Müxalifətin Düşüncə Mərkəzi də ölü doğulmuş qurumdur
13:34 21-06-2014
CƏMİYYƏT
Müxalifətin Düşüncə Mərkəzi də ölü doğulmuş qurumdur
Məlum olduğu kimi, İctimai Palatanın fəaliyyətinə xitam verildikdən sonra qurumun Koordinasiya Şurasının sabiq üzvləri Müxalifətin Düşüncə Mərkəzi yaradacağını bəyan etmişdilər.
Neçə müddətdir ki, bu barədə məlumatlar verilsə də, hələlik konkret hansısa addımlar atıldığı müşahidə edilmir. Xatırladaq ki, İP Şurasının sabiq üzvü Zəfər Quliyev bildirmişdi ki, İctimai Palatanın fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul etdikdən sonra Düşüncə Mərkəzi yaratmaq məsələsi müzakirə edilib və bəzi məqamlar var ki, artıq onlar razılaşdırılıb: "Söhbət ondan gedir ki, son üç ildə İctimai Palatanın Koordinasiya Şurasında faktiki olaraq beyin mərkəzi yaranıb. 17 nəfərdən ibarət Koordinasiya Şurasının tərkibinə diqqət etsək, bunu görə bilərdik. Bütün iclaslarda iştirak edən, bütün problemləri müzakirə edən bir komanda yaranmışdı. O komandanın əsas üzvləri son iclasda var idi.
Lakin Müxalifətin Düşüncə Mərkəzi dar çərçivədə yarandığı üçün digər müxalif partiyalar bu qurumun perspektivli olmayacağını iddia edirlər. Əslində, bu qurumun İctimai Palatanın taleyini yaşayacağı şübhəsizdir. Çünki eyni adamlar yenə bir araya gəlib. Hələ bir məsələ var ki, bu birlikdə AXCP yoxdur. Bu isə o deməkdir ki, onsuz da zəif olan müxalifət daha pis vəziyyətə düşəcək. Maraqlısı odur ki, hazırda Müxalifətin Düşüncə Mərkəzində təmsil olunmayan digər müxalifət partiyaları sözügedən quruma qoşulmaqda maraqlı deyillər. Belə demək mümkündürsə, Müxalifətin Düşüncə Mərkəzi də ölü doğulmuş qurumdur.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şura üzvü Əli Orucov Müxalifətin Düşüncə Mərkəzi barədə fikirlərini "Unikal"la bölüşərkən deyib ki, İctimai Palatadakı uğursuzluq bu qurumda da müşahidə olunacaq: "Təəssüf ki, bəzi müxalif dostlarımız əvvəlcə hansısa addımı atır sonra düşünməyə başlayırlar. Düşünmək istəyənlərə ancaq uğurlar arzulaya bilərəm. Onlara imkan vermək lazımdır ki, düşünsünlər. İstərdim ki, nəhayət ki, nəyəsə nail ola bilsinlər. Açığı, cəmiyyətdə hərəkətlilik olmasa, narazı kütlə müxalifətə yaxınlaşmasa, qeyri-iqtidar düşərgəsində ciddi irəliləyiş gözləmək bir qədər çətin olar".
Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Taliyyət Əliyev isə "Unikal"a açıqlamasında müxalifətin yeni fikir mərkəzindən ciddi bir şey gözləmədiyini dilə gətirib: "Düşüncə Mərkəzinin yaradılması barədə məlumatım var. Amma bu mərkəzin məqsəd və məramı barədə ətraflı bilgim yoxdur. O ki qaldı ADP-nin həmin mərkəzə niyə dəvət olunmayıb məsələsinə, bu sualın cavabını həmin mərkəzi yaradanlar yaxşı bilər. Bu sualı siz onlara ünvanlasanız, yaxşı olar. Hələ bu mərkəz yeni yaranıb, yəqin ki, bundan sonra formalaşma prosesi gedəcək, dəvət olunsaq, dəvəti dəyərləndirəcəyik, olunmasaq da, kimsənin yerini dar etmək fikrimiz yoxdur".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22