Daha bir keçmiş nazirlə bağlı "Heydər Babayev ssenarisi"
11:48 24-06-2014
CƏMİYYƏT
Daha bir keçmiş nazirlə bağlı "Heydər Babayev ssenarisi"
Füzuli Ələkbərovun Azərbaycanda heç bir biznesi qalmaya bilər
Son vaxtlar keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov yenidən mətbuatın gündəminə gəlib. Buna səbəb isə Ələkbərovun Azərbaycandakı biznesi üzərini alan təhlükə ilə bağlıdır.
Artıq onun bəzi biznes obyektlərini bağladığı barədə iddialar var. Bir həftə əvvəl isə məlumat yayıldı ki, Ələkbərov İsmayıllı rayonunun İvanovka kəndində yerləşən dəbdəbəli villasını satışa çıxarıb. Bildirildi ki, keçmiş nazir vəzifədən getdikdən sonra İvanovkadakı evinə bir dəfə də olsa gəlməyib. Evdə gözətçilik edən şəxslərə villanın satılacağı barədə xəbərdarlıq edilib. Villanın hansı qiymətə satışa çıxarıldığı məlum olmasa da bu rəqəmin kifayət qədər yüksək olduğu bildirilir.
Keçmiş nazir satışa çıxardığı imarətgahı qardaşı Nizami Ələkbərovun İsmayıllıda icra başçısı işlədiyi dönəmdə tikdiribmiş. Bu məlumatın özü də göstərir ki, keçmiş nazirin Azərbaycandakı mülkləri və biznes obyektləri üzərində təhlükə buludlarının dolaşması barədə məlumatlar təsadüfi deyil.
Xatırladaq ki, 1991-ci ildə F.Ələkbərovun rəhbərliyi ilə "İmprotex" şirkəti yaranıb, tanınmış brendlər Azərbaycan bazarına gətirilib. Bu holdinq daha çox "İmprotex Group" kimi tanınır. İlk vaxtlar şirkət Azərbaycanda və keçmiş sovet respublikalarında yalnız ölkə daxilinə turizm turları təşkil edib. Maraqlıdır ki, bu fəaliyyət az müddət davam edib, sonradan şirkət biznesin müxtəlif sahələrində işə başlayıb. Şirkət sadə turların təşkilatçılığından baş ofisi Bakıda yerləşən, BƏƏ və Çində nümayəndəliyi olan çoxşaxəli bir korporasiyaya qədər inkişaf yolu keçib. Hazırda "İmprotex Group" ölkəmizdə ciddi holdinqlərdən biridir. Azərbaycanda ilk özəl avia şirkətin - "İmair"in yaradılması da məhz "İmprotex"in adıyla bağlıdır. Hazırda "İmprotex" Şirkətlər Qrupu Azərbaycanın özəl sektorunda aparıcı mövqeyə sahibdir. Şirkət dünyanın ən məşhur şirkətləri ilə əməkdaşlıq edir. Həmçinin "İmproteks Motors", "İmproteks Treydinq" şirkətləri təsis olunub. Daha bir şirkət - "İmprotex Distribution Center" isə 2000-ci ildə yaradılıb. Şirkət əsasən istehlak mallarının, eləcə də xırda və iri məişət texnikasının satışı və yayılması ilə məşğuldur. Sabiq nazirin yelkənli qayıq satan mağazaları da var.
Bu xidməti "İmprotex Marine & Sporta Facilities" şirkəti 2005-ci ildə yaradılarkən göstərməyə başlayıb. Şirkət dünya şöhrətli yapon ticarət markası -"Yamaha"nın rəsmi distribütoru kimi fəal istirahət üçün geniş çeşiddə idman və dəniz avadanlıqları təklif edir.
Mənbənin sözlərinə görə, Ələkbərovlar avtomobil bazarında da pay sahibidir. 2004-cü ildən "İmprotex" Şirkətlər Qrupunun Azərbaycanda yeni layihəsi olan MAN yük avtomobilləri üzrə işçi qrupu fəaliyyətə başlayıb. Bu işçi qrupunun fəaliyyətinin ilk addımı olaraq Azərbaycana yeni MAN TGA yük avtomobilləri gətirilib. "İmprotex" Şirkətlər Qrupu müştərilərin ehtiyaclarına və texniki tələblərinə əsaslanaraq MAN yük avtomobilləri üçün cari təmir mərkəzi də açıb. Avropanın ən müasir standartlarına cavab verən Euro-3, Euro-4 mühərrikli MAN avtomobillərini ancaq istefada olan nazirin şirkəti satır.
Amma gözlənilir ki, tədricən Ələkbərov Azərbaycandakı biznesini tamamilə itirəcək. Onun biznesi ilə bağlı keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevlə bağlı baş verənlərin təkrarlanacağı iddia edilir.
Belə ki, Babayev "vurulduqdan" bir müddət sonra onun da ölkədəki biznes strukturları əl dəyişdirməyə başladı. Hətta sabiq iqtisadi inkişaf naziri əksər mülklərini (onların arasında şəhərin mərkəzindəki göydələnlərdəki mənzillər də vardı) belə, satmaq, əsasən xaricə yerləşmək və ölkədən kənardakı biznesini idarə etmək məcburiyyətində qaldı.
Heydər Babayevin çox nadir hallarda Azərbaycana gəldiyi də məlumdur. Onun hökumət komandası ilə hes bir kontaktının qalmadığı da sirr deyil.
Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri ilə bağlı gələn xəbərlərdən analoji ssenarinin artıq onunla əlaqədar işə düşdüyünü təxmin etmək çətin deyil. Böyük ehtimalla Ələkbərov da keçmiş nazir həmkarı kimi, Azərbaycandan kənardakı biznesini qorumaqla kifayətlənməli olacaq.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-29 14:38:32
2024-12-29 14:14:05
2024-12-29 14:02:44
2024-12-29 13:54:29
2024-12-29 13:52:10
2024-12-29 13:08:08
2024-12-29 12:58:14
2024-12-29 12:50:20
2024-12-29 12:35:05
2024-12-29 12:33:09
2024-12-29 12:33:05
2024-12-29 12:28:00
2024-12-29 12:26:08
2024-12-29 12:20:01
2024-12-29 12:12:12
2024-12-29 11:48:00
2024-12-29 11:32:57
2024-12-29 11:32:55