İsmət Abbasovun daha bir kadrının başı dərddə
10:48 25-06-2014
CƏMİYYƏT
İsmət Abbasovun daha bir kadrının başı dərddə
Əli Bayramovdan sonra növbə Məmməd Balakişiyevə çatdı
Keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasovun kadrlarının "vurulması" davam edir. Hazırda baş nazir müavini postunu tutan Abbasova yaxınlığı ilə seçilən Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun direktoru Məmməd Balakişiyev də vəzifəsindən azad olunub.
Eyni zamanda İsmət Abbasovun digər bir kadrı - "Aqrolizinq" ASC-nin keçmiş sədri Əli Bayramov kimi, Məmməd Balakişiyevin görəvdən ayrılması ilə iş bitməyib. Onun rəhbərlik etdiyi dövrün təftişinə başlanıb və artıq qurumdakı korrupsiya faktları ilə bağlı lazımi tədbirlər görülməkdədir.
Qeyd edək ki, Göygöl rayonunda yerləşən qurumdan verilən məlumata görə, M. Balakişiyev Kənd təsərrüfatı naziri Heydər Əsədovun əmri ilə işdən azad olunub. O, inistituta 2004-cü ildən rəhbərlik edirdi. Hazırda direktor səlahiyyətlərinin icrası müvəqqəti olaraq direktor müavini Fizuli Mirzəyevə həvalə edilib.
Onu da deyək ki, Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun vəzifəli şəxsləri tərəfindən dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsi zamanı ciddi maliyyə pozuntularına yol vermələri barədə Maliyyə Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.
Araşdırmalar zamanı institutun vəzifəli şəxsləri tərəfindən öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq 2006-2013-cü illərdə ştatda olan və ştatdankənar işçilərə işləmədikləri halda onların adına qanunsuz olaraq 14.0 min manat məbləğində əmək haqqının hesablanması, işçilərə əsassız olaraq 34.3 min manat məbləğində əmək haqqının ödənilməsi, məzuniyyət haqqının və ezamiyyət xərclərinin düzgün hesablanmaması nəticəsində işçilərə 38.7 min manat məbləğində artıq vəsaitin ödənilməsi, istifadəyə yararsız avtomaşınların sürücülərinə qanunsuz olaraq 12.2 min manat məbləğində əmək haqqının ödənilməsi, 77.7 min manat dəyərində inventar və avadanlığın çatışmamazlığı, müxtəlif işlərin görülməsi adı ilə 26.1 min manat məbləğində vəsaitin hesabdan əsassız silinməsi, 61.3 min manat dəyərində dərman preparatlarının əsassız silinməsi, nəqliyyat vasitələri üçün 5.1 min manat dəyərində yanacağın artıq silinməsi və digər qanun pozuntularına yol vermələrində əsaslı şübhələr olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.
Göründüyü kimi, İnistitutda mənimsəmələrin miqyası kifayət qədər geniş olub və istintaqın sonrakı gedişatında sabiq direktor barədə də hər hansı qəti-imkan tədbirinin seçilməsi istisna olunmur.
O da maraqlıdır ki, İsmət Abbasovun daha bir keçmiş kadrı - Əli Bayramov "Aqrolizinq" ASC-nin sədri vəzifəsindən ayrıldıqdan sonra bu qurumda da külli miqdarda korrupsiya faktlarının olması barədə məlumat yayılmışdı. Belə ki, həm Hesablama Palatasının 2013-cü ilə dair hesabatında, həm də bir neçə rayon filialında aparılan yoxlamalar zamanı korrupsiya faktları üzə çıxmışdı. Bu isə Bayramovun həbs ediləcəyi barədə ehtimalları ortaya çıxarmışdı. Hələlik "Aqrolizinq" ASC ilə bağlı mənimsəmə hallarının istintaqı gedir və keçmiş sədrin bundan sonrakı aqibəti ilə bağlı qəti söz demək çətindir.
İndi isə keçmiş kənd təsərrüfatı nazirinin daha bir kadrı - Məmməd Balakişiyev də oxşar vəziyyətlə üzləşib.
Bütün bu baş verənlərin Kənd Təsərrüfatı Nazirliyi sistemində çalışan və İsmət Abbasov tərəfindən görəvə gətirilən, Heydər Əsədovun dövründə də hələlik postlarını qoruyub saxlayan digər kadrlar arasında ciddi narahatlıq yaratdığı bildirilir. Onların da bənzər aqibətlə qarşılaşmaq ehtimalından narahatlıq keçirdiklərinə dair məlumatlar gəlməkdədir.
Onu da deyək ki, Heydər Əsədov kənd təsərrüfatı naziri təyin edildikdən sonra sabiq nazirin özünə yaxın olan bəzi kadrları görəvdə saxlamaq üçün ondan xahiş etdiyi bildirilirdi. Amma Abbasova yaxınlığı ilə bilinən adamların ard-arda "vurulması" və barələrində daha ciddi cəza tədbirlərinin görülə biləcəyinə dair qənaətlərin yaranması Əsədovun həmin xahişi nəzərə almadığını, Kənd Təsərrüfatı Nazirliyində köklü "təmizləmə əməliyyatı" aparmaqda israrlı olduğunu deməyə əsas verir.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-29 14:14:05
2024-12-29 14:02:44
2024-12-29 13:54:29
2024-12-29 13:52:10
2024-12-29 13:08:08
2024-12-29 12:58:14
2024-12-29 12:50:20
2024-12-29 12:35:05
2024-12-29 12:33:09
2024-12-29 12:33:05
2024-12-29 12:28:00
2024-12-29 12:26:08
2024-12-29 12:20:01
2024-12-29 12:12:12
2024-12-29 11:48:00
2024-12-29 11:32:57
2024-12-29 11:32:55