gənclər seçilərək, sıralarına cəlb olunur. Quruplaşmanın mərkəzləri daha çox mühafizəkar bölgələrdə qurulur - Güngörən, Bağcılar və Fatih. Bu məhəllələr ön sıralarda yer alır. Adlarını verməkdən və şəkil çəkdirməkdən çəkinən atalardan birinin oğlu 7 aydır Suriyadadır. Digəri isə bir neçə ay qaldıqdan sonra qaçaraq, geri dönüb.
"Yalvardım, qayıtmadı"
İstanbulda yaşayan bir ata 21 yaşındakı oğlunun 7 aydır ki, Suriyada İŞİD tərəfində döyüşdüyünü bildirib. Anasını itirdikdən sonra oğlunun əsəbi olduğunu deyən ata, övladının bu qruplaşmaya qoşulma prosesi haqda danışıb: "Oğlum əvvəl yaşam tərzini İslama görə müəyyənləşdirmirdi. Narkotik maddə istifadə etdiyini öyrəndim. Bir qrup gənclə toplaşırdılar. Sonra namaza başladı. Sonra bizi kafir olmaqda günahlandırdı. Məsciddə namaz qılmayacağını bildirdi. Bir dəfə isə bizdən ayrıldı və qayıtmadı. Suriyaya getdiyini dostlarından öyrəndim. Qayıtması üçün yalvardım "dönə bilmərəm, biz cihad üçün burdayıq" dedi. Bu hadisədən sonra psixikamda problem yarandı. Ağlım həmişə onun yanındadır".
"Sonra bir gün qayıtdı"
Yenə İstanbulda yaşayan bir başqa ata isə İŞİD-ə qoşulan oğlunun geri qayıtmasının sevincini yaşayır, orada qalanlara görə isə üzülür: "Maddi vəziyyətimiz yaxşı deyildi. Oğlum yaxın qohumları ilə işləyirdi. Dostları var idi və bir gün namaz qılmağa başladı. Bir gün isə isə saqqal buraxıb, fərqli geyinməyə başladı. Soruşanda isə "Məhəmməd peyğəmbər kimi yaşamaq istəyirəm" deyirdi. Sonra məscidə deyil, binaların altlarında olan ibadət yerlərinə getdiyini gördük. Sonra oaradan da itdi. Suriyaya getdiyini öyrəndik. Ora getdikdən sonra fikirləri dəyişib, geri qayıtmaq istəyib. "Mən adam öldürmək üçün gəlməmişəm, bunu edə bilmərəm" deyib. Sonra bir gün qayıtdı. Oraya getdikdən sonra təlimlər keçirlər, sonra and içdirirlər. Oğlum and içməyib və geri dönüb".
Ata qeyd edib ki, qruplaşmanın bir qrupu əvvəl gəncləri narkotikdən aludəçiliyə yönəldir, digər bir hissəsi isə "narkotik maddə pisdir, bizə gəlin" deyərək onları öz tərəfinə çəkir: "Sonra gəncləri aldadıb, döyüşə aparırlar. İnsanların dini baxışlarından istifadə edirlər. Oğlum geri qayıtdı, amma psixologiyası hələ pozulmuş vəziyyətdədir".
İngiltərədən İŞİD addımı
İngiltərə aralarında İŞİD və THKP-C də olmaqla beş silahlı qruplaşmanı terror təşkilatları siyahısına əlavə edib. İngiltərə Daxili İşlər Nazirliyi tərəfindən verilən açıqlamada İŞİD (İraq Şam İslam Dövləti), THKP-C (Türkiyə Xalq Qurtuluş Partiyası-Cəbhəsi), QaQ (Qateeba Əl-Kavthar), Abdullah Əzzəm Tuqayları, PFLP-GC (Xalqçı Azad Fələstin Cəbhəsi) terror təşkilatları siyahısına daxil edilib.
Daxili İşlər Nazirliyinin Təhlükəsizlik və Miqrasiya idarəsinin rəisi Ceyms Brokinşir mövzu ilə bağlı verdiyi açıqlamada Suriyadakı bütün terror təşkilatlarını qınadıqlarını qeyd edib: "Bu gün Suriya ilə əlaqəsi olan beş silahlı qruplaşmanı terror təşkilatları siyahısına əlavə etdik. Hazırda Suriyada fəaliyyət göstərən dörd qrup artıq siyahıda var. Bu qrupların üzvü olmaq və onları dəstəkləmək cinayətdir. Terror təşkilatları harada olur-olsun, onlara qətiyyən güzəşt olunmayacaq".
ABŞ İraqa ordu
göndərir
Bu arada Barak Obama toqquşmaların yaşandığı Bağdaddakı ABŞ səfirliyinin təhlükəsizliyini gücləndirmək üçün bölgəyə 275 əsgər göndərilməsinə dair əmr verib.
İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatının Bağdada girməsi ərəfəsində artıq Vaşinqton hərəkətə keçib.
ABŞ prezidenti Barak Obama İraqda baş verənlərə görə milli təhlükəsizlik müşavirləri ilə toplantı keçirib və bir sıra qərarlar verib. Qərara əsasən, ABŞ-ın Bağdaddakı səfirliyinə 275 əsgər göndəriləcək.
BMT Bağdaddan çıxdı
BMT təhlükəsizlik tədbirləriylə əlaqədar Bağdaddan öz əməkdaşlarının bir hissəsini çıxarır. Məlumata görə, bu haqda ümumdünya təşkilatının rəsmi nümayəndəsi Farxan Xak xəbər yayıb. "Bu gün (srağagün - red.) 58 əməkdaş Bağdaddan Omana və İordaniyaya yerləşdirilib", - deyə Farxan Xak İraqda vəziyyətin pisləşməsiylə əlaqədar jurnalistlərə bildirib.
Onun sözlərinə görə, daha sonra onların İraqın Ərbil şəhərinə köçürülməsi planlaşdırılır. "Artıq Bağdaddan əməkdaşların köçürülməsi faktı orada vəziyyətin ciddiliyi haqqında xəbər verir", - deyə Farxan Xak qeyd edib.
İŞİD üzvləri məhv edildi
Dünənki başqa bir məlumata görə, İraq Şam İslam Dövləti (İŞİD) silahlılarının türkmənlərin sıx yaşadığı Mosulun Telafer yaşayış məntəqəsi yaxınlığında hərbi karvanı vurulub.
İraq rəhbərliyinə aid hava hücumu qüvvələri qırıcılarla terrorçuların hərbi karvanına hücum etməsi nəticəsində 35 İŞİD üzvü məhv edilib.
Bundan başqa İraq Hava Qüvvələrinin Mosulda təşkil etdiyi hücumda da 10 İŞİD üzvünün öldüyü bildirilir. Hadisə şahidləri bildirib ki, döyüş təyyarələri şəhərin cənubundakı Əl Qazlani hərbi bazası da daxil olmaqla bir sıra yerləri hədəfə alıblar.
Xatırladaq ki, İŞİD İraqın böyük şəhərlərindən olan Mosul və Tikriti ələ keçirib, hədəflərinin Bağdad olduğunu bildiriblər.
Bəzi girovlar
sərbəst buraxıldı
Dünən o da məlum olub ki, İŞİD 50 girovu azad edib.
Almaniya Xarici İşlər Nazirliyi və İraq hökumətinin birgə fəaliyyəti nəticəsində məşhur Siemens şirkətinin 50 işçisi İŞİD-in nəzarəti altında olan bölgədən İraq ordusuna aid helikopter vasitəsilə çıxarılıb.
Almaniya Xaici İşlər Nazirliyinin açıqlamasında görə, işçilər Bağdaddan 200 kilometr şimalda olub. Bu ərazilər isə İŞİD-in nəzarəti altındadır. 50 işçinin həyatını təhlükə altına salmamaq üçün Almaniya hökuməti bu barədə heç bir xəbər vermirdi. İşçilərin azad edilməsi üçün rəsmi Berlin İŞİD-lə danışıqlar aparırdı.
Qeyd edək ki, İŞİD bir müddət əvvəl Türkiyənin Mosuldakı Baş Konsulluğunun diplomatlarını da girov götürmüşdü. Lakin rəsmi Ankaranın müdaxilə nəticəsində terrorçular diplomatları sərbəst buraxmışdı.
İŞİD-ın sərvəti açıqlandı
Dünən həmçinin İŞİD-ın sərvəti açıqlanıb. İngiltərənin "The Guardian" qəzetinin yazdığına görə, qruplaşmanın sərvəti 2,4 milyard dollara yaxındır.
Mosulun ələ keçirilməsindən bir müddət öncə İraq təhlükəsizlik qüvvələri qruplaşmanın kuryeri olan Əbu Haccarı ələ keçiriblər. Sorğu sualda o İŞİD-ın Hərbi Şurasının rəhbəri Abdulrahman əl-Bilavinin gizləndiyi yeri açıqlayıb. Bir neçə saat sonra Əl-Bilavi ölü tapılıb. Onun sığınacağında 160 diks ələ keçirilib.
İddialara görə, kuryer sorğuda "kimə bulaşdığınızı bilmirsiniz. Bu həftə Mosul cəhənnəm olacaq" deyib.
Ələ keçirilən disklərdə qruplaşmanın 875 milyon dolları olduğu qeyd edilib. Mosul ələ keçiriləndən sonra isə buna daha 1.5 milyard dollar əlavə edildiyi güman edilir.
Ələ keçirilən disklərdə İŞİD-ın əcnəbi üzvləri, kod adları, invertarlar, maliyyə qaynaqları və sairə haqqında da məlumatlar olduğu iddia edilir.
Kəşfiyyat məlumatlarına görə, İŞİD Suriyadakı Əl Nabuk arxeoloji qazıntı sahəsindən 8 min illik tarixi olan qiymətsiz qalıqları yağmalayıb. Bundan onlar 36 milyon dollar gəlir əldə ediblər.
İraqda qadınlar
döyüşə hazırlaşır
İraqın Süleymaniyə şəhərində peşmərgə kimi tanınan kürd hərbi qüvvələri döyüşlərə hətta qadın əsgərlər də çıxarmağa hazırlaşır.
Srağagün hərbi hissənin qadın batalyonu müxtəlif döyüş təlimlərinə qatılıblar.
İŞİD təhlükəsinə qarşı sinə gərərən qadın əskərlər Kürdüstanın müdafiəsi üçün canlarından keçməyə hazırdırlar.
"Mən peşmərgə əsgəri olmuşam ki, vətəni düşmənlərdən qoruyam" - deyə 19 yaşlı Dariya Məcid qeyd edib.
Peşmərgə qüvvələri bir qədər əvvəl Kərkükü tərk edən İraq hərbiçilərinin mövqelərinə nəzarəti ələ alıb.
İŞİD üzvündən şok
bəyanat: "Bizdən
olmayanlar kafirdir"
Türk əslli İŞİD yaraqlısının bəyanatını əks etdirən video çarx yayılıb. Şəxsiyyəti naməlum terrorçunun mobil telefonla lentə alınan bəyanatı sosial şəbəkədə yayılıb.
Danışan şəxs döyüş vaxtı çox rahat olduqlarını, istədikləri vaxt yataraq dincəldiklərini deyir və bu döyüşdə Allahın onlara yardım etdiyini iddia edir. O, həmçinin burda (olduqları yerdə) Rusiya, Çin, Suriya və Livan - Hizbuşeytan (Hizbullahı qəsd edərək) olmaqla 4 qüvvə ilə döyüşdüklərini deyir.
İŞİD üzvünün verdiyi əsas ismarış isə kafirlərə qarşıdır. Bu torpaqlardan bütün kafirlərin yox olacağını deyən terrorçu özləri kimi düşünməyənləri də kafir elan edir.
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53