Ukrayna prezidenti növbədənkənar parlament seçkilərinə razılıq verdi
10:33 18-06-2014
İQTİSADİYYAT
Ukrayna prezidenti növbədənkənar parlament seçkilərinə razılıq verdi
Ukrayna prezidenti Pyotr Poroşenko parlament fraksiyalarının Ali Radaya növbədənkənar seçkilərlə bağlı təşəbbüsünü dəstəkləyib.
Poroşenko fraksiya rəhbərləri ilə görüşdə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı addımların koordinasiyasını müzakirə edib.
Görüşdə həmçinin prezidentin ölkə konstitusiyasının dəyişirilməsi ilə bağlı təşəbbüsünə toxunulub. P.Poroşenko hakimiyyət sisteminin effektiv işləməsi üçün prezident, parlament və hökumət arasında səlahiyyətlərin bölüşdürülməsinin vacibliyini vurğulayıb. "Bu qanun layihəsi Donbasla bağlı sülh planımızın əsas elementidir", - deyə o vurğulayıb.
Rusiya Ukrayna ilə bağlı
qətnamə layihəsi təqdim etdi
Rusiya BMT Təhlükəsizlik Şurasının iclasında Ukrayna ilə bağlı yeni qətnamə layihəsi təqdim edib.
Qətnamə layihəsini Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin təqdim edib. Rusiya rəsmisi bununla bağlı məqamlara da aydınlıq gətirib: "Siz bilirsiniz ki, biz Ukraynadakı prosesləri çox diqqətlə izləyirik. Əlbəttə, bu BMT Təhlükəsizlik Şurasına sədrlik edən Rusiyanın prioritetlərindən biridir. Son iki həftə ərzində Rusiya Ukrayna ilə bağlı iki qətnamə təqdim edib. Burada humanitar aspektlərlə yanaşı, siyasi məsələlər də öz əksini tapıb. Biz belə qətnamələrin üzərində aktiv iş aparırıq",-deyə V. Çurkin bildirib.
Ukraynanın qazı kəsildi
Rusiyanın "Qazprom" şirkəti Ukraynaya təbii qaz ixracını dayandırıb. Ukrayna Qazproma 1000 kub metr təbii qaz üçün 268-326 dollar təklif edib. Eyni zamanda ölkənin enerji naziri Yuriy Prodan şirkət rəhbərliyi ilə razılaşma əldə olunacağı təqdirdə, Ukraynanın Rusiyaya təbii qaza olan borclarını 10 gün ərzində ödəyəcəyini bildirib.
Tərəflərin bir-birindən narazı qalması isə sonda işin məhkəməlik olmasına gətirib çıxarıb. Ukraynanın "Naftoqaz" şirkəti, Qazpromu qiymət məsələsində ədalətli olmadığı üçün məhkməyə verib. Qazpromun direktoru Aleksey Miller də borcları geri qaytarmaq üçün qarşı tərəfə məhkəmə işi açıb. Miller qeyd edib ki, Ukrayna bundan sonra Rusiyadan təbii qaz ala bilmək üçün ilkin ödəniş etməlidir. "Burada məsələ təbii qazda deyil, Rusiya Ukraynanı dağıtmaq məqsədi güdür".
Ukraynanın baş nazir Arseniy Yatsenyuk bildirib ki, bu Rusiyanın Ukraynaya qarşı təcavüzünün növbəti mərhələsidir. Ukrayna tanklar, qırıcı təyyarələr alıb Ukraynanın başına bomba yağdırması üçün Rusiyaya illik olaraq 5 milyard dollar verməyəcək - deyə Yatsenyuk qeyd edib.
Hazırda Avropanın təbii qaza olan ehtiyacının 15 faizini Qazprom təmin edir. Ukraynanın Rusiyaya təbii qaza olan borcu isə 4.5 milyard dollara yaxınlaşıb.
ABŞ Ukraynaya görə Rusiyanı cəzalandıracaq
ABŞ Ukrayna hadisələrindən sonra Rusiyaya qarşı iqtisadiyyatın əsas sektorlarına yönəlmiş sanksiyalara əl atmaq niyyətindədir. Bu barədə Vaşinqtonda ABŞ Dövlət Departamenti sədrinin Avropa və Asiya məsələləri üzrə müavini Viktoriya Nuland deyib.
Viktoriya Nuland bildirib ki, ABŞ və Aİ-nin yeni sanksiya dalğası Rusiyanın yanacaq və energetika kompleksi, hərbi-sənaye kompleksi və bank sektoruna qarşı yönəldiləcək. "Biz sanksiyaların növbəti raundunun necə olacağını, eləcə də hansı insanlara qarşı yönələcəyi barədə razılığa gəlmişik" - deyə məmur bildirib.
Vaşinqtonda Rusiya səfiri Sergey Kislyak ABŞ-nin sanksiyalarının ölkəsi ilə gələcək əlaqələrə ciddi şəkildə təsir edəcəyi barədə xəbərdarlıq edib. Konqresdə keçirilən konfransda, "ABŞ-ni tənqid etmək çətindir, amma mən bunu etməliyəm" deyən diplomant, uzunmüddətli əməkdaşlıqda etibarlı tərəfdaş kimi ABŞ-nin nüfuzuna xələl dəyəcəyini qeyd edib. Qeyd edək ki, bir çox Amerika və Avropa şirkətləri xəbərdarlıq edib ki, sanksiyalar ABŞ-nin öz iqtisadiyyatına zərərsiz ötüşməyəcək. Buna cavab olaraq ölkənin Maliyyə Nazirliyi baş verəcək mənfi təsirə qarşı yollar axtarıldığını bildirib.
BMT: "Ukraynada qaçqınların sayı 34 minə çatıb"
34 minə yaxın Ukrayna vətəndaşı ölkənin şərqində davam edən hərbi əməliyyatlara görə evlərini tərk etmək məcburiyyətində qalıb. Bunu BMT-nin humanitar yardım üzrə əlaqələndiricisi Valeri Eymos bəyan edib.
Onun sözlərinə görə, BMT-nin qaçqınlar üzrə agentliyində 19 min qaçqın barədə məlumat var. Daha 15 min nəfər BMT-nin bilavasitə müşahidə etmədiyi bölgələrdən qaçqın düşüb. 2014-cü ilin mayında BMT Ukraynada 10 minə yaxın qaçqının olduğunu bildirmişdi. O vaxt söhbət, ilk növbədə, Krım tatarlarından gedirdi.
Hazırda isə Ukraynanın Donetsk və Luqansk vilayətlərində əhali atəşə tutulma və ərzaq çatışmamazlığı ilə üz-üzə qalıb.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53